XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2015 - 08:43

Bakının “ürkək xarici siyasət”i və Avropa Birliyinə assosiativ üzvlük perspektivi – Təhlil

Bu gün başlayan Riqa sammitində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etməyəcək. Tədbirdə ölkəmizi Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Sammitin başlamasına bir gün qalmış rəsmən elan olunan bu xəbər əvvəl Azərbaycanın Avropa Oyunlarına hazırlaşmasıyla izah olundu. Maraqlıdır ki, Prezidentin köməkçisi Əli Həsənovun APA-ya verdiyi bu izahat daha sonra elə həmin xəbər agentliyi vasitəsilə təkzib edildi. “Naməlum” diplomatik mənbənin xəbər agentliyinə ötürdüyü məlumata görə, Prezidentin sammitdə iştirakından imtinası, sən demə, Qərbin Azərbaycana qarşı apardığı “qara piar”la əlaqədar imiş! (?).

APA-nın hakimiyyət dairələrinə yaxınlığını nəzərə alsaq, “naməlum” mənbənin cənab Əli Həsənovu, həqiqətən, təkzib etdiyini düşünmək sadəlövhlük olardı. Mümkündür ki, rəsmi Bakı səfərin təxirə salınmasını əvvəl rəsmi ağızdan daha diplomatik “səbəb”lə əlaqələndirir, sonra isə “əsl həqiqəti” ortaya qoyaraq hansısa ünvana mesaj göndərir.

Mesajların kimlərə ünvanlandığı aydındır. Millət vəkili Səməd Seyidovun təbiriylə desək, Qərblə Şərq arasında “sendviç” vəziyyətində qalan rəsmi Bakı bir tərəfdən Əli Həsənovun dili ilə Avropaya yumşaq üzünü göstərir, digər tərəfdən isə açıqlamanın məsuliyyəti altına girməyən naməlum “diplomatik mənbə” vasitəsilə Rusiyaya xoş görünmək xətrinə Qərbə barmaq silkələyir. Yəni, necə deyərlər, “nə əldən qoyur, nə yardan doyur”.

İnsafən, rəsmi Bakını bu cür “ürkək xarici siyasət” yürütməsini qınamaq da mümkün deyil. Gözü çıxmış ukraynalı qardaşından ibrət alan və bizim durumumuzda olan istənilən dövlət bu addımı atardı. Bu mənada müxalif mövqedə olmağımıza baxmayaraq, rəsmilərimizi Avropaya inteqrasiyada ləng qalmaqda günahlandırmaq da doğru olmaz. Ən azı ona görə ki, Rusiya bu sammit başlamamışdan əvvəl öz sözünü demiş, tərəfdaş ölkələrə həddini bildirmişdi. “Biz Riqadakı sammiti izləyəcəyik. Artıq indidən məlumdur ki, reaksiyamız sərt və prinsipial olacaq; çünki biz bu tərəfdaşlığın hara apardığını görürük. Bu tərəfdaşlığın mahiyyəti açıq-açığına antirusiya yönlüdür”- deyən Rusiyanın Xarici İşlər nazirliyinin sözcüsü Aleksandr Lukaşeviçin təhdid dolu bu sözlərindən Azərbaycana xüsusi pay düşür. Zira görüşə dəvət olunan 6 ölkədən fərqli olaraq, Azərbaycanın mövqeyi Rusiya üçün daha önəmli, daha həlledicidir.

