XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 08:19

İŞİD niyə yenidən güclənir? – Təhlil

Bir müddət əvvəl İŞİD-in İraqda Ramadi şəhərinə hücum etdiyi və oranı İraq ordusundan aldığı xəbəri yayıldı. Son zamanlar istər ordu qüvvələri, istər şiə partizanları, istərsə də ABŞ təyyarələri tərəfindən “döyülərək” zəiflədilən terror təşkilatının birdən-birə bu uğura necə imza atdığı təəccüb doğurur. İraqdan gələn məlumatlar isə uğurun altında yatan sirri ortaya çıxarır.

İraq televiziyasının məlumatına görə, dünən ölkənin baş naziri Heydər əl-İbadi Haşdi əş-Şabi silahlılarına Ənbar vilayətini qurtarmaq təlimatı verib. Qeyd edək ki, Ramadi şəhəri də bu vilayətin mərkəzidir. İraq televiziyasının bu məlumatından aydın olur ki, həmin vilayət İraqın ən bacarıqlı silahlı gücü tərəfindən mühafizə olunmur və yalnızca İraq ordusunun sayəsində ayaqda durmağa çalışır. ötən il İŞİD hücumları qarşısında aciz qalan İraq ordusunun əllərindəki silahları belə qoyaraq qaçdığını nəzərə alsaq, terrorçuların asanlıqla Ramadi şəhərini alması başa düşüləndir.

Haşdi əş-Şabi silahlılarının Ramadi şəhərinin qorunmasında iştirak etməməsinə gəlincə, bunun özəl bir səbəbi var. Mərkəzi Ramadi olan Ənbar İraq sünnülərinin yaşayan vilayətlərindəndir. Haşdi əş-Şabi partizanları isə şiə dünyasının ən böyük ayətullahlarından sayılan Sistaninin fitvası və xeyir-duası ilə qurulub. Hazırda 50 min əsgərinin olduğu bildirilən bu silahlı dəstə İran generalı Qasım Süleymaninin idarəsi altında fəaliyyət göstərir. İranın İnqilab Keşikçilərinin ən tanınmış və aktiv komandirlərindən olan Qasım Süleymani rəsmi Tehranın Yaxın Şərq strategiyasının banisi və idarəçidir.

Belə anlaşılır ki, rəsmi Bağdad Ramadinin qorunmasını məzhəblərarası gərginliyə yol açacağını düşünərək Haşdi əş Şabiyə həvalə etməyib və İŞİD İraq hökumətinin bu zəif nöqtəsindən istifadə edərək şəhəri qısa müddətdə ələ keçirib.

Rəsmi Bağdadın məsələyə bu cür həssasiyyətlə baxması səbəbsiz deyil. Bir neçə ay öncə Səddam Hüseynin məmləkəti Tikritin işğaldan azad olunmasında mühüm yer tutan Haşdi əş-Sabinin bu fəaliyyəti, həqiqətən, ciddi narahatlığa səbəb olmuşdur. Döyüşən tərəflər arasında, istər-istəməz, baş verən aşırı hərəkətlər məhzəbçi anlayışla parçalanmış ictimai rəydə fərqli yönlərə çəkilir, bəzən hər hansı bir əsgərin özfəaliyyəti yürüdülən rəsmi siyasətin tərkib hissəsi kimi qəbul olunur. Tikrit azad edilərkən bəzi şiə döyüşçülərinin sünnilərə qarşı kobud davranması və yaşanan şiddət hadisələri də İraq ictimaiyyətində bu cür alqılanmalara yol açmış və ölkə əhalisinin məzhəbi parçalanmasını dərinləşdirmişdi. Yaranan bu əhval ruhiyyənin İŞİD-ə qarşı mübarizədə xeyrdən çox, zərər gətirdiyini fikirləşən mərkəzi İraq hökuməti məcburən sünni bölgələrinin mühafizəsində şiə silahlılarının iştirakını məhdudlaşdırmışdı.

Fəqət sünni bölgələrinin yalnız sünnülər tərəfindən mühafizə edilməsi də istənilən effekti vermir. Xüsusilə İŞİD-ə qarşı mübarizədə. Nədən ki, İŞİD hərəkatı əslində Amerika işğalından sonra qurulan şiə hökumətinin antisünnü mövqeyinə reaksiya olaraq yaranıb və nə qədər acımazsız olmasına baxmayaraq, bəzi sünnülər tərəfindən xoşgörüylə qarşılanır. Hətta İraq ordusundakı sünnü əsgərlərin hücum edən İŞİD-in tərəfinə keçməsinin və ya silahı qoyub qaçmasının mühüm səbəblərindən biri də budur.

