Avropa Parlamentinin Riqa sammiti başa çatdı. Azərbaycan bu sammitdə daha aşağı ranqlı rəsmilərlə təmsil olunsa da, toplantının yekun bəyannaməsinı imzaladı. özəlliklə, Rusiyanın Ukraynanı işğalını qınayan bu sənədə ən çox rəsmi Bakının etiraz etdiyi anlaşılır. Bunu həm rəsmilərimizin, həm də Avropa Parlamentinin prezidenti Martin Şultsun sözləri təsdiqləyir.
Rəsmilərimizin bildirdiyinə görə, qəbul olunan bəyannaməyə, əsasən, iki iradları olub. İradlardan biri ölkəmizdəki demokratik durumun ürəkaçan olmadığı və insan hüquqlarının vəziyyətinin bəyannaməyə salınmasıymış. Bunu AB-ylə əməkdaşlığımızın “ruhuna cavab verməyən” maddə olaraq qiymətləndirən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Norvuz Məmmədov digər iradımızın Dağlıq Qarabağ məsələsiylə əlaqədər olduğunu deyir.
Prezident Aparatının səlahiyyətlisi “Qarabağ məsələsi” deyərkən, konkret hansı məqama etiraz etdiklərini dilə bildirməsə də, Avropa Parlamentinin prezidenti Martin Şultsun məsələylə bağlı açıqlamaları mətləbə qismən aydınlıq gətirir. Avropalı siyasətçinin bildirdiyinə görə, rəsmilərimizin başlıca etirazı Ukraynaya göstərilən həssasiyyətin Qarabağ probleminə şamil edilməməsidir. Martin Şults bu ikili standardı Ukrayna yarasının təzə olmasıyla əsaslandırıb: “Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Ukraynada baş verənlərsə, yox. Ukraynada olanları izah etmək asandır”.
İttifaq yetkilisi izahı bu qədər asan olan məsələdə Azərbaycanın iki ayağını bir başmağa dirəməsini anlaya bilmir, iradlarımızı üstüörtülü şəkildə qurumun işgüzar fəaliyyətini pozmaq kimi qiymətləndirir və bizi gedib Belorusa qoşulmaqda qınayır: “Azərbaycan və Belarusun “Şərq Tərəfdaşlığı”nda iştirakı proqramı məhdudlaşdırır; belə ki, bu ölkələrin daxili quruluşu Avropa dəyərlərinə ziddir”.
Sözügedən açıqlama Azərbaycanın Riqa sammitində öz ənənəvi arqumentindən başqa, yeni heç nə ortaya qoymadığını göstərir. Etiraf edək ki, 20 ildən artıqdır, eyni fikirlər, eyni iradlar ölkəmizin Avropaya inteqrasiyasını zəiflətdiyi kimi, cəmiyyətimizin demokratikləşməsinə də imkan vermir. Bizdən insan hüquqlarını tələb edən beynəlxalq qurumlara qarşı əlimizdə rəhbər tutduğumuz “Qarabağ kartı“, nə yazıq ki, həm məntiqli olmaqdan uzaqdır, həm də özümüzdən daha çox, Rusiyanın dövlət maraqlarına xidmət edir.
Əvvəla, ona görə ki, məntiqi nəticə etibarilə “ermənilər qarabağlıları yurd-yuvalarından qovduğu üçün biz də vətəndaşlarımızın insan hüquqlarını pozmaqda haqlıyıq” mənasına gələn bu arqument birəyə əsəbləşib yorğanı yandırmağa bənzəyir. Azərbaycan diplomatiyası bu komik duruma düşməmək üçün öz ənənəvi “əsasları”ndan vaz keçməli, demokratikləşmə prosesini Dağlıq Qarabağ problemindən ayrı tutmalıdır.
