XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 09:07

Rəcəb Tayib Ərdoğan – bir başarının sirri

Bu həftə Türkiyə üçün əlamətdar olacaq. Həftənin son günü ölkə əhalisi özünün təmsilçilərini müəyyənləşdirib növbəti parlamentə mandat verəcək. Bu dəfə də AKP-nin ən çox səs toplayan partiya kimi sandıqdan çıxacağı gözlənilir. Hər halda, seçkiqabağı bütün rəy sorğuları belə deməyə əsas verir. Müxtəlif təşkilatlar tərəfindən keçirilən sorğulara görə, AKP seçicilərin, ən azı, 43 faizinin səsini toplayacaq. Seçkinin nəticələri bundan bir qədər əskik və ya artıq da ola bilər. Fəqət Türkiyədə qüvvədə olan seçki qanunvericiliyinin tələbləri 50%-dən az seçicinin səsini toplamasına baxmayaraq, millət vəkillərinin böyük qisminin AKP-dən seçilməsini təmin edə bilər. 2001-ci ildə qazandığı ilk seçkilərdə sadəcə 34.43 % səs toplayan AKP-nin parlament üzvlərinin böyük əksəriyyətini öz sıralarından çıxarması bunun ən bariz örnəyidir. Yenə eyni qanunlarla AKP-nin növbəti dəfə Türkiyə hökumətini qurmaq səlahiyyəti qazanacağı güman olunur.

Sözsüz ki, 2001-ci ildən bəri keçirilən bütün seçkiləri qazanan, əzici çoxluqla konstitusiyanı belə dəyişdirmək iqtidarına yüksələn AKP-nin indiyə qədər misli görünməmiş uğurlarının bir çox səbəbləri var.

Ərdoğana qibtəylə yanaşan rəqibləri bu başarının sirrini daha çox xarici amillərə bağlayırlar. Onların fikrincə, ABŞ öz Yaxın Şərq siyasətində güclü partnyor yaratmaq üçün AKP liderini qəsdən şişirtmiş, bütün rəqiblərini ortadan qaldıraraq onu alternativsiz siyasi xadimə çevirmişdir.

İnsafən, bu arqumentdə həqiqət payı az deyil. Türkiyə siyasi həyatının son 15 illik tarixinə nəzər salanda, doğrudan da, bəzi proseslərin şüurlu şəkildə alternativsiz lider yaratmaq istiqamətində yönləndirildiyinin şahidi oluruq. Xüsusilə, CHP-nin keçmiş lideri Dəniz Baykalın şəxsi həyatıyla bağlı üzqızardıcı kasetlərin ictimailəşdirilməsi və onun siyasət səhnəsindən uzaqlaşdırılması, yerinə heç bir siyasi çəkisi olmayan Kamal Kılıçdaroğlunun gətirilməsi irəli sürülən ehtimalı qüvvətləndirir. Bu “qurşaqdanaşağı zərbə”lərlə, faktiki olaraq, Türkiyənin ana müxalifət partiyası ölümcül hala gətirildi, onun üzərində Ərdoğansız Türkiyənin kimlərin ümidinə qalacağını əyani şəkildə göstərmək üçün alternativ obrazı yaradıldı və xalqa “ikisindən birini seç” mesajı verildi.

Eyni sözləri Türkiyənin köklü partiyalarından olan, öz məfkurəsini Türk millətinin tarixi dəyərlərindən alan MHP üçün də söyləmək mümkündür. Hərçənd, Dövlət Baxçalı siyasi kimlik etibarilə Kılıçdaroğlundan daha güclü fiqurdur. Bununla belə, o da bütün milli məfkurə daşıyıcılarının dəstəyini qazana bilmədiyindən Ərdoğanın alternativi olacaq səviyyədə deyil.

Sözsüz ki, bu iki partiyanın xüsusi olaraq seçilməsinin və zəif duruma düşürülməsinin önəmli səbəbləri var. Atatürkün qurduğu və hələ də dayaqları tam olaraq sarsılmayan Türkiyə cümhuriyyətçiliyinin iki başlıca özünümüdafiə refleksi mövcuddur. Bunlardan biri CHP-nin davam etdirdiyi sosial-demokratlıq, digəri isə MHP timsalındaki Türkçülükdür.

