XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2016 - 14:57

Azərbaycanla İran arasında növbəti razılaşma- Birgə işçi qrup yaradılır

rabite-2

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun xüsusi rolu var.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu fikir rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mahmud Vaezini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif olunmağı münasibətilə təbrik edib.

Nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun xüsusi rolunu qeyd edib.

Səmimi təbrikə görə minnətdarlığını ifadə edən M.Vaezi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirib.

Görüş çərçivəsində müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq sənədin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alınıb.