XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 08:38

Müsavatdakı “qiyamı”n MESAJI: İsa Qəmbər, yoxsa “yeni era”?- TƏHLİL

isa elle.jpg

Azərbaycan siyasi səhnəsi 13 il əvvəl olduğu kimi, yenə də müxalifət düşərgəsinin ən böyük partiyalarından birinin parçalanmasına şahidlik edir.

2002-ci ildə də AXCP-nin birləşdirlilməsi ilə bağlı başlanan kampaniya son nəticədə böyük qalmaqal yaradaraq, faktik olaraq, Cəbhəni iki yerə böldü.

İndi bu qalmaqalı Müsavat Partiyası yaşayır.

Müsavat partiyasında müxtəlif zaman kəsimlərində gurultulu istefalar baş versə də, məsələ heç vaxt “olum və ya ölüm” müstəvisinə çatmayıb. Kimlər getməyib bu partiyadan? Bu sırada 90-cı illərdən başlamış 2000-ci illərə qədərki dövrədək, xeyli tatnınmış adları sadalamaq olar.

Müsavatdakı bu günkü böhran bir sıra aspektlərinə görə fərqlənir. Ilk olaraq qeyd edək ki, katalizator rolunu partiyanın ötən il keçirdiyi qurultay oynayıb. Partiyanın sabit həyatını isə qurultaydan əvvəl İsa Qəmbər pozub: özünün başqanlığa namizəd olmayacağı bəyanatı ilə. Məhz bu mövqe partiya kuluarlarında intriqalara rəvac verərək, başqanlıq uğrunda mübarizəni şərtləndirib.

İsa Qəmbərin 3-cü dəfə başqan olmayacağını bəyan etməsi və bunu demokratik dəyərlərin təntənəsi kimi nümayiş etdirmək cəhdi partiya üçün fəlakət siqnalına çevrildi.

Əslində Müsavat kimi böyük müxalifət partiyasının idarəçilyi ciddi resurlar və xarizma tələb edir. Qeyd etmək lazımdır ki, milli-azadlıq hərəkatının əsas fiqurlarından biri olan, Azərbaycan Milli Məclisinin keçmiş sədri kimi danılmaz titullarla “silahlanan” İsa Qəmbər Müsavatın danışıqsız qəbul olunan yeganə lideri olub. Düzdür, 2003-cü ildəki seçkilərdən sonra onun siyasi nufuzu əhəmiyyətli dərəcədə zədələnib, ancaq partiya üzvləri onu kiminləsə dəyişdirməyi ağıllarına da gətirməyiblər. Lakin növbəti qurultay ərəfəsində İsa Qəmbərin başqan olmaq istəməməsi Müsavat daxilində kölgədə qalmış siyasi ehtirasları yenidən alovlandırdı.

arif qubad.jpg

Arif Hacılının başqanlığı qurultayın seçimi olsa da, onun alternativi Qubad İbadoğlunun ağlagəlməz səs qazanması Müsavat funksionerləri və şəxsən İsa Qəmbər üçün, ola bilsin, tam gözlənilməz olub. İndi Qubad İbadoğlu məhz bu qanuni qazandığı səslərə söykənərək, onlara qarşı qəzəb göstərən “Hacıyev”ləri partiyadaxili demokratiyaya səsləyir.

İsa Qəmbərin Arif Hacılıya nəyə görə “stavka” etməsi barədə hər hansı fikrimiz olmasa da, ən azından Müsavat başqanının partiyadaxili intiraqlardan və bu qrupların rəhbərlərindən xəbəri olmalı idi. 90-cı illərin sonu, 2000-ci illərin əvvələrinin siyasi gündəliyi Müsavat daxilində Arif Hacılı və Vurğun Əyyub qarşıdurmalarının çoxsaylı qalmaqalları ilə doludur. üstəlik, bura eks-müsavatçı Sülhəddin Əkbərin qrupunu da əlavə etmək lazım gəlir. S.Əkbər son nəticədə partiyanı tərk etsə də, son iki funksioner iddialarından geri çəkilməmişdi.

“Qubad İbadoğlu faktoru” isə pariya daxilində 2003-cü ildən sonra arxa plana düşmüş intiriqanın yeni mərhələsinə start verib.

Kütləvi narazılığın ikinci ən mühüm məqamını Müsavat Partiyasının statusu haqqında partiyadaxili müzakrələrdə axtarmaq lazımdır. Uzun illər müxalifət düşərgəsində külüng döyən partiya üzvləri son nəticədə “günəş işığına” çıxmaq yolları barədə də düşünməli olublar. Suallar isə çoxdur: Dəyişən dünyada geosiyasi maraqlar niyə onlardan yan keçir? Azərbaycan iqtidarı ilə qəvi düşmən obrazı niyə ərimir? Partiya rəhbərliyinin iclaslardakı formal çıxışları, demokratik ibarəbazlığı nə qədər sürəcək? üstəlik, hədəfləri bəlli olmayan siyasi müstəvi…

Bütün bunları cəmləyəndə siyasi mənzərə müsavatçılar üçün cazibədarlığını itirməyə başlayır.

Əgər 90-cı illərin sonunda Müsavat Azərbaycanda hakimiyyətin dəyişdirilməsi üçün əsas siyasi qüvvə kimi baxılırdısa, indi bu, ilğımdan başqa bir şey deyil. Güclü prezident İlham Əliyev üçün hazırkı siyasi müstəvi zərərsizdir, amma onun mövcudluğunun da əleyhinə deyil. Belə bir zamanda Qubad İbadoğlunun yeni münasibətlərin zərurliyi barədə tezisləri, əslində Müsavatı doqmatik çənbərdən çıxararaq siyasi münasibətlər dairəsinə daxil etməyi əks etdirir. Bu isə artıq təzə xanədir. Qurultayda Qubad İbadoğlunun böyük miqdarda səs qazanması, əslində Müsavatın yeni paradiqmalar üzrə hərəkəti tərəfdarlarının mövqeyi idi. Bu isə Müsavat elitası üçün gözlənilməz oldu.

Arif Hacılının ənənəvi idarəçilik sistemi və şüarları onun tərəfdarlarına cazibədar görünə bilər. Amma gec-tez o da bu suallara cavab verməli olacaq.

Odur ki, cəza sisteminin tətbiq edilməsi indi “partiya intizamı” ilə ört-basdır edilsə də, bu, Müsavat kimi böyük partiyada islahatlar tərəfdarlarının sayını azaltmayacaq.

Amin Lütfüzadə