Əslində zaman-zaman bir-biriylə çarpışan bu iki məfkurə II Dünya Müharibəsindən sonra parçalanmaq məcburiyyətində qalmış Kamalizmdən qaynanır. Atatürkün zamanında həm millətçilik, həm də sosializm düşüncəsi rəvacda olduğundan bu iki düşüncənin sintezindən yoğrulan nasional-sosializm axını doğmuş, mahiyyət etibarilə milli sosialist dövlət qurmaq hədəflənmiş, həm qlobal imperializmə, həm də SSRİ-nin yaydığı kommunizmə qarşı dirəniş ideologiyası formalaşdırılmışdır. Bu gün nə qədər təhlükəli ideologiya kimi görünsə də, nasizm əslində anti-imperialist bir düşüncə sistemi idi və I, II Dünya müharibələri zamanında xeyli tərəfdar toplaya bilirdi. Atatürk və ondan sonra İnönü də bu düşüncədən xeyli təsirlənmiş, Türkiyədə nasizmin tələblərinə uyğun siyasi rejim qurulmuşdur.

II Dünya müharibəsindən sonra nasizm bir düşüncə olaraq mübarizə apardığı iki qüvvəyə qarşı məğlubiyyətə uğramış, müharibədə fəal iştirak edən nasist dövlətlər tamamilə işğala məruz qalmışdır. Türkiyə kimi bu siyasi axını sadəcə qəlbən dəstəkləyənlər isə öz daxilində islahatlar aparmış, siyasi iradələr iki ideoloji faktorun sintezini parçalamağa məcbur olmuşdular. Beləcə, həm sosialist, həm millətçilik təməlləri üzərində qurulan Kamalizm iki fərqli hissəyə bölünmüşdür: sosial-demokratlara və millətçilərə.

Zaman-zaman bir düşüncənin iki müxtəlif tərəfləri arasında mübarizələrə səhnə olan Türkiyədə heç birinin digəri üzərində qələbəsi təmin olunmamışdır. Hərbi çevrilişlərlə tərəflərin tam və qəti qələbə çalmasını əngəlləyən güclər bununla da əslində Kamalizmi daxili hesablaşmalara yönləndirərək zəiflətmiş, həm də geopolitik önəm daşıyan Türkiyənin indi dayandığı yerdə tutmağa çalışmışlar. Nədən ki, sosial-demokratlaşan CHP-nin siyasi fəaliyyəti, istər-istəməz, Türkiyədə SSRİ-nin əlini gücləndirə və Qərbin komminizmə qarşı açdığı cəbhənin tam qırılma nöqtəsində yerləşən ölkə rəsmi Moskvanın təsir dairəsinə keçə bilərdi. Zamanla bu iki siyasi axın arasında mübarizənin SSRİ təhlükəsini azaltmadığını görən Qərb imperializmi Kamalizmin qalıqlarına qarşı yeni bir alternativ ortaya çıxartdılar. Bu alternativ hər iki cəbhəyə xor baxan islamçı bir anlayışdı.

II Dünya Müharibəsindən sonra Türkiyədə artıq ciddi şəkildə Kamalizmə qarşı yaranan və getdikcə güclənən islamçı cərəyan Adnan Menderesin rəhbərliyi altında hakimiyyətə gəlmiş, daha sonra Atatürkçü reflekslərin fəaliyyətə keçməsiylə devrilmişdir. Adnan Menderes çevrilişdən sonra asılsa da, onun təməllərini atdığı məfkurə yaşamış və yayılmışdır. Bunun başlıca səbəblərindən biri islamçı düşüncənin sosial bazasını formalaşdıran İmam-Xatib litseyləri idi. 1951-ci ildə Adnan Menderes hakimiyyətinin ilk fəaliyyətə məhz bu litseylərin açılması ilə başlaması təsadüfi deyildi.

