XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2015 - 13:08

Oliqarxlara göz dağı olan əməliyyat: “Xəfiyyə xəyanəti”nin hansı nəticələri olacaq? – Təhlil

sekil-1.jpg

 

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verənlərin – həbslərin, generalların işdən uzaqlaşdırılmasının doğurduğu emosiyalar sakitləşdikcə, artıq perspektiv barədə düşüncələr, mühakimələr aktuallaşır. İndi təhlilçilər və bütün cəmiyyət "Daha nələr olacaq?", "MTN işindən hansı nəticələr çıxarılmalıdır?" kimi suallara cavab tapmağa çalışır. 

Ekspert dairələri və sadə insanlar mümkün dəyişiklikləri müzakirə edirlər. "Mümkün dəyişikliklər" ifadəsini xüsusi  vurğulamaq lazım gəlir. Çünki Prezidentin öz komandası daxilində dəyişikliklərə gedəcəyi artıq cəmiyyətdə ehtimal kimi yox, gözlənilən, baş verməsi labüd olan qərar kimi qəbul olunur. Bu da təsadüfi deyil – "MTN işi"nin hətta ən dözümlü və çox şeyin şahidi olmuş insanları belə şoka salan təfərrüatları bəlli olduqca, dəyişikliklərə necə böyük zərurət yarandığı bir daha hamı üçün aydın olur.

Cəmiyyət "MTN işi"ndə sadəcə yalnız bir qrup xəfiyyə və təhlükəsizlik orqanı generalları və vəzifəli şəxslərinin kriminal əməlinin deyil, həm də çox böyük xəyanətinin şahidi oldu. Söhbət MTN rəhbərliyinin ölkəyə, Prezidentə, təmsil olunqduqları komandaya xəyanətindən gedir. Əslində baş verənlərin gerçək adı sadəcə budur. Beynəlxalq Bankla bağlı hadisələr "maliyyə xəyanəti" ifadəsi ilə tarixə düşdüsə, şübhə yoxdur ki, MTN işi də "xəfiyyə xəyanəti"  kimi yaddaşlarda qalacaq. Ola bilsin, daha uğurli ifadə də tapılacaq. Amma gerçək budur ki, Prezidentin etimadından sui-istifadə, dövlətçiliyin əsasını sarıda biləcək addımların atılması, hakimiyyətin nüfuzdan salınması əməlləri açıq-aşkar ortadadır.

"Xəyanət" sözünün də altından xətt çəkərək vurğulamağa ehtiyac var. Beynəlxalq Bankda baş verənlərdən sonra MTN ətrafında müşahidə edilənlər 2015-ci il ərzində ikinci dəfədir ki, Prezidentin etimadından çox böyük miqyasda sui-istifadə edildiyini göstərdi. Birinci dəfə, bəlkə də, insan tamahkarlığı, deyib keçmək olardı. Amma ikinci dəfə bu hal təkrarlandıqda, artıq çox ciddi siqnal kimi qəbul edilməyə bilməz. Deməli, komanda barədə, xüsusən  böhran situsiyalarında daha ciddi düşünmək lazım gəlir…

Bu bir həqiqətdir ki, son 10 ildə Prezident İlham Əliyev kadr məsələsində mühafizəkar yanaşması ilə seçilib və mövcud komandasına etibar etdiyini dəfələrlə nümayiş etdirib. Məhz buna görə yuxarı eşalonda çox az sayda kadr dəyişikliklərinin şahidi olmuşuq. Şübhəsiz ki, bu müddətdə komanda üzvlərinin səhvləri də, uğurları da olub. Amma bir neçə istisnadan başqa, cəmiyyət bu səhvlərin Prezident tərəfindən publik müzakirəyə çıxarılmasının şahidi olmayıb. Zaman-zaman Prezidentin konkret məmurlara qarşı sərt tənbehləri və cəza tədbiləri barədə məlumatlar sızıb. Bunlar olubsa belə, pərdə arxasında qalıb. İlham Əliyev komanda oyun qaydalarına sadiqliyini nümayiş etdirib. Hətta publik tənqidlərində belə, konkret ad çəkməyə lüzum görməyib. Bununla, faktiki olaraq, komandası üzvlərinə çox böyük lütfkarlıq nümayiş etdirib.

Amma komanda üzvləri də Prezident qədər komanda oyun qaydalarına və bundan irəli gələn prinsiplərə sadiqdirlərmi?

MTN və  Beynəlxalq Bank ətrafında baş verənlər göstərdi ki, bu suala birmənalı cavab vermək olmaz. Ola bilsin ki, əksinə, bir çox komanda üzvü arxayınlaşıb və Prezidentin etimad kreditinin limitsiz olduğunu düşünüb.

Eyni zamanda bir çox komanda üzvlərinin qazandığı çox böyük pullar, hədsiz geniş əlaqələr onları "solo ifa"ya həvəsləndirib, yaxud kapitana güc göstərmək ambisiyası yaradıb. Onlar, sözün əsil mənasında, özlərini oliqarx, baron hesab etməyə başlayıblar.

MTN işindən sonra bu ehtimallar üzərində ciddi düşünmək və zəruri addımlar atmaq lazım gələcək.  Bu məqamda, istər-istəməz, aşağıdakı suallara cavab tapmaq zərurəti də yaranacaq:

– Hazırkı komandanın performansı və peşəkarlığı indiki vəziyyətdə ölkənin qarşında duran problemlərin həlli üçün yetərlidirmi?

– Mümkün kritik situasiyalarda komanda nə dərəcədə güvənli olacaq?

– Fədəkarlıq və işgüzarlıq tələb olunan məqamlarda komanda üzvləri öz biznes, klan maraqlarını bir kənara qoyub dövlət mənafelərini üstün tuta biləcəklərmi?

– Komanda üzvləri zərurət yarandıqda, məsuliyyəti öz üzərləinə götürə biləcəklərmi? Bu dərəcədə sadiq və cəsarətlidirlərmi?…

Bu suallara obyektiv cavab verməyin yolu, doğurdan da, bütün komandanın tərkibini yenidən ciddi sərf-nəzər etməkdən keçir.

Məhz bu baxımdan, ehtimal etmək olar ki, 1 noyabr parlament seçkilərindən sonra hakimiyyət piramidasında ciddi dəyişikliklər olacaq. Prezidentin çox ciddi dəyişikliklərə getmək üçün yaxşı imkanları, müvafiq resursları və təbii ki, ciddi səbəbləri var. Bu səbəblərdən ən birincisi isə Beynəlxalq Bank və "MTN işi"nin yaratdığı presedentlərdir…

Üstəlik, son hadisələrlə dəyişikliklər üçün Prezident xeyli psxoloji üstünlük də qazanıb. Əgər indiyədək cəmiyyətdə Prezidentin ölkəni böhran situasiyasından çıxarmaq üçün oliqarxları zərərsizləşdirmək istiqamətində atacağı addımların ciddi müqavimətlə qarşılanacağı təsəvvürləri var idisə də, "MTN işi" həm də bütün oliqarxlara verilən yaxşıca dərs, göz dağı oldu: hər kəs anladı ki, nəhayətsiz maddi-siyasi imkanlarından, xarici əlaqələrindən asılı olmayaraq, Azərbaycandakı istənilən oliqarxı zərərsizləşdirmək üçün Prezidentin həm qətiyyətli siyasi iradəsi, həm də bu iradəni qüsursuz yerinə yetirəcək güc qurumları var…

 

Zaur İbrahimli

Strateq.az