XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 04:53

İraq niyə İŞİD-in əlində aciz qalıb? – Təhlil

Şiələr bu bölgədə sünnilər üçün “xilaskar” deyil, düşməndirlər

İŞİD-in Ramadi şəhərini tutması təkcə terror qurumunun döyüş bacarığını deyil, həm də İraq hökumətinin səriştəsizliyini göstərdi. Necə olur ki, terror qruplaşması böyük bir dövlətin ordusunu məğlubiyyətə uğrada bilir?

İki önəmli səbəb sadalamaq olar. Birincisi, İŞİD daha adi terror qurumu deyil. İŞİD mütəşəkkil hərbi qüvvədən heç nə ilə fərqlənmir. Onun sıralarında Səddam ordusunun keçmiş zabit və strateqləri var. Tanklardan tutmuş raketlərə qədər müasir silahlara malikdirlər. Bundan başqa, özlərini həsr etdikəri işə qızğın şəkildə bağlıdırlar. Həm də o qədər ki, şəhidlik yolunu seçir və suitsidal (özünü öldürmək-red.) teraktlar həyata keçirirlər.

İkincisi, İraqda həm administrasiya, həm də ordu zəifdir. əl-Malikidən sonra baş nazir Heydər əl-Abadinin hökumətinə, faktiki olaraq, xarabazarlıq miras qalıb. Ordu döyüşmək istəmir. Hərbçilər əvvəllər Mosulda olduğu kimi, Ramadidə də axıra qədər müqavimət göstərməyə deyil, qaçmağa üstünlük verdilər.

ölkəni kim xilas edər?

İraq hökumətinin əhalisinin əksəriyyəti sünnilərdən ibarət olan Anbar vilayətinin strateji mərkəzi Ramadini təslim etməsi İraq administrasiyası və onu dəstəkləyən ABŞ üçün ağır itkidir. İndi Ramadinin 110 kilometrliyində yerləmiş paytaxt Bağdadda İŞİD təhlükəsi daha kəskin şəkildə duyulur. Lakin bilindiyi kimi, əl-Abadi hökuməti son bir neçə həftə ərzində Mosulun xilas edilməsi üçün planlar hazırlayırdı. Hazırda bu niyyətlər alt-üst olub. İndiki anda bütün qüvvələr Ramadini geri qaytarmağa atılıb.

Lakin bunu necə etmək olar? Hökumət tələm-tələsik şiə yaraqlılarını bölgəyə göndərib. Bütün ümidlər yaxşı silahlanmış döyüşçü şiələrə bağlanıb. Tikrit şəhəri uğrunda döyüşlərdə olduğu kimi…

Lakin bütün hoqqalar bundadır ki, şiələr bu bölgədə sünnilər (xüsusən də sünni tayfalar) üçün “xilaskar” deyil, az qala, düşməndirlər.

Şiələrlə sünnilər arasındakı uçurum o qədər dərindir ki, sünnilər İŞİD-dən qurtulmaq üçün şiələrin köməyini arzulamırlar. Sünni tayfaları bunun əvəzində özləri vuruşmaq istəyir və hökumətdən onları silahla təmin etməyi tələb edirlər.

İraq hökuməti bu günədək bu tələblərə etinasız yanaşıb. Nəticədə Anbar vilayətindəki sünnilər inamı və qurtuluş ümidini itiriblər. çoxları öz evlərini tərk etməyə məcbur olub. İndi Bağdadın girəcəyində paytaxta girişə nə vaxt icazə veriləcəyini gözləyən minlərlə üzgün qaçqın görmək olar.

Bəs sonra?

Ramadinin süqutu – İraq hökumətinin bacarıqsızlıq və acizliyinin sübutudur.

Şiə döyüşçülər Ramadini qaytara bilsələr, bu, uzun sürən müharibədə yalnız bir döyüşdə qələbə olacaq. Həm də İŞİD-lə mübarizədə İraqın öz qüvvəsini toparlamağı, sünni-şiə çəkişmələrinin dayanması, İraq hökumətinin isə İraqdakı bütün qrupların maraqlarını nəzərə alan siyasət işləyib hazırlamağı lazımdır. Əks halda, məzhəb didişmələri və hakimiyyət boşluğundan istifadə edən İŞİD (onlar isə sabitsizlik və hərc-mərclik hökm sürən Suriyadan tutmuş Liviya və Yəmənə qədər hər yerdə belə edirlər) öz təcavüzünü davam etdirəcək.

Sami Kohen

“Milliyet” (Тürkiyə), 21.05.2015