XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 18:41

Abid Şərifov və ailəsinin nəhəng biznesi – Sənədlər və fotolar yayıldı

Mayın 23-də baş nazirin müavini Abid Şərifovun jurnalistlərlə çox əsəbi tərzdə ayaqüstü söhbəti oldu.

Bakıda, Binəqədi rayonu ərazisində baş vermiş faciədən sonra binanın yenidən qurulmasına cəlb ediləcək şirkətin seçiminə aid sual veriləndə baş nazirin müavininin əsəbləri dözmədi və məmur etikasına yaraşmayan ifadələr işlətdi. Bəziləri hökumət rəsmisinin bu hərəkətini mətbuata patoloji nifrətinin ifadəsi kimi də dəyərləndirdi: 2000-ci ildə Bakıda baş vermiş zəlzələdən sonra vəsaitlərin səmərəli istifadə olunmamasından dolayı KİV-də barəsində “çörəyi təbii fəlakətlərdən çıxan” epitetinə görə Şərifov bərk qəzəblənmişdi və lənətlər yağdırmışdı.

Bu dəfə açıq görünürdü ki, A.Şərifov ehtiyatlanır və hər hansı şirkətin adının ictimaiyyətə açıqlanmasını istəmir. Ona görə də hansısa xəyali “Alabala” şirkətinin adını çəkdi. 75 yaşlı Şərifovun jurnalistlərlə sinninə və vəzifəsinə adekvat olmayan şəkildə davranması onları, sanki, şoka salmışdı. Media nümayəndələrini bu aciz durumdan çıxarmaq üçün qımışaraq, “mənəm, mənim şirkətimdir, yaz” – dedi və ortanı sərinlətmək istədi.

Necə deyərlər, hər zarafatda bir çimdik zarafat var. Güman ki, bu işlərə cəlb ediləcək şirkətin Abid Şərifova bağlılığı yoxdur. Amma 22 yaşından inşaat sektorunda çalışan cənab Şərifov özəl biznesə yad adam deyil.

Artıq 20 ildir baş nazirin müavini vəzifəsini tutan Şərifov bunadək Bakı Baş Tikinti Trestində, daha sonra isə “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətində çalışıb. özəlləşdirmə proqramının icrası ilə onun özəl sektora transformasiyası gerçəkləşib. Amma bütün məmurlar kimi, o da biznesi yaxın ətrafının adına rəsmiləşdirib.

Nədən hər kəs deyir ki, “Azərkörpü” Abid Şərifovundur?

100 nömrəli körpütikinti dəstəsi bir vaxtlar “Azərnəqliyyatyoltikinti” trestinə daxil olub və sonradan, yəni 2001-ci ildə “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinə çevrilən bu komanda ilə Şərifovu möhkəm bağlar birləşdirir. İşçilərinin sayı 5 mini aşan, çoxlu sayda inşaat materialları (beton, yığma dəmir beton, metal konstruksiyaları, asfalt və s.) istehsalı sahələrinə, sayı bir neçə yüz ədədlə ifadə olunan nəqliyyat vasitələri və xüsusi inşaat texnikasına malik olan şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda belə (Rusiya, Qazaxıstan, özbəkistan və s.) bir çox infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Buna görə də 2013-cü ildə şirkət adını dəyişərək, “Avro-Asiya İnşaat Korporasiyası” – EVRASCON” ASC oldu.

Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “EVRASCON” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Nominal dəyərlə, bu, 56 min manata yaxın bir məbləğ edir. Lakin nəzərə alsaq ki, təkcə 2012-ci ilin nəticələrinə görə bu şirkətin aktivləri 275,5 milyon manata çatmışdı, səhmdarlara aid kapital isə 120 milyon manata çatırdı, bu səhmlərin arxasında dayanan sərmayə haqda müəyyən təsəvvür yaranır. Söhbət Şərifovlara məxsus səhmlərin, təxminən, 14,5 milyon manat həcmində kapitallaşmasından gedir.

Şərifovların “EVRASCON” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir.

Qanunvericiliyə əsasən, səhmdar cəmiyyəti illik hesabatını, o sıradan 10 faiz və ondan yuxarı səhmlərə sahib olan şəxslərin adlarını KİV-də, eləcə də korporativ elektron informasiya resursu olduqda orada açıqlamalıdır.

