XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 13:37

YAP biznesmenlərə “yox” deyib

Milli_Meclis.jpg

2015-ci il parlament seçkilərində hakim partiyanın namizəd vitrinində iş adamlarının sayı minumuma endiriləcək

2010-cu ilin parlament seçkilərinin diqqət çəkən məqamlarından biri, şübhəsiz ki, çox sayda iş adamının deputat mandatı alması oldu. O vaxt qeyri-rəsmi söhbətlərdə, dəhliz müzakirələrində biznes nümayəndələrinin Milli Məclisə seçilməsi hakim partiya təmsilçiləri tərəfindən onların loyallığı, seçildikləri dairələrin bir sıra sosial problemlərinin həllində yaxın iştirak edəcəkləri və seçiciləri narazı salmayacaqları ilə izah edilirdi. Seçicilərin iş adamlarının namizəd olmasına, onların irəli çəkilməsinə münasibətində də gözləntilər əsas amil kimi çıxış edirdi. İş adamlarının vədləri ilə şirniklənən sadə seçici üçün əsas prioritet sosial problemlərin həllində yardım göstərilməsi gözləntisiydi. Namizədin digər keyfiyyətləri bu gözlənti fonunda çox arxa plana keçmişdi. Rəsmi nəticələri bir kənara qoysaq belə, iş adamlarının seçicilərin əhəmiyyətli kəsiminin real dəstəyini aldığı şübhə doğurmurdu. İqtidar da namizədliyi irəli sürülən iş adamlarının seçicilərin ələ alınması ilə bağlı təşəbbüslərinə göz yumurdu. İş adamlarının deputat seçildikdən sonra xeyriyyəçilik fəaliyyəti ilə məşğul olacağı gözləntisi əsas götürülərək, onlar üçün “yaşıl işıq yanıdırılması” ilə bağlı konsensus əldə olunmuşdu. Məhz bunun nəticəsiydi ki, cəmiyyətdən iş adamlarının kütləvi şəkildə mandat almaq üçün namizəd olması, onlara seçki kampaniyası zamanı əlverişli şərait yaradılmasına ciddi təpki gəlmədi.

İndi ötən 5 ilə nəzər saldıqda, istər iqtidarın, istərsə də seçicilərin bu məsələdə yanıldığını əminliklə söyləmək olar.

İş adamları loyallıqlarını qorusalar və “yuxarılar”ın maraqlarını nəzərə alsalar da, əsas seçici təbəqəsini – “aşağıları” birdəfəlik unutdular. Mandat alan iş adamlarının hətta vacib məqamlarda belə, orta səviyyəli kommersantdan çox böyümədikləri aydın oldu. Mandatdan yalnız “biznes sığortası” kimi istifadə edilməsi yanaşması əsas götürüldü. Seçildikləri dairələrin sosial problemlərinin həlli, seçicilərlə fəal iş aparılması məsələlərində mandatlı iş adamlarının elə ciddi təşəbbüsləri nəzərə çarpmadı. İş adamları elita ilə işləməyi üstün tutdular, seçicilərə isə yalnız onların köməkçiləri ilə ünsiyyət qaldı.

Mandatlı iş adamları parlamentdə də çox zəif təsir bağışladılar. Mühüm siyasi, iqtisadi, ictimai əhəmiyyətli məsələlərin müzakirəsində onların ortada görünməməsi çox ağır təsir bağışladı. ön plana çıxmağı xoşlamayan mandatlı iş adamları kabinetlərində olduğu kimi, Milli Məclisdə də yalnız “düyməyə basmaqla” işlərini bitmiş saydılar.

Zaman keçdikcə parlamentdə inadkarcasına “susan çoxluğun” olmasının hakimiyyət üçün də probelmlər yaratdığı müşahidə olunmağa başladı. Bir çox kritik vəziyyətlərdə loyallıqla yanaşı, mövqe nümayiş etdirilməsi, müzakirələr açılması və təşviq xarakterli təşəbbüslər daha aktual olur. Bu vəziyyətlərdə belə, millət vəkili olan iş adamları susdular. Onlardan isə əksinə, fəallıq tələb olunurdu. Belə hallarda “susan çoxluq” problemi yaranır və yeni tribunların tələb olunduğu zaman meydan boş görünür.

Artıq YAP-da iş adamlarının Milli Məclisdə təmsilçiliyi məsələsinə yanaşmanın dəyişməsi, namizədlərin seçilməsi zamanı fərqli meyarlara üstünlük veriləcəyi ilə bağlı xəbərlər yayılmaqdadır.

Qeyd edək ki, mövzu ilə bağlı söhbətləşdiyimiz adının çəkilməsini istəməyən YAP funksioneri də bu məlumatların həqiqətdən uzaq olmadığını təsdiqləyib. YAP funksioneri deyib: “Mandatlı iş adamlarının həm seçicilərlə iş, həm də Milli Məclis müstəvisində passivliyi hakim partiyanı da narahat edən problemlərdəndir. Bu haqda artıq ciddi müzakirələr açılıb, məsələ ən yuxarı səviyyədə ilkin müzakirə olunub. YAP rəhbərliyi və fəal funksionerlər öz tənqidi münasibətlərini açıq ifadə ediblər. İlkin olaraq qərara alınıb ki, YAP-ın namizədləri və hakim partiyanın namizədlərinin müəyyənləşdirilməsi zamanı iş adamlarının sayı minumuma endirilsin. Artıq YAP rəhbərliyinə təkrar seçilmək, yaxud hakim partiyanın dəstək verməsi ilə bağlı iş adamlarının müraciətlərinə “yox” cavabı verilib”.

Amil Səfərli

Strateq.az