XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

31 May 2015 - 00:07

Azərbaycanda böyük bankların çöküşü gözlənilir – Təhlil

İkinci devalvasiya üçün bütün şərtlər yetişib

Neftin qiymətinin 60-65 dollar civarında sabitləşməsi ikinci devalvasiya qərarını bir qədər ertələsə də, ortadan qaldırmayıb. Konstitusiya Məhkəməsi dollarla verilmiş kreditlərlə bağlı mübahisələri bankların xeyrinə həll etdikdən sonra manatın dəyərinin növbəti dəfə ucuzlaşmasına hüquqi baxımdan maneə qalmır. Amma bu qərar verilərkən, təkcə iqtisadi səbəblər əsas götürülmür, ondan doğacaq siyasi nəticələr də bəri başdan götür-qoy edilir. Paralel olaraq, birinci devalvasiyadan keçən 3aylıq müddətdə baş verən proseslər təhlil olunur…

Bəs, fevralın 21-dən sonra Azərbaycanda nələr baş verdi? Əvvəlcə, buna göz ataq:

1. Dollarla kredit götürmüş vətəndaşlar, təxminən, 1.7 milyard manat zərərə düşdü;

2. Əmanətçilər banklardakı əmanətlərini dollara çevirməyə başladı, qısa müddətdə ABŞ valyutasında olan əmanətlərin həcmi 37 fazidən 67 faziə yüksəldi;

3. Banklar xarici borc öhdəliklərinə görə, külli miqdarda zərərə düşdülər. Xaric maliyyə qurumlarından alınan vəsaitlərin hamısı dollar və ya avro ilə cəlb olunub. Devalvasiya bankların onlara borcunun avtomatik olaraq 33 fazi artmasına səbəb oldu. Beynəxalq reytinq agentlikləri bir neçə iri bankın -“AGbank, “Dəmirbank”, “Bank Technique”-nin defolt həddinə gəldiyini, sərmayəçilərin müdaxilə etməyəcəyi təqdirdə, nizamnamə kapitalı ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyəcklərini elan etdi;

4. Qısa müddətdə banklarda problemli kreditlərin həcmi kəskin şəkildə artaraq rəsmi rəqəmlərə görə, 1 milyard manatı keçdi;

5. Banklar kredit verilişini dayandırmağa məcbur oldu və beləliklə, zərərin miqyası daha da genişləndi.

Yaranmış gərgin situasiyada hökumət və Mərkəzi Bank kommersiya qurumlarının xilası istiqamətində real addımlar atmadı. Konstitusiya Məhkəməsinin qərarı istisna olunmaqla, banklara ciddi dəstək ifadə olunmadı. Nəticədə problemlər yuvarlanan qar topası kimi böyüyüb bütün iqtisadiyyatı sarmağa başladı.

Devalvasiyadan sonrakı ay Mərkəzi Bankın ehtiyatları ilə bağlı açıqladığı rəqəmlər şokedici oldu. Manatın məzənnəsinin sərbəst buraxılması valyuta ehtiyatlarının qorunmasına gətirib çıxarmayib – 1 ay ərzində dövlət bankı daha 1 milyard intervensiyaya getməyə məbur olub. Sonrakı aylarda da Mərkəzi Bankın ehtiyatlarının azalması həmin sürətlə davam etdi. ötən ayın yekunlarına görə, Mərkəzi Bankın 15 milyard manat həcmində olan valyuta ehtiyatları 8 milyard civarında qalıb. Yəqin ki, başa çatmaqda olan may ayında da 1 milyard manata kimi azalma olacaq. Bu tendensiya Mərkəzi Bankı ikinci devalivasiyaya doğru sürükləyir.

Mərkəzi Bankin sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov dəfələrlə bildiriblər ki, manatın məzənnəsi nefin dünya bazarındakı qiymətlərindən asılı olacaq. Yəni, ölkəyə neft satışından nə qədər dolların gələməsi devalivasiya barədə qərarı şərtləndirir. Son 3 ayda neftin dəyəri büdcə proqnozundan 40 faiz az olaraq qalmaqda davam edib. Yay aylarında proqnozlar mənfiyə doğru dəyişir. Həm yanacağa olan tələbatın təbii olaraq azalması, həm də gələn ay İranla “altlılıq” arasında sazişin imzalanması “qara qızıl”ın dəyərini aşağı həddə saxlayacaq.

Deməli, devalvasiya üçün hökumətin qəbul etdiyi prinsipial şərt var – ölkənin əsas gəliləri azalmaqda davam edəcək və manatın kursu sərbəst buraxılacaq.

Manatın dəyərsizləşməsini sürətləndirən daha bir prosesi hökumətin özü aparır.

Son vaxtlar bankdan kredit götürüb qaytarmayan iş adamlarının həbsi ölkədən kapital axınını sürətləndirib. Proses nə qədər qanuni çərçivədə aparılsa belə, real şərtlər daxilində investisya mühitinə zərər vurur. Yayılan məlumatlara görə, imkanlı dairələr ölkədəki pullarını müxtəlif vasitələrlə xaricə daşıyaraq təhlükəsizliyinə təminat almağa çalışırlar. Azərbaycandan qaçırılan vəsaitlər, təbii ki, xarici valyutaya çevrilir. Bu da ölkədə dollara, avroya təlabatın artmasına səbəb olur.

Beləliklə, qaçılmaz görünən ikinci devalvasiya ilk zərbədən süst hala gəlmiş maliyyə sistemini iflic duruma sala bilər. Bankların öhdəlikləri həddən artıq çoxalıb. Geri qayıtmayan kreditlər artıb, üstəlik kredit verə bilmədiklərinə görə, gəlirləri kəskin azalıb. İkinci devalvasiya həm öhdəlikləri (bura depozitlərə görə faizlər vermək, xaricdən alınan kreditləri qaytarmaq daxildir) artıracaq, həm problemli kreditləri, həm də zərərin miqyasını böyüdəcək. Depozitlərə görə fazilər ödənilməyəndə isə əhali əmanətlərini geri çəkməyə başlayacaq…

Deməli, qarşıda bizi bank böhranı gözləyir. Bir neçə iri bankın özünü müflis elan etməsi qaçılmazdır.

Daha sonra dollarla kredit almış vətəndaşların durumu daha da pisləşəcək. Onların da banklar qarşısında borcları çoxalacaq ki, bu da sosial durumu pisləşdirməklə yanaşı, cəmiyyətdə gərgin situasiya yaradacaq.

Hökumətin, Mərkəzi Bankın hansı qərarlar alacağı məlum deyil. Rəsmi şəxslər sadəcə anons ediblər ki, ikinci devalvasiyanın olub-olmayacağı neftin qiymətindən aslıdır. Amma bankları, vətəndaşları zərərdən sığortalamaq üçün hansı addımlar atılacaq, bu, məlum deyil. Yəqin ki, həmişə olduğu kimi bu dəfə də böhran məngənəsinə düşən hər kəs öz başına çarə axtarmalıdır…

Tuqay Kərimli

Strateq.az