XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 08:16

İraqlılar niyə döyüşmürlər və niyə döyüşsünlər? – Təhlil

İraqın Ramadı şəhərinin işğalı Yaxın Şərqdəki bütün daşları yerindən oynatdı. İşğaldan sonra indiyə qədər müttəfiq kimi görünən qüvvələr məğlubiyyətin günahını bölüşmək istəməyib bir-birilərini ittiham etməyə başladılar.

Hadisəyə beynəlxalq miqyasda ilk münasibət isə ABŞ prezidentindən gəldi. Barak Obama bu ağır məğlubiyyəti gizlətməyə çalışaraq Ramadini şüurlu şəkildə İŞİD-ə verdikləri mənasına gələn açıqlamayla çıxış etdi. Onun fikirlərincə, İraqın sünnü kəsimini savaşa cəlb etmək üçün sözügedən işğala ehtiyac vardı və dolayısıyla, müttəfiqlər hərbi taktiki gediş xətrinə Ramadini İŞİD-ə ötürmüşdülər. Məqsəd isə qarşı-qarşıya qaldıqları fəlakətin böyüklüyünü sakinlərə əyani şəkildə göstərmək və onları can güvənliklərini qorumaq instinktiylə hərəkətə gətirmək imiş.

Sözsüz ki, bu açıqlama ölkənin sünnü kəsiminin taleyi ilə oynamaq, bolgə əhalisini siyasi labarotoriya subyektinə çevirmək məntiqini doğururdu və rəsmi Bağdad bu ittihama cavab verməyə bilməzdi.

Necə ki, İraqın baş naziri əl-İbadinin yalvarış və üzüntü dolu açıqlaması özünü çox gözlətmədi. Barak Obamadan dərhal sonra CNN telekanalına çıxıb hadisəylə bağlı açıqlama verən əl-İbadi, günlərdir, ürəyinin qan ağladığını, amma bir neçə gün ərzində itirilmiş bölgəni geri alacaqlarına inandığını bildirərək, koalisiya qüvvələrindən daha artıq hərbi dəstək istədi.

ABŞ-ın müdafiə naziri Aşton Karterin mətbuata açıqlamaları isə, sanki, əl-İbadiyə verilmiş cavab xarakteri daşıyırdı. Müdafiə naziri İraqdakı məğlubiyyətin bütün məsuliyyətini xalqın üzərinə atır, iraqlıların öz torpaqları uğrunda savaşmadıqdan sonra kaolisiya qüvvələrinin rəsmi Bağdada hərbi yardım etməsinin heç bir anlamının olmayacağını bildirirdi. Bu açıqlamanın dərinliyində yatan mətləbə nəzər salanda Karterin əslində bundan sonra rəsmi Bağdada yardımlarını kəsəcəyi, onu bölgədəki qüvvələrin ümidinə buraxacağı məntiqi doğurdu.

Görünür, bölgənin daxili qüvvələri də Karterin məlum açıqlamalarından eyni nəticəni çıxartdıqları üçün verilən reaksiyalar da duyulan əndişəyə müvafiq oldu. Ramadidən sonra Suriyanın Palmira bölgəsinin də İŞİD-in əlinə keçdiyini və təhlükənin yavaş-yavaş öz bölgəsinə yaxınlaşdığını görən Livan Hizbullahının lideri əhalini səfərbərliyə çağıra biləcəyinin siqnalını verdi. Həsən Nəsrullah livanlıların Suriyada savaşmasalar, öz vətənlərində qanlarına qəltan olunacaqlarını vurğulayaraq, əhalini son nəfəsə qədər döyüşə hazır olmağa səslədi.

Bu müxtəlif tembrli səslər içərisində İranın Yaxın Şərqdəki ən ünlü komandiri general Qasım Süleymaninin də avazı duyuldu. İranın İnqilab Keşikçilərinin generalı İraq xalqını iradəsizlikdə suçlayan ABŞ yetkililərini “ağ yuyub qara sərdi”. Generalın bildirdiyinə görə, kənarda durub yekə-yekə danışan rəsmi Vaşinqton əslində İŞİD-in İraqda irəliləyişini durdurmaq üçün heç nə etməmişdi: “Bu savaşda, sadəcə, İranla qonşu və birbaşa rəsmi Tehran tərəfindən dəstəklənən qüvvələr yer almış və almaqdadır”.

