Oliqarx həbsləri davam edir. Hər gün müxtəlif iş adamlarının zindana salınması, bəzilərinin əllərindəki kapitalları verib canlarını qurtarması, bəzilərinin isə bu imkanda olmadıqlarından məhbəs taleyiylə barişması xəbərləri yayılır. Keçmişdə yol verdikləri cinayətə görə müxtəlif bəhanələrlə ölkədən qaçıb məsuliyyətdən yayınanlar da var, Beynəlxalq Bankdan götürdükləri krediti hələ bir neçə ildən sonra qaytarmalı olduqları halda, guya, “onsuz da bu can bizdən çıxacaq” deyib, bəri başdan verənlər də.
Xüsusilə son amil iş adamlarından tələm-tələsik yığılan borcların təkcə Beynəlxalq Bank qarşısında götürülən öhdəliklərin vaxtında yerinə yetirilməməsiylə məhdudlaşmadığından xəbər verir. Deyəsən, məsələ biz düşündüyümüzdən daha qəlizdir. Nədən ki, 2017 və 2018-ci ilə qədər kredit götürən iş adamlarından borclarının dərhal qaytarılmasını tələb etmək bir halda mümkün ola bilər: fors-major durumlarında.
Bəli, hökumət etiraf etməsi də, ölkə getdikcə ağır iqtisadi böhrana doğru sürüklənir. Bir tərəfdən dünya bazarında neftin qiymətinin aşağı düşməsi, digər tərəfdən “qara qızıl”ın bərq vuran qara üzünə aldanıb iqtisadiyyatımızda qeyri-neft sektorunun inkişaf etdirilməməsi artıq öz acı meyvəsini verməyə başlayıb. Bu acı meyvəni daha rahat həzm etmək üçün hər ay milyonlarla pulun, sadəcə, milli valyutamızın məzənnəsinin saxlanmasına sərf olunması iqtisadiyyatımızın tənəzzülünü sürətləndirir. Belə vəziyyətdə yürüdülən “oliqarx ovları” problemin həllində ötəri çarə tədbirləri təsiri bağışladığı kimi, ölkədə iş adamlarının kütləvi şəkildə həbs olunduğu təəssüratını yaradaraq xarici investisiyaların iqtisadiyyatımıza cəlbini çətinləşdirə bilər.
Qeyd edək ki, bu təəssüratın yarana biləcəyi ehtimalını hakimiyyət nümayəndələri də qəbul edir, müxtəlif vasitələrlə onun qarşısını almağa çalışırlar. Bir müddət əvvəl ölkə başçısının Azərbaycanda investisiya mühitinin münbitliyi haqqında dilə gətirdiyi fikirlər bunun ən bariz nümunəsidir. Həmin çıxışında İlham Əliyev məlum həbslərin iş adamlarına qarşı yönəlmədiyini, sadəcə, bəzi şəxslərin qanunsuz fəaliyyətinin sərt şəkildə cəzalandırıldığını bildirmişdi. Sözsüz ki, bir ölkənin ən yüksək vəzifəlisi tərəfindən dilə gətirilən zəmanət daha keçərlidir və Prezident bu sözləriylə əslində xarici investorlara yatıracaqları kapitalın təhlükəsizliyinə zəmanət verirdi.
Lütfən, yanlış anlaşılmasın, biz “oliqarx ovları”nın gətirəcəyi mənfi hallardan danışarkən, ölkənin maliyyə potensialını sömürən, iqtisadi inkişafımızı öz mənfəətlərinə sərf edən, ölkəmizin var-dövlətini talayan adamları müdafiə etmir, yalnızca, yürüdülən siyasətin xaricdən yanlış təəssürat yaratdığından çəkindiyimizi bildiririk. Azərbaycanın qanun keşiyində dayananlar bu təəssüratlara yol açmamaq üçün həbslərin motivini açıq şəkildə elan etməli, həbsə məruz qalanların əmlakı müsadirə olunmaqla, əməllərinə hüquqi qiymət verməlidir. Bir sözlə, oliqarxlar öz borclarını qaytarsalar belə, azadlığa qovuşmamalıdırlar. çünki, əməllərində dövlət əmlakını mənimsəmə, etibardan sui-istifadə etmə, fırıldaqçılıq kimi ağır cinayət hadisələri var. Deməli, onların həbsinin motivi də bu olmalı, heç birinin göz yaşlarına baxılmamalıdır. Əks təqdirdə, bu adamların borclarını ödədikdən sonra qollarını sallaya-sallaya məhbəsdən çıxıb evlərinə yollanmaları bir sıra böyük problemlərə yol aça bilər.
