XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 13:23

“Oliqarx həbsləri”: bataqlıqda ağcaqanad ovu, yoxsa hakimiyyətin “yuxarıdan islahat” siyasəti?-Təhlil

Heps.jpg

Beynəlxalq Banka kredit borclarının ödətdirilməsiylə bağlı başlanan “budama əməliyyatı” çərçivəsində xeyli iş adamının həbs olunduğu və ifadələrinin alındığı bildirilir. Göz altına alınanların sayı haqqında konkret məlumat verilməsə də, bu say onlu rəqəmlərlə ifadə olunur. Mətbu orqanlara inansaq, təkcə fakt üzrə tutulub kredit borclarını ödədikdən sonra azadlığa buraxılanların sayı 14 nəfərdir. Xəbərin nə qədər həqiqət olduğu bilinməsə də, hər halda genişmiqyaslı həbslərin başlandığı və davam edəcəyi ortadadır.

Sual oluna bilər: Mövcud hakimiyyətin indiyə qədər həyata keçirdiyi ən böyük təmizləmə əməliyyatının səbəbi nədir və bu hadisələr ölkə iqtisadiyyatına necə təsir göstərə bilər?

Bir çoxları “oliqarx ovu” adlandırdıqları kütləvi həbsləri Beynəlxalq Bankdan yoxa çıxan 6 milyard dollarla əlaqələndirirlər. Hansısa ölkənin büdcəsi qədər kapitalın həzmi-rabedən keçirilməsi, təbii ki, ağır məsuliyyəti də bərabərində gətirməliydi. Hətta dövlət əmlakını mənimsəyən bəzi iş adamlarının kredit borclarını ödədikdən sonra azadlığa buraxılması belə, ədalətli deyil. Mənimsəmə və maliyyə fırıldaqçılığı faktı əldə rəhbər tutularaq onlar bütün əmlakları müsadirə olunmaqla ən ağır cəzaya məhkum edilməlidirlər. Nədən ki, adını “böyük iş adamı” qoyan bu zümrənin işgüzar fəaliyyəti hansısa iqtisadi sahəni inkişaf etdirmək yox, millətin ümumi malını müxtəlif adlarla ələ keçirməkdən ibarət olub.

Deyilə bilər ki, iqtisadiyyatımızın inkişafı üçün müxtəlif iş sahələrinə kreditlərin ayrılmasl normaldır, yeri gələndə, iş adamlarının hansısa səbəbdən işləri ləng gedə bilər, qarşıya qoyulan hədəflər reallaşmaz, alınan kreditlər zamanında ödənməz; dövlət bu cür hallarda investorlara tolerant davranmalı, onların böhrandan çıxmasına və kredit borclarının zamanla ödəməsinə şərait yaradılmalıdır.

Nəzəri olaraq gözəl səslənən bu fikirlər, nə yazıq ki, azərbaycanlı iş adamlarına şamil oluna bilməz. Ən azı ona görə ki, həmin zümrənin ölkə iqtisadiyyatına yatırdığı investisiya, sadəcə, görüntüdən ibarət olub və yalançı statistik bilgilərlərə əsaslanaraq banklardan böyük həcmli kreditlərin mənimsənilməsinə yönəlib. Bunu ümumi daxili məhsulumuzun həcmiylə ixracatdan gələn gəlirlər arasındakı uyğunsuzluq (disbalans) da sübut edir.

Sözügədən uyğunsuzluğu daha rahat anlamaq üçün, gəlin, öncə Prezident İlham Əliyevin ötən gün Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumunda etdiyi çıxışına nəzər salaq: “… hazırda ümumi daxili məhsulumuzun, təxminən, 70 faizi qeyri-neft sektorunda formalaşır”.

Nə gözəl. İndisə, gəlin, qeyri-neft sektorunun ölkəyə gətirdiyi xarici kapitalın həcminə baxaq. Bu barədə konkret rəqəmlər verilməsə də, Dövlət Statistika Komitəsinin bəzi məlumatlarında axtardığımız suala cavab tapmaq mümkündür. Komitənin məlumatına görə, Azərbaycan ixracatının 95 faizi neft və qaz məhsullarının payına düşür.

