XX yüzillikdə Hindistanın üç məşhur övladının – Böyük Ruhun, yəni Mahatma Qandinin, İndira və Raciv Qandilərin qətlə yetirilməsi bütün dünyada, özəlliklə isə Şərq aləmində çox ağır və faciəli yaşantılar doğurdu. (Yeri gəlmişkən, Mahatma Qandinin yetirmələrindən olan İndira Qandinin onunla heç bir qohumluğu yoxdur. “Qandi” İndiranın ərinin soyadıdır.)
İndira Qandi 1984-cü il oktyabrın 31-də ofisinə yaxınlaşarkən öz mühafizəçisi Bianta Sinkhin açdığı yaylım atəşindən həlak olur…
Və cəmi yeddi il sonra – 1991-ci il mayın 21-də isə oğlu – Hindistanın baş naziri Raciv Qandi qətlə yetirlir.
1944-cü ilin avqustunda anadan olmuş Raciv həmişə siyasətdən uzaq olub. O, İngiltərədə Kembric universiteində təhsil alarkən gələcək xanımı – italiyalı Soni ilə tanış olur. Hindistana qayıtdıqdan sonra bir müddət Hindistanın aviaxətlərində pilot kimi çalışır. Bu dövrdə heç vaxt siyasi karyera haqqında düşünməyən Racivi yalnız qardaşının ölümündən sonra parlamentə üzv olmağa razı sala bilirlər.
Zəhmli anasına baxanda Raciv daha sabitqədəm və barış ruhlu siyasətçi olub. Baş nazir seçiləndən sonra bürokratik aparatı ixtisar edir və hind biznesini canlandırmaqdan ötrü yeni iqtisadi islahatlar keçirir. Maraqlıdır ki, anası Sovet İttifaqı ilə sıx dostluğa üstünlük verirdi, Raciv isə, əksinə, Birləşmiş Ştatlarla münasibətləri möhkəmləndirməyə çalışır.
Hindistanı Hind okeanının superdövlətinə çevirmək üçün onun iddialı planları var idi.
ötən saylarımızda ətraflı məlumat verildiyi kimi, o, ölkənin silahlı qüvvələrini gücləndirməyə başlayır.
Bununla belə, Raciv də anası kimi qəflətən Hindistanın bütövlüyünü təhdid edən problemlə üzləşir. Lakin bu dəfə problemin kökü ölkə hüdudlarından kənardadır. 1983-cü ildə Hindistanın güney sahilindən 150 km məsafədəki Şri Lanka adasında iğtişaş alovlanır. Əvvəllər etnik azlığın sıxışdırdığı tamillər müstəqillik uğrunda coşqun mübarizəyə başlayırlar. Adanın quzeyində və qərbində yaşayan 3 milyon induist tamil Şri Lanka əhalisinin 20%-ni təşkil edir, qalanı isə buddaçı sinqallardır.
Şri Lanka Britaniyanın əsarətindən 1948-ci ildə azad oldu və sinqal çoxluq tamil azlığı sürətlə qısnamağa başladı.
1983-cü ildə Velopilay Braphakaranın komandanlığı ilə “tamil pələngləri”nin başçılıq etdiyi qəzəbdən yoğrulmuş silahlı üsyan qızışır. Sinqal çoxluqlu Şri Lanka hökumətinin və ordusunun reaksiyası son dərəcə amansız olur. Tezliklə tammiqyaslı vətəndaş müharibəsi başlanır.
Hindistan üçün problem bundan ibarət idi ki, 50 milyondan çox tamil ölkənin Şri Lankaya yaxın olan sahilyanı Demilnat ştatında yaşayır. Orada da ayrıca tamil dövləti haqda tələb irəli sürülür. Hindistan hökuməti nəinki qiyamçıları bağışlayır, hətta onların hazırlığı və mütəşəkkilliyinə yardım edir. Raciv eyni zamanda qiyamçılara müxtariyyət verməyə çağırmaqla sülh razılaşmasının əldə edilməsində Şri Lanka hökumətinə köməyini təklif edir.