Menderesin asılmasından sonra nasional-sosialist olan Kamalçılığın təməllərinin yalnız sivil yolla dəyişdirməyin mümkünsüzlüyünü anlayan Qərb imperializmi Türkiyə siyasi orqanizminin yad elementlərə qarşı refleksini zərərsiz hala gətirmək üçün fəaliyyətə hərbi sahədən başlamağa qərar verdi. çünki Türk ordusu bu ölkənin ideoloji təməllərini qoruyan, yeri gələndə, hərbi müdaxilələrdən çəkinməyən xarakterə malik idi. Orqanizmin əsas refleksi olan bu sistemin beyin mərkəzi dəyişdirilməsə, qardaş ölkədə həyata keçiriləcək heç bir islahatın nəticə verməyəcəyi aydın idi. Fəqət Türkiyənin yerləşdiyi bölgə və SSRİ-Amerika arasında soyuq müharibənin ən qızğın çağının yaşanması bu refleks üzərində radikal və təcili tədbirlər görməsini çətinləşdirirdi. Hər şey gözlənilməz nəticələr verə bilərdi. Görünür, məhz bu səbəbdən Türk ordusunda islamçı qüvvələrə xoşgörüylə baxan əsl söz sahibinin ən yüksək posta gətirilməsi, təxminən, 20 il zaman aldı. 20 ildən sonra isə Türkiyə tarixinin ən diktator liderlərindən sayılan Kənan Evrənin 10 il davam edən xunta rejimi başladı.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə yetkilisi Paul Henzin “bizim uşaq” dediyi Kənan Evrənin 1980-ci illərdə həyata keçirdiyi hərbi çevriliş nəticəsində Kamalizmin bu iki qalığı ciddi təzyiqlərə məruz qalmış və onların yerinə islamçı qüvvələr gətirilmişdir. Məhz bu hadisədən sonra Türkiyə siyasətində islamçı qrupların daim aktiv durumda olduqları müşahidə olunmuşdur. Bunun səbəbi, təməlləri Adnan Menderes tərəfindən atılmış dini məktəblərin yenidən rəvaca mindirilməsiydi. Bunu Türkiyənin dini məktəblər şəbəkəsinin ən önəmli sahiblərindən sayılan Fəthullah Gülən də etiraf edərək deyir: “Evrən Paşa seçməli din dərslərini məcburi hala gətirərək faydalı iş görmüşdü. Gənclərin çoxu onun bu icraatları sayəsində dini dərslərdən öz nəsibini almışdır”.

Ərdoğan da əslində Fəthullah xocanın dediyi “dini tədrisdən öz nəsibini alanlar”dandır. Baxmayaraq ki, o, təhsil aldığı İmam Xatib litseyindən Kənan Evrən hakimiyyətindən çox-çox əvvəl – 1972-ci ildə məzun olmuşdu. Fəqət onun indi də xitab etdiyi sosial bazasının böyük əksəriyyətinin həmin “nəsib almışlardan” təşəkkül tapdığını düşünsək, Ərdoğanın Kənan Evrəndən şikayətlənməsini və onu urvatsız şəkildə son mənzilə yola saldığını anlamaq çətindir.

Bütün bu xarici faktorlarla yanaşı, Ərdoğanın Türkiyə tarixində indiyə qədər misli görünməmiş başarısında yerli və öz siyasi xarakterindən qaynaqlanan amillər də önəmli rol oynamışdır. Şərti olaraq daxili amillər adlandırdığımız bu faktorları əsasən iki hissəyə ayıra bilərik – obyektiv və subyektiv faktorlar.

Obyektiv faktorlar qrupuna Türkiyənin uzun illərdən bəri içərisində bulunduğu siyasi sistemin artıq köhnəlmiş və xalq tərəfindən rədd edilən dinamikləri, xalqın uzun tarixə söykənən qan yaddaşında oturuşmuş təsəvvürləri aiddir.

Subyektiv amillərə isə Ərdoğanın şəxsi xarakterindən gələn, yuxarıda bəhs etdiyimiz xarici və daxili obyektiv faktorların tələblərinə cavab verən spesifik xüsusiyyətlərini aid edə bilərik.

AKP liderinin Türkiyə xalqının “ağatlı oğlan”ına çevrilməsində mühüm rol oynayan əsas amillərdən biri Atatürklə mühüm mərhələyə adlamış Qərbləşmə və Demokratikləşmə prosesinin intibah yoluna deyil, inqilabi metodlara söykənməsi, daha konkretləşdirsək, islahatların inzibati yolla aparılmasıdır. Yüzillər boyu islami kimliklə yaşayan, böyük imperatorluqlar quran bir millətin tarixən oturuşmuş xarakterini dəyişdirmək, əlbəttə, asan deyildi. Bunun üçün, sözsüz ki, uzun illər tələb olunurdu. Atatürk və o dövrün ziyalı kəsimi isə Türk xalqının qurtuluşunu mövhümatçılıq yayan ənənəvi təmayüllərdən uzaqlaşmaqda görür, dünyanın aparıcı qüvvəsi olan Qərb mədəniyyətini olduğu kimi Türkiyəyə tətbiq etməyə çalışırdı.