Təsəvvür edin, belə çıxır ki, ümumi daxili məhsulumuzun, təxminən, 70 faizini formalaşdıran qeyri-neft sektoru ölkəyə cəmi-cümlətani 5% xarici kapital gətirə bilir. Elə bu faktın özü oliqarx adlandırdığımız maliyyə fırıldaqçılarının neft sektorundan əldə olunan pulları yalançı statistik rəqəmlərlə taladıqlarından xəbər vermirmi? Deməli, sözü gedən iş adamlarının həbsinin ölkə iqtisadiyyatına vuracağı zərbə dövlət əmlakının daha az mənimsənilməsi ola bilər. Bunun nə qədər xeyirli bir “zərər” olduğunu sübut etmək üçün, zənnimcə, Karl Marks və ya Adam Smit olmağa ehtiyac yoxdur.

Milli əmlakı talan edən bu zümrənin həbsinin dünya bazarında neft qiymətlərinin kəskin şəkildə düşdüyü indiki zamanda reallaşması da səbəbsiz görünmür. çünki bundan sonra ölkəyə əvvəlki kimi xarici pullar axmayacaq, acgöz oliqarxların gözünü doyurmaq isə xeyli müşkül məsələyə çevriləcək. Deməli, getdikcə səfil vəziyyətə düşən zavallı xalq istisinə isinmədiyi neftin tüstünə kor olmağa məhkumdur.

Etiraf etməliyik ki, bu neqativ gedişatın ilkin simptomları da son zamanlar sezilməyə başlayıb. Zira oliqarx acgözlüyü nəticəsində siyasi iradənin yürütdüyü manatın məzənnəsinin sabit saxlanması siyasəti baş tutmadı, bu məqsədlə yerli valyuta bazarına çıxarılan milyardlarla ABŞ dolları bir günün içərisində əridilərək devalvasiyaya yol açıldı. Eyni acgözlük devalvasiyanın inflyasiyaya çevrilməməsinə də imkan vermir. Siyasi iradənin barmaq silkələməsiylə cəmi bir ay sabit qalan qiymətlər sonradan hər gün tədrici yüksəlmələrlə ictimai narazılıqların əsasına çevriləcək həddə yaxınlaşır. Belə bir vəziyyətdə oliqarx acgözlüyünün önünü kəsmək üçün mütləq radikal addımlar atmağa şərait yaranmışdı.

Fikrimizcə, “oliqarxların işi”ylə bağlı aparılan bu budama əməliyyatı yalnız qeyri-rəsmi şəxslərlə məhdudlaşmamalı, onların dövlət strukturlarında yer tutan hamilərinə qədər uzanmalıdır. Əks halda, siyasi iradənin həyata keçirməyə çalışdığı bu proses tam olaraq hədəfinə çatmadan səngiyə bilər. Nə yazıq ki, bəzi iş adamlarının kreditlərini ödədikdən sonra azadlığa buraxılması xəbəri bizi qorxudan bu ehtimalın heç də xəyal məhsulu olmadığını göstərir. Halbuki, digər nadürüstlərə dərs olsun deyə, bu “ipin ucu” əldən ötürülməməli, “iqtisadi parazitlər” sürfəsinə qədər gedilməlidir.

Sirr deyil ki, Azərbaycan kimi ölkələrdə Hacı İbrahim Nehrəmli, Dünyamin Xəlilov, Nizami Piriyev və digər bu kimi adamlar oliqarxlara məxsus iqtisadi aysberqin yalnız görünən tərəfləridir. Bu adamların altında daha nəhəng fiqurlar dayanır. Əsasən nazir və komitə rəhbərlərindən təşəkkül tapan gerçək oliqarxiya cəzalanmasa, bir neçə nəfərin həbsi bataqlıqda ağcanad ovlamaqdan başqa bir işə yaramayacaq.

Şəxsən bəndənizə elə gəlir ki, bir neçə maliyyə fırıldaqçısının həbsinə “oliqarx ovu” adının verilməsi də gözdən pərdə asmağa qulluq edir. Məqsəd, xalqı hakimiyyətin oliqarxlarla mübarizə apardığına inandırmaq, necə deyərlər, aysberqin su altında qalan hissəsinin mövcudluğunu gizlətməkdir. Əslində isə bu maliyyə fırıldaqçılarını “oliqarx” adlandırmaq mümkün deyil. Nədən ki, yunanca oligo (az)arxein (hakimiyyət) sözlərindən əmələ gələn bu kəlmə azlığın hakimiyyəti deməkdir. Sizcə, bu gün müxtəlif hüquq-mühafizə orqanlarında dindirilən həmin adamlar Azərbaycanın idarə olunmasında nə qədər ciddi rol oynayırlar?

