ABŞ Afinanı “Türk axını”ndan imtina etməyə çağırır
Məlum olduğu kimi, Avropa Rusiyanın qaz asılılığından qurtulmaq uğrunda mübarizə aparır. Brüssel və Avropa Birliyi ölkələrinin digər paytaxtları təbii qaz bazarında rəqabət qaydalarını mükəmməlləşdirməyi davam etdirir.
Eyni zamanda bu mərkəzlər başqa qaz qaynaqlarına çıxışı təmin edə biləcək layihələr üzərində baş sındırmağı da dayandırmır. Bu zaman Azərbaycan, İran, İraq, İsrail və Kipr qazına birinci dərəcəli önəm verilir. İndiki anda Azərbaycan qazının tədarükü ilə bağlı olan TANAP adlı layihə daha çox irəli gedib.
Lakin AB bu cür aldadıcı hərəkət etməyə cəhd edənə qədər Moskva əllərini yalına salıb oturacaqmı?
Sirr deyil ki, əvvəllər Xəzər qazının Avropaya nəqli üçün hazırlanmış Nabucco layihəsinin gerçəkləşməsinə imkan verməyən Rusiya hazırda aşkarda olmasa da, eyni şəkildə TANAP-ın “ayağının altını qazır”.
Rusiya bu dəfə mühüm kozır qismində Türkiyə ilə barəsində sövdələşdiyi “Türk axını” layihəsindən istifadə edir. Bu layihə AB-nin buruq verməsinə görə “Güney axını”nın ləğvindən sonra meydana çıxıb. Düzünü desək, “Türk axını” “Güney axını”nın Bolqarıstandan yox, Türkiyə və Yunanıstandan Avropaya çıxışından başqa bir şey deyil. Lakin, əlbəttə, bu, layihnin dəyərini zərrə qədər də azaltmır.
“Türk axını”nın həyata keçirilmə sürətinə baxanda onun önəmi ancaq yüksələcək. TANAP qaz kəməri ilə ilk qaz 2018-ci ildə vurulacağı halda, “Türk axını”na ilə artıq 2016-cı ildə qaz buraxılacaq.
TANAP-ın istifadəyə verilməsindən, demək olar, iki il əvvəl istismara buraxılacaq “Türk axını” bu şəraitdə məqsədəuyğunluğunu sübut edəcək, Avropanın mövqeyi isə hökmən dəyişiləcək.
Avropa paytaxtlarının layihə mərhələsində “Türk axını”na qarşı qərəzlə köklənməsinə baxmayaraq, qaz onların astanasına gəlib çıxanda ondan üz çevirə bilməzlər. Hətta güman etmək olar ki, bu kəmərlə gələn qaz digər layihələrə kəskin ehtiyacı aradan qaldıracaq.
ABŞ da “Türk axını” ətrafındakı hadisələri diqqətlə izləyir. Yəqin ki, Vaşinqton avropalı müttəfiqlərinin qaz tədarükü sahəsində Rusiyadan daha çox asılı olmasına göz yuma bilmir.
ABŞ bu günlərdə özünün bu cür mövqeyini yenidən açıqladı. Bu dəfə bütün çağrışlar Yunanıstana yönəlmişdi: ABŞ Dövlət Departamentinin energetika resursları Bürosunun rəhbəri Amos Hokşteyn Afinanı “Türk axını”ndan imtina etməyə çağırdı.
Amerika diplomatının açıqlamasna əsasən, Moskvanın təklif etdiyi “Türk axını” layihəsi Yunanıstanın maliyyə tələbatlarını nəzərə almır və xalis siyasi xarakter daşıyır.
Hokşteyn qeyd edib ki, Afinanın “Türk axını”ndan imtina etməsi xarici yatırımçıların gözündə Yunanıstanın cazibədarlığını artıracaq. Hokşteyn bildirib ki, ABŞ Afinaya “Türk axını”nın əvəznə Azərbaycandan Avropaya təbii qaz tədarükünü nəzərdə tutan TANAP-ı dəstəkləməyi təklif edir.
Hokşteyn TANAP-ı Yunanıstanın maraqlarına cavab verən layihə adlandırıb təklif edir: “Bu layihə daha çox iş yeri yaradacaq. Eyni zamanda “Türk axını” ancaq Avropanın Rusiyadan asılılığını artıracaq. TANAP – Yunanıstana öz energetika layihələrini inkişaf etdirməyə imkan verəcək layihədir”.
Amerika diplomatının sözlərini necə anlamaq lazımdır?
Məsələ burasındadır ki, Rusiya ilə AB-nin energetika müharibəsində Moskvanı Ukraynada dayandıra bilməyən ABŞ digər cəbhələrdə onun mövqeyini zəiflətmək üçün hər şeyə əl atır. Ən böyük açıq cəbhələrdən biri Türkiyədən keçəsi rəqabət aparan layihələrdir.
Bəs Türkiyə bu haqda nə düşünür? TANAP da, “Türk axını” da onun bölgədə nüfuzunu artıracaq layihələrdir. Ankara bir deyil, dərhal iki layihənin gerçəkləşməsinə çalışır.
Hər iki layihə Türkiyəyə həm qısamüddətli, həm də uzunmüddətli perspektivlər açacaq. TANAP və “Türk axını” sayəsində təbii qaza artan ehtiyacımızı təmin edə biləcəyik. Bu isə xüsusən də qış aylarında Türkiyə üçün olduqca aktual problemdir.
Uzunmüddətli perspektivdə isə bu iki layihə Türkiyə-Yunanıstan sərhədində yeni bölgəsəl qazpaylayıcı mərkəzin meydana gəlməsini təmin edəcək. Belə mərkəz İran, İraq, İsrail və Kipr qazının birləşməli olacağı şəbəkə rolunu oynayacaq. Ankaraya lazım olan da elə budur.
Mehmet Kara
“DUNYA” (Тürkiyə), 26.05.2015