XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 09:10

“Bu gün dar ağacından asılmalı, elektrik stuluna bağlanmalı məmurlar var” – Hacı Əbdüldən şok ittihamlar

Son dövrlər Azərbaycanda süni şəkildə dini zəmində qarşıdurma yaratmaq meylləri hiss olunmaqdadır. Hətta bir müddət əvvəl bəzi təriqətlər arasında gərginlik yaratmaq, müxtəlif dini cərəyanların nümayəndələrini üz-üzə gətirmək üçün müəyyən addımlar da atılmışdı. Doğrudur, bu prosesin daha da dərinləşməsinin qarşısı müvafiq orqanlar tərəfindən alınır, amma dini zəmində təhlükənin mövcudluğunu inkar eləmək olmaz. Suriyaya döyüşməyə gedən və orada döyüşən azərbaycanlıların sayının çoxalması və bu müstəvidə başqa proseslərin baş verməsi də vəziyyətin narahatedici səviyyədə olduğunu deməyə əsas verir. Tövbə Cəmiyyətinin sədri, keçmiş deputat Hacı Əbdül Əbdüləliyev müsahibəsində bu problemə də toxunub.

– Hacı, ötən müsahibələrinizin birində demişdiniz ki, bəzi qüvvələr Azərbaycanda dini zəmində qarışıqlıq yaratmaq istəyirlər. Hazırda vəziyyət necədir?

– Bimillahir-rəhmanir-rəhim! Mən hələ illər öncə demişdim ki, Azərbaycanda dini zəmində təhlükəli proseslər başlayacaq. Vəhhabilərin Azərbaycanda hələ bu qədər inkişaf etmədiyi zamanlarda bunun qarşısının alınmasının vacib olduğunu deyirdim. çoxları mənə qulaq asmadı, axırda da belə bir vəziyyət yarandı. Nə qədər ki, vəhhabilər Azərbaycanda fəaliyyət göstərir, nə qədər ki, bəzi məmurlar onları dəstəkləyir, nə qədər ki, vəhhabilərin, nurçuların nümayəndələri dövlət aparatında, parlamentdədir, vəziyyət bundan da pis olacaq. Bu səbəbdən də bunları bir sinif kimi kökündən məhv etmək lazımdır.

– Qeyri-ənənəvi dini təriqət mənsubu olaraq dövlət aparatında təmsil olunanlar kimlərdir?

– Hamı onların kim olduğunu yaxşı bilir. Elə Hacıbala Abutalıbovun oğlu vəhhabidir də. Bu gün bəzi məmurların qazandıqları vəhhabilərin cibinə axır. Vəhhabilər onların hesabına xoş gün keçirib, fəaliyyət göstərirlər. Onları daxildən bəzi məmurlar, xaricdən isə Səudiyyə Ərəbistanı maliyyələşdirir. Ona görə də ölkəmizdə vəhhabilərin sayı günü-gündən artır və dövlətçiliyimizin təməlini qazırlar. Bir məsələni də nəzərə çatdırım, yadında saxla ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi çox gözəl işləyir. Kim nə edir, kim hara qulluq edir, gözəl bilirlər. Onlar istəsələr, o cür ünsürlərin kökünü bir gündə kəsərlər. Nə səbəbə istəmirlər, bax, onu bilmirəm?! Bəlkə də onlara təzyiq var? Yoxsa bizim MTN o qədər zəif deyil.

– Ən pisi odur ki, artıq əhali arasında da bu cür təriqətlərə qoşulanların sayı artıb. Bu, həm də Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Komitənin zəif fəaliyyətinin nəticəsi deyil ki? Axı, maarifləndirmə işi də zəifdir.

– Burada hər şeydən öncə maarifləndirmənin aşağı olmasını səbəb kimi göstərmək olar. Hətta deyərdim ki, bu sahədə maarifləndirmə işi yox səviyyəsindədir. Nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Komitə bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirə bilmir. Ona görə də belə bir vəziyyət yaranıb.

– Təklifiniz nədir?

