XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 07:42

Dünya iqtisadiyyatı borc içində boğulur – Təhlil

Kürəsəl iqtisadi dövriyyə itir

Almaniya iqtisadiyyatca o qədər güclüdür ki, başqa ölkələr hərfi mənada həsəddən ölməyə hazırdır. Amerikanın “Bloomberg Business” iqtisad dərgisi bu yaxınlarda sual etdi: “Dünyada işləri bu qədər yaxşı gedən hansısa başqa bir ölkə varmı?

Və Berlinin iqtisadi uğurlarını sadalamaqla özü də cavab verdi: işsizliyin rekord səviyyədə azlığı, rekord səviyyədə məşğulluq, büdcə artıqlığı, cüzi inflyasiya və işçilərin əməkhaqqının sabit artımı. Bundan artığını gözləmək də lazım deyil. Alman iqtisadiyyatı başqa ölkələrlə müqayisədə olduqca sanballı görünür. Axı hara baxsan, son zamanlar bütün böyük ölkələrdə durum pisləşir: ABŞ-da, çində və Böyük Britaniyada inkişaf ləngiyir, Fransada isə heç başlamayıb da.

Əksər mərkəzi bankların girişdiyi pul emissiyasının dünya iqtisadiyyatına yardım edəcəyinə və Simurq quşu kimi külün içindən pərvazlanacağına ümidlər boş xülyadan özgə heç nə olmadı.

ümumdünya kredit silsiləsi

İqtisadi inkişafın kürəsəl ləngiməsi, birinci növbədə, sadə vətəndaşların, hökumətlərin, müəssisə və bankların ağırlığını çəkdiyi borc yükünün nəticəsidir. Onlar öz vəsaitlərini yatırıma qoymaq və maddi nemətlərdən faydalanmaq əvəzinə köhnə borcların bağlanmasna sərf edirlər. Bu, şəraitin inkişafını ləngidir.

“Flossbach von Storch Research Institute”-nin yaradıcısı və direktoru Tomas Mayer deyir: “ümumdünya kredit silsiləsi son onilliklərdə yığılmış borcların “qar koması”na dönməsini şərtləndirdi. İndi isə bu borcları ödəmək lazım gəlir ki, buna da uzun illər gedəcək. Dünya iqtisadiyyatının durumunu qarşıda çoxlu “hava çuxurları” olan çoxillik “sürüncəkli uçuş” gözləyir”.

“McKinsey Global Institute” ekspetləri kürəsəl borcların nə qədər böyük olduğunu hesablayıblar: söhbət dünya üDM-nun 286%-i təşkil edən əməlli-başlı 200 trilyon dollar məbləğdən gedir. Bu məbləğ dünya maiyyə böhranının başlanğıcından bəri 57 trilyon dollar artıb.

“McKinsey” ekspertləri təəccüblənirlər: “ümumən gözləmək olardı ki, böhrandan sonra borclar azalacaq, amma əvəzində daha da artıb”.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da 2007-ci ildən bəri vətəndaşların, bankların və müəssisələrn borcları həqiqətən də azalıb. Lakin dövlət borcu, əksinə, çoxalıb. İqtisadiyyatın bütün sektorlarının borc yükü üDM-in 269%-i təşkil dir.

Bu arada Amerikada vətəndaşların və şirkətlərin borcu yenidən yuxarı dartınıb. Aşağı faiz tariflərinə baxmayaraq, banklar gəliri saxlamaq üçün öz üzərinə daha ciddi kredit riskləri götürür.

Harvard universitetinin iqtisadçısı Martin Feldstin qeyd edir: “Banklar böyük borcu və şübhəli ödəniş qabiliyyəti olan müştərilərə kredit verir. Bundan başqa, onlar müştərini sərfəli şərtlərlə cəlb edir”.

ABŞ-da yüksəkriskli kreditlərin yeni gurultusu

ABŞ-da keçən il bütün istehlak kreditlərinin 41%-i şübhəli ödəniş qabiliyyətli müştərilərə verilmişdi (yüksəkriskli kreditlər). İnsanlar hələ maliyyə böhranına qədər mənzil almaq məqsədilə kreditə “girişirdilər”sə, indi əsasən, avtomobil alırlar. 2010-cu ildə kreditlə alınmış avtomobillərin sayı iki dəfə artdı. Avtomobil bumu şəxsi kreditləşmənin səviyyəsini saxlayır – iqtisadiyyat bunsuz birinci rübdə yıxılardı.

