XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 00:20

Vəsiyyətnamə qoyan ata ölənə yaxın qərarını dəyişərsə…- Nə etməli? (Araşdırma)  

bosanmada-mal-paylasimi-nasil-olur-bosanmadavam
 

Son illərin məhkəmə çəkişmələrinin analizi göstərir ki, ailədaxili münasibətlərin gərginləşməsində əsas səbəblərdən biri əmlak və mirasın idarə olunmasındakı fikir ayrılıqlarıdır. Haqqında danışacağımız ailə də atasından qalan mirasın ədalətli bölünməsini istəyir. Ancaq tərəflər ədalətin harda olduğunu  öz aralarında aydınlaşdıra bilmədiklərindən məhkəməyə müraciət etmək qərarına gəliblər.

Atanın müəmmalı qərarı

Bakı şəhəri Binəqədi rayon sakini Malik Həsənov  Strateq.az-a müraciət edərək atasının sağlığında  ona vəsiyyət etdiyi əmlakına sahib çıxa bilməməsindən şikayət edib. Bildirib ki, atası Müzəffər Həsənov hələ 1990-cı il aprelin 10-da bütün əmlakını və banklardakı pullarını iki oğlu Malik və Səid Həsənovlara vəsiyyət edib. 

“Sənəd Türkmənistanın Krasnovodsk vilayətində notariusda təsdiq edilib. Atam 2012-ci ildə rəhmətə gedib. O zaman mən həbsxanada idim. Qardaşım isə bu sənəddən xəbərsiz olduğundan mirasın əldə olunması ilə bağlı heç bir yerə müraciət etməyib. Ötən il azadlığa çıxdıqdan sonra məsələni araşdırmağa qərar verdim.  Məlum oldu ki, atam ölümündən bir gün əvvəl bütün əmlakını ikinci arvadına bağışlayıb. Həmin qadın isə sonradan atamın evini bacımın qızının adına rəsmiləşdirib. Hazırda mən bu məsələnin nə dərəcədə qanuni olub-olmadığını araşdırıram”.

M.Həsənov bu işdə hüquqşünasların yardımına ciddi ehtiyac duyduğunu vurğulayıb. Problemin aktuallığını nəzərə alaraq  biz də bu istiqamətdə araşdırma aparmağı vacib saydıq. Məlum oldu ki, Azərbaycan Respublikası mülki qanunvericiliyində vərəsəlik hüququ miras qoyanın əmlakı başqa şəxslərə, yəni vərəsələrə ya qanun üzrə, ya vəsiyyətnamə əsasında və ya hər iki əsasla keçə bilər.  

Miras kimə və necə verilə bilər? 

Əgər vəfat edən şəxsin notariusda təsdiqlənmiş və ya evdə əllə yazılmış hər hansı vəsiyyətnaməsi varsa, bu zaman miras ona əsasən idarəetməyə keçirilir. Vəsiyyətnamə mülk sahibinin şəxsi qərarı ilə övladlarına, həyat yoldaşına, yaxın qohumlarına və ya ailədən tamam kənar bir fiziki və ya hüquqi şəxsin adına verilə bilər. Bu zaman mirasın idarə olunması daha asan olur. Çünki vəsiyyətnamədə konkret ad göstərilir.

Ancaq belə bir sənəd olmadıqda miras əmlakı qanun üzrə vərəsələrə verilməlidir. Bəs onlar kimlərdir?

Mülki Məcəllənin 1159-cu maddəsinə görə, qanun üzrə vərəsələr qohumluq  dərəcəsinə görə 5 növbəyə bölünür:  

Birinci növbədə – vəfat edən şəxsin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvadıvə ya ərı, valideynləri;

İkinci növbədə – ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

Dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər.

Beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Vəfat edən şəxsin vəsiyyətnaməsi tamamilə və ya qismən etibarsız sayıldıqda da miras qanun üzrə vərəsələr arasında bölünür. Vəsiyyətnamə olduqda isə digər vərəsələr mirasdan məcburi pay almaq hüququ qazanırlar. 

