XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

21 May 2015 - 14:10

Yanğına görə kütləvi həbslər: 200 nəfər dindirilib, 4 nəfər tutulub – Rəsmi

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istiqamətində sərt tədbirlərə start verildi.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu sayda zərərçəkmişləri və 200-dən artıq şahidləri dindirilib, yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, eyni zamanda, müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanğının baş vermə səbəblərinin, eləcə də hadisənin baş verməsində təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov elə faciə baş verən gün – mayın 19-da saxlanaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir az əvvəl Strateq.az bir az əvvəl Yanğınla bağlı məmur həbsi başladı: İcra Hakimiyyətinin şöbə müdiri saxlandı başlıqlı yazıda Binəqədi rayon icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbovun saxlandığını bildirmişdi. Lakin bəzi saytlar və İcra Hakimiyyətinin sözçüsü sonradan ictimai rəyi aldatmağa yönəlik açıqlama verərək, şöbə müdirinin saxlandığını təkzib etməyə cəhd etdi. Baş Prokurorluğun rəsmi məlumatı isə Strateq.az-ın xəbərinin doğru olduğunu bir daha təsdiqlədi…

Strateq.az