İraqın baş naziri Heydər əl-İbadinin son qərarı verərkən bu həssasiyyəti nəzərə aldığı hiss olunur. İraqın rəsmi telekanalının verdiyi məlumatdakı bəzi məqamlar da bunu təsdiqləyir. Həmin məlumata inansaq, baş nazir məlum qərarı Ramadi ağsaqqalları və din adamlarının müraciəti əsasında verib.

İlk baxışdan xeyli normal görünən bu məlumatın dərinliyinə varanda isə bugünkü İraqın əsl mənzərəsi ortaya çıxır. Belə aydın olur ki, Ramadi ağsaqqalları və din xadimləri müraciət etməsəydi, gündə yüzlərlə vətəndaşının başının kəsilməsinə, ölkəsinin bir hissəsinin terrorçular tərəfindən işğalına rəsmi Bağdad biganə qalacaqdı.

Nə yazıq ki, məzhəb savaşlarının İraqı sürüklədiyi son durum, gerçəkdən də bundan ibarətdir. Məhzəb və etnik parçalanma bu gün İraqın ən böyük problemi olaraq qalır və onun İŞİD-ə qarşı mübarizəsini çətinləşdirir. Hər gün çox saylı qanlı cinayətlərə imza atan bu terror təşkilatı öz gücünü məhz bu cür parçalanmalardan alır. Əslində Ramadinin İŞİD tərəfindən işğalında da bu amil mühüm rol oynayıb. Xarırlayırsınızsa, Tikrit İŞİD işğalından qurtarıldıqdan sonra əməliyyatda yer alan qüvvələr növbəti hədəfin Mosul olduğunu açıqlamışdılar. Hər kəs yaxın günlərdə Mosulun da eyni uğurla terrorçulardan təmizlənəcəyini gözlərkən, bu arzu hələ də xəyal olaraq qalır.

Bəzi müşahidəçilər hətta son Ramadi işğalını İraq güclərinin Mosulu təmizləmə əməliyyatının qarşısının almaq üçün əks-hücum kimi qiymətləndirirlər. “Ən yaxşı müdafiə hücumdur” fəlsəfəsinə əsaslanan İŞİD-in, həqiqətən də, bu hücuma ehtiyacı vardı. Mosul ətrafında əməliyyata hazırlıq işləri görən Həşdi əş-Şadi güclərinin diqqətini yenidən cənuba yönəltmək üçün İraqın zəif nöqtələrinə taktiki hücumlar təşkil edən İŞİD qüvvələri əksər hallarda tutduqları yerləri əllərində çox saxlamadan geri çəkilir və rəqiblərini çaş-baş salırlar. Beləcə, Mosulu qurtarma əməliyyatının zamanını uzadırlar.

Əməliyyatın zamanının uzanmasının yeganə səbəbi isə İŞİD-in bu taktiki gedişləriylə bağlı deyil. Ən önəmli səbəblərdən biri, yuxarıda da qeyd etdiyimiz kimi, vətəndaşların məzhəb və etnik fərqliliklərə parçalanması, digəri isə bölgəsəl güclərin İraqla bağlı strategiyalarıdır.

Əməliyyata ən böyük maneə ölkənin şimalında faktiki olaraq qurulan kürd dövlətindən gəlir. İran tərəfindən dəstəklənən, əsasən ərəb şiləriylə yanaşı, türkmənləri və yezidiləri öz ətrafında birləşdirən bu müqavimət təşkilatı perspektivdə kürd dövlətini də təhdid edir. Bərzani hakimiyyəti anlayır ki, Mosul İŞİD-dən təmizləndikdən sonra sıra onun özünə gələcək. Nədən ki, həm qondarma Kürdüstan dövlətini öz torpaq bütünlüyünə təhdid olaraq görən rəsmi Tehran, həm də Amerika işğalı sırasında heç bir beynəlxalq dəstək ala bilməyən şiə türkmənlər onun mövcudluğuyla barışmayacaq və əzəli türk torpaqları uğrunda mübarizəyə başlayacaqlar. Hətta İŞİD-ə qarşı Mosulu qoruya bilməyən kürd peşmərgələrinin güclənən Haşdi-Şabi önündə duruş gətirməsi isə mümkün deyil.

