XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 15:42

Nikaha daxil olanlar icbari tibbi müayinədən necə keçəcəklər?

sehiyye.jpg

İyunun 1-dən etibarən nikaha daxil olanların icbari tibbi müayinədən keçirilməsi üçün Səhiyyə Nazirliyi hazırlıq işlərini başa çatdırıb

Səhiyyə Nazirliyinin bu gün keçirilən kollegiya icalsında Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Nazirlik tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında ” Qanun və 15 dekabrda Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq Fərmanına uğyun olaraq 2015-ci il iyunun 1-dən qüvvəyə minir.

Fərmanın icrası ilə bağlı, Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 aprel tarixində müvafiq qərar vermişdir. Qərara uyqun olaraq sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan tallasemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış

1. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı” ,

2. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” və

3. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilmişdir.

Qaydaya uyqun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçiriləcəkdir.

Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİçS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

Şöbə müdiri vurğulayıb ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

G. Poladov bildirib ki, qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.

Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilirilməlidir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

Qeyd olunub ki, arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.

Poladov qeyd edib ki, qarşıda qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işləri aparılmışdır. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin həyata keçirilməsinə cəlb edilən səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilmişdir.

Bu tədbirləri Azərbaycan Respublikasının regionlarında Mərkəzi Rayon Xəstəxanaların və ya Şəhər Xəstəxanalarının, Şəhər Səhiyyə Şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcəklər.

Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılmış və marşrutları müəyyən edilmişdir.

Eyni zamanda Hematologiya İnstitutunda talassemiyanın profilaktikası şöbəsi yaradılmışdır. Şöbə talassemiyanın təsdiqedici müayinələrin keçirilməsi üçün müasir standartlara uyqun bütün lazımı laborator avadanlıq və kadrlarla təmin olunmuşdur.

Səhiyyə Nazırliyinin 77 nömrəli əmrinə uyqun olaraq Rayon Mərkəzi Xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılmışdır. Yaradılan kabinetlərin həkimləri Akademik Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda 2 həftəlik və Respublika Talassemiya Mərkəzində 1 həftəlik təlim kurslarında iştirak etmişdilər. Həmçinin bu həkimlər Hematologiya İnstitutunda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmə qaydaları ilə bağlı təlimə cəlb olunmuşdurlar. Bu müəssisələrin laboratoriya həkimləri isə yerlərdə skrininq testlərin aparılması üzrə müvafiq təlim keçmişdirlər.

G.Poladov statistik rəqəmlərə nəzər salaraq qeyd edib ki, 2013-2014-cü illərin statistikası göstərir ki bir ilə orta hesabla Respublikamızda 85 -90 min nikah qeydə alınır. Bu isə 170 -180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24 % Bakı şəhərinin payına düşür, qalan 76 % Respublikamızın regionlarına aiddir. Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180 yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.

Səhiyyə naziri Oqtay Şirəliyev nikahdan əvvəl icbari tibbi müayinənin əhali üçün, gələcək nəsil üçün, bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, “Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımı tədbirlər yüksək səviyyədə hazırlanmışdır. Yerlərdə bu işin səmərəliliyin artırılması, yeni ailə qurmaq arzusunda olan, xoş əhval-ruhiyyədə müraciət etmiş gənclər elə xoş əhval-ruhiyyə ilə də qarşılanmalı, lazımi qaydada, yüksək səviyyədə müayinə olunmalıdırlar. Qeydiyyat, genetik müayinə, avadanlıqların alınması, görülən işlər, cəlb olunmuş mütəxəssislər bütün bunlar əhalinin sağlam gələcəyi üçün atılan addımlardır və hər
bir kəs öz işinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır”.

Kollegiya iclası barədə məlumatı Səhiyyə Nazirliyi Mətbuat Xidməti yayıb.

Strateq.az