Vəsiyyətnamə, yoxsa bağışlanma müqaviləsi? 

Həsənovların probleminə aydınlıq gətirən hüquqşünas Səbuhi Axundov bu halda əmlakın mirasa daxil olması üçün müəyyən şərtlərin tələb olunduğunu vurğulayıb: 

“Tükmənistanda vəsiyyətnamə qoyulmuş olsa da sonradan vəsiyyət edən onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı bağışlyarsa, belə halda bağışlanan əmlak mirasa daxil olmur. Ancaq bağışlama müqaviləsi bu hallarla bağlı şərtləşdirilmədən bağlansaydı, miras açıla bilərdi. Ancaq Həsənovların vəziyyətində 1990-cı ildə qoyulmuş vəsiyyətnamə 2012-ci ildə bağışlanmış əmlaka aid edilmir. Çünki şəxs artıq sağlığında əmlakla bağlı qərarını dəyişib. Belə bir misal da çəkmək olar ki, bir şəxs bir neçə yerdə eyni qaydada vermiş olduğu vəsiyyətinin yalnız sonuncusunun hüquqi qüvvəsi olur.Bu qeyd olunanlar vəsiyyət üzrə vərəsəlik zamanı hüquqi yanaşmadır”.

Qeyd edk ki, qanunvericilikdə miras əmlakdan məcburi pay hüququnun təmin olunması da nəzərdə tutulub. Məsələyə bu yöndən şərh verən hüquqşünas yenə anuna istinad edib: “Azərbaycan Respublikası Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər.

Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.Burada bağışlama müqaviləsi 2012-ci ildə həyata keçirildiyi üçün qanun üzrə vərəsənin belə məcburi payı hesaba alınmayacaq”.

Bütün sadalanan hallar ölkə daxilində həyata keçirilən hüquqi prosedurlara aiddir. M.Həsənovun uzun müddət Türkmənistanda yaşaması və vəziyyətnamənin məhz həmin ölkənin notariusunda təsdiq edildiyini nəzərə alsaq, burada digər məqamların aydınlaşdırılmasına da ehtiyac yaranır. Qanunvericiliyə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. S.Axundovun fikrincə, vətəndaşın üzləşdiyi problem yerliqanunvericiliklə tənzimlənməlidir:

“Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır. Azərbaycanda yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır. Amma Həsənovların qaldırdığı məsələ ilə bağlı miras  Azərbaycanda açılmalıdır. Çünki həm mülkiyyət buradır, həm də miras qoyanın qeydiyyatı Azərbaycandadır. Həmin vətəndaşa məsləhət görərdim ki, müəyyən sənədləri toplayaraq notariusa müraciət etsin. Çünki bəzi məqamları aydınlaşdırmaq  lazımdır”.

İslamda vərəsələr 

Müsəlman ölkəsi olduğundan əsrlərdir Azərbaycanda miras və əmlak bölgüsü yerli ənənələr və İslam dininin ehkamları əsasında həyata keçirilib. Bu məsələlər müqəddəs kitabımız olan “Qurani-Kərim”im ayələrində də dəqiq formada əksini tapıb. Həmin ayələri şərh edən ilahiyyatçı Agabala Mehdiyev şəriətə görə kimlərin varis sayılması və onların hüquqlarına belə aydınıq gətirib: 

“İslam qanunları baxımından hər hansı bir şəxsin dünyasını dəyişmiş şəxsin varisi olmasına iki şey səbəb olur: qan qohumluğu və nikah nəticəsində yaranan qohumluq. Yəni, aralarında yalnız qan qohumluğu və ya evlilikdən doğan bağlılıq olan şəxslər müəyyən şərtlərlə bir-birinin varisi ola bilərlər. Lakin bu varislərin hamısı eyni zamanda dünyasını dəyişmiş şəxsin varisi olmur və onlar varisi olmaq üçün ümumilikdə üç dəstəyə bölünürlər və onlardan hər birinin olması digərinin varislik hüququnu məhdudlaşdırır. 

