XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 16:32

Ziya Məmmədov xarici dəstəyə əl atır: rəqibləri oliqarxı küncə sıxıb

“Son bir il ərzində Nəqliyyat naziri Ziya Məmmədov və yaxın çevrəsində baş verən gərgin proseslər səbəbsiz deyil. Hakimiyyətdəki bir neçə qrup nəqliyyat nazirini «taxt»dan salmaq üçün güclərini birləşdiriblər və onu Prezidentin gözündən salmağa müvəffəq olublar. Əslində, Ziya Məmmədovun özünün iddialı davranışları da ona olan etibarın itirilməsində daha çox rol oynayıb və artıq onu hakimiyyətdə saxlamaq olduqca riskli, hətta təhlükəli bir işə çevrilib”.

Bu fikirləri Strateq.az-a hakimiyyətdaxili prosesləri dərindən izləyən ekspertlərdən biri deyib. Həmin ekspertin fikrincə, əvvəlki illərdən fərqli olaraq, indi Ziya Məmmədova basqılar daha çoxşaxəli istiqamət alıb və Nəqliyyat nazirini əməlli-başlı çaşdıraraq, dalana dirəyiblər: “İndi rəqibləri Ziya Məmmədovun təkcə vəzifəsindən uzaqlaşdırılmasına yox, həm də cəzalandırılmasına çalışırlar. Əgər bir neçə ilə qabaq Ziya Məmmədovun adı baş nazir olmaq istəyən 3 əsas iddiaçı sırasında çəkilirdisə, indi o, seçkidən sonra yola salınacaq 3 əsas nazirdən biri sayılır. Hətta onun həbs edilməsi üçün kompromat toplayan, hazırlıq görən güclər də ortaya çıxıb”.

Müsahibimiz deyir ki, Ziya Məmmədov da özünə qarşı qurulan bu təhlükəli plandan xəbərdardır və bu hücumları dəf etmək üçün bir tərəfdən ölkə rəhbərliyinin gözündə əvvəlki etimadını bərpa etməyə, o biri yandan da onu sıxan oliqarxlara qarşı güc nümayişinə əl atıb: «Ziya Məmmədovun Avropa Oyunları ərəfəsində şəxsi təşəbbüsü ilə ölkəyə yeni avtobuslar gətirməsi, oyunların təşkili işində maddi-texniki dəstəyini əsirgəmədiyini göstərməsi ölkə rəhbərliyi yanında zədələnmiş nüfuzunu bərpa etmək cəhdidirsə, oğlu Anar Məmmədova “Makedoniyanın Azərbaycandakı fəxri konsulu” adının verilməsinin təşkli və “Buta”dakı rəsmi ziyafətdə iştirakının təmin edilməsi, bu gün isə ABŞ səfiri Sekutanın nazirlikdə qəbulu rəqiblərinə qarşı güc nümayişi kimi anlaşılmalıdır”.

Mənbəmizin dediyinə görə, Ziya Məmmədovun artıq xarici dəstəyə bel bağlaması onun ətrafında həlqənin get-gedə daraldığını göstərən faktlardandır: “Səfirlə bu görüşün Ziya Məmmədova qarşı rəsmi şəxslərin və medianın üzərinə gəldiyi vaxt baş tutması təsadüfi deyil. Xatırlayırsınızsa, bugünlərdə Milli Məclisin təcrübəli və hakimiyyətiçi prosesləri yaxşı bilən deputatlarından sayılan Musa Quliyev Sabir Rüstəmxanlı ilə söz atışmasını qəfildən Ziya Məmmədovun əleyhinə çevirdi. Diqqət yetirdinizsə, Musa Quliyev Sabir Rüstəmxanlının çıxışından bir neçə saat sonra, özü də fasilədən sonra gəlib “Qudan nazirdir, get, ona de” şəklində ifadə etdi. Bu hadisədən qabaq isə Vergilər Nazirliyi Ziya Məmmədova yaxın şəxslərin vergi borclarını açıqlamışdı. Halbuki, Ziya Məmmədovun doğulduğu Qazıqumlaq kəndində tikdirdiyi villanın bir hissəsinə çəkilən xərclər bu şirkətlərin neçə illik borcunu ödəməyə bəs edər… Demək ki, hakimiyyət içərisindəki bir neçə qrup Ziya Məmmədova qarşı münasibətin dəyişdiyini, ona qarşı hansısa sərt tədbirlərə əl atılacağından xəbərdardır”.

Mənbəmizin iddiasına görə, dəstək üçün Ziya Məmmədovun xaricdəki dostlarına üz tutması bu arada onun lehinə deyil, əleyhinə işləyən və həm də onu birdəfəlik bitirəcək ciddi faktora çevrilə bilər: “Son bir həftə ərzində nazirin oğlu və özünün xarici dairələrlə təmaslarının mediada bu şəkildə işıqlandırılması yaxşı təəssürat yaratmır. Açıq-aşkar görünür ki, Ziya Məmmədova yaxın saytlar bu əlaqələrin geniş təqdimatında maraqlıdırlar. Bu, nəyə, kimə mesajdır? ölkə rəhbərliyi belə şeyləri qətiyyən xoşlamır. Məgər Fərhad Əliyev elə xarici təmasların qurbanı olmadımı? İndi kimlərsə o yolu getmək istəyirlərsə, keçmiş nazirin aqibətindən dərs almalıdırlar”.

F.ƏHMƏD,

Strateq.az