İqtisadi durumu və Avropaya qatacağı dəyəri özü boyda olan Moldova, Ermənistan kimi ölkələrin Avropaya assosiativ üzvlüyü, yeri gələndə, Rusiya üçün əlavə başağrısından xilas olmaq deməkdir. Yeri gələndə, dünyaya açılan qapısı üzərində yerləşən Gürcüstanının da Riqa sammitinə meyllənməsini Moskva rəsmi Tiflisin assosiativ üzvlükdən alacağı beş-on qəpiklə özünü dolandırmasına yozar və bu “dost xəyanəti”ni, haradasa, anlayışla qarşılayar… Ki, qarşılayır da. Hətta öz soyundan gələn Belorusun da nə vaxtsa öz əzəli qardaşından üz döndərməsi Kreml üçün böyük itki sayılmaz…

Azərbaycana gəlincə, bizim Kreml üçün dəyərimiz daha fərqlidir. Avropanı öz enerji mənbələrindən asılı vəziyyətə salmaq istəyən şimal qonşumuz ölkəmizə əsas rəqiblərdən biri kimi baxır və baxacaq. Zira Qərbin qazla təchizatında TANAP kimi kiçik həcmli layihələri enerji təhlükəsizliyinin təminatı olaraq qəbul edən Avropanın bu siyasəti Rusiya üçün artıq ölüm-qalım məsələsinə çevrilib. Nədən ki, iqtisadi sanksiyalarla getdikcə çətin vəziyyətə düşən Rusiya son çarə olaraq Türkiyədən keçməsi planlaşdırılan “Cənub axını”na üz tutub. Bu coğrafi məkanda da qarşısında əsas əngəl kimi yenə ilk çıxış nöqtəsi Bakıdan başlayan TANAP-ı görür. Bütün bu qıcıqlandırıcı duruma rəsmi Moskva yalnız bir səbəbə görə səbrlə yanaşır – Azərbaycan hələ də onun iradəsindən tam kənarlaşmayıb. Kiçik bir “yol hərəkəti xətası” istər ölkəmizdə, istərsə də Avropa Birliyinin digər tərəfdaş kimi gördüyü Gürcüstanda siyasi stabilliyi tamamilə dəyişə bilər. Bu mənada Azərbaycan hakimiyyətinin yürütdüyü bu “ürkək xarici siyasət” əslində Avropa Birliyi tərəfindən də xoşgörüylə qarşılanır.

Bunu Azərbaycan müxalifətinin önəmli ismlərindən olan Əli Kərimlinin etirafından da görə bilərik. Riqa sammitiylə bağlı Azadlıq radiosuna verdiyi müsahibəsində AXCP sədri deyirdi: “Avropa Birliyinin rəsmiləri ilə görüşlər, söhbətlər zamanı bu sualları verirəm. İstəyirəm ki, öz cavablarında Azərbaycanı Avropa Birliyində görmək istədiklərini, ən azı Assosiasiya Sazişini imzalamaq istədiklərini ifadə etsinlər, Azərbaycan xalqına bununla bağlı mesajlar versinlər. Ancaq Avropa Birliyi Azərbaycanla münasibətdə bu dinamikliyi göstərmir”.

Əli Kərimli avropalıların bu mövqeyini tərəfdaş ölkə xalqlarının istəklərinin nəzərə alınmasıyla əsaslandırsa da, zənnimcə, məsələnin daha dərin kökləri var və bu, ölkəmizin bulunduğu olduqca çətin durumuyla əlaqədardı. Yoxsa ki, Avropa Birliyi, yenə Əli Kərimlinin həmin müsahibədə etiraf etdiyi kimi, “Avropa Birliyi Azərbaycan xalqı ilə daha yaxşı işləmək istəsə, özünə tərəfdaşlar tapa bilər”di. Hər halda “Azərbaycanda hələ də real müxalifət var, vətəndaş cəmiyyətindən nələrsə hələ qalıb, müstəqil, azad mətbuat da tamam sıradan çıxarılmayıb”. Qeyd edək ki, bu da AXCP sədrinin fikirlərindəndir.

