XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 06:35

İranlı general Bəşər Əsədin köməyinə gəlib – Təhlil

Bəşər Əsəd əks-hücuma hazırlaşır

“La Stampa” yazır ki, Dəməşq rejimi Suriya ərazisinin 40%-dən azına nəzarət edir. Əsədin ümidi yalnız tarixi müttəfiqləri və Putinə qalır. Bir neçə hərbi məğlubiyyətə uğramış Bəşər Əsəd cavab zərbəsi hazırlayır: sərəncamında qalmış ərazidə nəzarəti gücləndirir və silahlanmış şiə birləşmələrinin köməyi ilə əks-hücuma hazırlıq görür.

Əsəd üçün hazırda dollar mühüm önəm kəsb edir. İran ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin bu yaxınlardakı səfəri Tehranın ən yaxın vaxtlarda Dəməşqə 1 milyard dollar həcmində kredit xətti açacağı açıqlaması ilə üst-üstə düşdü. Yeni vəsait ölkəyə neft, elektrik, rejim üçün qida məhsullarının tədarükünə qarant rolunu oynayacaq. Lakin əslində, İran pulları həlak olmuş əsgərlərin qohumlarına güzəşt və rifah təminatına və hərbi əməliyyatların gedişatında qiyamçıların dağıtdığı və Əsədin çevrəsindəkilərə aid olan evlərə görə müavinətlərin ödənilməsinə gedəcək.

Amerika və ərəb qaynaqlarının məlumatına görə, əks-hücuma hazırlığın məqsədi Dəməşqin mühasirəyə alınmasına imkan verməməkdir. Quzeydən tərkibində “ən-Nusra” olan “Fəth ordusu”, şərqdən İŞİD, qərbdən isə qərbyönlü birləşmələr şəhərin üzərinə gəlir.

“Hizbullah”ın lideri Həsən Nəsrullahın çıxışı hadisələrin gedişini sürtələndirə bilər: “Əsəd çöksə, biz uduzacağıq”.

Livanın “Hizbullah” partiyası Suriyaya 5 000 nəfər göndərib, şiələrin, o cümlədən gənclərin cəlb edilməsini sürətləndirib, dostlardan və xristianlardan könüllü dəstələr təşkil edir.

Əsəd qısa müddətdə şiə birlikləri, iraqlı, ərəb və pakistanlılarla qarşılıqlı şəkildə hərəkət edəcək güclü piyada-hücum birləşmələri yaratmağı planlaşdırır və artıq 10-15 min nəfərlik qüvvəsi var. Bu mini-ordunun yaradılmasının rejissoru isə iranlı general Qasım Süleymanidir. Təyyarələr, tanklar, artilleriya və Əsədin seçmə qoşunları şiə birləşmələri ilə birlikdə əks-hücuma keçməyə qabildir. Hücumun məqsədi qiyamçı cihadçıları məğlub etməklə xilafətlə mübarizədə Əsədin rolunu bəyan etmək və ən önəmli strateji müttəfiq – Putin Rusiyasının köməyi ilə böhranın siyasi nizamlanmasını həyata qaytarmaqdır.

çeçen gəncləri İŞİD sıralarına daxil olur

“Le Monde”-un yazdığına görə, gənc çeçenlər din uğrunda vuruşmaqdan ötrü Suriya və İraqa gedirlər. Urus-Martanov rayonununun Yandi-Qatar kəndində indi ancaq xarabalıqlar görmək olar. Evlərin yerlə yeksan edilməsi yaraqlıların 2014-cü il dekabrın 4-də Qroznının lap mərkəzində təşkil etdiyi qanlı hücuma kiçik müsəlman respublikasının rəhbəri Ramzan Kadırovun sarsıdıcı cavabıdır. Hücum edənlərin qohumları kimi şübhəli bilinən kənd sakinləri evlərindən məhrum oldular və həm də çeçenistan ərazisində qalmaq onlara qadağan olunub.

Hücum edənlər haqqında az şey məlumdur, lakin bir sıra videolara nəzər salarkən aydın olur ki, onlar “Qafqaz Əmirliyi”nin adından hərəkət ediblər. Hələ bu yaxınlarda deyirdilər ki, qrupun üzvləri meşələrə çəkilib, lakin artıq bu günlərdən döyüşçülərin yolu Hələbə, Suriyanın quzeyinə doğru uzanır.

