XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 07:26

“Mərkəzi Bank manata süni nəfəs verir…” – İqtisadçi-ekspert
“Mərkəzi Bank manata süni nəfəs verir. Elə bunun nəticəsidir ki, milli valyutamız az da olsa özünə gəlməyə başlayır. Manatın dollara nisbətən rəsmi məzənnəsi devalvasiyadan sonra ən yüksək səviyyəyə çatıb. Mərkəzi Bankın bu günə olan açıqlamasına görə, 1 dollar 1,0472 manata bərabərdir. Devalvasiyadan sonra manatın ən aşağı səviyyəsi aprelin 13-də olub. O zaman 1 dollar rəsmi olaraq 1,0537 manata qədər bahalaşmışdı. Həmin dövrdən sonra manatın möhkəmlənməsi tendensiyası müşahidə edilib. May ayının ilk yarısında manat 0,14% möhkəmlənib”.
Strateq.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, avro da son günlər bahalaşır. Ancaq hələ ki devalvasiyadan sonrakı pik həddinə çatmayıb:
“Devalvasiya günü avro 1,1950 manata qədər bahalaşmışdı. Sonrakı günlərdə kəskin rəqslər etməyə başladı. Hətta martın 17-də özünün ən aşağı həddinə – 1.1081 manata qədər ucuzlaşdı. May ayı başlayandan dolların ucuzlaşması fonunda avro eyni zamanda Azərbaycanda mövqeyini möhkəmləndirir. May ayında 2,6% bahalaşaraq 1,1946 manata yüksəlib”.
Ekspert deyir ki, dollar və avronun mövcud durumu həmin valyutaların dünya bazarlarındakı məzənnələrindən qaynaqlanır:
“Son dövrlər dollar zəifləməkdə davam edir. Dollar əsas valyutalara münasibətdə kəskin ucuzlaşır. Dollar indeksi son 4 ayda ən aşağı həddə düşərək 93.26-ya bərabər olub. Amerika iqtisadiyyatı ilə bağlı optimist proqnozların özünü doğrultmaması, FED-in uçot dərəcələrini qaldırmaması dolları zəiflədən amillərdir. Avronun bahalaşması isə Avropa fond bazarında baş verən canlanma, xüsusilə də Almaniya bondlarına güzəştlərin tətbiqi ilə bağlıdır. Britaniya funtu da dollara nisbətən 6 aylıq maksimum səviyyədədir.
Dolların ucuzlaşması fonunda neftin bahalaşması manata dəstək verir. Bunun nəticəsidir ki, Mərkəzi Bank manatın cüzi də olsa, bahalaşdırır. Ancaq bu bahalaşma nəzərəçarpacaq dərəcədə deyil və bir qayda olaraq valyuta dəyişmə məntəqələrində müşahidə olunmur. Bəyan etmələrinə rəğmən, manatın üzən məzənnəyə keçməsi yaxın dövrlərdə real deyil. Uzun müddət manat inzibati qaydada tənzimlənəcək. çünki neftdə asılı valyutaların üzən məzənnəyə keçməsi mənfi fəsadlar yarada bilər”.
Samir Əliyev bildirib ki, əhalinin kütləvi şəkildə dollar alışı müşahidə edilməsə də, Mərkəzi Bankın valyuta ehtiyatı əvvəlki templə azalmaqda davam edir:
“Təsadüfi deyil ki ötən ay ehtiyatın həcmi 1 milyard dollardan çox azalıb. Əsas bankımız ilin 4 ayında ehtiyatının 39%-ni və ya 5,4 milyard dollarını itirib. Ehtiyatın “əriməsi” onunla bağlıdır ki, ölkədən sürətli kapital axını mövcuddur. İri sahibkarların həbsi kimi hadisələr kapital axını daha da sürətləndirəcək. Bu isə manat üçün güclü təyziq vəd edir. Ona görə də manatın mövcud bahalaşmasının uzunmüddətli və əhəmiyyətli olacağını ehtimal etmək çətindir. Hər şey neftin qiymətinin hərəkət istiqamətindən və hökumətin addımlarından asılı olacaq”.
Strateq.az