XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 12:58

Ukraynanı necə xilas etmək olar? –Təhlil

Soçidə bir neçə həftə əvvəl Rusiya prezidenti Vladmir Putinlə dövlət katibi Con Kerri arasında baş tutmuş görüş nikbinlik doğurur. Soyuq müharibə bu gün dünyaya daha az lazımdır – xüsusən də iki fövqəlnüvə dövlətinin qızğın şəkildə iştirakı ilə. Lakin müsbət diplomatik əlamətlər Ukrayna böhranının yekunlaşmağa yaxın olduğuna inam doğurub bizi sakitləşdirməməlidir. ölkənin şərqində hətta indi də hərbi əməliyyatlar hərdənbir qızışır və gərginləşmə tamamilə mümkündür.

Vitse-prezident Co Bayden mayın 27-də Brukinqs institutunda çıxış edərkən xəbərdarlıq etdi ki, Putin hökmən Qərbin basqısına tab gətirməyə, bəlkə də, Avropa Birliyini bu yay müddəti bitən Rusiyaya qarşı sanksiyaların vaxtını uzatmamağa inandırmağa, ya da hansısa yolla vaxt udmağa ümid edir.

Bizə böyük ideya – Şərqi Avropa üçün etibarlı və yeni təhlükəsizlik arxitekturası yaratmaqdan ötrü Ukraynanın bu prosesə qoşulması ilə Rusiya, Quzey Atlantika müqaviləsinin avropalı üzvləri və Birləşmiş Ştatların razılaşa biləcəyi kompleks tədbirlər zərfi lazımdır. Gərginlik başlamamış, Konqresin təzyiqi üzündən prezident Barak Obamanın Ukraynanın silahlandırılıması planına qarşı durmağı çətinləşməmiş və Amerika prezidentinin siyasətinə görə yoxlayıcı danışıqlar qeyri-mümkün olmazdan əvvəl diplomatiyaya daha bir şans verməyin vaxtıdır. Administrasiyanın Putini Ukraynanın şərqində problem yaratmağı dayandırmağa inandırmaq cəhdlərini ifadə edən siyasəti yetərincə səmərəli və əsaslı görünür. Obama Ukraynanın NATO üzvü olmadığını və istənilən digər münasibətlərdə ABŞ üçün həyatönəmli maraqlar kəsb etmədiyini anlayıb, ona görə Rusiya ilə hərbi qarşıdurmaya sürüklənməkdən imtina edir. Obama Putinin qəddar və savaşa girməyə hazır olduğunu bilərək həm də anladı ki, Amerikanın Ukraynanı silahlandırmaq qərarı Rusiyanın fəallaşmasına və münaqişənin güclənməsinə gətirib çıxardar. Obama neft qiymətlərinin düşməsinə görə Rusiyanın çətin vəziyyətdə olması ilə razılaşıb qərbli müttəfiqləri ilə birlikdə iqtisadi vintləri bərkitməyə cəhd edir. Lakin hələlik Rusiyaya qarşı total sanksiyalarla razılaşmır, çünki böhranın zəiflədilməsinə ümid edir. Həm də İran və Əfqanıstan məsələlərində indiyədək Rusiyanın Vaşinqtona köməyi lazımdır. ümid var ki, bir neçə ay əvvəl əsas tərəflər arasında imzalanmış və Ukrayna şərq bölgələrinə geniş müxatariyyət verəndən sonra sanksiyaların ləğvi, Rusiyanın isə oradan öz qoşunlarını çıxartmasını nəzərdə tutan Minsk razılaşması zaman keçdikcə sülh yaradacaq.

Obamanın strategiyası təməlcə səmərəli olsa da, tam mənasilə uğursuzluğa da düçar ola bilər. Atəşkəs haqqında qışda əldə olunmuş razılaşma Qərblə Moskva arasında mövcud olan təməl problemi – NATO-nun şərqə genişlənməsini həll etmir. Söz yox ki, Rusiya düşmən niyyəti olmayan, Rusiya sərhədləri yaxınlığında önəmli qoşun qruplaşması olmayan və əsas diqqəti Avropa daxilində demokratiya və sülh normalarının möhkəmlənməsinə yönəltmiş qurumun genişlənməsinə etiraz etməməlidir. Lakin biz amerikalılar əvvəllər bizə düşmən olmuş alyansın sərhədlərimizin yaxınlığında genişlənməsinə necə yanaşardıq? Bununla barışardıqmı? Bəlkə də, Rusiya öz tərəfindən NATO xüsusunda paranoyyaya görə haqlı deyil, lakin onun bu haqsızlığı təəccüblü deyil və insan təbiəti baxımından izah olunandır.

Qərb liderləri tez-tez rusları əmin edirlər ki, yaxın gələcəkdə heç kim Ukraynanın NATO-ya daxil olmasına şans verməyə hazırlaşmır, çünki orada dövlət idarəçiliyi sistemi zəifdir və hüquq normalarına pis əməl olunur. Lakin bu təminatlar ötəri xarakter daşıyır. Bu zaman mətnaltı məna bu cürdür: Ukrayna nə zamansa NATO-ya girmək təklifi ala bilər. Bu isə o deməkdir ki, Varşava müqaviləsinə qalib gələn və çərək əsr əvvəl Sovet Birliyinin dağılmasına səbəb olmuş həmin Qərb alyansı artıq tezliklə, ola bilsin, bir neçə on ildən sonra Rusiyanın mərkəzi bölgələrinə yaxınlaşa bilər.