Vəziyyətin bu qədər gərginləşdiyi bir vaxtda, İŞİD-ə qarşı mübarizə aparan qüvvələrin bir-birinin “ətini yeməsi” İraq üçün yaxşı perspektivdən xəbər vermir. Belə görünür ki, Yaxın Şərqdə getdikcə böyüyən məzhəb savaşları hələ çox qan aparacaq. Bəs, bu qan kimə lazımdır? ABŞ yetkililərinin təbirincə desək, İraq əhli nədən öz taleləri uğrundan mübarizə aparmaqdansa, meydanı boş qoyub qaçmağa üstünlük verir?

Təbii ki, Yaxın Şərqdə baş verənləri yalnız bir və ya bir neçə amillə izah etmək mümkün deyil. Problemin çoxsaylı iqtisadi, geopolitilk, mədəni, dini-məzhəbi səbəbləri var. Hər bir səbəbi incələyərək əlavə baş ağrısı verməmək üçün bu yazıda daha çox, İraq əhalisinin savaşa həvəssizliyi üzərində durmağa çalışacağıq. Zatən qarşıya qoyduğumuz bu məqsədə nail olsaq, digər səbəblərin mahiyyəti də öz-özünə ortaya çıxar.

Əvvəla, İraq əhalisinin savaşa həvəssizliyi haqqında ABŞ yetkililərinin mülahizələri çox da inandırıcı deyil. 2003-cü ildən bu yana davam edən amansız müharibələr boyunca yüzminlərlə insanını itirən ölkənin vətəndaşlarını müharibədən çəkinib qaçmaqda ittiham etmək insafla bir araya sığmaz və bir xalqa həqarət kimi görsənər. üstəlik, 10 ildən artıqdır ki, bombalar altında yaşayan, min cür zülmə, işgəncəyə məruz qalan bu toplumun vuruşmaqdan başqa çarəsi də yoxdur. “öldürməsən, öldürərlər” prinsipinin həyat fəlsəfəsinə çevrildiyi bu məkanda artıq can qorxusunun belə önəmi qalmayıb.

İllər boyu ətrafı sarmış düşmənlərə qarşı mübarizədə özlərini canlı bombaya çevirən iraqlılar can qorxusundan didərgin düşdükləri məkanlarda da rahat həyat tapa bilmir, çətin didərginlik həyatı yaşayır, namuslarını, hər cür maddi, mənəvi varlıqlarını təhlükə altına qoyurlar. Bunca çarəsiz bir toplumun əlinə silah alıb savaşmaması yalnız bir halda mümkündür – iraqlılar apardıqları mübarizənin əhəmiyyətinə, özlərinə xoşbəxtlik gətirəcəklərinə inanmırlar. Nə yazıq ki, illərin təcrübəsi də onların tərəfindədir. Zira bu ölkənin əhalisi həmin təcrübələrə əsaslanıb gözəl anlayır ki, məmləkətlərini bürüyən qan başqalarının cibini doldurur, qlobal imperializmə nəfəs verir və onların fədakarlığından asılı olmayaraq bu dava bitməyəcək.

Bəli, zavallı iraqlıların savaşa həvəssizliklərinin başlıca səbəbkari özünü “ağatlı oğlan” kimi aparan ABŞ-dır. Bunu istər Ramadinin işğalından əvvəl, istərsə də sonra bölgə liderlərinin açıqlamalarından da görə bilərik.

Xatırlayrsınızsa, bir müddət əvvəl şiələrin ən böyük dini lideri Sistaninin çağırışıyla qurulan “Haşdi əş-Şabi” silahlı qüvvələri İŞİD-in daha güclü olduğu Tikriti belə almış, ardından ABŞ-ın basqılarıyla ordan uzaqlaşmışdı. ABŞ müdafiə nazirliyinin sözçüsü Loyd Austin verdikləri bu qərarın səbəbini isə bu cür açıqlamışdı: “Biz sünnülərə qarşı zalımlığı ilə seçilən şiələrlə hər hansı bir koordinasiya və iş birliyi qurmaq istəmirik”.

