XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

24 May 2015 - 05:44

Millət yas içində, yazarlar çal-çağırda

Bir xalqın dərdini, qəmini, ağrı-acısını çəkən, onu ictimailəşdirən ədəbiyyat və qələm əhlidir. çünki qələm əhli digər insanlardan bir addım daha yaxın olar xalqa, bir “ürək” daha doğma olur. Azərbaycan xalqının da onun dərdinə yanan, həyatını ona həsr edən yetəri qədər şair və yazıçıları olmuşdur. Hələ keçən əsrin əvvəllərində Sabir, Mirzə Cəlil, Məhəmməd Hadi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı və başqa bu kimi aydınlarımız nahaq yerə ömürlərini bu xalqın yolunda fəda etməmişdilər. Bəli, əsl ədəbiyyat insanı lazım olan hər yerdə xalqının səsi olmağı bacarmalıdır. Bu, gözdən uzaq kiçik bir məclis də ola bilər, böyük tribuna da…

Ancaq bu gün şahidi olduğum bəzi hadisələr bu fikirlərimi tamamilə alt – üst etməklə qalmayıb, ədəbiyyatımıza olan inam və ümidlərimi də itirməyimə səbəb oldu. Bu gün, yəni 23 may 2015-ci ildə Avrasiya şairləri antologiyasının Bakı təqdimatı keçirildi. Təqdimat şəhərin mərkəzində yerləşən bir şadlıq sarayında baş tutdu. Təqdimatla əlaqədar qardaş ölkə Türkiyədən əlli nəfərdən artıq qonaq Azərbaycana dəvət olunmuşdu. Zal ağzına qədər adamla dolu idi. Hətta məclisə yarım saat gecikən insan əyləşməyə yer belə tapmırdı. Ora yığışan insanların hamısı müasir Azərbaycan ədəbiyyatımızın ən üzdə olan simaları, cəmiyyətimizdə yetəri qədər hörmət qazanmış, tanınmış qələm sahibləri, söz adamları idi. Əslində bu tədbirdən gözlədiyim çox şey vardı, böyük həvəs və sevgi ilə getmişdim. Ancaq gördüklərim məni çox incitdi, çox sarsıtdı…

Bildiyimiz kimi, bu günlər bütün Azərbaycanda, xüsusən Bakıda matəm havası yaşanmaqdadır. üç gün öncə məlum yanğın faciəsinin qurbanlarına ağlayan xalqın gözünün yaşı hələ də qurumayıb. Küçədə, marşrutda, evdə, universitetdə hər kəsin gözündə bir kədər oxunur, insan dodağının qaçmasından belə utanır ki, təbəssüm kimi, gülüş kimi anlaşılar. Bəli, tam üç gündür xalqımız bu halları yaşayır. Lakin bu gün ziyalılarımızın bir çoxunun bu faciəyə nə qədər yad, nə qədər biganə olduğunu görmək ürəyimi göynətdi, ruhumu incitdi. Hansı ki, çox yox, cəmi bir gün öncə bu faciəylə bağlı silsilə yazılar, şeirlər yazan, sosial şəbəkələrdə hüzn dolu “çıxışlar edən” də onlar idi. Düzü, utandım. Faciədə həlak olan on yeddi günahsızın ruhunun hardansa bir yerdən bu tədbiri görə biləcəyi ehtimalı belə utandırdı məni. Həmin an ruhların bizi görə bilməməsini arzuladım ürəyimdə. Hələ o qurbanların torpağının üzü soyumamış, balasını itirən ananın gözünün yaşı qurumamış, o yanan binanın ətrafından tüstü çəkilməmiş bir sıra ziyalılarımız çal-çağır məclisi təşkil edib, hələ bir musiqi sədası altında qol da qaldıra bildi. Ən acınacaqlı hal isə tədbirdə iştirak edən yüzə qədər insanın bu hala qarşı laqeyd, hətta bəzən dəstəkləyici münasibəti idi.

Sevindirici haldır ki, bu tədbirdə xalqının tərəfində olan, bu faciəni xatırladıb etiraz edənlər də oldu. Onlar çoxlarının bəyənmədiyi, xor gördüyü, özlərinə sərf etməyəndə “sən uşaqsan, təcrübəsizsən”- deyib ağzından vurduğu gənclər idi. Gənc şairlər Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Emil Rasimoğlu və Azərbaycan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü İntiqam Yaşar çoxları kimi səssiz qalmağı yox, həqiqəti elə açıq mikrafondan hayqırmağı seçdilər. Hər iki gənc şair bir neçə gün öncə baş verən faciənin ağırlığını bir daha xatırladaraq, bu faciəni və onun qurbanlarını heçə sayaraq çal-çağır məclisi təşkil edənləri kəskin şəkildə tənqid edib, onlar üçün hazırlanmış ödül və bəlgələrdən imtina edərək tədbiri tərk etdilər. Yenə də təəssüfləndirici hal olaraq qeyd etməliyəm ki, bu cəsarətli gənclərin haqq səsinə səs verib tədbiri tərk edən daha bir neçə gənc yazar-Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Sərvər Kamranlı, Manera.az saytının əməkdaşı çinarə ömray, Ruslan Nadiroğlu və mən oldum. Vəssalam…

Tədbiri yarıda tərk etdiyimçün sonrakı gedişatdan xəbərdar deyiləm. Düzü, bundan sonra heç maraqlı da deyildi. çünki həmin şairlərin yaradıcılığının böyük əksəriyyəti mənim gözümdə artıq öz əhəmiyyətini itirdi. Xalqın bu ağır günündə əylənməyi özünə rəva bilən şairin vətən, xalq, haqq, ədalət mövzulu şeirlərinin heç bir səmimiyyəti və dəyəri ola bilməz!

Bu tədbirin timsalında bu cür əyləncə məclisləri quranların yerinə sizdən mən üzr istəyirəm, ey günahsızlar! Yatdığınız yerdə rahat yatın və Yer üzünə baxmağı ağlınıza belə gətirməyin, heç olmasa bizim gördüklərimizi siz görməyin! Biz yetəri qədər görüb üzülür və utanırıq onsuz da…

ŞƏHANƏ MüŞFİQ

AYB-nin və DGTYB-nin üzvü