XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 12:52

Yanğın təxribatdırmı? – Təhlil

yanqin-99.jpg

“Odlu çərşənbə”dən 11 sentyabra

19 May 2015-ci il… Azərbaycan tarixinə “odlu çərşənbə” kimi düşəcək bu təqvim bütün mənalarda məşhur 11 sentyabr hadisələrini xatırladır. Yanan binadan yüksələn qara tüstülər, bina içərisindəki odlar arasında qalan sakinlərin pəncərədən ağ bayraq qaldırıb imdad diləmələri, yanğın söndürən maşınların dəhşət saçan alovu söndürmək səyləri, vertolyotların bina üzərində uçuşları və sairə kimi vizual görüntülər 2001-ci ilin payızında ABŞ-ı sarsan bədbəxt hadisə ilə eyniydi. Amma bu bənzərlik təkcə vizual görüntülərlə məhdudlaşmır, daşıdığı müəmmalarıyla da o məşum olayı yada salır. İnanıram ki, zaman keçdikcə, yanan binanın külləri arasından çıxacaq həmin müəmmalar bir çox mətləblərə işıq tutacaq. Hətta deyərdim ki, indi belə, bəzi məsələlər su üzünə çıxır.

Ən böyük müəmmalardan biri yanğının baş verməsi səbəbiylə bağlıdır. Azərbaycan rəsmiləri binanı bəzəyən penoplastın oda davamsızlığının yanğına yol açdığını bildirsələr də, fikrimizcə, bu amil hadisənin yeganə səbəbi deyil. İstər yanğının bu qədər sürətlə yayılması, istərsə də bir müddət əvvəl başqa bir bənzər hadisənin yaşanması, açıq təbirlə desək, təxribat versiyasını ağla gətirir. Əks halda, öz-özünə alışan bu qədər təhlükəli maddənin üzlük kimi istehsal olunması və gözəllik xərtinə binalara quraşdırılması əsla anlaşılan deyil. İki binanın, sözləşmişlər kimi, qısa müddət ərzində cayır-cayır yanması da həmçinin.

Maraqlıdır ki, rəsmilərimiz də bu versiyanı istisna etmirlər. Hadisəylə bağlı Bakı meri Hacıbala Abutalıbovun dilə gətirdiyi aşağıdakı fikirlər bu mənada olduqca diqqətə şayandır: “…Yaxınlıqdakı binalarda yanğın olmayıb. Ona görə də bunun təxribat xarakterli ola biləcəyi ehtimal olunur”.

Bakı merinin bu qədər açıq şəkildə təxribat ehtimalını gündəmə gətirməsi heç də təsadüfə oxşamır və bəzi nüanslar onun şübhələrini dəstəkləyir.

Yəqin razılaşarsınız ki, faciənin baş vermə zamanı olduqca mühüm proseslərin getdiyi ərəfəyə təsadüf edir. Azərbaycan hazırda Avropa Oyunlarına və paytaxta gələcək xarici qonaqları qarşılamağa hazırlaşır. Əslində, binaları bəzəyən həmin penoplastlar da qonaqlara xoş gəlsin deyə, yürüdülən “altı təzək, üstü bəzək” arxitektura siyasətinin tərkib hissəsiydi. Məqsəd binalarda yaşayan əhalinin gerçək iqtisadi durumunu yad gözlərdən uzaq tutmaq, dosta, düşmənə özümüzü “tox” göstərmək idi. Qısa müddət ərzində bir-birinin ardınca iki binanın (ilk bina 11 apreldə yanıb) “tüstüsünün başından çıxması” isə, faktiki olaraq, hökuməti çətin vəziyyətə qoydu. Hökumət indi göz oxşayan bu süni “mərmər”ləri ya sökməli – beləcə, ölkənin gerçək iqtisadi simasını gözlər önünə sərməli, ya da vətəndaşların o gözəl binalarda yanmasına laqeyd qalmalıdır.

İkinci versiya “birdən bənzər yanğınlar məlum beynəlxalq tədbirlər sırasında baş verərsə…” ehtimalını ağla gətirdiyindən, hakimiyyəti, istəməsə də o penoplastları sökməyə məcbur edə və Azərbaycan heç üstü belə suvanmayan çılpaq binalarıyla Avropa Oyunlarına təşrif buyuranları qarşılaya bilər…

Hökumət nümayəndələrinin təhlükəli plastik üzlüklər barədə ciddi-ciddi düşündükləri və konkret qərar verməkdə hələ çətinlik çəkdikləri də rəsmi açıqlamalardan və görülən bəzi tədbirlərdən aydın sezilir. Təsadüfi deyil ki, rəsmilərimiz idman komplekslərinə yaxın 140-dan artıq binanın ciddi nəzarətə götürüldüyünü etiraf edir və bəzi yerlərdə artıq penoplast üzlüklərin söküntüsünə başlayıb. Məlumatlara görə, xüsusi labaratoriyalarda həmin üzlüklərin odadavamlılığı yenidən yoxlanılacaq və əldə olunan nəticəyə əsasən, onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək.

