XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 14:12

ABŞ Azərbaycan hökumətini parçalamaq istəyir: şərtlər buna imkan verəcəkmi? – Təhlil

ABŞ Dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovskinin Azərbaycana səfərdən imtina etməsinin ardınca dünən Bakıda keçirilən ənənəvi neft-qaz sərgisində – enerji təhlükəsizliyinə həsr olunmuş tədbirdə də Vaşinqtonun həmişəki ranqlı təmsilçiləri gözə dəymədi. Adətən, əvvəlki illərdə ABŞ-dan enerji təhlükəsizliyinə məsul yüksək rütbəli məmurlar bu tədbirə qatılırdısa, bu dəfə ABŞ-ın təmsilçiliyi yalnız səfir Sekutayla yekunlaşdı. Sözsüz ki, ABŞ-ın ənənvi davranışdan imtinası analitiklərin diqqətindən qaçmadı və dərhal belə bir suala cavabı aktuallaşdırdı: Azərbaycan-ABŞ münasibətlərində indiyədək vurğulanan iki əsas prioritet – demokratikləşmə enerji təhlükəsizliyi istiqamətində nələr baş verir?

Xatırladaq ki, T.Malinovskinin səfərinin ləğv olunmasının səbəbi mediada açıq göstərilmişdi – indki şəraitdə ABŞ Bakı ilə demokratiya sahəsində dialoqu davam etdirməyi mənasız sayır. çünki Azərbaycan rəhbərliyi Qərbdən gələn çağırışlara məhəl qoymur, insan haqları və demokratiya ilə bağlı problemlərin qabardılmasını “daxili işlərinə müdaxilə” kimi qiymətləndirir. Rəsmilər açıq şəkildə bildirir ki, ölkənin daxili və xarici siyasətinə kənardan təsir göstərmək mümkün deyil.

Deməli, Azərbaycan rəhbərliyinin bu qəti mövqeyi Obama administrasiyasını ikitərəfli münasibətləri yenidən nəzərdən keçirməyə sövq edib. Bakıdakı neft qaz-sərgsinin boykot olunduğu görüntüsünü yaradan davranışlar da, ehtimal ki, məhz buradan qaynaqlanır.

Söz yox ki, münasibətlərin böyük ölçüdə korlanmasının kökündə rəsmi Bakının regionda cərəyan edən hadisələrin təsiri altında ənənəvi balanslı xarici siyasətini getdikcə Rusiyanın xeyrinə dəyişməsi durur. Kremlin Ukrayna və Gürcüstana hərbi ekspansiyası, Qərbin onları ciddi müdafiə edə bilməməsi Azərbaycanın xarici siyasətdə Moskvaya reveranslar etməsinə səbəb olub. Bu siyasətdə də aksiomadır – “gözü çıxmış qardaşlar”ın aqibətindən hamı dərs götürməlidir. Bir halda ki, NATO hətta strateji tərəfaşları üçün də təhlükəsizlik çətri rolunu oynaya bilmirsə, o zaman kiçik dövlətlərin özlərini qorumaq üçün real şərtlərlə hesablaşmaqadan başqa çarəsi qalmır.

Ancaq belə görünür ki, rəsmi Vaşinqtonda bunu belə qəbu etmirlər, əksinə, indiki kritik situasiyada Bakıdan avrointeqrasiya yolunda fədakarlıq tələb edirlər.

Əslində, Malinovskinin imtina etdiyi dialoqun əsas mövzuları elə qeydolunan bu məsələlər ətrafında idi. Amma diametral fikir ayrılıqlarının olması müzakirələrin davamına imkan vermədi…

Son proseslər isə bundan sonra Vaşinqtonun “dəyənək siyasəti”nə əl atdığını, Bakının da qalxanı üzərinə çəkib qorunmağa çalışacağını göstərir. Açıqca nəzərə çarpır ki, dünyanın diqqətini Azərbaycanın üzərinə cəmləyən Avropa Oyunları ABŞ-ın diqtəsiylə hərəkət edən Qərb strukturlarının əlinə yaxşı fürsətlər verib. Məhz bu ərəfədə:

