XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Aprel 2016 - 11:20

Erməni mətbuatı:Ermənistan dördgünlük müharibəyə görə  Azərbaycanı bu cür asanlıqla bağışlamamalıdır – Təhlil

Tiqran Xaçatryan

Past.am (Ermənistan), 26.04.2016

lavrov serkisyan

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfəri qızğın müzakirələrə səbəb oldu. Səfərdən öncə bir sıra dairələrdə təlaş əvhalı yarandı ki, Lavrov Ermənistanı Arsax torpağını (erməni və rus mətbuatı bu sözü erməni toponimi kimi təqdim etsə də, etimoloqların fikrincə, Arsax qədim türk-Azərbaycan sözüdür və “Ər saklar” deməkdir-tərc.) Azərbaycana verməyə məcbur etməkdən ötrü gəlir. Bu cür əhvali-ruhiyyəni Rusiya KİV-də dərc edilmiş yazılar törətdi – qeyd olunurdu ki, Lavrov İrəvana Ermənistanla Azərbaycanın “ağrılı güzəştlərə” getməli olacağı təkliflərlə İrəvana yollanır. Lakin Lavrovun açıqlamaları bu təlaşları tamamilə təkzib etdi. Rusiya XİN başçısı münaqişənin nizamlanması haqda hər hansı bir variantdan danışmadı (lakin “Kazan sənədi”nə dolayısı ilə toxundu) və dedi ki, 1994-1995-ci illərin Ermənistan, Arsax və Azərbaycan arasındakı sazişlərinin şərtləri tam şəkildə saxlanmalıdır. Bundan başqa, Lavrov danışıqların istisnasız olaraq ATƏT-in Minsk qrupu çərçivəsində aparılmalı olduğunu hey vurğuladı.

Başqa sözlə, Rusiya xarici işlər naziri Ermənistan və təbii ki, Azərbaycan rəhbərliyini 2 aprel status-kvosuna qayıtmağa çağırdı. Bəzi ekspertlər hesab edirlər ki, Lavrovun bu açıqlamaları ermənilərin maraqlarına uyğun gəlir. Təbii, barışıq sazişi və Minsk qrupu formatı Ermənistanın maraqlarına zidd deyil.

Barışıq və sülh prosesi özlüyündə erməni maraqlarına uyğunsuz ola bilməz. Bu hətta primitiv yanaşmadır və problemə dərindən yanaşılsa, bəzi suallar meydana çıxır. Azərbaycan barışıq haqda 1994-1995-ci il sazişlərini və bütün beynəlxalq qurumlar, o cümlədən ATƏT Minsk qrupu  qarşısındakı Qarabağ münaqişəsinin istisnasız olaraq dinc yolla həlli haqda öhdəliklərini kobud şəkildə pozaraq yeni hərbi əməliyyatlara başladı. Hərbi əməliyyatlar nəticəsində status-kvo, aplein 2-ə qədərki durum dəyişildi. Yüzlərlə hərbçi və dinc sakin həlak oldu, hərbi qüvvələr təmas xəttinin əvvəllər müəyyən edilmiş hüdudlarını keçdi, bəzi mövqeləri ələ keçirdi, hərbi cinayətlər etdi (erməni  psixologiyasına görə, vətəni azğın və çörəyi dizinin üstündə olan terrorçu cinayətkarlardan azad etmək hərbi cinayətdir-tərc.).

Bəs indi nə olsun? Özümüzü elə göstərək ki, heç nə baş verməyib və əvvəlki duruma qayıdırıq? Bunu hətta arzulasan da, mümkün deyil. Vəziyyət dəyişilib. ATƏT-in Minsk qrupunun missiyası münaqişənin nizamlanmasından çox yeni müharibənin və qan tökülməsinin qabağını almaqdadır.

Bütün vasitəçiər, o cümldən Lavrov bildirir ki, münaqişəni ancaq tərəflərin özləri həll edə bilər, vasitəçilərin işi isə tərəfləri danışıq masasının başına yığmaqdan ibarətdir. Lakin vasitəçilər Azərbaycanı Arsax problemini müharibə yoluyla həll etmək ideyasından imtinaya məcbur etməyə müvvəffəq olmadılar. Nə barışıq sazişləri, Minsk qrupunun çağırışları Bakını bu macərədan saxladı. Bu səbəbdən kim zamin dura bilər ki, Azərbaycan bir neçə gündən, bir aydan və yaxud bir ildən sonra yenidən hərbi əməliyyata başlamayacaq? Baş vermişlərə aydın qiymət verilmirsə, Azərbaycan isə istədiyi vaxt müharibəyə başlayır, istədiyi vaxt barışıq istəyirsə, əvvəlki status-kvoya və danışıqlara qayıtmağın mənası varmı?

Əlbəttə, Qarabağ məsələsində həm tərəflərin, həm də vasitəçilərin maraqları toqquşur, nəticə etibarilə hər kəs manevrə cəhd edir. Konkret olaraq Rusiya eyham vurdu ki, ona münaqişənin həlli yox, dondurulmağı əl verir. Rusiya baş naziri Dmitri Medvedyev əvvəllər bu barədə bildirdi. O, dördgünlük müharibədən sonra İrəvan və Bakı səfərləri zamanı qeyd etdi ki, qan tökməkdənsə münaqişəni diondurmaq daha yaxşıdır.

Hər necə olur-olsun, Ermənistan dördgünlük müharibəyə görə  Azərbaycanı bu cür asanlıqla bağışlamamalıdır. Rəsmi İrəvan öz mövqeyini sərtləşdirməli, Barışığın və Arsax xalqının təhlükəsizliyinin qorunması üçün əməlli-başlı zəmanət tələb etməlidir. Bu cür zəmanət hər hansı birtərəfli güzəştlərdən imtina və Dağlıq Qarabağın müstəqilliyinin tanınması prosesinin başlanması ola bilər.

Ermənistan artıq güzəştlərə gedərək danışıqlarda mümkün olduğu qədər iştirak edib, lakin Azərbaycan 22 il müddətində danışıqlar üzrə görülmüş bütün işləri əngəllədi.

Qeyd etmək lazımdır ki, Ermənistanın rəsmi açıqlamalarında mövqeyin dəyişilməsi artıq hiss olunur. Serj Sərkisyan xüsusən də qeyd etdi: “Barışığın pozulması danışıqlar prosesini xeyli uzağa atdı, Biz əmin idik ki, bu məsələ istisnasız olaraq güzəştlər əsasında dinc yolla həll edilə bilər, lakin bu günki durum başqadır”.

Prezident məhz Lavrovla görüşdə vurğuladı ki, vasitəçilər dinc nizamlama təkliflərindən imtina edən tərəfi konkret olaraq göstərmir, nərticədə Azərbaycan cəzasız şəkildə barışığı pozur. Prezident Sərkisyan müharbənin qızğın günlərində Arsaxla qarşılıqlı hərbi yardım haqda müqavilə layihəsi hazırlamaq tapşırığı vermişdi. Bu sənədin taleyi hələlik məlum deyil.

Ehtimal ki, hökumət Bakının sonrakı addımlarını gözləyir. Lakin Azərbaycanın sonrakı hərəkətindən asılı olmayaraq bu prosesi sonadək aparmaq lazımdır. Azərbaycanı hansısa bir formada cəzalandırmaq lazımdır ki, onun hökuməti başa düşsün – istənilən hərbi macəra nəinki beş rayonu, hətta bölgənin yarısını da əldə etməyin yolunu qəti şəkildə bağlayacaq.

 

Tərcümə Strateq.az-ındır.