– Bu xaotik vəziyyətin aradan qalxması üçün bir dini telekanal açılmalıdır. Yaxud da hər gün hənsısa kanalda dini təbliğata yer ayrılmalıdır. Hər yoldan ötən yox, din alimlərini, İslami dəyərlərdən başı çıxanları dəvət eləmək lazımdır ki, dinlə bağlı maarifləndirmə işi aparsınlar. İllərdir ki, bu təklifləri verirəm, amma hər hansı addım atan yoxdur. Elə buna görə də, keçdikcə təhlükə daha da artır. Belə getsə, vəziyyət bundan da pis olacaq.

– Hacı, bir qədər də siyasi proseslərdən danışaq. Bir müddət əvvəl hərəkat yaratmışdınız. Hazırda nə işlə məşğulsunuz?

– Biz bir neçə il öncə “Vətən Naminə” Xalq Hərəkatı yaratmışdıq. Həmin hərəkat indi də fəaliyyətdədir. Hazırda parlament seçkilərinə hazırlaşırıq. Sözsüz ki, parlament seçkilərində lazımi səviyyədə iştirak etmək niyyətimiz var.

– Seçki bloku yaradacaqsınız, yoxsa…

– Xeyr. Heç bir blok yaradılmaycaq. Biz “Vətən Naminə” Xalq Hərəkatı adından seçkiyə gedəcəyik. Kifayət qədər də namizədlərimiz olacaq. Hələlik seçkiyə qatılacaq namizədlərimizin adlarını açıqlamaq istəmirəm. Seçki ərəfəsində özünüz görcəksiniz. Biz bu parlament seçkilərinə bir növ tramplin kimi yanaşırıq. Sözsüz ki, seçkidə iştirak etmək, qalib gəlmək istəyirik. Amma əsas hədəfimiz 2018-ci il prezident seçkiləridir. Bu seçkidən başlayaraq, bütün gücümüzü səfərbər edib, lazımi təcrübə toplayıb, prezident seçkilərinə hazırlaşacağıq. Məqsədimiz güclənmək və gələcək prezident seçkilərində öz namizədimizi layiqincə dəstəkləməkdir.

– Parlament seçkilərinə gedib prezident seçkilərinə hazırlaşmaq qəribə deyilmi?

– Burda təəccüblü bir şey yoxdur. Biz parlament seçkilərinə gedəcəyik, qalib gələn namizədlərimizin də fəaliyyəti olacaq. Bu, başqa məsələdir. Ancaq əsas məqsədimiz güclənmək və öz namizədimizi dəstəkləməkdir.

– Namizədiniz kim olacaq?

– Biz hələ sonuncu prezident seçkilərində də niyyətimizi bəyan eləmişdik. Bizim prezidentliyə namizədimiz Mehriban xanım Əliyevadır. Növbəti seçkilərdə onun namizədliyini dəstəkləyəcəyik.

– Axı, prezident seçkilərinə hələ çox var…

– Seçkiyə elə indidən hazırlaşmaq lazımdır. Ola bilsin ki, hələ rəsmi proses yoxdur, heç kim namizəd olacağı ilə bağlı niyyətini açıqlamayıb. Mehriban xanımın namizəd olub-olmayacağı da onun şəxsi fikridir. Ancaq siyasi xadim, proseslərdə öndə olan bir xanım kimi biz onun namizəd olmasını istəyirik. Dünya siyasətində də bu saat xanımlar irəlidə gedirlər. Azərbaycanda da belə bir xanım var və biz onu dəstəkləyəcəyik. Təbii ki, özü namizəd olmaq istəsə, sevinərik. Belə bir niyyəti olmasa da, çalışacağıq ki, seçkiyə getsin.

– Bu təklifinizə cəmiyyətdən hansı reaksiyaları alırsınız?

– Bu gün demək olar ki, cəmiyyətin əksəriyyəti bizimlə həmrəydir. Bütün millət onu dəstəkləyir. Biz özbaşına deyilik, yaxud da öz istəyimizlə hərəkət etmirik. Cəmiyyətin içərisindən gələn tələb budur, biz də bunu ifadə edirik. Biz hər zaman xalqın iradəsini əsas tutmuşuq. Hesab edirik ki, növbəti seçkilərdə Mehriban xanım Əliyevanın namizəd olması vacibdir və bu istiqamətdə əlimizdən gələni edəcəyik.

