XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 06:39

Böyük təhlükə: Məzhəb savaşları nüvə silahı mərhələsində –Təhlil

Yaxın Şərqi cənginə alan məzhəb savaşları özünün ən təhlükəli mərhələsinə yaxınlaşır. Söhbət bu savaşlarda nüvə silahının istifadə ehtimalından gedir.

İngiltərənin “Sunday Times” qəzetinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Pakistandan nüvə silahları almağa hazırlaşır. Adı çəkilməyən ABŞ rəsmisinə istinad edən xəbərdə bildirilir ki, Pakistanla Səudiyyə Ərəbistanı arasında bu razılaşma əvvəldən mövcud olub. Hətta rəsmi Riyad öz müttəfindən gizli yolla aldığı hərbi ləvazimatlarla ölkəsində nüvə silahı üçün gərəkli infrastrukuru çoxdan qurub. İsrail və ABŞ-dan gələcək təzyiqlərdən çəkinərək, bu arzusunu tam olaraq reallaşdırmayıb. Son dövrlər İranla “altılıq”ın nüvə razılaşması isə onu bu addımı atmağa təşviq edib.

Görünür, məlum anlaşmanı İranın nüvə dövləti kimi tanınması olaraq qəbul edən Səudiyyə krallığı bunu öz mövcudluğu üçün ciddi təhlükə zənn etdiyindən həmin addımı atır. Yaxın Şərqdə məzhəb savaşlarının getdikcə gücləndiyi indiki zamanda, rəsmi Riyadın əndişələri, həqiqətən də, əsaslı təsir bağışlayır. Nədən ki, bu silaha sahiblik İranı bölgənin ən təsirli qüvvəsinə çevirir, heç nədən çəkinmədən hərəkət etməsini asanlaşdırır. Son vaxtlar Yəmən böhranı zamanı baş verən bəzi hadisələr də bunu təsdiqləyir.

Xatırlayırsınızsa, İran hətta ABŞ-ın ciddi təhdidlərinə rəğmən Yəmənə 34-cü hərbi donanmasının müşaiyəti ilə yardım göndərdi və heç bir hədə-qorxuya əhəmiyyət vermədi. Dünyanın super gücünü belə, hesaba almayan rəsmi Tehranın bu “vecsizliyi” rəsmi Riyadı da “sözəbaxmazlığa” cəsarətləndirir. Necə ki, ölkənin keçmiş Milli Təhlükəsizlik naziri şahzadə Türki bin-Feysəl bu yaxınlarda verdiyi açıqlamada krallığın həssasiyyətlərini dilə gətirərək, İranla bağlanan sazişinin bölgəni nüvə silahlarıyla silahlanmağa aparacağını açıq şəkildə ifadə edib.

Qeyd edək ki, hazırda sünnülərin hakimiyyətdə olduğu Pakistan məzhəb savaşlarında həmişə Səudiyyə Ərəbistanının tərəfində yer alır. Bu mövqe ona həm ən böyük neft istehsalçısı kimi tanınan ölkənin kapitalından yararlanmaq, həm də dünya siyasətinin formalaşmasında öz yerini möhkəmləndirmək imkanı verir. Ayrıca, indiyə qədər müsəlman dünyasının yeganə nüvə gücü olaraq bilinən Pakistan İranla bağlanan sazişdən sonra bu əhəmiyyətini itirəcəyinin də fərqindədir.

İslamabadı rəsmi Riyadla bağlayan digər bir məsələ isə özünün nüvə silahlarıyla bağlıdır. 1970-ci illərin əvvəllərində Hindistan təhdidini zəiflətmək adı altında, ABŞ-SSRİ arasındakı soyuq müharibədən də istifadə edən Pakıstan atom bombası hazırlamaq proqramına başlayıb və ilk sınağını 1998-ci ildə uğurla həyata keçirib. İqtisadi cəhətdən zəif Pakistanı bu məsələdə ilk gündən bəri maddi cəhətdən dəstəkləyən dövlətin elə Səudiyyə Ərəbistanı olduğu bildirilir. Başqa sözlə, beynəlxalq təzyiqlərdən çəkinib öz ərazisində reallaşdıra bilmədiyi nüvə çalışmalarını rəsmi Riyad yerləşdiyi coğrafiyadan çox-çox uzaqda həyata keçirib. İndisə o, evindən kənardakı “dirrik yeri”ndə əkdiyi meyvələri dərmək fikrindədir.

Səudiyyə Ərəbistanının Pakistandan nüvə silahı alması rəsmi İslamabad üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Mülki sənaye məhsullarının istehsalı və dünya bazarına çıxarmaq baxımından qonşuluğundakı çinə, Hindistana uduzan Pakistan hərbi sənayesiylə ağır vəziyyətdən qurtulmaq istəyir. Səudiyyə Ərəbistanının ondan nüvə silahı alması Yaxın Şərqin digər neft zəngini ölkələrinin də eyni addımı atmasının önünü aça bilər. Zira İran öz nüvə gücüylə təkcə Səudiyyə Ərəbistanını yox, həm də Fars Körfəzinin digər ölkələrini də ciddi narahat edir. Hətta əhalisinin yalnız 5-10 faizinin şiələrdən təşkil olunduğu Ərəbistandan daha artıq. Qeyd edək ki, Bəhreyn əhalisinin 70%, Küveytin 36%, Yəmənin 42%, Livanın 54%-i şiədir.

İstər İranın, istər Səudiyyə Ərəbistanın nüvə silahına sahib olmasının ən qorxulu cəhəti, digər ölkələrdən fərqli olaraq, onların faktiki olaraq savaşmasıdır. Daha aydın təbirlə desək, bir sıra Qərb ölkələri bu silahı soyuq savaş illərində əldə edib və ondan bir-birilərinə qarşı güc nümayiş üçün yararlanıb. İslam dünyası isə, faktiki olaraq, tarixin ən amansız döyüşü içərisindədir. Deməli, nüvə silahlarının bu savaşda istifadəsi ehtimalı da gözardı edilməməlidir.

Nəzərə alsaq ki, Şərqi həm insan resursları, həm də iqtisadi böyümə potensialı baxımından perspektiv rəqib kimi görən Qərb məzhəb savaşlarıyla onu zəiflətmək istəyir, Yaxın Şərqdə başlayan bu silahlanma yarışı ciddi nigaranlıq doğura bilər. Şərqin iqtisadi potensialını ilkin mərhələdə silahlanmayla tükənməsinə təşviq edən Qərb, daha sonra onu bu silahların istifadəsinə sürükləməklə insan resurslarını da xeyli azaltmaq imkanına malikdir.

Heydər Oğuz

Strateq.az