XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2015 - 06:38

Bakı meri niyə belə rahatdır?

Məni qınamayın, hər dəfə Bakı meri Hacıbala Abutalıbovun 19 May faciəsiylə bağlı etdiyi pafozlu çıxışlarını eşidəndə əsəblərimi cilovluya bilmirəm. Bakı şəhərinin daşından tutmuş divarına qədər bütün tikililərinə birbaşa məsuliyyət daşıyan bu adamı niyə camaat arasına çıxarıb günahkarların mütləq cəzalandırılacağından danışdırırlar, anlaya bilmirəm.

üstəlik, Hacıbala müəllim cəzalanacaq şəxslərin vəzifəsinə, tutduğu mövqeyinə baxılmayacağını bəyan edir və barmağının silkələyə-silkələyə kimlərisə hədələyir. Belə çıxır ki, o, cəmiyyətə hökumətin mövqeyiylə bağlı açıqlama verir və məsuliyyətə cəlb olunacaq ən vəzifəli suçlunun özündən xeyli aşağı səviyyəli adam olacağını bildirir. Halbuki xeyli insan itkisinə səbəb olan, ölkəyə milyonlarla zərər vuran penoplast faciəsində müttəhimlər kürsüsündə oturacaq ən xırda vəzifəli şəxs günahkarlara barmaq silkələyən Hacıbala müəllimin özü olmalıdır. O isə hələ də ittiham edən tərəf kimi çıxış edir.

19 May hadisəsinə görə indiyə qədər məsuliyyətə cəlb olunanların siyahısına nəzər salanda Bakı merinin verdiyi mesajın tam təzahürlərini görə bilərik. Hələ ki, yalnız penoplast zavodunun direktorunun, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdirinin və bir neçə kiçik vəzifəli şəxsin cavabdeh qismində istintaqa cəlb olunması ictimaiyyətdə haqlı narazılıqlar yaradır, prosesin unutdurulmasına cəhd kimi qiymətləndirilir.

Prinsip etibarilə, məsuliyyətə cəlb olunmuş həmin şəxslər bu faciənin törənməsində bəlkə də ən məsum insanlardır. Şəxsən mən, bu gün söyüş və qarğış obyektinə çevirdiyimiz penoplast zavodunun direktorunu belə bu məsələdə böyük günah sahibi hesab etmirəm. Bir iş adamı kimi Miryusif Mahmudov öz məhsulunu satışa çıxara və bütün ölkənin bu penoplastlarla bəzədilməsində maraqlı ola bilər. Bu, onun müstəsna hüquqlarına aiddir. Hər hansı bir iş adamını bu istəyinə görə nəinki cəzalandırmaq, hətta qınamaq belə mümkün deyil. Əsl cəzalandırılası olanlar həmin iş adamının istehsal etdiyi məhsula müsbət rəy verən və ölkədəki yüzlərlə binanı həmin təhlükəli maddəyə “bükən”lərdir. ölkənin fövqəladə hallar naziri belə dəfələrlə məsələ qaldırmasına baxmayaraq, bunalarımızın potensial od çəmbərinə “bükülmə”sinin qarşısını almaqda çətinlik çəkdiyini, sözünə, iradına əhəmiyyət verilmədiyini etiraf edirsə, hansısa icra hakimiyyətinin “zavxoz”unu yanğından məsuliyyətli tutmaq qətiyyən obyektiv təsir bağışlamır.

Zənnimcə, Hacıbala Abutalıbovun özünü bu qədər rahat aparmasının, günahkardan daha çox, ittihamçı kimi danışmasının səbəbini də bu mətləbdə axtarmaq lazımdır.