ABŞ və Kanada İnstitutu Yaxın Şərq münaqişələrinin analizi Mərkəzinin direktoru Aleksandr Şumilinin sözlərinə görə, “Qafqaz Əmirliyi”nin rəhbərləri İŞİD-ə biət ediblər, Quzey Qafqaz isə xilafətin tərkib hissəsi olub.

Mayın 27-də Urus-Martanov rayonunda şəhər məhkəməsi xarici dövlətin ərazisində Rusiyanın maraqlarına qarşı çıxış edən silahlı qruplaşmanın fəaliyyətinə qoşulmuş 23 yaşlı Aslan Baçayevi 5 illik həbs cəzasına məhkum etdi.

çeçenistana “qayıdış” son dərəcə az-az hallarda baş verir, çünki cihadçılarla azdan-çoxdan qohumluq amansız repressiyalara – həbs və işgəncələrə səbəb olur.

FTX-nin başçısı Aleksandr Bortnikov bu ilin fevralında Vaşinqtonda terrorizmlə mübarizəyə həsr edilmiş sammitdə çıxış edərkən məlumat verdi ki, İŞİD-in tərəfində 1700 Rusiya vətəndaşı vuruşur və son bir ildə onların sayı iki dəfə artıb. Onların əksəriyyəti çeçenlərdir və komandirləri Əbu ömər əl-Şişanidir. Hazırda ən güclü səhra komandirlərindən biri hesab edilən Tarxan Batiraşvili elə odur.

Şumilin deyir: “Yaraqlılar meşədə heyvan kimi yaşayırdılar, Suriyada isə maaş alırlar, mənzilləri var”.

O, həm də bildirir ki, cihadçıların qayıdışı təkcə Avropa ölkələrində deyil, Putində də narahatlıq doğurur.

“Rusiya Əsəddən əlini götürməyəcək”

“The Jerusalem Post” qəzeti (İsrail) yazır: Səudiyyə Ərəbistanının dəstəklədiyi bəzi qəzetlər anonim qaynaqlara əsasən bildirir ki, Rusiya Əsəd rejimini taleyin ixtiyarına buraxacaq və əksər məmurlarını, hərbi ekspertlərini Suriyadan çıxardacaq. Lakin ekspertlər hesab edirlər ki, çətin ki Rusiya Əsədi müdafiə etməkdən əl çəksin.

Nikolay Kojanov (Moskva, Karnegi Mərkəzi) qəzetə bildirib ki, “Sünni mətbuatının məlumatına bir qədər şübhə ilə yanaşmaq lazım gəlsə də, Rusiya Əsədə qarşı yüzfaizlik inam bəsləmir. Birincisi, Əsəd əvvəllər Qərblə yaxınlıq axtarırdı və yalnız vətəndaş müharibəsi başlanandan sonra ehtiyat varianta – Rusiya ilə alyansa keçdi. İkincisi, Rusiya bundan qabaq Əsəddən xahiş etdi ki, Suriyada sığınacaq axtaran çeçen yaraqlılarını ölkədən qovsun, lakin o, imtina etdi. Hətta şayiələr gəzir ki, indi elə həmin çeçenlər Suriya rejiminə qarşı vuruşurlar”.

Kojanovun fikrincə, “çətin ki, Putin hökuməti Əsədə dəstəyini dayandıra, lakin sekulyar rejimin saxlanmasına zəmanət verən alternativ meydana çıxarsa, müəyyən bir məqamda “şəxsi dəstəyini” kəsə bilər”.

Ariel Koen (Atlantic Council и Center for Energy, Natural Resources and Geopolitics в Institute for Analysis of Global Security) bəzi Rusiya diplomatları və onların ailələrinin köçürülməsini onunla izah edir ki, Əsədin vəziyyəti ağırlaşıb. O, həmçinin ehtimal edir ki, hərbi yardım və digər dəstəklər adi məcrada davam edəcək.

Koen bildirir: “Kreml etibarlı müttəfiq olduğunu və rejimi onun iflasına qədər dəstəkləyəcəyini sərgiləməyi zəruri hesab edir”.

O, həm də hesab edir ki, Rusiya bölgənin qeyri-sünni rejimlərini özünə potensial müttəfiq sayır.

Strateq.az