XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2015 - 13:54

Alman nəşri: “ABŞ Yaxın Şərqdə dəliliklə məşğuldur” – Təhlil

ABS_

Dünya Osmanlı imperiyasının xarabalıqlarında xaosa qərq olur

 

Dünya bir il əvvəl I Dünya savaşının 100 illik yubileyini yada saldı. Və əlbəttə, bu fəlakətə görə günahlar və məsuliyyət fəal şəkildə müzakirə edildi. Səbəblərdən daha çox müharibənin nəticələrindən danışdılar. Çünki bu nəticələr 100 ildən sonra da cari siyasəti müəyyən edir. Bu, Balkanlara, Qafqaza, lakin birinci növbədə Quzey Afrika və Yaxın Şərqə aiddir. Liviyadan tutmuş Mesopotamiyaya qədər Osmanlı imperiyasının xarabalıqlarında ideoloji, iqtisadi və hərbi ağalıq uğrunda amansız mübarizə gedir. Bölgə hərc-mərclik və anarxiyaya qərq olduqca, dünya dövləti hansısa plan, strategiyanın olmaması və ziddiyyətlərin mövcudluğu ilə təəccüb doğurur. Bununla belə, tarixə hətta səthi baxış göstərir ki, konsepsiyasızlıq durumu əvvəlki ilə müqayisədə daha da ağırlaşdırır. Buna əyani nümunəni britaniyalılar tədim etdilər: türklərə qarşı üsyanın əvəzində ərəblərə böyük Suriya imperiyasını vəd etdilər.

Eyni zamanda 1917-ci il Balfur bəyannaməsinə əsasən, Fələstindəki sionçu köçkünlərə yəhudilərin milli dövlətini qurmağa icazə verdilər.

Və nəhayət, Fransa və Böyük Britaniya bundan bir il əvvəl Yaxın Şərqi öz aralarında böldükləri Sayks-Piko sazişini imzaladılar.

Avropadan qaçılmaz idxal

Üç saziş praktik olaraq bir-birinə zidd olduğundan, improvizasiyalar başlandı. Məsələn, britaniyalılar Transiordaniyanın hakimi qismində haşimilər sülaləsini bərpa etdilər. Mesopotamiya ərazsinin (sonrakı İraqın) mandatı haşimilərin təmsilçisi, Suriya kralı I Fayzal oldu. Yəmənin quzeyində də krallıq yaradıldı. Fransızlar Hələb, Dəməşq, druzların və ələvilərin dövlətlərindən, həmçinin Böyük Livandan sonradan Suriyaya çevrilmiş dövləti təsis etdilər.

Qaçılmaz səhv təkcə siyasi coğrafiyaya zorakı müdaxilə deyildi. Ən azı, Avropadan idxal – millətçilik və sosializmin ayrı-ayrılıqda, həm də kombinasiya halında  gətirilməsi də bu cür qaçılmazlıq oldu. Lakin panərəbizm və ərəb sosializmi intellektual baxımdan “ölü doğulmuş uşaq” idi. Bu ideyalar ilk növbədə korrupsiyalaşmış elitaların ağalığını sabitləşdirməyə xidmət edirdi. Heç olmasa, Suriya və İraqdakı “BƏƏS” partiyalarını xatırlamağına dəyər.

İttifaqların qaçılmaz mübarizəsi

Panərəbizmdən sonra qalmış intellektual və siyasi boşluğa İslam müdaxilə etdi. Onun ideoloji kökləri 1920-ci illərdə gizlənib. Həsən əl-Bənna 1928-ci ildə “Müsəlman qardaşlar cəmiyyəti”ni təsis etdi. Onun bu yaxınlardakı İŞİD layihəsi təkcə Qərb dünyasına deyil, həm də onu maliyyələşdirən ənənəvi ərəb elitasına da meydan oxumaqdır.

İslamçı və millətçi Türkiyənin, vəhhabi Səudiyyənin və şiə İranın – sonuncu “Huzbullah”, qiyamçı husilər və “Qüds” briqadasının sayəsində – öz təsir dairələrini möhkəmləndirmək səyləri nəticəsində ssenari qızışır. Bunun nəticəsi birliklərin, o cümlədən düşmən olan birliklərin çulğaşması kimi qaçılmazlıqdır. Mərkəzdə isə İraqdan tələm-tələsik gedişdən sonra xarici siyasət oriyentasiyasını itirən və konsepsiyasızlıq üzündən durumu ancaq qızışdıran ABŞ durur.

ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı Yəmənin quzeyində yad əllərlə İranla müharibə aparır. Ölkənin güney hissəsi çoxdan “Əl-Qaidə”nin nəzarəti altındadır.

Eyni zamanda Amerika HHQ İraqda İŞİD-in mövqelərinə zərbələr endirir ki, İŞİD-ə qarşı İranın başçılıq etdiyi əməliyyata dəstək versin. Suriyada isə Səudiyyə Ərəbistanının silahlandırdığı dəstələr “Hizbullah”a qarşı fəaliyyət göstərir.

Metodsuz dəlilik

Hər şeyin yekununda ABŞ İŞİD-ə qarşı mübarizə üçün kürdlərə silah tədarük edir, lakin İŞİD-in möhkəmləndiyi məntəqələrin önəmli hissəsinin kürdlərin nəzarət etdiyi Türkiyə ilə Suriya arasındakı sərhəddən keçdiyini bilə-bilə türk ordusunun kürdlərin mövqeyini bombardman etməyini özünümüdafiə adlandırır. Bu məqamda Şekspirdən sitatı yada salıb demək olar: “Bu, dəlilik olsa da, metodu yoxdur”.

Osmanlı imperiyasının uzun müddət müstəmləkəçilik quruluşu və soyuq müharibənin boğduğu mirası uğrunda mübarizə imperiya dağılandan 97 il sonra başlandı. Bu mübarizə dini fanatizm, etnik münaqişələr, nüfuzlu sülalələr və bölgə dövlətlərinin nüfuzu sayəsində daha da qızışdırılır. Yerdə qalan yeganə dünya dövləti dolab gəlməyə, praqmatik hərəkət etməyə çalışıb konseptual problemlər yaradır. Bu, məşum səhvdir. Çünki bu cür siyasət bölgəni uçuruma aparır. Avropa isə yerdə qalan dünyanı alov bürüdüyü vaxtda öz problemləri ilə məşğul olmağa üstünlük verir.

 

Aleksandr Qrau

"Cicero" (Almaniya), 06.08.2015