XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 09:45

Bakıda dəhşət saçan yanğın: ölənlərin sayı 15-ə çatdı, 63 yaralı var – VİDEO, FOTOLAR (Yenilənir)

YANGIN-BINA.jpg

Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb, 63 yaralı var.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.

Onun sözlərinə görə, ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.

Yanğın baş verən binada mənzildə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı və qayınanası da xilas edilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu Azadlıq prospektində – Rayon İcra Hakimiyyətinin yaxınlığında 16 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Strateq.az xəbər verir ki, yanğın bütövlükdə binanı cənginə alıb. Ərazidə təhlükəsizlik çəmbəri yaradılıb, yanğınsöndürənlər cəlb olunub. Amma yanğının qarşısını almaq mümkün olmayıb.

Sakinlər deyirlər ki, yanğın binanın yeni üzlüyü – penoplas deyilən və tezalışan üzlük qatından başlayıb.

***

Strateq.az-ın əməkdaşı xəbər verir ki, bu dəqiqələrdə sakinlərin kor-təbii evakuasiyası həyata keçirilir. Daha dəqiqi, sakinlər özləri ərazidən qaçırlar. Maraqlıdır ki, əraziyə gedən yollarda tixac yaransa da, bu problemin həllinə çalışan da yoxdur. Bu da digər yanğınsöndürənlərin əraziyə cəlb olunmasına imkan vermir…

****

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, yanan binada əhalinin çıxarılması qeyri-mümkün olub. Binanın üst mərtəbələrindən sakinlər bağıraraq yardım istəyirlər. Lakin hələ də onları bu dəqiqələrə (11.35) qədər xilas etmək olmur. Alov aşağıdan yuxarı binanı bütövlükdə cənginə alıb…

***

11.44. Bir nəfər 15-ci mərtəbədən əl edərək xilas edilməsini istəyir. Amma hələ də əraziyə qaldırıcı kran və digər vasitələr cəlb olunmayıb. Sakinlərin ümidi Allaha qalıb. Yanğının qarşısını da almaq mümkün olmur…

11.50. Əməkdaşımız xəbər verir ki, yanğından xeyli xəsarət alanlar var. Təcili yardım maşınları onları xəstəxanaya daşıyır.

11.52. Yanğın 9-cu mərtbəyə çatıb. Yanğın söndürənlər isə yalnız 5-ci mərtəbəyə qədər müdaxilə edə bilirlər. Yanğın yuxarı mərtəblərə doğru sürtələ irəlilləyir. Bina 1 bloklu olduğundan mənzillərdə olanların xilası da çətinləşib…

11.58. Əməkdaşımız özünü 8-ci mərtəbədən ataraq ölən sakinlə bağlı dəqiqləşdirmə aparmağa çalışır. Ancaq rəsmilər hələki ölüm faktını təsdiq etmir…

FHN-in xilasediciləri vertolyotların köməyi ilə yanan binanın damına qalxıblar. Onlar yuxarı mərtəbələrdə sağ qalan sakinləri axtaracaqlar.

FHN xilasediciləri iki operativ qrupa bölünərək axtarışlarla məşğuldur. Onlardan biri aşağı, digəri isə yuxarı mərtəbələrdə axtarış aparır.

Yanğın isə hələ də davam edir. Binanın 8, 9 və 10-cu mərtəbələrindəki yanğını söndürmək hələ də mümkün olmayıb.

***

Bu arada yanğında ölənlərin sayı da artıb. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına açıqlamasında ölənlərin sayının artıq 7-yə çatdığını deyib. Onun sözlərinə görə, Respublika Toksikologiya Mərkəzinə çatdırılan həmin şəxs qatı tüstüdən zəhərlənibmiş. Azyaşlı bir neçə dəqiqə əvvəl xəstəxanada keçinib.

L.Bayramova onu da bildirdi ki, daha 17 nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Daha bir nəfər isə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti haqda məlumat yoxdur. Daha 3 nəfər isə Travmatologiya Mərkəzinə yerləşdirilib.

* * *

14:00

Bakıda Azadlıq prospekti 200/36 ünvanında yanan yaşayış binasında dinc sakinlər qalmaqdadır.

Bu dəqiqələrdə qadın olduqları ehtimal edilən iki sakin binanın 1-ci və 4-cü bloklarının 15-ci mərtəbəsində pəncərədən ağ bayraq yelləyərək, binanı tərk edə bilmədiklərini xəbər veriblər.

Xilasedicilər onları xilas edə bilmirlər, belə ki, hələlik FHN xilasediciləri 6-7-ci mərtəbəyədək qalxa bilirlər.

Hazırda onların xilas edilməsi üzərində iş aparılır.

Məlumata görə, xilasedicilər insanların təxliyyə olunması üçün binanın damında helikopter meydançası quraşdırmağı müzakirə edirlər, belə ki, binada qalan sakinlərin dəm qazından zəhərlənərək ölmə ehtimalları var.

Hazırda yanğın tam olaraq söndürülməyib, üç FHN yanğınsöndürən maşını binanın söndürülməsi ilə məşğuldur.

Binanın üz tərəfi tam olaraq, arxa tərəfi isə yarıyadək yanıb.

İnsanları xilas etmək üçün hadisə yerinə qaldırıcı kran gətirilib.

Qaldırıcı kran insanları xilas edə bilmədiyi üçün hadisə yerinə helikopter cəlb olunub.

Helikopterdən 4-dək xilasedici kəndirlə binanın damına eniblər.

* * *

Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, FHN-in xilasediciləri yanan binadan 2 yaşlı uşağı xilas edə biliblər.

Uşaq sağdır, həkimlər ona tibbi yardım göstərir.

Amma binadakı yanğın hələ də davam edir.

* * *

Son məlumata görə, yanğında xəsarət alanların sayı sürətlə artır. İlkin məlumata görə, onların sayı artıq 30 nəfəri keçib. Onların çoxu tüstüdən zəhərlənib. ölənlərin sayının da artdığı deyilir.

***

14.15

Yanğın zamanı ölənlərin sayı artmaqdadır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Trend”ə bildirib ki, ölənlərin sayı 10 nəfərə çatıb, 43 nəfər isə xəsarət alıb…

***

çoxmərtəbəli binada yanğın zamanı xəsarət alanların əksəriyyəti 5 saylı Klinik Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, biri FHN-nin yanğınsöndürəni olmaqla 17 nəfər isə Kliniki Tibbi Mərkəzdədir. Xəsarət alanlar arasında körpə uşaq da var. Mərkəzdən Lent.az-ın əməkdaşına verilən məlumata görə, zərərçəkmişlərin vəziyyəti qənaətbəxş hesab etmək olar. “Bura əsasən binanın 13, 14, 15 və 16-cı mərtəbəsində yaşayan insanlar gətirilir. Bir nəfər isə hər iki dirsəyinin yanıq xəsarəti ilə mərkəzə qəbul edilib, yarası sarğı edildikdən sonra isə evinə yola salınıb”, -deyə, xəstəxanadan bildirilib.

Müxbirimizin verdiyi məlumata görə, xəstəxanada insan əlindən tərpənmək olmur. Yanğın barəsində eşidən hamı bura üz tutur. Xəsarət alanların siyahısı tutulub, yaxınlarına məlumat verilir.

Əlavə məlumatlarla xəbər yenilənəcək…

https://www.youtube.com/watch?v=oTajPGI1svQ