Hindistanın böyük və bögəsəl dövlət olduğunu nəzərə alan Şri Lankanın prezidenti Cay Vardin könülsüz olsa da, danışıqlara gedir. Lakin növbəti iki ildə getdikcə aydın olur ki, hökumət problemin hərbi həllinə üstünlük verir. O, tamillərin dayağı olan Cafna yarımadasının dənizdən mühasirəsini təşkil edir ki, bu da kəskin şəkildə ərzaq çatışmazlığına səbəb olur. Sonra isə hərbi əməliyyat başlanır.
Nəhayət, 1987-ci il iyununda Racivin səbri tükənir. Hindistanın HHQ-nin AN-24 nəqliyyat təyyarələri sahilyanı bazadan havaya qalxır. Qırıcıların müşayiət etdiyi təyyarələr Cafna yarımadasına azuqə atır. çoxları bunu qanunauyğun humanitar aksiya kimi alqışlayır. Şri Lankanın üzərindən sərbəst şəkildə uçan hind təyyarələri sanki vurğulayır ki, Hindistan istədiyi yerdə öz iradəsini diqtə etməyə qabildir.
Cay Vardin hökuməti dərhal ciddi danışıqlara başlayır və 1987-ci il iyulun 29-da müqavilə imzalanır. Müqaviləyə görə, Hindistan sülhməramlı qüvvələr göndərməklə tamil pələngləri ilə Şri Lanka hökuməti arasında vasitəçi olacaq.
Sinqallar 1987-ci il iyulun 30-da Kolomboda müqaviləyə kəskin şəkildə etiraz edirlər. Raciv Şri Lankanın paytaxtında fəxri gözətçilərin qarşısından keçərkən dənizçilərdən biri ona hücum edir.
Yeni sülh müqaviləsi müharibənin qarşısını ala bilmir və Hindistanın sülhməramlı qüvvvələri tezliklə tamil pələngləri ilə münaqişəyə cəlb edilmiş duruma düşür. Tamilnadedə narazılıq yetişməyə başlayır ki, Hindistan açıq şəkildə sinqalların tərəfində durub və nəticədə Racivin xeyirxahlıq imicinə böyük zərbə dəyir.
1989-cu ilin dekabrında keçmiş maliyyə naziri, hazırda Canata Partiyasına başçılıq edən Vipi Sinq ümumi seçkilərdə Racivin Konqres partiyasını məğlub edir.
Hindistanın Şri Lankadakı sülhməramlı qüvvələri 1500-dən çox əsgər itirib və yeni hökumət onları adadan çıxartmağa başlayır. 4 aydan sonra hər şey başa çatır, lakin müharibə davam edir. Şri Lanka ordusunun tamillərə hücumu təzələnir.
Tamillərin bəzi qrupları sülhün əldə edilməsi xatirinə məhdud muxtariyyətə razıdır, lakin “pələnglər” tam müstəqillik əldə etmək niyyətindədirlər. Onlar yeni qorxunc silahdan – “canlı bomba”lardan istifadə etməyə başlayırlar. 1987-ci ildə ilk terakt baş verir: Şri Lanka ordusunun bazasına girən yük maşını partlayır və 50 nəfər həlak olur. Raciv müxalifətin lideri kimi bildirir ki, əvvəvlki kimi vahid Şri Lankanın lehinədir və hesab edir ki, Hindistanın qüvvələri durumu sabitləşdiməyə kömək etməlidir.
1991-ci ilin mayında Canatanın koalisiyası dağılır və ümumi seçkilər keçirilir.
Braphakaran narahat olur ki, Raciv hakimiyyətə qayıtsa, çox güman ki, Şri Lanka hökumətindən gizlicə məhdud müxtariyyəti qəbul etməyə hazır olan tamil qruplarına yenidən yardım etməyə başlayacaq. “Pələnglər”ə təzyiq son dərəcə artır və o, “tamil pələngləri”ni Racivi öldürməyə çağırır. Əməliyyat “pələnglər”in kəşfiyyat rəisi Svirasana tapşırılır.
