XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 05:01

İcra başçısı yol polisinə təzyiq etdi, amma… – Müavinin qardaşı saxlanıldı
Şəmkirdə icra başçısı Alimpaşa Məmmədovun adı qarışan “avtoş”luq olayı yaşanır. Mayın 15-də Şəmkir Dövlət Yol Polisi İdarəsinin əməkdaşları rayon ərazisində “avtoş”luq edən şəxsi saxlayıblar.
Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, saxlanılan zaman özünü saymazyana aparan sürücü DYP əməkdaşlarına tabe olmaq istəməyib. Deyib ki, icra başçısının müavini onun bacısıdır, yol polisi onu saxlaya bilməz! Sürücü alkoqol testindən də keçməkdən qəti şəkildə imtina edib. Əraziyə Post Patrul Xidməti əməkdaşlarının çağırılacağını eşidən sürücü kiməsə zəng edib. Lakin onun zənginə əhəmiyyət verməyən DYP əməkdaşları sürücünü onlarla getməyə razı salıblar.
Rəsmiləşdirmə aparılarkən məlum olub ki, saxlanılan Asif Sakit oğlu Əliyevdir. O, həqiqətən də icra başçısı Alimpaşa Məmmədovun müavini Sona Əliyevanın qardaşıdır. A.Əliyev atası Sakit Əliyevə məxsus və Şəmkirdə yerləşən “Murovdağ” şadlıq evi, “Sərxan” hotelin idarəçisidir. Deyilənə görə, onun əvvəllər Gəncədə bir neçə dəfə polislə problemləri olub…
Xəbər qaynağımız bildirir ki, A.Əliyev saxlanılandan az sonra Şəmkir İcra Hakimiyyətindən onun azad edilməsi üçün ən müxtəlif yollarla cəhdlər göstərilib. İcra başçısının adından A.Əliyevin azad edilməsi tələb olunub. Yaranmış vəziyyət hüquq-mühafizə orqanları ilə icra hakimiyyəti arasında konfliktə səbəb olub.
Məsələ böyüyüb və işə Prezident Administrasiyasından rayonun kuratorluğunu həyata keçirən şəxs qarışıb. İddia olunur ki, icra başçısı danlandıqdan sonra A.Əliyevlə bağlı DYP-yə zənglər səngiyib. Şəmkir Rayon Məhkəməsinə aparılan A.Əliyev barədə inzibati qaydada 3 sutka həbs qərarı verilib. Qaynağımız deyib ki, icra başçısı A.Əliyevi həbsdən qurtara bilməyib və bu, onun müavini olan S.Əliyevanın xoşuna gəlməyib. Buna görə də olaydan sonra başçı müavini işə çıxmır.
Aldığımız məlumatı dəqiqləşdirmək üçün Şəmkir polisi ilə əlaqə saxlasaq da, şöbədən şərh vermədilər. Şəmkir Rayon İcra Hakimiyyətinə telefon açıb S.Əliyeva ilə dəqiqləşdirmə aparmağa çalışdıq. özünü Könül kimi təqdim edən xanım S.Əliyevanın iclasda olduğunu bildirdi. Sonrakı zənglərimiz isə cavabsız qaldı. Bununla belə, S.Əliyevanın və yazıda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.