Əsəd rejiminin bir tərəfdən İŞİD, digər tərəfdən Azad Suriya Ordusunun hücumları arasında çətin vəziyyətə düşməsi İran silahlı qüvvələrini bölgəyə çəkəcəyi ehtimalını yaratmışdı. Bu gün İranla yaxın əlaqəsi olan Livan Hizbullahının lideri Həsən Nəsrullahın verdiyi bəyanat həmin ehtimalın qismən doğrulduğunu təsdiqləyir.
Nəsrullah Livanda qeyd olunan “Müqavimət Qaziləri günü” münasibətilə etdiyi çıxışında Suriyada döyüşəcəklərini və bunun üçün ümumi səfərbərlik elan edəcəklərini açıqlayıb. Onun sözlərinə görə, əks təqdirdə livanlılar öz torpaqlarında İŞİD-lə vuruşmaq məcburiyyətində qala bilər.
Açıqlamasında döyüşə hər zamankından daha hazır olduqlarını deyən Hizbullah liderinin üslubundan həm də böyük savaşın içinə girəcəklərindən çəkindiyi də aydın olur. O, bu savaşda ya tamamən öləcəklərini, ya da qalib gələcəklərini bildirib. Elan edəcəkləri səfərbərliyə istəyən hər kəsin qatıla biləcəyini deyən Livanın əfsanəvi komandanı bu savaşda döyüşçülərin yarısından çoxunun ölə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Hizbullah bu savaşa qoşulacağı təqdirdə, məzhəb savaşının Livana sıçrayacağı istisna olunmur. Bir zamanlar İsrail və Suriyanın müdaxilələriylə 15 illik vətəndaş müharibəsinə səhnə olan Livanda müxtəlif din və məzhəblər arasında gərginlik mövcuddur. 1990-cı ildən sonra tamamilə məhv olmuş ordunun yerinə qurulan Hizbullahın İranın və Suriyanın təsiri altında qalması, regionun müxtəlif yerlərində savaşlara qatılması sünnü əhalini xeyli narahat edir. Əhalinin əksəriyyətini təşkil edən sünnü camiə Hizbullahın bu fəaliyyətinin, faktiki olaraq, ordusuz qalan Livanı qonşu dövlətlərin hədəfinə çevrdiyini düşünür. Hizbullah 2006-ci ildə İsraillə apardığı mübarizədən böyük üstünlüklə ayrılsa da, ölkənin bütün infrastrukturunu məhv edilmiş, şəhərlər dağılmişdır.
Nəsrullaha aid silahlı qüvvələrin indi Bəşər Əsədin tərəfində döyüşməsi daha çox narahatlıq yarada bilər. Əvvəla, düşmən olaraq seçilən hədəf bütün ərəbləri və müsəlmanları bir cəbhədə birləşdirən sionizm deyil, sünnülərə yaxın İŞİD-dir. İkincisi, Livan sünnülərinin Suriyaya simpatiyası yoxdur.
Qeyd edək ki, Suriya rejimi 1975-ci ildə baş verən vətəndaş müharibəsində sünnülərə qarşı xristianların tərəfində yer alırdı. İndi isə həmin dövlət İŞİD-lə savaşır və Hizbullah da ona köməyə gedir. Bu isə istər-istəməz ölkə əhalisinin məsələlərə fərqli yanaşmasına səbəb olur.
Strateq.az