Cenevrədəki beynəlxalq universitetin professoru Frank Hollenbek yaranmış durumu tənqid edir: “Amerikanın inkişafı yeni kreditlərin lay-lay köhnə kreditlərin üzərinə yığılmasına əsaslanır”.

İnkişaf bir faizdən azdır

Əgər işlər bundan sonra da belə getsə, onda sabit inkişafdan danışmaq lazım gəlməyəcək. Son üç ildə istehsalın artımı – iqtisadi inkişafın əsas göstəricisi – orta hesabla bir faizdən az olub. Bu daha çox onun nəticəsidir ki, Amerikanın zavod və fabriklərindəki avadanlıqlar köhnəlib. Şist bumu vəziyyətin inkişafına ümid oyadardı. Lakin hazırda aydındır ki, kredit “doldurulmuş” bu sahə necə də çox zəifdir. Neft qiymətlərinin çökməsi hasilat şirkətləri üçün olduqca ağır nəticələr gətirdi. Onlar 2015-ci ilin ilk üç ayında fəal quyuların 25%-ni bağladılar. “Commerzbank” mütəxəssislərinin dəyərləndirməsinə görə, bu, birinci rübdə Amerika iqtisadiyyatına 0,5% artıma başa gəldi.

Analitiklərin əksəriyyəti azalmaya sarı artım proqnozlarını yenidən nəzərdən keçirtdi: 3%-in əvəzinə indi yalnız 2,5% artım gözlənir. “Flossbach von Storch” institutunun direktoru Mayer daha bədbin əhvali-ruhiyyəyə köklənib: “Borcların ağırlığı” hələ uzun illər ərzində Amerika iqtisadiyyatının inkişafna mane olacaq”.

Buna görə də o, yaxın perspektivdə çətin ki ildə 2%-dən artıq inkişaf edər.

İnkişaf edən ölkələr basqı altında

Qeyd etməliyik ki, böyüklüyünə görə dünyanın ikinci iqtisadiyyatı çinin də işləri heç də yaxşı getmir. O bu ilin birinci rübündə yalnız 7% inkişaf edib. Bu, inkişaf edən ölkə üçün fantastik göstərici olardı, lakin çin üçün yetərincə cüzidir. Ehtimal ki, inkişaf növbəti illərdə daha güclü şəkildə zəifləyəcək, çünki Qərb kimi Səmalar ölkəsi də kredit bumunun nəticələrindən əziyyət çəkir. çinin üzərinə düşən borc yükü üDM-un 282%-ni təşkil edir. İndi isə ipoteka “qovuğu” daim üfürülür – ev və mənzillərin qiyməti aşağı düşür. Bu, tikinti sektoruna yatırımı əngəlləyir. Bundan başqa, kommunal müəssisələrin üçdə birinin torpaq satışına düşən gəlirləri azalır. Buna görə də kommunaların əksəriyyəti infrastrukturun inkişafına krediti azaldır ki, bu da yenə vəziyyətə sıxıntı gətirir.

çin müəssisələrinin də üDM-un 125%-ni təşkil edən borcu, necə deyərlər, başdan aşır. Onlar iflasdan yayınmaq üçün gəlirin böyk hissəsini borcların bağlanmasına yönəldir. Bu səbəbdən də yatırım üçün vəsait çatışmır. Ola bilsin ki, çin Mərkəzi Bankı tezliklə pul siyasətinin “cilovlarını” yenidən buraxsın. Hətta Qərbin mərkəzi bankları kimi dövlət istiqrazlarının buraxılışı da istisna olunmur. Lakin Qərb ölkələrində olduğu kimi çin də sabit inkişaf əldə etməyə müvəffəq olmayacaq.

