XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 21:56

Rəbiə Qadir: Tanrı tərəfindən seçildiyinə inanan qadın

rabie-1.jpg

Uyğur xalqı zaman-zaman ən çətin məqamlarda onları irəli aparacaq və işıqlı yolu göstərəcək liderlər, düşmənlə qəhrəmancasına savacaq ərənlər yetirib. Uyğur xalqının yetirdiyi belə qəhrəmanlardan biri də böyük çağdaşımız Rəbiə Qadirdir…

Rəbiə Qadirə qədər

Doğu Türküstan minillər boyu bir çox mədəniyyətlərin yarandığı, yüksəldiyi və böyük bir əraziyə hakimlik edən dövlətlərin mövcud olduğu coğrafiyadır. Zaman-zaman işğala məruz qalsa da, ən çətin anlarında yenidən ayağa qalxmağı və öz bağımsız dövlətlərini qurmağı bacaran uyğur xalqı bu gün sayı sayından, ərazisi ərazisindən dəfələrlə böyük olan çin işğalı altında assimilyasiya təhlükəsi ilə üz-üzədir.

Doğu Türküstanın qara günləri 1750-ci illərdən başladı. Bu illərdə çin Mançu İmperatorluğu bu torpaqları işğal edərək imperiyanın tərkibinə qatdı. Lakin yenilgi ilə razılaşmayan xalq dəfələrlə ölüm-dirim savaşına qalxdı. Bu savaşlar o qədər ardıcıl və qızğın oldu ki, bəzi araşdırmaçılar 19-cu yüzilliyi uyğurlar üçün “üsyanlar əsri” adlandırdı. Dəfələrlə üsyana qalxdılar, bir neçə dəfə əsarətdən qurtulub bağımsız dövlət qurmağı bacardılar. 1865-1877-ci illərdə Yaqub Xan dövləti, 1930-cu illərdə Doğu Türküstan İslam Cümhuriyyəti quruldu. Sonuncu dəfə isə 1944-cü ildə Doğu Türküstan Cümhuriyyətini qurmağı bacardılar. Lakin bu dövlət də 1949-cu ildə çin kommunist rejimi tərəfindən işğal olundu…

Doğu Türküstan nə istəyirdi?

Doğu Türküstan xalqının hansı amacla savaşdığını daha yaxşı dəyərləndirə bilmək üçün 1944-cü ildə qurulan Doğu Türküstan Cümhuriyyətinin 1945-ci ildə yayımladığı fəaliyyət proqramı ilə tanış olmaq yetərlidir:

1. Doğu Türküstan torpaqlarında çin hegemonluğunu əbədi yox etmək,

2. Doğu Türküstanda yaşayan bütün xalqların bərabərliyini təmin edən, özgür və bağımsız Cümhuriyyət qurmaq,

3. Doğu Türküstan iqtisadiyyatını hərtərəfli inkişaf etdirmək,

4. Doğu Türküstan xalqlarının çoxunun mənsub olduğu İslam dinini və bununla bərabər digər dinlərin mənsublarını da himayə etmək,

5. Din, təhsil və tibb sahəsini inkişaf etdirmək,

6. çin və Sovet dövləti də daxil olmaqla, dünyanın bütün dövlətləri ilə dostluq əlaqələri qurmaq,

7. Doğu Türküstan Hökumətini və barışı qorumaq üçün Doğu Türküstanda yaşayan bütün millətlərin təmsil olunduğu güclü bir ordu qurmaq,

8. Bank, poçt-teleqraf, meşəçilik və sənaye kimi sahələrin hökumətin nəzarətində olması,

9. Vəzifə düşkünlüyü, irqçilik və rüşvətə qarşı mübarizə aparmaq.

Göründüyü kimi, bütün istək və tələblər siyasi dillə desək, “pozitiv tələb”lərdi.

20-ci əsrin 40-cı illərində çində siyasi vəziyyət

Hələ II dünya savaşından öncə çində kommunistlər və millətçilər arasında səngiməyən mübarizə vardı. çində iç savaşlar yalnız müharibə illərində dayanmış və ümumi düşmənə qarşı yönəlmişdi. 1946-cı ildən başlayaraq millətçilərlə kommunistlərin mübarizəsi yenidən yüksək həddə davam etməyə başlamışdı. 1948-ci ildə Sovet hökuməti çin kommunistlərinə yardımlar göstərməyə başladı. Bu dəstək nəticəsində kommunistlər gücləndi, millətçilər isə geri çəkilmək zorunda qaldı. 1949-cu ildə isə çin kommunistləri Maonun rəhbərliyi altında hakimiyyəti ələ keçirdilər. çin millətçiləri təqiblərdən qurtulmaq üçün Tayvan adasına qaçmaq məcburiyyətində qaldılar. Mao çin torpaqlarında hakimiyyətini tam bərpa edəndən sonra Doğu Türküstanın torpaqlarını işğal edir. Beləliklə, Doğu Türküstanın dövlət qurucularının hədəflədiyi ali niyyətlər iflasa uğrayır. Bu dövlət hələ ki, uyğur xalqının qurmuş olduğu sonuncu bağımsız dövlət idi.