– Deyəsən, indiki hakimiyyətdən narazısınız?

– Xeyr. Söhbət hazırkı prezidentdən getmir. Mən gələcək prezident seçkilərini nəzərdə tuturam. Belə baxanda, biz özümüz sonuncu seçkilərdə indiki prezidentə səs vermişik və bu qərarımızdan peşman deyilik. Hazırda hakimiyyətin fəaliyyəti bizi qane edir. İlham Əliyev çox gözəl prezidentdir, gözəl də fəaliyyət göstərir. Ancaq gələcək prezident seçkilərində bizim dəstəklədiyimiz Mehriban xanım Əliyevanın prezident seçilməsi daha gözəl olardı.

– Vaxtilə dəstəklədiyiniz və özünüzə lider seçdiyiniz Ayaz Mütəllibov da son dövrlər bir qədər aktivləşib. Hətta vəzifə veriləcəyi təqdirdə işləyəcəyini də deyir. Bu barədə nə deyə bilərsiniz?

– Onun bu niyyətindən xəbərimiz var. Təbii ki, Ayaz Mütəllibov siyasət adamıdır, savadlı iqtisadçıdır, idarəetməni yaxşı bilir. Onun potensialından istifadə edə bilərdilər, bundan sonra da istifadə edə bilərlər. Əgər Ayaz Mütəllibova vəzifə versələr, dövlət də, millət də ondan faydalanar, ziyan görməz.

– Ancaq bir ara özünüz deyirdiniz ki, Mütəllibovun “qatarı” gedib?

– İndi də həmin fikirdəyəm. Mən heç vaxt dediyim sözün arxasından qaçmamışam. Belə baxanda, hamımızın qatarı gedib, heç kəsin qatarı dayanmayıb. Onsuz da qatar həmişə bizdən irəlidə olub. Harda dayanacağını Allah bilir. Mütəllibovla bağlı da həmin fikri bu kontekstdən demişdim.

– Hacı, bir ara müxalifətçilik edirdiniz, narazılığınızı bildirirdiniz, amma son dövrlər əməlli-başlı iqtidar tərəfdarı olmusunuz

(Tələsik) Xeyr. Mən iqtidar mövqeyindən çıxış eləmirəm. Son dövrlər mən bir başa xanımın tərəfdarı kimi çıxış edirəm. ümumiyyətlə, mən hər zaman dövlət, millət üçün nə yaxşıdırsa, onun tərəfdarı olmuşam. İndi də hər şeyi ölçüb-biçib görürəm ki, Azərbaycanın gələcəkdə daha da inkişafı üçün Mehriban xanım Əliyevanı dəstəkləmək lazımdır.

– Bəs, hazırda ölkədə hər hansı problem yoxdur?

– Niyə yoxdur? ürəyin nə qədər istəyir, o qədər çətinliklərimiz var. Amma onu da deyim ki, problemlər, narazılıqlar bütün dünyada var və Azərbaycan da onun bir hissəsidir. Ona görə də hər şeyin günahını hakimiyyətdə axtarmaq lazım deyil.

– Amma elə məsələlər var ki, bu, hakimiyyətlikdir. Son dövrlər məmurların özbaşınalığı daha da artıb. Bu, Sizi narahat etmir?

– Əlbəttə edir. Heç kim inkar edə bilməz ki, ölkədə məmurlar özbaşınalıq etmir, camaatı incitmir. Amma bunu həll etmək mənim əlimdə deyil. Əgər mənim əlimdə səlahiyyət olsaydı, bu məsələləri qaydaya salardım. Heyf ki, mənim səlahiyyətim yoxdur. Hesab edirəm ki, gələcəkdə məmur özbaşınalıqlarının qarşısını tamamilə ala biləcək bir şəxs varsa, o da bizim dəstəklədiyimiz namizəd Mehriban xanımdır.

– ümumiyyətlə, hazırda Sizi narahat edən nədir?