Yanğın hadisəsinin bəzi oliqarxlara qarşı açılan savaşla eyni zamana düşməsi də bir başqa versiyaya yol açır. Mümkündür ki, bu savaşdan narahat olan qüvvələrə diqqətləri başqa yerə çəkmək və hədəfdən yayınmaq üçün bu cür faciələr lazım idi. Əlimizdə iddiamızı təsdiqləyən kifayət qədər məlumat olmadığından, bu ehtimalı nə təsdiq, nə qə təkzib edə bilərik. ümidvarıq ki, Azərbaycan hüquq-mühafizə orqanları istintaq zamanı həmin ehtimalı da gözdən qaçırmayacaq və yanğının əsl səbəbini araşdırıb tapacaq.

Hələlik isə tədqiqat üçün ilkin bazis olacaq bu sualdan başqa, ortada heç nə yoxdur: “Əcəba, yanğın kimə sərf edirdi?”

Etiraf edək ki, bu faciəvi hadisə dövlət əmlakını mənimsəməklə suçlanan oliqarxların işinə daha çox yaradı. Nəticədə, dövlətin yoxa çıxmış milyardlarla dollarının hesabı sorulan iş adamlarının məsələsinə ictimai diqqət azaldıldı və problem ikinci dərəcəli mövzuya çevrildi.

Xeyli insan ölümüylə nəticələnən yanğının hakimiyyət tərəfindən offşor zonalarda toplanan milli kapitalı Azərbaycana qaytarmaq istəməsi xəbərinin ortaya çıxdığı vaxtdan bir gün sonra baş verməsi, bəlkə də, “odlu çərşənbə”nin müəmmalarından daha biridir. Xəbərlərə inansaq, siyasi iradə sahibləri son zamanlar kapital aministisiyası hazırlamaq və bəzi tədbirlər həyata keçirməklə oliqarxların xaricdə yığdıqları maliyyəni ölkəyə gətirməyə çalışırdı. Sözsüz ki, ölkədə yaradılan investisiya mühiti nə qədər münbit olursa-olsun, offşor zonaların rahatlığına öyrəşən oliqarxlar üçün elə də əlverişli deyil. Azərbaycanda dövlət sifarişləri aldıqları halda, vergi ödəmədikləri offşor zonaların qeydiyyatında görünmək onlara əlavə xərclərdən azad olmaq imkanı verir. Belə olan təqdirdə, ağrımayan başlarına duz bağlamaq da kimsəyə sərf etmir. öz himayədarlarının “alicənablığına” söykənərək qaz vurub qazan dolduran bu pul hərislərinə yönələn siyasi təzyiqləri “odlu çərşənbə” hadisəsilə neytrallaşdırmaq olardı və bu da baş verdi.

Binaları penoplast üzlüklərlə bəzəyən “Global Construction” şirkətinin offşor zonayla əlaqəli olması da bu ehtimalı gücləndirir. Mediada yayılan məlumatlara görə, “Global Construction” 2001-ci ildə Panamada qeydiyyatda alınan “Oceanstream İNC” adlı offşor şirkətın tərkibində yaradılıb. Onun sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovun Lüksemburq-Azərbaycan Mədəniyyət cəmiyyətinin yaradıcısı olduğu deyilsə də, uzun müddətdir ki, onu “gördüm” deyən olmayıb. Hər halda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun mətbuata verdiyi aşağıdakı açıqlamalardan belə anlaşılır: “Uzun müddətdir ki, həmin cəmiyyətin sədri bizimlə əlaqə saxlamır. çünki ya yerini, ya da telefon nömrəsini dəyişib. Bizim hazırda bu təşkilatın hansı ölkədə fəaliyyət gö
stərməsindən məlumatımız yoxdur. Bütövlükdə cəmiyyətin sədri və fəaliyyətindən xəbərsizik”.

Hazırda binada baş verən yanğının məsuliyyətlisi kimi, Miryusif Mahmudov adlı adam saxlanılsa da, mətbuata yansıyan məlumatlardan belə aydın olur ki, əsl səbəbkar ortada yoxdur. Bu fakt hadisənin təxribat olduğu və xaricdən idarə edildiyi ehtimalını daha da gücləndirir. Yeri gəlmişkən, qeyd etmək yerinə düşərdi ki, “ərəb baharı” hadisələri zamanı da bu cür ev yanğınları metodlarından istifadə olunub. Xüsusilə Liviyada yandırılan evlər ictimai asayişi pozub və ölkəsini dəmir əllərində tutan Müəmmar Qəddafi rejimi belə, bu təxribatlar qarşısında aciz qalıb.

Əgər Bakı meri Hacıbala Abutalıbovun şübhələri doğrudursa, Azərbaycan hakimiyyəti bu cür sürprizlərə hazır olmalı, sayıqlığı əldən verməməlidir. Mümkündür ki, qısa müddət ərzində baş verən bu yanğın hadisələri ölkəmizin təhlükəsizlik testi olsun və ictimai narazılıq yaratmaq üçün bu penoplast “minaları” hələ bir neçə il öncədən binalara döşənsin.

Bütün hallarda Lüksemburq kimi eniylə uzunu kiçik şəhərdən fərqlənməyən ölkədə Xaqani Bəşirov adlı iş adamının “it-bata düşməsi” yaxşı əlamətdən xəbər vermir.

Heydər Oğuz

Strateq.az