Doğu Türküstan köçü və çin zülmü

çin kommunistlərinin işğalından sonra Doğu Türküstanın əsl qara günləri başlayır. İşğal olunmuş hökumətin yüksək çinli hərbçiləri, dövləti idarə edən bir çox rəhbərlər də daxil olmaqla 100 minə qədər insan əzəli torpaqlarını tərkib edib, Sovet hökumətinə, Hindistana, Pakistana, Monqolstana və digər ölkələrə köç etmək zorunda qalır. 1953-cü ilə qədər Doğu Türküstan Cümhuriyyətinin qurucularından olan Məsut Səbri Baykuzu da daxil olmaqla 100 mindən artıq insan həbs olunmağa və məhvə məhkum olur. Ayrı-ayrı yerlərdə çin zülmünə qarşı Osman Batur, Canım Xan, Oraz Bəg, Davud Kadı, Qəni Bahadır, Fatih Müslümoğlu, Nuri Bəg kimi ünlü insanlar dirəniş göstərsələr də, sonda qat-qat güclü olan çin qarşısında məğlub olmuşdular. Onlardan bəziləri ölkədən köç edə bilsələr də, bir çoxu çin zülmündən yaxa qurtara bilməmişdilər. Köç edən üsyançılardan bəziləri 1952-ci ildə Türkiyə dövlətinə sığındılar.

İşğaldan sonra və ya Mao dönəmi

1949-cu il işğalından sonra Doğu Türküstan çinin bir əyalətinə çevrilir. 1955-ci ildə adı dəyişdirilən bu torpaqlarda Sincan Uyğur Muxtar Bölgəsi qurulur. Milliyətcə uyğur olan general Seyfəddin Əzizi Muxtar Bölgənin rəhbərliyinə gətirilir. Hazırda çin dövlətinin Doğu Türküstandakı valisi Nur Bəkridir. Lakin çinin təyin etdiyi bu vali soyca uyğur olsa belə, uyğur xalqı onu özlərindən saymır. çin hökuməti Doğu Türküstanı işğal edəndən sonra bura 200 mindən artıq ordu qüvvəsi gətirir. Ordunu strateji məkanlarda və iqtisadi baxımdan əhəmiyyətli olan ərazilərdə yerləşdirir. üstəlik gələcəkdə yerli xalqları assimilyasiya etmək məqsədi ilə bura müntəzəm olaraq çinliləri yerləşdirməyə başlayırlar. 1950-ci ildə çin hökuməti çinlilərin Doğu Türküstana köçünü nəzərdə tutan proqram qəbul edir. Bu proqramda köç edən çinlilər üçün həvəsləndirici şərtlər irəli sürülmüşdü. Mao 1950-ci illərdən başlayaraq “Böyük sıçrayış” layihəsini həyata keçirməyə başlayır. Lakin uğursuzluğa məruz qalan bu layihə sonucunda təkcə 1961-ci ildə çində 30 milyon adam qıtlıqdan ölmüşdü və bundan uyğur xalqı da böyük ziyan çəkmişdi. Mao 1966-cı ildə “Böyük Proletar Mədəniyyət İnqilabı” adlı yeni kompaniyaya başlayır. Bu layihənin icrasından ən çox ziyan çəkən yenə uyğurlar olur. 1966-cı ildən 1976-cı ilə -Maonun ölümünə qədər keçmişin qalıqlarını məhv etmək adıyla uyğur mədəniyyətinə və ənənələrinə qarşı ciddi basqılar həyata keçirilir. Dini ibadətlər yasaqlanır, öndə gedən insanlar təqib olunur, ağsaqqalların saqqalı kəsilir, tarixi yerləq qapadılır və sair.

