Bir müddət əvvəl keçirilən Kerri-Lavrov görüşündə tərəflərin əsasən 4 məsələ üzərində müzakirə apardıqları məlum oldu: Rusiya-Ukrayna gərginliyi, İranın nüvə məsələsi, Suriya problemi, çinin bölgədə və dünyada artan nüfuzu…
Sözügedən görüşü şərh edərkən, ABŞ-ın Ukrayna məsələsində Rusiyaya güzəştə getdiyini, Suriya probleminin həllində də onunla birgə strategiya hazırlayıb həyata keçirməyi qəbul etdiyini qələmə almış və digər mövzulara başqa yazılarımızda nəzər salacağımızı bildirmişdik.
Növbəti yazıya hazırlaşarkən, ABŞ dövlət katibi Kerrinin səsi çindən gəldi. Məlumatlara görə, Pekinə səfər edən ABŞ-ın baş diplomatı çinli həmkarının ciddi reaksiyasıyla qarşılaşıb. İkitərəfli görüşdən sonra Xarici işlər nazirlərinin keçirdiyi mətbuat konfransında ilk nitqi söyləyən Kerri rəsmi Pekinə Şərqi çin dəninizində gərginliyi artırmamağı məsləhət görüb. çin Xarici İşlər naziri Vanq Yinin ona cavabı isə xeyli sərt və bədii-diplomatik üslubda olub: “öz suverenleyini və torpaq bütünlüyünü qorumaq məsələsində çinin qərarlı mövqeyi qaya kimi sağlam və sarsılmazdır”.
Vanq Yinin bu fikirləri ABŞ-ın çindən tələblərinin rəsmi Pekin tərəfindən ölkə suverenliyinə və torpaq bütünlüyünə yönəlmiş qəsd kimi anlaşıldığını ortaya qoyur. Sual oluna bilər: ABŞ Şərqi çin dənizində nə gəzir və bu, niyə Pekinin “qaya kimi sağlam və sarsılmaz” təpkisiylə qarşılanır? Ən əsası, dünyanın o başında ortaya çıxan gərginliyin Rusiya-ABŞ əlaqələrinə nə dəxli var?
çinin öz adıyla adlandırılan bu dənizdə nüfuzunu artırmaq səyləri yeni-yeni ortaya çıxan məsələ deyil. Dəniz sahillərinin dörddə üçünə sahib olan bu ölkə tarixən həmin coğrafiyanı özünün “1 nömrəli suverenlik” əsası olaraq qəbul edib və bu mövqeyindən heç vaxt geri çəkilməyib.
İnsafən, o, haqsız da deyil. Xüsusilə indiki dövrdə. Nədən ki, getdikcə böyüyən, artıq ən böyük qlobal iqtisadi güc halına gələn çinin dünyaya açılan ən böyük qapılarından biri elə bu dənizdir. Şərqi çin dənizi sahillərinin böyük qismini özündə cəmləşdirən dünyanın potensial super gücü bu üstünlüyünü, əlbəttə, Bruney, Flippin, Malayziya, hətta özündən qopma Tayvan kimi ölkələrlə bölüşmək istəməz. özəlliklə o halda ki, adı çəkilən və çəkilməyən ölkələr onun böyümə yolundakı ən əsas əngələ çevrilən ABŞ-la həmrəy olmasa da, həmmüttəfiq ola.
çinin rəsmi Vaşinqton tərəfindən gərginlik yaratmaq kimi qiymətləndirilən hərəkətlərinə gəlincə, bu fəaliyyət əslində siyasi bəyanatlardan o tərəfə keçməyib. Hələ bir neçə il öncə ABŞ-ın bölgədə ən yaxın müttəfiqi sayılan Yaponiyanın çin sərhədlərinə daha yaxın ərazidə yerləşən Senkaku (Diaoyu) adalarını özünün hava məkanı elan etməsinə reaksiya olaraq, rəsmi Pekinin də eyni qərarı alıb və bu hava sahəsindən keçən bütün təyyarələrin ondan icazə almasını istəmişdi. Rəsmi Pekinin bu tələblərinə uymayacağını açıqlayan Yaponiya öz mülki təyyarələrinə hər hansı siqnal göndərməyi qadağan etmişdir. ABŞ isə bir az da uzağa gedərək, Avstraliyada yerləşən ABŞ hərbi donanmasına aid “silahsız” bombardımanlarını dəflələrlə həmin ada üzərində uçurdaraq, rəsmən, çinlə “icəşmişdir”. Bütün bu hadisələrə özünəməxsus soyuqqanlılıqla yanaşan rəsmi Pekin ciğal rəqiblərinə ölkələrin suverenlik hüquqları adlanan bir nəsnənin mövcudluğunu xatırlatmaqla kifayətlənmiş, bir növ məşhur multfilm personajı kimi “uşaqlar, gəlin, dostluq şəraitdə yaşayaq!” mesajını vermişdi.