Təkrar edirəm: NATO-da təcavüzkar və təhdidli heç nə yoxdur və mənim fikrimcə, əvvəllər Sovet Birliyinə daxil edilmiş Baltikyanı ölkələrin alyansa girməsi ilə onun genişlənməyə başlaması xüsusunda Rusiyanın vahiməsi hərbi baxımdan əsassızdır. Maraqlısı budur ki, Birləşmiş Ştatlar yeni üzvlərin ərazisində heç vaxt hücum xarakterli əməliyyat keçirəsi əhəmiyyətli hərbi qüvvə yerləşdirməyib və hətta ötən il Ukrayna böhranı başlanandan bəri onların reaksiyası kifayət qədər boğuq olub.

Lakin durum ABŞ-ın baxımından bu cür görünür və bu, hərbi təhlildir. Rusiyalıların çoxu üçün isə NATO-nun genişlənməsi hətta lap birbaşa fiziki təhdid yaratmasa da, Amerika zəfərinin ifadəsidir və bu onları hövsələdən çıxardır. Qoy hərbi olmasın, lakin psixoloji təhlükə. Ukraynanın Avropa Birliyinə mümkün girişi özlüyündə təşviş doğurur, Kiyevin NATO-ya qəbul edilməsi isə – geostrategiya baxımından – artıq ağ eləməkdir.

Buna görə də Putinlə hansısa bir sövdələşməyə gəlməkdə müəyyən məntiq var – hətta bu, ABŞ və onun NATO üzrə tərəfdaşlarının zövqüncə olmasa da. Bu cür tədbirlər zərfi çəçivəsində onlar bildirməlidirlər ki, Ukrayna və bu gün NATO-ya daxil olmayan keçmiş sovet respublikaları daxil olma barədə heç vat təklif almayacaq – ən azı, gələcəkdə Moskva bu cü fikrə razılıq verməyincə.

Brüssel, Vaşinqton və başqa Qərb paytaxtları tərəfdən bu cür zəmanətə görə bədəl baha olacaq. Rusiya Minsk sazişinə uyğun olaraq Ukraynanın şərqindən öz qoşunlarını çıxartmalı olacaq. O, separatçılara təzyiq göstərməli olacaq ki, onlara hansısa səmərəli muxtariyyət dərəcəsi verən sülh sazişi ilə razılaşsınlar. Minsk sazişində bu barədə artıq müəyyən məqamlar var, lakin hələlik Moskvanın onu dəstəklədiyini görmürük. Rusiya gələcəkdə mövcud sərhədlər boyunca Ukraynanın suverenliyinə zamin durmağa və qalan bütün qonşularla oxşar vəd verib müqavilə ilə möhkəmləndirməyə razı olmalıdır.

ATƏT tipli bitərəf qurum bu maddələrin yerlərdə icrasına nəzarət üçün qeyri-müəyyən müddətə səlahiyyət alacaq. Moskva da bir neçə ildən sonra Ukraynanın AB-yə daxil olmasına razılaşmalı olacaq. Moskva bu öhdəlikləri yerinə yetirməsə, gələcəkdə Ukraynanın NATO-ya daxil olması məsələsini nəzərdən keçirtmək mümkündür. Və belə olan halda həmin məsələdə Moskvanın səs hüququ olmayacaq.

Krımın tarixi və etnik tərkibi nəzərə alınmaqla bu məsələdə bir neçə variant ola bilər. Yəni bu məsələnin həlli Şərqi Ukraynadakı kimi olmaya bilər. Ola bilsin ki, onun gələcəyinin təyin edilməsi üçün beynəlxalq müşahidə altında (nəticəsi Putinin keçən
il təşkil etdiyi butafor referendum kimi ola biləcək) referendum keçirtmək lazımdır.

Bundan başqa, bu problemin həllini, sadəcə, daha sonrakı müddətə qədər təxirə salmaq olar. Ola bilsin ki, Rusiya bu məsələnin həlli üçün Kiyevə böyük məbləğdə pul ödəməyə razılaşar və bu bölgənin keçmiş sahibi kimi hüququnu özünə qaytarar.

Kimsə Putinlə bu cür sövdələşməni əmin-amanlıq adlandıra bilər. Lakin bu gün qərarlaşdığımız siyasi trayektoriya Ukrayna xalqı üçün yuxarıda təsvir edildiyindən daha pis nəticə verə bilər. Bundan əlavə, Putin və Rusiya xalqı təcavüzə görə əməlli-başlı cəzalandırılıb. Əlbəttə, Rusiyanın davaranışında dəyişiklik olmayınca, bu cəzanı saxlamaq lazımdır. Lakin cəza tədbirləri atıq yetərincə sərtdir və təcavüzə görə Putinin heç bir mükafatı olmayacaq.

Əsas məsələ sıradakıdır: Ukrayna böhranına görə günahın əsas qismini Putin daşıyır. Onu gələcəkdə bu cür davranışdan özünü saxlaya biləcəyi nöqtəyə qədər apara bilsək, hamımıza daha yaxşı olacaq. Tam bir sıra kürəsəl məsələlər üzrə Rusiyanın əməkdaşlığı və yardımı bizim üçün son dərəcə vacibdir, Ukraynada böhranın davam etməsindən təhlükə isə olduqca böyükdür və çıxış yolu imkanımız varsa, bu yolda qala bilmərik. Heç bir razılaşma Ukrayna xalqının maraqlarına ziyan vurmamalıdır. Həm də Qərb güc mövqeyindən danışıq aparmağa qabildir. Lakin bununla belə, bu cür danışıqları aparmalıdır.

Maykl O’Hənlon – Brukinqs İnstitutunun baş elmi əməkdaşı

“Politico” (ABŞ), 01.06.2015