Kürd yetkililəri bu əndişələrini açıq şəkildə dilə gətirməkdən belə çəkinmir, Haşdi əş-Şadinin İŞİD-ə qarşı mübarizədə sözdə Kürdistan ərazilərindən istifadə etmələrinə izn verməyəcəklərini bildirirlər. Qərbi Kərkük peşmərgə komandiri və Şimali İraq Kürd Hakimiyyətinin keçmiş parlament sədri Kamal Kərkükinin
bu mövzuda dilə gətirdikləri Şimali İraqdakı mənzərəni tam çılpaqlığıyla gözlər önünə sərir. Komandir Mosul əməliyyatıyla mövqeyini ifadə edərkən peşmərgələrin şiə partizanlarıyla eyni səngərdə vuruşmayacağını və onların Kürdüstan torpağından istifadəsinə yol verilməyəcəyini açıq şəkildə bəyan edərək fikrini bu cür əsaslandırmışdır: “İraq Konstitusiyasında göstərildiyi kimi, Kürdüstan bölgəsinin rəsmi asayiş qüvvələri var. Bunlar xaricində Kürdistan hökumətinin razılığını almadan heç bir silahlı ünsür onun torpaqlarına addım ata bilməz. Bu qrupların Kürdistan xaricindəki fəaliyyətləri onlar ilə mərkəzi İraq hökuməti arasındakı bir mövzudur. Amma Kürdistanda Haşdi əş Şabi yoxdur və mövcudluğuna da əsla icazə verilməyəcək.”

Kürd yetkililərinin bu təhdidvari açıqlamalarına baxmayaraq, Haşdi əş-Şabi getdikcə bölgəyə hakim olmağa başlayır. Onun 50 minlik silahlılarının içərisində hətta kürdlərin olduğu bildirilir. Kürdlərə məxsus xəbər portalı olan xebatnuce.org-un verdiyi məlumata görə, son dövrlərdə İŞİD-lə mübarizədə həlak olan Haşdi əş-Şabi partizanlarından ən azı 20 nəfəri kürddür. Kürdüstan Xaricindəki Kürd Bölgələri təşkilatının sədri Nəsrəddin Səid də bu faktı təsdiqləyir və “ziyarət etdiyimiz kürd bölgələrində çox sayda gəncin Haşdi əş-Şabiyə qoşulduğunu öyrəndik” deyərək, Bərzani hakimiyyətinin kürd millətinin iradəsini yansıtmadığını özü də istəmədən etiraf edir.

Kürd gənclərinin İrana bağlı silahlı qüvvələrin tərkibində getdikcə daha artıq yer almasının önəmli səbəblərindən biri digər neft ölkələrində olduğu kimi, Bərzani hakimiyyətinin acgözlüyü, idarə etdiyi coğrafiyanın təbii sərvətlərini yalnız başına mənimsəməyə çalışması, Kürdüstan adlı qondarma dövlətin digər sakinlərinin iqtisadi vəziyyətinin acınacaqlı olmasıyla bağlıdır. Bunun əskinə olaraq, Həşdi əş-Şabi təşkilatı mərkəzi İraq hakimiyyəti tərəfindən maliyyələşdirilir və hər bir döyüşçü maaş alır. Bu durumda “Kürdüstan”ın illərlə dəyişilməyən idarəçilərinin yalnız bir tayfaya malik olması və yaşlıların kreslolarından bərk-bərk yapışması, istər-istəməz, bölgə əhalisinin işsiz gənclərinin digər qüvvələrin, o cümlədən, Kürdüstanın varlığını təhdid edən təşkilatların əlinə düşməsinə şərait yaradır. Bu durumdan Yaxın Şərqin bir çox despotlarının nəticə çıxarması vacibdir.

Mosul əməliyyatının zamanının uzanmasında regional dövlətlərin maraqları məsələsi xeyli geniş mövzudur və çox baş ağrısı vermədən, bəzi nüansları qeyd etmək yerinə düşərdi.

Nə yazıq ki, bu məsələdə ABŞ-ın Orta Doğu Projesi adlı strategiyasına çox aludə olan Türkiyə bölgədəki türkmən varlığının maraqlarını heçə sayaraq, kürd faktoruna daha çox əhəmiyyət verdi və nəticədə, bölgənin ona bağlı ən səmimi xalqını İranın nəzarətinə düşməsinə şərait yaratdı. Bərzani hakimiyyətini zərərsizləşdirmək və ya özünə bağlamaq niyyətilə yürüdülən bu siyasət çərçivəsində “kürd açılımı” adlı islahatlarla öz daxilindəki etnik ünsürləri də aktivləşdirdi. Nəticədə, İraqdakı yumşaq gücünü itirdiyi kimi, Türkiyə kürdlərini də Şimali İraqın ona qarşı yumşaq gücünə çevirdi. Gəlinən bu nöqtədən sonra onun öz siyasətini dəyişdirmək, İŞİD-ə və bölgə dövlətlərini təhdid edən kürd iradəsinə qarşı mübarizə aparmaq əzmi yoxdur, məcburən Bərzani hakimiyyətinin mövcudluğunu qorumalıdır.

Əfsus ki, bu məcburiyyət əzəli türkmən topraqları olan Mosulun qurtarılmasında Türkiyəni fərqli cəbhəyə sürükləyir və məlum prosesi yubadır.

Heydər Oğuz

Strateq.az