öncəki suala tam cavab vermədən növbəti sual ortaya çıxır: Şərqi çin dənizinin geopolitik və iqtisadi əhəmiyyəti nədir ki, iki super gücü bu cür kəllə-kəlləyə gətirir?
Şərqi çin Dənizinin beynəlxalq iqtisadi siyasət baxımından bir neçə mühüm əhəmiyyəti var. Onun əsas əhəmiyyəti qlobal ticarət marşrutunun önəmli bir qolunun bu dənizdən keçməsidir. Avropadan Yaponiyaya, çinə, Hindistana və digər bölg ölkələrinə, burdan isə Qərbə mal daşıyan bütün gəmilər həmin dənizdən keçir. Dünya ticarət dövriyyəsində rol alan gəmilərin yarısından çoxunun keçdiyi Şərqi çinə sahiblik iqtisadi qazanc yeri olduğu qədər, həm də ixracat yollarının təhlükəsizliyi deməkdir. Son zamanlar dünya iqtisadiyyatının aparıcı gücünə çevrilən çinin, həqiqətən, bu güvənliyə böyük ehtiyacı var.
Digər önəmli səbəb məlum dənizin təbii sərvətləriylə bağlıdır. Son zamanlar təsbit olunmuşdur ki, Şərqi çin dənizində böyük həcmdə neft və qaz ehtiyatları mövcuddur. Yaponiyayla çinin bölüşə bilmədiyi Senkaku (Diaoyu) adaları qaz ehtiyatı baxımından dənizin ən zəngin bölgəsi hesab olunur. Eyni zamanda Bruneyin haqq iddia etdiyi adalarda neft və qaz axtarışına çıxdığı və bu məsələdə çinlə aralarında ciddi problem yaşandığı bilinir. Dünyanın ən böyük sənaye ölkəsinə çevrilən çinin öz sahillərində təbii sərvətlərin kəşf olunması onun idxal etdiyi enerji daşıyıcılarına bağlılıqdan qurtara bilər və böyüməsini sürətləndirər.
Əslində bölgə dövlətlərini ətrafında birləşdirib çinə qarşı cəbhə formalaşdıran ABŞ-ı da ən çox narahat edən məsələ budur. Getdikcə dünya bazarından onu sıxışdırıb çıxaran çinin bu irəliləyişi durdurulmasa, qısa müddətdən sonra ABŞ dünya hegemonluğuyla vidalaşa bilər. Onun rəsmi Pekinlə “icəşmə”sinin başlıca səbəbi də budur.
Xüsusilə Barak Obamanın ikinci hakimiyyəti dövründə ABŞ-ın bütün diqqətini başqa yerlərdən ayırıb çinə yönəltməsi bu baxımdan təsadüfi deyil. O da təsadüfi deyil ki, Obamanın prezidentlik postuna seçilməsiylə bu ölkə hərbi dəniz donanmasının yarıdan çoxunu Şərqi çin dənizində yeridib və bu durum çinin nigaranlığını artırır. Rəsmi Pekin Pentaqon güclərinin onun tam burnunun dibinə qədər gəlməsini yaxşı əlamət hesab etmir və qonşularının ABŞ-a meyllənməsini özü ətrafında keçilməz çənbər yaradılması kimi qiymətləndirir.
çinin bu əndişləri əsassız da deyil. ABŞ-ın özünün Yaxın Şərq bataqlığına düşdüyü bir zamanda rəsmi Pekinin enerji qaynaqlarıyla zəngin Şərqi çin dənizində möhkəmlənməsi qorxulu perspektivdən xəbər verir, onu “soyuq savaş”dan sonra həyata keçirdiyi ənənəvi siyasətdən geri çəkilməyə məcbur edir.
Son vaxtlar baş verən hadisələrin müşahidəsi göstərir ki, ABŞ öz ordularını İraqdan və Əfqanıstandan çıxarıb bölgəni digər regional güclərin ixtiyarına verməklə bu bataqlıqdan qurtulmaq istəyir. Onun istər İranla, istər Rusiyayla münasibətlərini düzəltməyə çalışması da əslində bu məqsədə qulluq edir.
Rəsmi Vaşinqton bununla həm küsdürdüyü dünya dövlətlərinin könlünü yenidən qazanır, həm də onların çinə yönəlməsinin qarşısını
alır. çinin dünyaya açılışının önünü kəsmək üçün dövlətlərarası əlaqələrdə hədə-qorxu siyasətinin yürümədiyi görən ABŞ bu münasibətləri qarşılıqlı mehribanlıqla əvəz etməyə səy göstərir. Nədən ki, ABŞ-ın ənənəvi siyasəti düşmən artırdığından özgə dəyirmanına su tökürdü.
Kerrinin rusiyalı həmkarıyla qarşılıqlı anlaşma şəraitində keçirməyə çalışdığı görüşünə də bu aspektdən nəzər salınmalıdır ki, məqsəd tam mənasıyla anlaşılsın.
Heydər Oğuz
Strateq.az