  • Azərbaycanın nəhəng sərmayələr qoyduğu, böyük enerji sərf etdiyi Avropa Oyunlarının verəcəyi dividentlər məqsədli şəkildə dəyərsizləşdirilir;
  • Beynəlxaq təşkilatlarda intensiv olaraq, Azərbaycandakı problemlər qabardılır və Bakının layiqli tərəfdaş olmadığı barədə imic formalaşdırılır;
  • Beynəxalq media şəbəkəsinin də diqqət eyni istiqamətə yönəldilir, hakimiyyət sərt üslubda tənqid edilməklə yanaşı, insan haqlarının, QHT-lərin və medianın basqı altında olduğu qabardılır və Azərbaycanın hədəfləri zərbə altında qoyulur;
  • Azərbaycanı xaricdə dəstəkləyən piar şirkətləri, menecerlər, onlarla əməkdaşlıq edən diplomatlar, siyasətçilər, parlament üzvləri qınaq obyektinə çevrilirlər;
  • Avropa enerji bazarında Rusiyanın monopolist maraqlarına zidd olan Cənub Qaz Dəhlizinin genişlənməsinə verilən siyasi dəstəkdən imtina olunur. TAP kəməri ətrafında yaranan və prezident İlham Əliyev tərəfindən açıq şəkildə bildirilən problemlər də buradan qaynaqlanır…

Beləliklə, Bakıda keçirilən neft-qaz sərgisində zəif iştirakı (boykot da sayıla bilər) bu istiqamətdə verilən açıq mesajlardan biri kimi qəbul etmək lazımdır.

Təzyiqlərin əsas hissəsi isə bundan sonra gözlənilir. ABŞ Konqresinin “Maqnitski aktı”nı Azərbaycan məmurlarına şamil etmək və Avropa təşkilatlarında sanksiyaların tətbiqi çağırışlarının artması, hakimiyyəti xalqın gözündən salmağa hesablanmış korrupsiya qalmaqallarının yenidən xarici mediada işıqlandırılması, İsveçrə banklarındakı hesablardan məxfiliyin götürülməsindən sonra ortaya çıxarılacaq məsələlər haqda mesajların verilməsi də ABŞ-ın bu niyyətindən xəbər verir.

Aydınca görünür ki, hədəfdə əsas prioritet Azərbaycan hakimiyyətində mərkəzdənqaçma tendensiyası yaratmaq, xalqda hakim rejimə qarşı nifrət yaratmaq və beləliklə, boyunduruğa girməyən hökumətin iflasına nail olmaqdır.

Bəs, bu niyyətin yaxın perspektivdə həyata keçirilmə imkanı hansı həddədir? Azərbaycanın mövcud daxili vəziyyəti, habelə geopolitik şərtlər ölkədə hakimiyyət dəyişikliyi üçün yetərlidirmi?

Proseslərin təhlili göstərir ki, daxildən hakimiyyətə siyasi yolla təzyiq göstərmək mexanizmləri, demək olar ki, tamamilə sıradan çıxıb: Qərbpərəst müxalifət marginallaşıb, gücdən düşüb, xalq tərəfindən dəstəklənmir – buna bariz nümunə kimi, elə Milli Şuranın keçirdiyi son aksiyaya cəmiyyətin laqeyd münasibətini göstərmək olar…

Digər mühüm amil hakim komanda içərisindəki daxili ziddiyyətlərdən istifadə edib, proseslərə yön verə biləcək hansısa oliqarxların ələ alınması, müttəfiqliyə cəlb edilməsidir ki, bu yöndə də Qərbin cəhdləri olsa da, imkanları hələ prosesi istədiyi məcraya yönəltmək həddində deyil. Əvvla, ona görə ki, hakim komanda müxtəlif regional qruplaşmalardan təmsil olunsa da və aralarında iqtisadi müstəvidə rəqabət getsə də, kritik situasiyada birləşməyi və vahid mövqedən çıxış etməyi bacarır. İkincisi də, son illər ərzində hakim komanda içərisində maliyyə və siyasi baxımdan güclü oliqarxlar formalaşsa belə, ayrı-ayrılıqda onların heç biri Prezident İlham Əliyevə qarşı çıxmaq istəyində, cürətində və imkanında deyillər. üstəlik, ortada “Fərhad Əliyev nümunəsi” varkən…

Geopolitik duruma gəldikdə, hələ ki, regionda Azərbaycan hakimiyyətinin müttəfiqi Rusiyanın razılığı olmadan hər hansı ciddi dəyişikliklərin baş tutması da mümkün görünmür. Ukrayna təcrübəsi bir daha sübut etdi ki, nəticəsi yaxşı planlaşdırılmayan həmlə Qərbin öz maraqlarını daha çox təhdid altına salır: əlavə başağrısına, milyardlarla dollar zərərə, Avropanın qonşuluğunda qeyri-sabitliyə gətirib çıxarır və s. Deməli, yaxın aylarda bizi daha sərt ritorika ilə müşahidə olunan, amma
real nəticəsi olmayacaq bir qarşıdurmanı izləmək gözləyir…

Tuqay Kərimli

Strateq.az