Svirasan 1991-ci il mayın əvvəlində Güney Hindistanda Suxa və Danu adlı iki tamahgir qızı tamillərə hüsn-rəğbət göstərən Nalini adlı hind qadını ilə tanış edir. Suxa və Danu möhkəm əqidəli “tamil pələngi”dirlər. Onlardan biri Raciv Qandini məhv edəsi bomba olacaq.
Raciv mayın II yarısında Cinaya gəlməlidir ki, mayın 21-də axşam Şriprumbudurda mitinqdə çıxış eləsin.
Svirasanın planı belədir: paltarının altında partladıcı olan qızlardan biri Racivə yaxınlaşacaq ki, onun boynuna girlyand keçirtsin. Hər şeyin lap inandırıcı görünməsi üçün qızın yanında yerli fotoqraf da olacaq.
20 may 199
1-ci il, Nyu-Dehli. Raciv Qandi gündüz saat 3-də seçki kampaniyasının son mərhələsinə gəlir. O, Güney Hindistana turneyə çıxmaq niyyətindədir.
Bu arada Cinayda Svirasan Raciv Qandi əməliyyatına hazırlığı başa çatdırır. İnsan-bomba qismində Danu seçilib. Onun əynində yaşıl-narıncı rəngdə şalvar və on kiloqrama yaxın partladıcı olacaq.
21 may 1991-ci il, Cinay. Svirasan və onun insan-bombası 3.30-da yerli fotoqrafla görüşürlər. Onlar birlikdə Şriprumbudura gedən avtobusa əyləşirlər.
21 may, 1991-ci il, Güney Hindistan, Vişakapatam. Axşam saat 6.30. Raciv öz təyyarəsində Cinaya uçur. Yerli fotoqraf mitinqdə Danu ilə əllərində girlyandlar olan bir qrup qadının fotoşəklini çəkir. Svirasan sanki jurnalist kimi əlində bloknot yaxınlıqda durub.
Axşam saat 10-da həyəcanlanmış kütlə meydana girən Raciv Qandini salamlayır. Raciv camaatın arasından keçərkən hədiyyələri qəbul etmək üçün bir neçə dəfə dayanır.
Girlyandlı qadınlar ona yaxınlaşır, biri sanki onun ayağını öpmək üçün aşağı əyilir… Qəflətən partlayış baş verir. Raciv və daha 14 nəfər həlak olur…
Əvvəlcə hesab edilirdi ki, bomba məsafədən idarə olunub. Amma sonra qadının gövdəsində naqillər və qurşağın qalıqları tapılır. Bir qadının başı tapılır. Bu dəhşətli fotoşəkil mətbuatda çıxır və televiziyada göstərilir. Sonra kameranı tapırlar. Həlak olanlardan biri fotoqraf idi. Onda üç qadının və sanki, onlara dəxli olmayan bir kişinin fotoşəkli var.
Fotoşəkil dərc ediləndə qaçqın tamillər kişinin Svirasan, qadının isə Cinayda Nalini ilə birlikdə yaşamış qız olduğunu bildirirlər.
Svirasana görə, 1 milyon rupi mükafat elan edilir. Nəhayət, məlum olur ki, o, Banqalordakı evlərdən birində gizlənir.
Avqustun 18-də səhər polis binanı hücumla götürür. Aydın olur ki, Svirasan özünü güllələyib, digər altı tamil isə sianid içib. Cinayətkarlar tanınandan sonra Hindistan Braphakaranın təhvil verilməsini tələb edir. Lakin o, 2007-ci ildən Şri Lankaın şimal-qərbində azadlıqdadır.
24 may 1991-ci ildə Nyu-Dehlidə Timmurdimada Nehrunun evindəki matəm mərasimindən sonra Raciv Qandinin meyidini Cuna çayının sahilində yandırırlar.
O, 7 il əvvəl anasının dəfn tonqalını yandırmışdı, indi isə eyni ayini 20 yaşlı oğlu Rahul təkrar edir…
Qandi ailəsinin iki təmsilçisini öz xalqı üçü müstəqillik əldə etməyə çalışan fanatiklər öldürüblər. Və hər iki halda qətllər heç nə vermədi. Nə sikhlər, nə də tamillər müstəqil dövlət qura bildilər. Əksinə, daha çox günahsız adam həlak oldu…
Strateq.az