İnkişaf etməkdə olan ölkələr hazırda əmin olur ki, pulun qızğın emissiyası firavanalıqdan çox lənətə çevrildi. Oradakı şirkətlər ötən illərdə xarici valyutada ucuz kreditlər götürmək üçün Qərb kapitalının axınından istif
adə etdi. 2007-ci ildən bəri yığılıb qalmış borcların, demək olar ki, yarısı məhz inkişaf etməkdə olan ölkələrin payına düşür. Onların borcu xarici valyuta ilə milli gəlirin, orta hesabla, 25%-ni təşkil edir.

İxracatçılar üçün bəd yeniliklər

ABŞ-da faiz tariflərini 2016-cı ildən gec olmayaraq yüksəltsələr, onda dollar yenidən bahalaşa bilər. O zaman inkişaf etməkdə olan ölkələrdəki borcluların işi asan olmayacaq. Onlar dollar kreditini ödəməkdən ötrü milli valyutada xeyli para itirməli və yeni kreditlərə görə daha yüksək faiz ödəməli olacaqlar. Həm bu, həm də o biri yatırım gücünü ciddi şəkildə zəiflədəcək və vəziyyətə ziyan vuracaq.

Bu, alman ixracatçıları üçün pis yenilikdir, çünki Almaniya ixracatının 40%-dən çoxu məhz inkişaf etməkdə olan ölkələrin payına düşür. Avrozona ölkələrindənsə onlar Almaniya üçün daha önəmli satış bazarıdır.

“Commerzbank”-ın baş iqtisadçısı Yorq Kremer deyir: “Azalan artım şirkətlərin artan gəlirinə qarşı dəlalət edir, çünki aksiyaları Frankfurt birjasında dövr edən şirkətlər öz gəlirinin 20%-ni təkcə Asiyanın inkişaf edən bazarlarında qazanır”.

Avropa iqtisadiyyatının inkişaf etməkdə olan ölkələrin zəif artımını kompensasiya edə biləcəyi ehtimalı azdır. Avrozona ölkələri bu il 1,5% inkişaf edə bilər, lakin bu, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin sıfır faiz və çox cüzi istiqraz qismində iqtisadiyyata vəd etdiyi pul-siyasi stimulu ilə müqayisədə son dərəcə azdır. Belə olan halda zəif inkişafın səbəbi həm də böyük borclardır. 2000-2007-ci illərdə Avrozonada özəl sektorun borcları 130%-dən 170%-ədək artıb. Bu göstərici o vaxtdan bəri yalnız cüzi azalıb – 162%.

Kremer deyir ki, “Nə qədər ki, bu düzəliş saxlanır, Avropa MB-nın ekspansiv pul siyasəti vəziyyətə müsbət şəkildə təsir edə bilməz”.

Aşağı faiz tarifləri və inflyasiya

İqtisadiyyat inkişafa başlamasa, II Dünya Savaşından sonrakı kimi borcları bağlamağa nail olmaq ümidləri doğrulmayacaq.

Kildəki dünya iqtisadiyyatı İnstitutunun konyunktura üzrə eksperti Ştefan Kots deyir: “O zaman cəmi əsas kapitalı, əslində, sıfırdan başlayaraq yaratmaq lazım gəldi və bu, inkişaf üçün güclü təkan oldu. Bu gün isə tamamilə başqa bir durum biçimlənib”.

Onun sözlərinə görə, iri sənaye ölkələri və çin öz əhalisinin qocalması və azalması problemi ilə üzləşib ki, bu da inkişafı bir daha yubadır.

Beləliklə, borcları ancaq onları silmək yolu ilə azaltmaq, müxtəlif proqramları həyata keçirtmək, inflyasiyanın yüksəldilməsi və faiz tariflərinin endirilməsi yolu ilə mümkündür. Siyasi dairələrdə borcların silinməsi yasaq mövzu, iqtisadi proqramların gerçəkləşdirilməsi isə son dərəcə çətin iş olduğundan yalnız faiz tariflərinin azaldılması ilə inflyasiyanın yüksəldilməsi kombinasiyası qalır. Lakin bu reseptin uğuru şübhə doğurur.

Mayer ehtiyatlanır: “Bu səbəbdən insanların pula inamı itirməyə başlaması təhlükəsi çox böyükdür”.

Beləliklə, borc böhranının pul böhranına keçməsi riski var.

Malte Fişer

“WirtschaftsWoche Heute” (Almaniya), 16.05.2015