Əvvəla, uzaqdan belə anlaşılar ki, Azərbaycanda klassik mənada hüquq yoxdur və bu sistem, sadəcə, kimlərəsə qarşı basqı vasitəsi kimi istifadə olunur. Nəticədə rəsmilərimizin “bizdə investisiya üçün münbit şərait var” bəyanına baxmayaraq, bu sözlər xarici investorlar tərəfindən real qəbul edilməz, hər an sözü gedən basqı vasitəsinin işə düşəcəyindən əndişə duyular.
Digər tərəfdən, oliqarxların bu qədər böyük cinayətlərinə rəğmən, əfv edilmələri cəmiyyətimizin arınmasına da mənfi təsir göstərir. İstənilən cəza cəmiyyətin islahına qulluq etdiyi zaman məhz həqiqi möhtavasına qovuşur, beləcə toplum öz pisliklərindən arınınr.
Xüsusilə, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə apardığını bəyan edən Azərbaycanın bu məsələyə həssaslıqla yanaşması lazımdır. Heç bir cinayət cəzasız qalmamalı, cinayətkarın cəzalandırılmasından çox, başqalarının islahı üçün Azərbaycan femidası, sözün həqiqi mənasında, gözü bağlı, əli qılınclı ədalət mələyinə çevrilməlidir. Əks təqdirdə, öz möhtəvasından ayrılan hüquq, nəinki, islahedicilik xüsusiyyətini itirər, üstəlik, cinayətə təşviq edən əsas vasitəyə çevrilər. Bu gün əllərində toplanan oğurluq malları verərək canını xilas edənlərin durumunu görənlər sabah eyni acgözlüklə dövlət əmlakını talamağa başlayarlar. Nəticədə talançılıq dünyası yox olmaz, sadəcə, talançıların əl dəyişməsiylə daha da güclənər, sağlamlaşar.
Nə yazıq ki, bu gün talançılığa qarşı həmin həssaslıqla mübarizə aparılmadığının şahidi oluruq. Hər dəfə zindandan canını qurtaran bir talançı Beynəlxalq Banka borcunu ödədiyini və ya ödəyəcəyini bildirərək özünü tamamən günahdan arınmış elan edir, beləcə, cəmiyyətə günah, məsuliyyət haqqında səhv informasiya ötürmüş olur. Halbuki, hüquq sisteminin bir nömrəli vəzifəsi məhz bu yanlış qənaətin formalaşmasına qarşı mübarizə aparmaqdır.
Hakimiyyətin “oliqarx ovu” əməliyyatında yuvarlandığı bu yanlış, zənnimcə, təsadüfi deyil və yuxarıda da qeyd etdiyimiz kimi, ölkənin indiki iqtisadi durumunda yaranmış fors-major haldan qaynaqlanır. Görünür, hakimiyyət yaranmış iqtisadi böhran nəticəsində getdikcə boşalan kapital ehtiyyatlarının yerini doldurmaq və bu pulları təcili tədbirlərlərə yönəltmək üçün həmin addımları atır. Bu isə problemin çözüm yolu deyil, sadəcə, potensial maliyyə iflasını qısa müddətliyinə uzada bilər. Əsl çözüm yolu isə ölkədə daha çox sahibkarlar sinfi yaratmaq və xeyli işçi qüvvəsini öz bünyəsində barındıran orta və kiçik təsərrüfat subyektləri formalaşdırmaqdır.
Etiraf edək ki, bu siyasəti rasional şəkildə yürütmək üçün də iqtisadiyyatımızın ayağından daş kimi asılmış oliqarxiyanın və monopoliyaların aradan qaldırılması lazım idi. Məsələyə bu baxımdan yanaşanda “oliqarx ovu” doğru atılmış ilk addım təəssüratı yaradır. Fəqət ikinci addımın ləngidilməsi, prosesin daha yüksək dairələrə daşınmaması və cinayətkarlara tolerant münasibət başlanmış islahatlara gölgə salır. Bu isə dövlətin cibindən oğurlanan vəsaitlərin təcili tədbirlərə xərcləndikdən sonra ölkəmizin yenə eyni vəziyyətə düşə biləcəyinə zəmin hazılaya bilər və əksəriyyətimizin bildiyi məhşur qayıqçı ilə iki ağanın əhvalatına xatırladır.
Nəql edirlər ki, iki ağa bir qayığa minib gölün o biri tərəfə keçmək istəyir. Gölün tam ortasında peyda olan Əzrail onlardan iki nəfərin canını alacağını bildirir. Hər iki ağa qayıqçının üzünə baxır. Binəva qayıqçı isə yazıq-yazıq dillənir:
-Əfəndilər, canı çıxacaqlardan biri mən, digərini öz aranızdan seçin.
< p> İndi qayıqçının sözü olmasın, təcili tədbirlərə qurban gedənlərin biri bəllidir, bəs, o birisi kim olacaq?
Heydər Oğuz
Strateq.az