Maodan sonra

1976-cı ildən-Maonun ölümündən sonra çin Kommunist Partiyasının siyasətində yumşalmalar sezilməyə başladı. Bu ildən sonra Doğu Türküstana qismən özgürlük verildi. Burada toplu halında ibadət yerlərinə getmək yasağı aradan qaldırıldı, kiçik ticarət işləri ilə məşğul olmağa icazə verildi. 1978
-ci ildə çində iqtisadi islahatları nəzərdə tutan çıxışlar eşidilməyə başlanır. 1982-ci ildə islahatçı kimi tanınan Hu Yaobang çin Kommunist Partiyasının Baş Katibi olur. Elə həmin il yeni konstitusiya qəbul edilir. Bu anayasanın əvvəlkilərdən əsas fərqi o idi ki, burada yerli hakimiyyətlərə bəzi hüquqlar tanınırdı, insanların şəxsi iqtisadiyyatını qurmasına icazə verlirdi. Hu Yaobang hakimiyyətə gələndən sonra Mao dönəmindən qalan yaşlı insanları vəzifədən uzaqlaşdıraraq əsasən gəncləri irəli çəkirdi. Lakin 1987-ci ildə onun istefaya göndərilməsi və cəmi iki ay sonra ölməsi ölkədə gedən islahatları bir qədər ləngitmiş olsa da, 90-cı illərdən başlayaraq islahatlar yeni pilləyə qədəm quydu. 1993-cü ildən başlayaraq çin iqtisadiyyatı nəzərə çarpacaq dərəcədə yüksəlməyə başladı. 1991-ci ildə Sovet İttifaqının dağılması, Orta Asiyada yeni türk dövlətlərinin meydana çıxması, bu ölkələrdə iqtisadi maraqlarının olması və bu ölkələrə gedən yolun uyğur torpaqlarından keçməsi Doğu Türküstanın siyasi və iqtisadi əhəmiyyətinin artmasına və çinin Doğu Türküstanla bağlı siyasətinə yenidən baxmasına nədən oldu.

Doğu Türküstan yenidən ayağa qalxır

Doğu Türküstanın 18-ci yüzilliyin ortalarından başlayaraq çin işğalı altında olmasına, milyonlarla insanının həbs olunmasına, öldürülməsinə, fiziki və mənəvi təzyiqlərə məruz qalmasına və ardıcıl olaraq assimilyasiya cəhdlərinə baxmayaraq, uyğur xalqı hər yüzillikdə bir neçə dəfə ayağa qalxmağı, özgürlük uğrunda savaş aparmağı bacarmışdır. 200 ildən artıqdı ki, hər cür basqı altında milli kimliyini qoruyub saxlayan bu xalq əsla özünü çinin bir parçası olaraq görmür. öz bütövlüyünü, milli varlığını və özgür ruhunu yaşatmağa israr edir. 20-ci yüzilliyin sonlarına yaxın uyğur türkləri yenidən canlanmağa, ayağa qalxmağa cəhd etdilər. özəl və təbii haqları uğrunda yenidən təşkilatlanmağa başladılar. Uyğur xalqının yeni və gerçək əfsanəsi Rəbiə Qadir də məhz bu dönəmdə meydana çıxdı.

rabie-2.JPG

Rəbiə Qadir kimdir?

1947-ci ildə Doğu Türküstanda anadan olub. Uşaqlıq həyatı yoxsulluq içində keçib. İlk dəfə paltar yuyan fəhlə kimi işə başlayan Rəbiə Qadir ağlı və çalışqanlığı ilə şəxsi həyatında ardıcıl ciddi uğurlar qazandı. Zəhməti hesabına qazandığı pul ilə öncə mağaza açdı, sonra iş sahəsini genişləndirdi. İmkanları artandan sonra işçiyə olan ehtiyacını uyğur türklərinin hesabına təmin etməyə başladı. Beləcə, imkansız uyğurlara yardım etmiş və işsizlik problemini az da olsa aradan qaldırmağa dəstək vermiş oldu. Bundan sonra uyğur qadınlarının iş həyatının və məişət durumunun yaxşılaşması üçün fəaliyyət göstərməyə davam etdi. Urumçidə “Min ana layihəsi”ni həyata keçirməyə başladı. çində yaşayan milli azlıqlar və azsaylı xalqlar arasında “ən bacarıqlı qadın” olaraq tanındı.

Uğurları çin hökumət rəhbərlərinin diqqətini cəlb etdi. 1994-cü ildə “Forbes” dərgisi yayımladığı “çinin ən varlı 10 adamı” siyahısında Rəbiə Qadirin də adı vardı. 1997-ci ildə çinin uyğur türklərinə uyquladığı siyasəti ciddi məzmunda tənqid edir. Məhz bu çıxışdan sonra hökumətin ona münasibəti kəskin şəkildə dəyişir. Bir tərəfədən uğurları, digər tərəfdən Doğu Türküstan xalqlarının haqları uğrunda ardıcıl fəaliyyəti çin hökuməti tərəfindən birmənalı qarşılanmadı və qısqanclıq doğurdu. Kommunist hakimiyyəti onun fəaliyyətini təqib etməyə başladı. Bir qədər sonra isə onu Amerikanın adamı elan etdi.