Bir sıra məsələlərdə şəkilçiliyə qaçmaq Atatürk islahatlarına qarşı haqlı narazılıq yaradırdı. Zaman-zaman ortaya çıxan bu narazılıq isə zor gücünə basdırılırdı. Nəticədə zorakı islahatlar xalq arasında xoş qarşılanmırdı. Uzun illər Türkiyə siyasi iradəsinin söykəndiyi bu zorakı üsullar artıq legitimliyini itirmiş, heç kim tərəfindən qəbul olunmurdu. Legitimlik problemini aşmaq üçün Türkiyənin təcili islahatlara getməsi lazım idi. Bu zaman isə dövlətin rəsmi ideologiyasına çevrilmiş aşırı millətçiliyin illər boyu yaratdığı fəsadlar ortaya çıxa bilərdi. ölkənin milli bütövlüyünü, torpaq bölünməzliyini qorumaq üçün birləşdirici ideologiyaya ehtiyac vardı. Bu sahədə ən uğurlu məfkurə isə İslamçılıq idi. Beləcə, tarixi zərurət də dini həssasiyyəti ağır basan Ərdoğanın üzünə gülürdü. Təhsilini İmam-Xatib litseyində almış, uzun illər din təmayüllü ictimai-siyasi təşkilatların aparıcı kadrlarından olmuş Ərdoğan üçün yaranmış yeni münbit şəraitdə geniş hərəkət sahəsi açılmışdı və o, bu işin öhdəsindən ustalıqla gələ bilərdi. Təbii ki, ona öz ustalığını göstərməkdə ən böyük yardım edən amillər uzun illərin təcrübəsiylə qazandığı şəxsi keyfiyyətləri idi.

Subyektiv amillər sırasında sadaladığımız bu keyfiyyətlərdən ən başda gələni, təbii ki, onun bəlağətli nitqi idi. İmam-Xatib litseylərinin din xadimi yetişdirmək üçün yaradılması Ərdoğanın işinə yaramışdı. Zira həmin məktəblərdə bəlağət dərsləri keçirilir, məktəblilərə təsirli xitab etməyin yolları öyrədilirdi. Ərdoğan da öz dərsini yaxşı oxumuş İmam-Xatibçi kimi, üzərinə düşən vəzifəsini uğurla yerinə yetirirdi. Türkiyə siyasi arenası indiyə qədər bəzən saatlarla davam edən bu nitqlərdə ona çatan birisini yetişdirməyib. Ərdoğan bütün nitqlərində olduqca sərbəst, nə dediyini bilən, polemikalara girməyi bacaran və ən çətin durumları belə öz xeyrinə dəyişən liderdir.

Artıq 15 ilə yaxındır ki, Türkiyə siyasətinə damğasını vuran, hətta ölkənin siyasi xarakterində belə, əsaslı dəyişikliklər aparan AKP liderinin xarizmatik kimliyinin önəmli tərəflərindən biri də onun qətiyyəti ilə bağlıdır. Başqalarından fərqli olaraq, təhlükədən çəkinməyən bu lider özü təhlükənin üstünə getməyi ilə seçilir və bu da gen yaddaşında fatehlik nostalgiyası yaşadan türk xalqının istəklə
rinə cavab verir.
Fatehlik nostalgiyası burada daxili faktorların obyektiv tərəfidirsə, Ərdoğanın qətiyyəti bu nostalgiyaya cavab verən subyektiv amillərdən sayıla bilər. Subyektivliyin obyektivliklə örtüşməsi bütün uğurların əsas açarıdır və Ərdoğan bundan ustalıqla faydalanır.

600 illik Osmanlı tarixinin bütün mərhələlərində fatehləriylə ayaqda durmağı və bir dünya dövlətinin qurucu ünsürləri olmağı bacaran topluluğun, əlbəttə, belə bir şəxsiyyət tipinə özləmi vardı. Bəlkə də bunu anladığından Ərdoğan da istər daxili siyasi mübarizələrdə, istərsə xarici siyasətdə əsl fateh ədasıyla meydana çıxır və zəfərlərə imza atır.

