Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynov Bakıda saxlanılıb.
Strateq.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytı yayıb. A.Hüseynovun saxlanılması barədə informasiya az öncə “Azadlıq” tərəfindən də yayılmışdı.
Məlumatda deyilir ki, Dubayda yaşayan Adil Hüseynovu Bakıya çağırıblar, burada isə o, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.
Adil Hüseynovun saxlanılması azərbaycanlı kredit oliqarxlarının bir neçə gün öncə başlayan həbs dalğası ilə əlaqələndirilir. A.Hüseynovun mənzilində və iş otağında axtarışlar aparılıb.
Yada salaq ki, A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğludur. Polkovnik Fətullah Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib…
Qeyd edək ki, Strateq.az saytı məsələ ilə bağlı Adil Hüseynovun yaxınları ilə əlaqə saxlayıb. Qohumları bildirib ki, Adil Hüseynovun evində axtarış aparılması xəbəri yalandır: “Adil müəllim Beynəlxalq Bankın Dubay filialının rəhbəridir. O, sadəcə istintaq üçün lazım olan məsələlərin dəqiqləşdirilməsi üçün Bakıya dəvət edilib. Həbs olunması və evində axtarış aparılması haqda xəbərlər doğru deyil”.