Bundan başqa, “EVRASCON” ASC Azərbaycanda siyahısı birbaşa Nazirlər Kabineti tərəfindən tərtib olunan “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumlar”dan biridir. İşçi sayına, dövriyyəsinə və aktivlərinin həcminə görə əhəmiyyətini vurğulamaq üçün təkcə onu demək kifayətdir ki, “Gilan Holding”“Paşa Holding” kimi iri maliyyə-sənaye qruplarının daxil ola bilmədikləri (bəlkə də daxil edilmədikləri) bu siyahıya ölkə üzrə cəmi 20 dövlət və özəl şirkət salınıb. Maraqlıdır ki, “EVRASCON” ASC bu tələblərin yerinə yetirilməsindən yayınır və cəzasız qala bilir. Görünür, şəffaflıq tələblərinə əməl etməməklə cənab Şərifov bu şirkətə bağlılığının üzə çıxmasını istəmir.

Hərçənd, “Azərkörpü” ASC-nin uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsini həm biznes dairələri, həm də ictimaiyyət tikinti sektorunu “kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirirdi. çox da uzaq olmayan 2011-ci ildə şirkət 260,2 milyon manatlıq, 2012-ci ildə isə 302,3 milyon manatlıq iş həcmi yerinə yetirib. Həm Şərifov, həm də şirkətin özü təbii ki, himayədarlıq faktını hər zaman inkar edib.

“EVRASCON” ASC-nin nəzarət səhm zərfi (51,2%) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtılə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir.

Şərifovları İsmiyevlərlə və başqaları ilə daha nə birləşdirir?

2008-ci ilədək ölkənin aztanınmış kommersiya banklarından biri olan “Azərnəqliyyatbank” ASC-nin səhmdarları sırasında Şərifovlar ailəsinin bütün üzvləri, o cümlədən həyat yoldaşı, 2 övladı, kürəkəni, qudası, iki qardaşı da vardı. Bankın payçıları arasında İsmiyevlər ailəsinin üzvləri də təmsil olunurdu. Sonradan bu bank “Azərenerji” prezidenti Etibar Pirverdiyevə məxsus olan (Meydan.TV burada yanlış olaraq başqa ünvan göstərib – Strateq.az) “ADOR”“Azenco Group” şirkətlərinin nəzarəti altına ke
çdi. Beləliklə, bu iki ailə, eləcə də 50-dək digər payçılar bankdakı səhmlərini satdılar və “Azərnəqliyyatbank” adını dəyişərək, “Expressbank” ASC oldu.

Amma Şərifovların bank sektorundan tam getdiyini demək olmaz. Elçin Abid oğlu Şərifov hazırda başı qalmaqallardan açılmayan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Abşeron filialına rəhbərlik edir.

Ailə biznesi

Abid Şərifovun ailə üzvlərinin səhiyyə və turizm sektorlarında da təmsil olunduğuna dair bilgilər var. Belə ki, Bakıdakı “Optimed” klinikasının onun kürəkəni, Ədliyyə Naziriliyinin Penitensiar Xidmətinin 16 nömrəli cəzaçəkmə müəsisəsinin rəisi vəzifəsini daşıyan Məmməd Mahmudova məxsus olduğu bildirilir. Nərimanov rayon İcra Hakimiyyəti də bu özəl klinikanın direktorunun Təranə Abid qızı Mahmudova olduğunu açıqlayır.

Əslən Şəkidən olan Abid Şərifovun burada müasir və dəbdəbəli, Şəki Parkı adlanan istirahət mərkəzinə sahib olduğu deyilir. Mərkəz bu ilin martında istifadəyə verilib. Onun açılışına isə Şərifovla bərabər bir çox rəsmi şəxslərin gəldiyi də qeyd olunur. Şərifovların Marxal meşələri ərazisində daha böyük otel kompleksi inşa etdirdiyi, tikinti işlərinin hələ tamamlanmadığı da alınan məlumatlar arasındadır.

P.S. 2012-ci ildə A.Şərifovun üçmərtəbəli villasında yanğın olmuşdu, amma Şərifovun heç tükü də tərpənməmişdi. Jurnalistin məlum sualı isə ona yaman yer edibmiş…

Meydan.tv