XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 06:17

Yanan binanın dərsləri – Təhlil

bina yan.jpg

Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasındakı yanğından bir həftə ötdü və artıq emosiyalar bir az sakitləşəndən sonra “soyuq başla” düşünmək zamanı çatıb. Bu yanğın hadisəsi Azərbaycan cəmiyyəti üçün bir çox mətləblərin üstünü açdı, aydınlaşdırdı. Yanan binanın alovlarının işığında Azərbaycan cəmiyyəti öz eyiblərini daha yaxşı görmək imkanı əldə etdi.

Düşünürəm ki, bu yanğın hadisəsi bütövlükdə cəmiyyətimiz üçün həyacan siqnalı olmaqla, həm də bir rəmzi məna kəsb edir. Yalnız yanan binanın deyil, eyni zamanda ölkədə idarəetmə sisteminin bütövlükdə təmirinə və rekonstruksiyasına ehtiyac var. Nəzərə almalıyıq ki, Azərbaycan həm də bizim binamızdır, Binəqədi isə qədim yurd yerimiz deməkdir. Qədim yurd yerimizdə binanın yanmasını bizlər üçün ilahi bir işarə olduğunu qəbul edərək, ölkəmiz, cəmiyyətimimzin eyiblərini gizlətmək (üzləmək) yanaşmasından əl çəkərək, mövcud gerçəkləri nəzərə alaraq, müvafiq addımlar atılmasını təşviq etməliyik. Bunun üçünsə yanğın hadisəsinin nəticələri barədə düşünməliyik.

Nələri müşahidə etdik, yanğın alovları hansı eyiblərimizə, nöqsanlarımıza işıq saldı?

Aşakar gördük ki, ictimai əhəmiyyətli məsələlərlə bağlı qərarların verilməsində dövlət qurumları arasında lazımi koordinasiya yoxdur. Yaxud, bir çox hallarda bir çoxlarının şəxsi iradəsi, ambisiyası mövcud prosedur və qaydalardan da önə çəkilir.

Bir daha məlum oldu ki, hakimiyyət vertikalı daim sərt nəzarətdə saxlanmalı və “qırmızı xəttləri” heç kimin keçməsinə icazə verilməməlidir. Xüsusən, ictimai əhəmiyyətli, insanların həyatı, sağlamlığı, təhlükəsizliyi ilə bağlı məsələlərdə bu “qırmızı xəttlər”aydın olmalı, heç kim üçün istisnalara yol verilməməlidir.

Neft gəlirlərinin azalması ilə yaranmış yeni gerçəklikdə daha çevik, peşəkar, cəmiyyətdən gələn siqnalları düzgün dəyərləndirə bilən, ümumiyyətləsə SSRİ-dən qalma bürokratik düşüncədən uzaq məmur korpusunun formalaşmasına ehtiyac var. Baş nazirin müavini Abid Şərifovun timsalında hazırda müşahidə olunan budur ki, ali məmur korpusunun əksər təmsilçiləri məhz SSRİ-dən qalma bürokratik düşüncənin məngənəsindən qurtula bilməyiblər. Onlar üçün yalnız yuxarının istənilən əmri ilə müticəsinə razılaşmalı olan kütlə mövcuddur. Bu şəxslər, bələkə də təcrübəli, peşəkar kadrlar ola bilərlər, amma 16 mərtəbəli binanın yanmasının əsas səbəblərindən biri də elə bu zehniyyət idi. Yanan binadan danışan zaman kövrələrək , “görürdünüz necə gözəl görünürdü” deyən icra başçısının sovet məmurusayağı yanaşmasıydı.

Əmin olduq ki, ictimai əhəmiyyətli, insanların həyatı, sağlamlığı, təhlükəsizliyi ilə bağlı məsələlərdə peşəkarların qərar vermədiyi halda, yalnız görüntü arxasınca qaçdıqda, konkret məmurların mazoxist estetik zövqü, iş adamlarının yalnız gəlir əldə etmək barədə düşüncəsi ilə addımlar atılanda cəmiyyət üçün hansı təhlükələr yarana bilər.

Siyahını uzatmaq da olar, amma nəticə çıxarıb müvafiq addımlar atılması üçün, məncə, bu da yetərlidir.

Cəmiyyətin yetkinləşməsində, inkişafında faciələr xüsusi rol oynayır. Faciələr toplumun özünüqoruma instinktlərini aktivləşdirir və islahatlara sövq edir. Faciələr həm də dünyanın fani olduğunu, ən böyük dəyərin topluma xidmət, ictimai fayda olduğunu bizlərə xatırladır.

ümid edək ki, yanan bina ilə bağlı qarşılıqlı ittihamlar, eyhamlar və s. bir kənara qoyulacaq, zəruri islahatlara start veriləcək və binaların üzlükləri ilə yanaşı, yanaşmalarımız, düşüncəmiz də dəyişəcək…

Zaur İbrahimli

Strateq.az