ABŞ generalının açıq-aşkar məzhəb savaşlarını qızışdıran bu bəyanatını böyük üzüntü ilə qarşılayan Əli əs-Sistani Kərbəladakı sözçüsü Seyyid Əhməd əs-Safi vasitəsilə şiə silahlı qüvvələrini Tikritdən geri çağıraraq İraqın öz hərbi sənaye müəssisələrini qurmadan, müdafiə sistemini yaratmadan bu cür hallarla qarşılaşacağını söyləmiş və dolayısıyla, qələbələrinin qeyri-müəyyən zamana qədər mümkün olmayacağını dilə gətirmişdi. Bu psixoloji atmosfer içərisində savaş gücü qırılan şiə qruplarından bəziləri mübarizədən imtina etmiş, silahlarını yerə qoymuşdular. “Mehdi ordusu”nun lideri Müqtəda əs-Sədr də müh
aribədən çəkildiyini bəyan edənlərdən biriydi. Əs-sədr açıqlamasında nə vaxta qədər ki, ABŞ-ın dəstəyiylə mübarizə aparılacaq, heç bir hərbi əməliyyatlarda iştirak etməyəcəklərini bildirmişdi. Təsadüfi deyil ki, Ramadinin işğalı da məhz bu hadisələrdən qısa müddət sonra gerçəkləşmişdi.

İraq və ümumiyyətlə, bütün Yaxın Şərq coğrafiyasında yaşayan insanların bu cür anti-Amerikan əhval-ruhiyyəsinə köklənməsi bölgədə İŞİD-lə mübarizəni çətinləşdirən başlıca amillərdən birdir. Fələstin problemi yaranan gündən həmişə bölgə xalqlarına qarşı düşməncə tövr sərgiləyən rəsmi Vaşinqton Yaxın Şərq insanının yanında dayanmaq istəmədiyi tərəf olmuşdur. Məhz bu səbəbdən də İŞİD vurulduqca, döyüldükcə daha çox güclənir, sıraları artır. Bu acı həqiqəti Suriya prezidenti Bəşər Əsəd də etiraf edir. Nə qədər qanlı diktator olsa da, İŞİD-lə mübarizə haqqında dediyi fikirlər onun bu məsələyə bölgə insanından fərqli baxmadığını ortaya qoyur. Xarici telekanallardan birinə verdiyi müsahibəsində Suriya diktatoru ABŞ-ın sözügedən terror təşkilatına hava hücumlarını dəstəkləsə də, problemin bu cür həll edilməyəcəyini vurğulamışdı. Onun fikrincə, İŞİD-i qidalandıran əsas faktorlardan biri ABŞ-ın ona qarşı tövrüdür və hər ay məhz bu səbəbdən minlərlə insan terrorçulara qoşulur.

Söz yox ki, ABŞ da Yaxın Şərqdəki vəziyyətdən xəbərdardır və “qaş düzəltdiyi yerdə, göz çıxartdığını” yaxşı bilir. O, sadəcə, məlum coğrafiyada tez-tez “kozır” dəyişməklə oynanan oyunun həyəcanını artırır, məzhəb müharibələrinə səhnə olan Yaxın Şərqə həm silah sataraq pul qazanır, həm də onun bütün yeraltı zənginliklərini su qiymətinə talayır.

Əlbəttə ki, bu imperialist siyasətdə ona dəstək verənlər də vardır. İrandan tutmuş Səudiyyə Ərəbistanına, Rusiyadan Türkiyəyə qədər bütün bölgəsəl güclər bu can bazarında öz yerini almağa çalışır, aslanın ağzından düşən hər kiçik tikə uğrunda amansız döyüşə girirlər.

Belə vəziyyətdə, sözsüz ki, İraqda və Suriyada axan qanın qabağını kəsmək mümkün olmaz. İraq əhalisinin döyüşmək əzmindəki yaranan problem də bununla bağlıdır. Axı, nəyin xətrinə və nə üçün döyüşsünlər? ABŞ-ın və ya Rusiyanın hərbi sənayesini gücləndirməyin xətrinəmi? Yoxsa təbii sərvətlərinin gəlirləri öz ölkələrindən çıxıb daha rahat şəkildə xarici banklara axsın, deyəmi?

Heydər Oğuz

Strateq.az