Onun fatehlik sahəsində ən böyük zəfəri isə 2009-cu ildə Davosda İsrail prezidenti Şimon Peresə dediyi “one munite” sözləridir. İndiyə qədər bütün siyasi liderlərin yəhudi iradəsinə tabeçiliyinə alışan Türkiyə xalqı üçün bu iki kəlməlik söz böyük önəm daşıyır. Bu xalqın nəzdində dünya siyasətinə yön verdiyinə inanılan yəhudi iradəsinə qarşı çıxmaq başlı-başına bir qəhrəmanlıq idi. üstəlik, bu iradə Türk millətinin əsrlərlə idarə etdiyi coğrafiyada at oynadır, istədiyini edir, heç kimi hesaba almırdı. Həqiqətən də sionist iradəyə “one munite” deməyə ciddi ehtiyac hiss olunurdu.

İslami kimliyi yüzillik tarixə söykənən Türkiyə liderinin bu fatehanə tövrü yalnız Türkiyədə deyil, bütün islam coğrafiyasında böyük coşqu yaratmış və bu da uzun illərdən bəri öz fatehini özləyən Türk xalqında böyük sevgi və hörmətlə qarşılanmışdır. Ərdoğan 2009-cu ildən bəri bütün təbliğatında istifadə etdiyi bu qəhrəmanlığının meyvəsini ömrünün sonuna qədər yeyə bilər. Hətta ondan sonra da müasir Türk fatehçiliyinin təməllərinin atılmasında bu sehrli sözlər xüsusi yer tutacaq.

Ərdoğanın obyektiv amillərlə örtüşən digər bir xüsusiyyəti onun milli ədəbiyyata vaqifliyidir. Hələ şagirdlik illərindən onun öyrəndiyi bir sirr vardı. Bu sirr imamların bəlağəti artırmaq üçün ədəbiyyat nümunələrindən istifadə etmək bacarığıdır. Hələ o yaşlardan Rəcəb Tayib əfəndi gözəl bilir ki, bəzən xalqın sevimli şairlərindən və ya atalar sözlərindən sitat gətirmək çox gözəl nəticələr verir. Həm sözün təsiri artır, həm nitq şeirlə bütünləşərək yadda qalır, həm də sitat gətirdiyin şeir nümunəsinin sənə yol açdığı istiqamətdə daha rahat yürümək imkanın olur. Bir çox siyasilərin “nitqim ədəbiləşər” deyə qaçdığı bu özəllikdən AKP lideri böyük məharətlə istifadə edir. Və bu səyləri effektiv nəticələr də verir. Nədən ki, əslində Ərdoğan xitabətlərində şeirlərə üstünlük verməklə xalqın gen yaddaşında uyuyan önəmli bir ənənəni dirildir. Bu, minillərdən bəri Türk millətinin xarakterində önəmli yer tutan şamançılıq ənənəsidir.

Tarixən türk milləti özünün bütün siyasi, dini və hərbi liderlərini məhz şamanlar arasından seçmişdir. Şamanlar türk xalqının bütün mübarizələrdə ən böyük duaçısı, yol göstərəni olmaqla qalmamış, ona həm də şəfa verən, ən çətin problemlərini həll edən müqəddəs varlıq kimi tanınmışlar. İslamı qəbul etdikdən sonra şamanizm tarixə qovuşsa da, onun milli təfəkkürümüzdəki izləri indiyə qədər yaşamışdır.

Bir sıra folklorşunasların bildirdiyinə görə, islamiyyətdən sonra türk xalqlarında şamanları aşıqlar əvəz etmişdir. Təsadüfi deyil ki, bütün xalq dastanlarında qəhrəmanların əksəriyyəti igid, döyüşçü olmaqla yanaşı, həm də şairdirlər. Hətta girdikləri döyüşlərdə belə, müharibədən əvvəl və sonra saz çalıb-oxuyurlar.

Türkiyə insanının folklor düşüncəsində Dadaloğlu, Koroğlu və başqa şair-döyüşçülərlə yanaşı, Dədə Qorqud, Pir Sultan Abdal kimi bilgələr də sazla-sözlə birgə anılıblar. Xalq folklorundakı bu xüsusiyyət əslində yazılı ədəbiyyatda da mövcuddur. Bir çox Osmanlı padşahının həm də şair olduğu bilinir. Bütün bu şeirə düşgünlüyün başlıca səbəbi milli yaddaşımızda ölçülü və qafiyəli sözə müqəddəs don biçilməsiylə bağlıdır.

