XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 15:56

Kəmaləddin Heydərovdan sensasion açıqlama: “Üzlüklər ekspertizadan keçmədən və rəy alınmadan çəkilib”

kemaleddin-1.JPG

Mayın 19-da Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının bu gün Azərbaycan prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sensasion fikirlər səsləndirib. Nazirin dediklərindən belə məlum olub ki, yanan binada istifadə olunan üzlük material eksperizaya təqdim ediləndən fərqli olub, eyni zamanda binalarda üzləmə işləri onların rəyi alınmadan həyata keçirilib.

Kəmaləddin Heydərov ölkə başçısına bildirib ki, Xətai rayonunda binada baş verən ilk yanğın hadisəsindən sonra ona verilən tapşırıqla əlaqədər araşdırmalar aparılıb: “Mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları (ona qədər də əlimizdə materiallar, məlumatlar var idi) araşdırmışıq. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurmuşuq. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. ölkədə isə bu qəbildən olan 263 bina var. Əgər icazəniz olarsa, biz 263 binadakı üzlüklər sökülənə qədər, orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik”.

K. Heydərov həmçinin bildirib ki, binaların üzləndiyi materialın istehsalı ilə məşğul olan zavoda FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Xidmətin laboratoriyası da rəy verib: “Onların FHN-ə təqdim etdikləri sertifikatlar var. Doğrudur, müvafiq idarənin onlara verdiyi rəydə bildirilib ki, bu, çətin yanan materialdır. çünki bizə təqdim olunan nümunələrdə qatqı maddəsi olub. Həmçinin həmin məhsul bütün sertifikatlarda göstərilən, Rusiya və Türkiyədən gələn sertifikatlardakı məhsulla eyni tərkibdə olub. çox təəssüf, sonrakı istehsal zamanı bu məhsulu oda davamlı edən qatqı maddəsi qatılmayıb və eyni keyfiyyətdə olmayıb”.

FHN rəhbəri bildirib ki, binalara üzlük çəkilməsi üçün FHN-nin müvafiq qurumlarının və ekspertizasının rəyinin vacibliyinə baxmayaraq, belə rəylər alınmadan üzlüklər çəkilib: “Biz bu barədə məlumat alanda dəfələrlə sifarişçi təşkilatlara, İcra Hakimiyyətlərinə məktublar göndərmişik. Konkret ünvanlar göstərilməklə, bu işlərin ekspertizasız və FHN-ə müraciət olunmadan aparılması barədə xəbərdarlıq edilib”.

Strateq.az