Məndən soruşsanız, onlar, sadəcə, gerçək oliqarxiya makinasının süd dişləridir və bu dişləri itirməklə həmin mexanizm heç nə itirmir, əskinə, daha möhkəm ana dişi çıxarmağa hazırlaşır. Azərbaycan siyasi iradəsi gerçək mənada oliqarx ovuyla məşğul olmaq istəyirsə, patronlarını sərçələrə yox, qaşqaldaqlara atmalıdır.

Hətta Beynəlxalq Bankın 6 milyard dollarını mənimsəməkdə g
ünahlandırılan iş adamlarının əməllərini özfəaliyyət kimi qiymətləndirsək belə, onlarla eyni günahı bölüşən xeyli nazirlər və yüksək rütbəli məmurlar var. İlk öncə, Milli Bankın rəhbəri Elman Rüstəmovdan Beynəlxalq Bankda baş verənlərin hesabatı soruşulmalıdır. çünki Azərbaycanda bütün bankların mərkəzləşdirilmiş sistemlə çalışdığı məlumdur. Sadə bir vətəndaşa 500 dollar kredit verilərkən hazırlanan sənədlər birbaşa Milli Banka göndərilir və onun razılığıyla kredit alana pul ayrılır. Milyardlarla dollar vəsaitin hansısa hesaba köçürülməsindən Elman Rüstəmovun xəbər tutmaması əsla inandırıcı deyil. İllərlə, aylarla yubadılan borcların ödənməməsindən də həmçinin.

Elman Rüstəmovun bu faktlara göz yumması və ya talanın qarşısını almaqda çətinlik çəkməsi də onun məsuliyyətini azaltmır. Əgər bu cür qohumbazlıq, tanışbazlıq, yerlibazlıq və sair neqativ halların hökm sürdüyü bir sistemdə işləmək onun üçün çətin idisə, vaxtında ərizəsini verib tutduğu vəzifədən ayrılmalı, özünü sistemin günahına batırmamalıydı.

Digər böyük məsuliyyət İqtisadi İnkişaf Nazirliyinin və Respublika Prokurorluğunun çiyinlərinə düşür. ölkəyə gələn xarici kapitalın boş-boş layihələrinə ayrılmasının, Xəzərin ortasında, yaxud Koroğlu metrosundan, az qala, Nərimanov metrosuna qədər geniş ərazilərdə şəhərlər salınmasının və insan üzünə həsrət qalan bu binaların ölkə iqtisadiyyatına zərrə qədər xeyrinin olmadığını təsbit edən İqtisadi İnkişaf Nazirliyi vaxtında hərəkətə keçməli, bu talanın qarşısını almalı, vəsaitləri aqrar sənayenin, istehsal sahələrinin yaradılmasına yönəltməliydi.

Eyni sözləri Respublika Prokurorluğu barədə də demək olar. Bu gün həbsə məruz qalan iş adamlarının maxinasiyalarıyla bağlı dəfələrlə mətbuatda məlumatlar gedib. Demək olar, ölkə əhalisinin əksəriyyətinin bu talandan xəbəri var. öz möhtəşəm binasında fil yuxusuna gedən prokurorluq orqanı isə məmur özbaşınalığına etiraz edən zavallıları susdurmaqla məşğuldur. İndi bu qədər sensasiya doğuran cinayətlərin ortaya çıxmasını soyuqqanlılıqla izləyən müvafiq orqanların öz peşə fəaliyyətlərini uğurla yerinə yetirməkdən danışmağa mənəvi haqqı çatırmı?

Qısası, siyasi iradənin oliqarxiyaya qarşı mübarizəsində nə qədər qətiyyət nümayiş etdirə biləcəyini bu mərhələdən sonra yeni bir savaş dönəminə başlayıb-başlamayacağı müəyyən edəcək. Əgər bu həbslərin arxası gələcək və iri balinaları əhatə edəcəksə, demək ki, hakimiyyət ciddi şəkildə “yuxarıdan islahat” strategiyasını həyata keçirir; yox, elə xırda fiqurlarla kifayətləniləcəksə, bu, “bataqlıqda ağcaqanad ovu”ndan başqa bir şey olmayacaq…

Heydər Oğuz

Strateq.az