XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 08:43

Elmar Vəliyev: “Mənə aidiyyəti yoxdur” – Rəsulzadənin büstü yenə qapanıb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rəhbərlik etdiyi şəhərdə bir müddətdir davam edən büst qalmaqalına münasibət bildirib. İcra başçısı Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin büstünün illərlə torba keçirilərək saxlanılması ilə bağlı qısa danışıb.
Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, icra başçısı bu məsələnin ona aidiyyəti olmadığını deyib: “Aidiyyəti üzrə müraciət edin. Həmin park Dəmiryol İdarəsinin balansındadır”.
Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəli ilə bağlı uzun müddətdir qalmaqal yaşanır. Qalmaqal qısa müddətli nəticə də verib. Belə ki, iyunun 1-də abidənin üzərindəki çuval götürülüb. Ancaq iyunun 1-də açılan büst ayın 2-də yenidən qapadılıb.
Xatırladaq ki, bu məsələ parlamentin sonuncu iclasında da müzakirə edilmişdi. Deputat Sabir Rüstəmxanlı Rəsulzadənin büstü ilə bu cür davranışa görə Gəncə Şəhər İcra Hakimiyyətini sərt formada tənqid etmişdi.
Deputat Musa Quliyev isə həmkarının bu tənqidinə sərt formada cavab verərək demişdi ki, S.Rüstəmxanlı ilə nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Həmin park da Nəqliyyat Nazirliyinin balansındadır.
“Qudasından xahiş etsin, büstün başına keçirilən çuvalı çıxartdırsın” – deyə M.Quliyev məsələyə öz münasibətini bu formada bildirmişdi.
Bundan sonra məsələyə Z.Məmmədovun deputat qardaşı Elton Məmmədov da qarışmışdı və Musa Quliyevi boş-boş danışmaqda suçlamışdı.
Bu məsələ mətbuatda və sosial mediada hələ də müzakirə olunur.