Birinci dəstə varislərə daxildir: ata, ana, övlad (övlad həyatda olmayanda nəvə)

İkinci dəstə: Baba və nənə (həm ata, həm də ana tərəfdən və ya onlar olmayanda onların ata-anası, yəni ölənin babasının ata-anası və beləcə üzüyuxarı…), həm ata-ananın hər ikisi, yaxud tək ata ya tək ana tərəfdən eyni olan qardaş və bacılar (və onlar özü həyatda olmayan onların övladları). Bu dəstədə daha yaxın varis, nisbətən uzaq varisin varislik hüququna mane our. Belə ki, əgər ölmüş şəxsin baba və nənəsi sağdırsa, baba və nənənin ata-anasına, həmçinin qardaş və bacı sağ olanda onların övladlarına  irs çatmır. 

Üçüncü dəstə: Əmi, dayı, bibi, xala (onlar olmayanda övladları).

Bu üç dəstənin hər hansı birinin mövcudluğu digər dəstənin varisliyinə mane olsa da, ərlə arvad üçün bu dəstələrin hər hansı birinin mövcudluğu maneə yaratmır, sadəcə mirasın miqdarında  dəyişiklik baş verir. Belə ki, əgər arvad ölsə və övladı olmasa, onun malının yarısı ərinin, digər yarisi isə yerdə qalan varislərindir. Amma əgər onun övladı olsa, malının dörddə biri ərinin yerdə qalanı isə digər varislərindir. Əgər kişi ölsə və övladı olmasa, onun malının dörddə biri arvadının, yerdə qalanı isə digər varislərindir. Amma əgər övladı olsa, malının səkkizdə biri arvadının, qalanı isə digər varislərindir”.

Yalnız borcları ödəyəndən sonra əmlak bölünür

İslam qanunları baxımından vərəsələrin dünyasını dəyişmiş şəxsin malı barəsndəki haqqı ölmüş şəxsin boynunda olan borcların qaytarılması və vəsiyyətinin yerinə yetirilməsindən sonra baş verir. Yəni, dünyasını dəyişmiş şəxsin öhdəliyində olan borclar qaytarılmayınca və ya vəsiyyəti yerinə yetirilməyincə vərəsənin öz miras haqqını tələb etmək hüququ yoxdur.

Digər tərəfdən, bir sıra amillər varisin mirasdan məhrum olmasına səbəb olur. Məsələn,əgər dünyasını dəyişən şəxs müsəlman, vərəsəsi isə dinsiz və ya kafirdirsə, həmin varis müsəlmanın malından irs payına malik oa bilməz. Həmçinin, dünyasını dəyişmiş şəxsin varisi tərəfindən qəsdən öldürülməsi həmin varisi mirasdan məhrum edir. 

Vəsiyyətnamə varsa, mülk necə bölünür və ya idarə olunur?

Əmlak sahiblərinin vəsiyyətnamə yazaraq mülkünü kiməsə həvalə etməsi İslam dininin qaydalarında da əksini tapıb. A.Mehdiyev qeyd edib ki, burada da müəyyən nüanslar nəzərə alınıb: 
“Dünyasını dəyişmiş şəxsin vəsiyyətinə əməl etmək vacibdir. Əlbəttə, vəsiyyətin özünün bir sıra şərtləri var. Dünyasını dəyişən şəxsin miras barəsindəki vəsiyyəti barədə ən mühüm məqam onun öz malının üçdə birindən artıq vəsiyyət etmək haqqına malik olmamasıdır. Başqa sözlə desək, əgər o öz mal ya mülkünün müəyyən hissəsini kiməsə verməyi vəsiyyət edibsə, bu vəsiyyətə o, yalnız  ümumi malın üçdə biri çərçivəsində olanda və ondan çox olmadığı təqdirdə əməl edilə bilər. Buna görə də heç kəsin bütün malını ya malının üçdə birindən artığını başqasına vermək haqqı yoxdur və İslam baxımından buna icazə verilmir”.

Fərqanə Allahverdiqızı

Yazı Almaniya Beynəlxalq Əməkdaşılıq Cəmiyyətinin “Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.