Bu mövqe həm də mənfur qonşularımızın ən önəmli arqumentlərini çürüdə bilər. Zira ermənilər Qarabağ probleminin öz xeyrlərinə həllində əsasən bu prinsipi rəhbər tuturlar ki, “Azərbaycanda insan hüquqları yoxdur, rəsmi Bakı hətta öz xalqının belə, ən elementar hüquqlarını tanımır, demokratiya tələb edən qüvvələri amansız şəkildə cəzalandırır; belə vəziyyətdə onun düşmən olaraq gördüyü Qarabaq ermənilərinin Azərbaycan tərkibində öz milli kimliyini qoruyacağına kim təminat verə bilər?”. Diplomatiyamız artıq istəsək də, istəməsək də beynəlmilləlləşmiş Qarabağ probleminin müzakirəsində ermənilərin bu “kozrını” əllərindən almaq üçün demokratikləşmənin önü açılmalı və yalnız bundan sonra ərazi bütövlüyü məsələsini ən yüksək kürsülərdə dilə gətirilməlidir. Əks təqdirdə, “əlizəif” şəkildə qatılacağımız beynəlxalq tədbirlərdə ya Belorusla, ya da Cibutiylə eyni cərgədə dayanacağıq. “Əlizəifliyimizə” bir də xristian təəssübkeşliyini əlavə etsək, rəsmi Bakı köhnəlmiş arqumentini dəyişmədikcə, diplomatik vasitələrlə öz haqlı davasında da uğur əldə edə bilməyəcək.
Avropa qurumlarına qarşı “Qarabağ kartı”nın önə çıxarılmasının digər bir sakıncalı tərəfi problemin Qərb tərəfindən yox, Rusiya tərəfindən yaradılmasıdır. İndi həmin problemdən hərəkət edərək irəli sürdüyümüz iradlar da Rusiyanın işinə yarayır. Sammit başlamamışdan əvvəl Kreml bu toplantını öz dövlət maraqlarına zidd addım kimi qiymətləndirmiş və tərəfləri təhdidvari tərzdə “Şərq Tərəfdaşlığı” proqramında yer almamağa çağırmışdı. Bu durumda bizim Rusiyanın arxa bağçası sayılan Belorusla eyni mövqedə dayanmağımız, Ermənistanın isə Avropaya daha yaxın siyasət yürütməsi ölkəmizin Avropadakı mövqelərini zəiflədir.
Əslində, bir çox məsələlərdə regional amilləri nəzərə almağa məcbur olan rəsmi Bakını, hardasa, anlamaq mümkündür. ötən yazılarımızda qeyd etdiyimiz kimi, Azərbaycan rəsmiləri bu sammitə ağır basqılar altında getmiş, heç bir tərəfi qıcıqlandırmayacaq mövqe sərgiləməyə məcbur olmuşdur. Eyni mövqenin sammit zamanı da davam etdirildiyini müşahidə edə bilərik. Müzakirələrdə öz iradlarını dilə gətirən, hətta xarici işlər naziri tərəfindən tərk edilən toplantının həm də yekun bəyannaməsinə imza atılması Azərbaycanın “ürkək” xarici siyasətinin məntiqi nəticəsidir.
Bununla belə, Rusiya tərəfindən yaradılan bir probleminin “qəbzinin Avropaya kəsilməsi” yalnız bir halda mümkün olmalıydı-rəsmi Moskva ermənilərin arxasında dayanmaqdan geri çəkilməli, özü yaratdığı problemi öz əlləriylə aradan qaldırmalıydı. Nə yazıq ki, Dağlıq Qarabağ ermənilərin işğalı altında durduqca, Azərbaycan diplomatiyasının bu sahədə uğurundan danışmaq çətin olacaq və mövqeyimiz özümüzdən çox, Rusiyanın dövlət maraqları istiqamətində atılmış addım kimi başa düşüləcək.
ümidvar olmaq istərdik ki, rəsmilərimiz bu durumu rəsmi Moskvanın diqqətinə çatdırmış, ondan əlimizi gücləndirən mövqe sərgiləməyi tələb etmiş və buna nail olmuşdur.
Heydər Oğuz
Strateq.az