Əslində bu xüsusiyyət tək bizə də aid deyil. Tarix boyu bütün səməvi dinlər ilahi kəlamları şeirsəl biçimdə təqdim ediblər. Necə ki, “Zəbur” başlı-başına ilahi şeirlər toplusu olduğu kimi, şairlərə çox da yaxşı baxmayan “Quran”a da şeir ruhu hakimdir. Milli təfəkküründə həm İslamın, həm şamanizmin dərin izini daşıyan Türk topluluğuna xitabətlərdə şeirin bu misilsiz özəlliklərindən gözəl istifadə etməyi bacaran Ərdoğanın başarısının bir sirrini də burda axtarmaq lazımdır. Fateh, şaman, Osmanlı gələnəkləri kimi təsəvvürləri özü də bilmədən milli məfkurəyə gətirən Ərdoğan, təbii ki, böyük xalq dəstəyi qazanmalı idi.

Sözsüz ki, Ərdoğanın başarısının əsas sirlərindən biri də onun Türkiyəyə gətirdiyi iqtisadi yüksəliş və rifahdır. İslami və cəsarətli çıxışlarıyla bütün müsəlman coğrafiyasının rəğbətini qazanan Ərdoğan öz qətiyyəti ilə neftlə zəngin olan ərəb kapitalına da Türkiyənin qapılarını açdı. Ondan əvvəl isə həyata keçirdiyi özəlləşdirmə siyasətilə bir çox dövlət inhisarında olan iqtisadi quruluşları özəlləşdirdi. Bu özəlləşdirmə siyasətində, təbii ki, ən çox qazananlar isə onun tərəfdarları oldu. Beləcə, AKP-çi olmaq zənginliyin bir addımlığında olmaq kimi anlaşıldı. Bu da ölkə əhalisinin önəmli qısminin AKP-yə yönəlməsinin yolunu açdı.

Ərdoğan hakimiyyəti zamanı Rusiyayla qurulan iqtisadi əməkdaşlıqlar da ölkə iqtisadiyyatının böyüməsinə öz töhfələrini verdi. İki ölkə arasında bağlanan müqavilələrə görə, qarşılıqlı iqtisadi əlaqələri 100 milyard dolların üzərinə çıxarmaq hədəflənib. AKP hakimiyyətindən əvvəl bu rəqəm Türkiyə üçün astronomik görünürdü.

Ərdoğanın 14 illik hakimiyyəti zamanında Türkiyənin infrastrukturunda da ciddi irəliləyişlər baş verdi. Türkiyənin, demək olar, bütün yolları yenidən quruldu, böyük tunellər açıldı, körpülər tikildi. Təbii ki, bu böyük dəyişikliklər Türk xalqının ən böyük ümidləri idi. üstəlik, ölkənin BVF və digər xarici banklara borcu da ödəndi. İllər uzunu xarici ölkələrə borc ödəməkdən iqtisadi tənəzzülə səhnə olan bu ölkədə indi yüksəliş üçün daha rahat ortam yaranıb.

Ərdoğanın yürütdüyü sosial islahatlar da onun siyasi lider kimi rəğbət qazanmasında mühüm rol oynayır. Artıq Türkiyə öz sosial siyasətiylə bir çox Avropa ölkələrini geridə qoyur. Xüsusilə uşaqlara və qocalara diqqət son Türkiyə səfərimdə məni çox valeh etmişdi. Demək olar ki, hər binanın önündə uşaqla
rın oynaması və məşq etməsi üçün hər cür şərait yaradılmış, bizim böyük pullar ödədiyimiz mini futbol meydançaları xalqın xidmətinə müftə verilmişdi.

Ərdoğanın siyasi xarakterinin və başarısının sirli məqamları haqqında daha uzun-uzadı yazmaq olardı. Mənsə, daha çox ümumi cizgiləriylə onun ən önəmli xüsusiyyətlərini verməyə çalışdım. Sözsüz ki, Ərdoğanın bu müsbət keyfiyyətləriylə yanaşı, Türkiyənin perspektivi üçün neqativ sayıla biləcək özəllikləri də var. Bu yazımda əsasən başarı üzərində durduğumdan, neqativ cizgilərə toxunmadım. Gələcək yazılarımda məni bir Türkiyəsevər kimi narahat edən neqativliklərdən də bəhs edəcəyəm. Hələlik isə ümidvar olmaq istərdim ki, Ərdoğanın bu güclü siyasi xarakteri Türkiyədə avtotirar rejim yaranmasıyla nəticələnməz…

Heydər Oğuz

Strateq.az