ölkədə AB-ylə əməkdaşlıq edə biləcək bu qədər ciddi tərəfdaşlar varkən, qurumun mövsud hakimiyyətin bütün nazlarına dözməsi, hətta ən ağır ittihamları belə qulaq ardına vurması, əlbəttə, səbəbsiz deyil. Zənnimcə, bütün məsələ Rusiyanın Azərbaycana təsir imkanlarıyla bilavasitə bağlıdır. Prezident İlham Əliyevin sammitdə iştirak etməkdən imtinasının son anda açıqlanması və bu açıqlamadan bir gün qabaq 19 may faciəsinin baş verməsi bəlkə də bu mənada təsadüfi deyil. Mümkündür ki, Rusiya öz təsir imkanlarının nəyə qadir olduğunu son anda Azərbaycan rəsmilərinə göstərmək istəmiş və ardınca da rəsmi Bakıdan bu cür bəyanat gəlmişdir.

Rəsmilərimizin yanğınla bağlı təxribat versiyasını Hacıbala Abutalıbov kimi vəzifəcə ciddi, fikrini ifadə etmək baxımından komik adam tərəfindən gündəmə gətirməsi bu ehtimalı qüvvətləndirir. Görünür, rəsmi Bakı bu iki xarakteri özündə cəmləşdirən adamın diliylə təxribat amilindən bəhs edərkən həm cəmiyyətdə xof yaratmamaq, həm də mesajın alındığına işarə etmək istəmişdir. Daha sonra ölkə başçısının sammitə getmədiyini bildirərək mesaja əməl etdiyi bariz bir şəkildə ortaya qoyulmuşdur.

Hələ də Avropa Birliyini özünə daha yaxın qüvvələri deyil, “ürkək xarici siyasət” kursuna sadiq mövcud hakimiyyəti dəstəkləməkdə qınayanlar anlamalıdırlar ki, əslində mövcud rejimə ud
uzmalarının əsl səbəbi də elə Qərbə daha aşırı meyllərindədir. Görünür, AB demokratik qüvvələrimizin bu tutumunun Rusiyanı qıcıqlandıracağından çəkinir və Ukraynada baş verənlərin Azərbaycanda təkrarlanmasını istəmir. Zira burda baş verənlər sadəcə öz sərhədlərimizdə qalmaya, bütün Cənubi Qafqaz regionuna yayıla bilər.

Bununla belə, Azərbaycan hakimiyyəti AB-yə assosiativ üzv olmadan ondan gözlənilən islahatları aparmaq imkanına malikdir və bunu etməlidir də. ölkəmizin demokratikləşməsi, ədalətli hüquq sistemimizin yaranması, iqtisadi və siyasi azadlıqlar Avropadan çox bizə lazımdır. Rusiya və Qərb arasında getdikcə gərginləşən münasibətlər ümid yeri kimi baxdığımız enerji ixracatından gəlirlərin perspektivini təhlükə altına qoyur. Gərginləşən geopolitik münasibətlərdə TANAP-ın, Bakı-Ceyhan layihələrinin taleyinin necə olacağına da çox ümid bağlamaq olmaz. Azərbaycan öz iqtisadi potensialını güvəncə altına almalı, siyasi hakimiyyət dəyişikliyinin dinc üsullarla həllinin yolunu açmalıdır.

Bu, hər kəsdən öncə, elə ölkə hakimiyyətində oturanlara lazımdır. Unudulmamalıdır ki, dünyanın dönüşü daha sivil idarəçilik istiqamətində hərəkət edir və bu prosesdə ilk öndə gedənlər yox, tədrici dəyişikliklərə meylli olanlar qazanclı ayrılacaqlar. Necə ki, bir zamanlar SSRİ məkanında hər kəsdən daha çox önə çıxan bizlər indi demokratikləşmə sahəsində bir vaxtlar lağ etdiyimiz Qırğızıstan kimi Orta Asiya ölkəsindən də geri qalırıq. Sözügedən geriliyi heç bir tərəfdə qıcıq yaratmadan tədrici şəkildə aradan qaldırılmalı, Azərbaycan dünya siyasətində öz layiqli yerini tutmalıdır.

Heydər Oğuz

Strateq.az