– Problem çoxdur. Amma siz nəyin necə olduğunu məndən də yaxşı bilirsiniz. Mən məsciddə olur, bəzi şeyləri görmürəm, amma siz proseslərin içində olduğunuza görə vəziyyəti daha yaxşı analiz etməyi bacarırsınız.

Gördüklərim onu deməyə əsas verir ki, ölkədə vəziyyət o qədər də ürəkaçan deyil. Xalqın gün-güzəranına bax, məmurların gününə bax! Xalq zülm çəkir, min bir əziyyətlə yaşayır, amma məmurlar cah-cəlal içində həyat sürüb, yüz min manatlıq avtomobildə gəzirlər. Elə məmurlar var ki, nə qədər imkanı olduğunu, harada nə aldığını da unudub. Yazıq camaat isə heç günəmuzd da qazana bilmir.

– Prezident müşavirələrdə davamlı olaraq, məmurlara xəbərdarlıq edir, amma nədənsə, bundan ciddi nəticə çıxaran yoxdur.

– çünki bəzilərinin gönü qalındır. Ona görə də gönüqalın məmurları “şlifovka”ya vermək lazımdır. Bu cür cəzalar isə, Allah qoysa, gələn prezident seçkilərindən sonra olacaq.

– Tövbə Cəmiyyətində həmin məmurları necə cəzalandırmaq olar? Axı, bir müddət əvvəl bəzi insanlara müraciət edərək, onları tövbəyə çağırırdınız. Hətta kimlərisə şallaqlamaq istəyirdiniz…

– Elə məmurlar var ki, elədiklərinə görə onları şallaqlamaq lazımdır. Yəni, bu gün hakimiyyətdə şallağa layiq olan məmurlar çoxdur. Hətta dar ağacından asılmalı olan məmurlar da var.

– Axı, Azərbaycan qanunları insanları asmağa imkan vermir?

– Biz Azərbaycanın qanunlarından yox, Tövbə Cəmiyyətindən danışdıq. Əgər bizə cəzalandırmaq səlahiyyəti verilsəydi, bir çox məmurları şallaqlayardıq, bəzilərini də dar ağacından asardıq.

– Siz Azərbaycan qanunları ilə işləmirsiniz?

(Gülür) Əlbəttə, işləyirik. Tövbə Cəmiyyəti Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərir. Amma bununla yanaşı, şəriət qaydalarına da əməl edirik. Görünən odur ki, bizim məmurlar qanunlarla düzələnə oxşamırlar. Ona görə də, onlar şəriət qaydalarına əsasən cəzalandırılmalıdır. Ola bilsin ki, bəzi məmurları heç dar ağacı da düzəltməsin. Elələrini elektrik stuluna oturtmaq lazımdır.

– Hansı məmuru bu cəzaya layiq görərdiniz?

– Hacıbala Abutalıbovu. Bu adam o qədər günahlar edib ki, onu elektrik stuluna oturtmaq lazımdır.

– Prezidentin təyin etdiyi şəxsə belə bir cəzanı layiq görmək yaxşı çıxmır axı...

– Biz yaxşıdan, pisdən danışmırıq ki. Əgər hansısa məmurun cəzalandırılmasından danışırıqsa, Hacıbala Abutalıbovun cəzası elektrik stulu olmalıdır. Hər kəs öz əməllərinə uyğun cəzalandırılır. Onsuz da, qanuna görə heç kimi bu şəkildə cəzalandırmaq olmaz. Bəlkə də elə buna görə bizim məmurlar yollarını azıblar.

– Necə düşünürsünüz, əvvəlki dövrlə müqayisədə məmurların fəaliyyətində müsbətə doğru hər hansı dəyişiklik yoxdur?

– Hər şeydən öncə onu nəzərə çatdırım ki, mərhum Heydər Əliyevdən sonra məmur özbaşınalıqları daha da çoxaldı. Amma sonradan harınlamış məmurlara qarşı yüksək səviyyədə təpindilər və onlar özlərini yığışdırmağa başladılar. Təbii ki, prezidentin xəbərdarlığından sonra özbaşınalıqlar azalıb. ümidvaram ki, onların qarşısı tamamilə alınacaq (“Reytinq” qəzeti).