XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 12:24

Obamanın etirafı günahından betər oldu

ABŞ-ın “The Atlantic” dərgisinə müsahibə verən Barak Obama İŞİD-in Ramadi şəhərini ələ keçirməsiylə bağlı fikirlərini ictimaiyyətlə bölüşüb. Dərgi əməkdaşının sualını cavablandırarkən, o, İraqın Ramadi şəhərinin İŞİD tərəfindən ələ keçirilməsini “koalisiya qüvvələrinin məğlubiyyəti kimi qiymətləndirilə bilinməyəcəyini”, bunun sadəcə “taktiki bir geriçəkilmə” olduğunu deyib.

ABŞ prezidentinin fikrincə, Ramadinin işğalının günahı əksəriyyəti sünni olan şəhər əhalisinin İŞİD-ə qarşı mübarizə aparmaq istəməməsidir. Buna görə də “sünni bölgələrdə təkcə savaş təlimlərini yox, eyni zamanda müharibədə fədakarlığı da artırmaq lazım idi, sünnü şirətlər indikindən daha aktiv hala gəlməliydilər”. (Məlumat üçün qeyd edək ki, bundan bir müddət əvvəl Strateq.az da öz təhlilində İŞİD-in son zamanlarda qazandığı qələbənin əsas səbəbini məhz bu amillə əsaslandırmışdı. Bax: http://strateq.az/manshet/3820-i%C5%9Fid-niy%C9%99-yenid%C9%99n-g%C3%BCcl%C9%99nir.html )

ABŞ liderinin fikrindən belə çıxır ki, İraq sünnüləri İŞİD-ə qarşı mübarizədə istəksiz olduqlarından tamamilə müdafiəsiz buraxılmış, yüzminlərlə əhali dünyanın ən amansız ileqal silahlı qüvvəsi önündə çarəsizliyə tərk edilmişdir. Bunu Obamanın aşağıdakı fikirləri də təsdiq edir: “Ramadidəki təhlükəsizlik qüvvələri bizim yetişdirdiyimiz və gücləndirdiyimiz silahlı güc olmadığından, uzun zamandır, o bölgə müdafiəsiz vəziyyətdəydi və Ənbar vilayətinin düşmən əlinə düşməsində biz heç nə itirmədik. Bu, bir taktiki geriləmədir”.

Qeyd edək ki, İraq sünnülərinin yaşayış məskənlərindən sayılan Ramadi ərazisinin miqyasına görə ölkənin ən böyük vilayəti Ənbarın mərkəzi şəhəridir. Səddam Hüseyn hakimiyyəti dövründə sünnü ayrıseçkiliyinin meyvələrini dadan Ənbar iqtisadi cəhətdən çiçəklənir, istər aqrar, istərsə də neft sənayesi baxımından önəmli mərkəzə çevrilirdi. Səddam Hüseyn rejiminin devrilməsiylə ənbarlıların da bəxt ulduzları sönmüş, xüsusilə, Maliki hakimiyyəti dövründə gözdən uzaq, könüldən iraq vilayət durumuna düşmüşdür. Baxmayaraq ki, bu vilayət eyni zamanda ölkənin paytaxtına ən yaxın inzibati ərazilərdən hesab olunur. Vilayətin mərkəzi olan Ramadidən Bağdada məsafə cəmi-cümlətani 110 km-dir.

İraqın mərkəzi vilayətlərindən olan Ənbara Səddam Hüseyndən sonra biganə münasibət bəsləndiyini ABŞ lideri də öz müsahibəsində bu cümlələrlə etiraf edərək deyir: “Bu fürsət (İraqın xalqının milli həmrəyliyi və torpaq bölünməzliyi-red.) Malikinin sünnü və kürd əhaliyə təsirli şəkildə əl uzatmaması üzündən fövtə verildi”

Barak Obama ölkəsinin İraqda yol verdiyi səhvləri də etiraf edib. Onun fikrincə, başlıca səhv elə İraqa girmək idi: “İraqdan çıxarılası dərslər haqqında çox açıq və konkret danışacağam. Hər şeydən öncə, bura hərbi müdaxilə etməyin özü xətalıydı. Bu xətaya baxmayaraq, əsgərlərimizin fədakarlığı nəticəsində İraq xalqı ölkələrini geri almaq imkanı qazandılar”.

Obamanın fikrincə, İraq hadisələrindən alınması gərəkən digər bir dərs başqa xalqların istək və arzularını nəzərə almadan onların xoşbəxtliyi uğrunda savaşmaqdır: “Əgər iraqlılar ölkələrini idarə etmək üçün tələb olunan uzlaşmalara varmaqda istəksiz və qabiliyyətsizdirlərsə (?!!!-red.) dövlətlərinin təhlükəsizliyi naminə savaşmaq istəmirlərsə, biz bunu onların adına etməməliyik”.

P.S: Bu yerdə deyiblər, utanmasan, oynamağa nə var ki! Sənin təbii sərhədlərinə belə daxil olmayan bir ölkəyə hərbi müdaxilə et, pis-yaxşı onun asayişini qoruyan dövlət strukturlarını dağıt, nəticədə 100 minlərlə vətəndaş ölsün, sonra da əhalini öz dövlətinə biganə qalmaqda, daha yaxşı yaşamaq naminə savaşmamaqda günahlandır.

Heydər Oğuz

Strateq.az