1996-cı ildə Rəbiə Qadirin həyat yoldaşı Siddiq Ruzi Amerika Birləşmiş Ştatlarından sığınacaq alır və burada Doğu Türküstanın bağımsızlığı uğrunda mübarizəyə başlayır. Rəbiə Qadir 1999-cu ildə ABŞ Konqresinin çinə gəlmiş nümayəndə heyəti ilə görüşməyə gedərkən hökumət qüvvələri tərəfindən tutulur və 2000-ci ildə ona 8 il həbs cəzası kəsilir. Bu zamana qədər apardığı uğurlu çalışmalara görə artıq kifayət qədər yaxşı tanınan Rəbiə Qadir, Beynəlxalq Əfv Təşkilatı və dünyanın digər insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatları tərəfindən dəstəkləndi. 2004-cü ildə Norveç dövləti onu “Raffo Sülh Mükafatı”na layiq gördü. O, 2005-2009-cu illərdə ABŞ-ın Dövlət Katibi olmuş Kondoliza Raysın Pekin səfəri öncəsi həbsdən azad edildi. Rəbiə Qadir həbsdən çıxdıqdan sonra Vaşinqtona getdi.

Amerikada sürgün həyatı yaşayan Rəbiə Qadiri çin dövləti bir nömrəli dövlət düşməni elan etdi. 2006-cı ildə “Nobel Sülh Mükafatı”na namizəd olaraq göstərildi. İki dəfə ailə quran Rəbiə Qadir 11 övlad anasıdır. Bu gün də Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında yaşayır. Rəbiə Qadir hazırda Dünya Uyğur Qurultayının rəhbəridir.

Dünya Uyğur Qurultayı

Dünya Uyğur Qurultayı (World Uyghur Congress, WUC) 2004-cü ilin aprel ayında “Doğu Türküstan (Uyğurstan) Milli Qurultayı” ilə “Dünya Uyğur Gəncləri Qurultayı”nın Doğu Türküstan diasporasının iştirakçıları ilə birgə Almaniyada düzənlədiyi toplantıda qurulmuşdur. Bu qurum dünyada mövcud olan bütün Doğu Türküstan təşkilatlarını özündə birləşdirir. Dünya Uyğur Qurultayı uyğur xalqının özgürlüyü, milli varlıqlarının və dəyərlərinin qorunması və haqları uğrunda mübarizə aparır. 2006-cı ildə 15 ölkədən gələn 59 təmsilçinin səs birliyi ilə çağdaş uyğur milli hərəkatının öncülü olan Rəbiə Qadir Dünya Uyğur Qurultayının rəhbəri seçilir.

2009-cu ilin mayında Amerikanın paytaxtı Vaşinqtonda Dünya Uyğur Qurultayının III qurultayı keçirilir. Avropadan, Asiyadan, Avstraliyadan və digər ölkələrdən 112 nəfər nümayəndənin qatıldığı toplantıda Rəbiə Qadir ikinci dəfə Dünya Uyğur Qurultayının rəhbəri seçilir. Bu zaman Rəbiə Qadir, artıq “uyğur xalqının mənəvi anası və uyğur milli hərəkatının öncülü” kimi tanınırdı.

Dünya Uyğur Qurultayı demokratik prinsiplər üzərində qurulan və fəaliyyət göstərən bir təşkilatdır. Təşkilatın idarə heyətində dünyanın müxtəlif ölkələrində yaşayan uyğurlar təmsil olunmaqdadır. 2009-cu ildə mərhum Riza Bekin təşkilatın fəxri sədri, Rəbiə Qadir isə sədri seçilir. Sədrin ayrı-ayrı ölkələrdə yaşayan 6 müavini müəyyən edilir. Onlar Seyid Tumtürk (Türkiyə), Kahriman Hojamberdiyev (Qazaxstan), Omer Kanat (Amerika), Əsgər Can (Almaniya), Husen Həsən (Avstraliya) və Norveçdə yaşayan Semet Abla olur. Bundan əlavə həmin toplantıda bu qurumun Avstraliyada (Abduqafur Momin və Polat Sayim), Kanadada (Rukiyem Turduş), Qırğızstanda (Dilmurad Akbarov), İsveçdə (Mahinur Hasanova), Yaponiyada (İlham Mehmut), Danimarkada (Abduxəlil Avudun), Fransada (Ekper Yusuf), İngiltərədə (Ənvər Tohti), Belçikada (Abdumütəlip) və Hollandiyada (Bəxtiyar Nasir) təmsilçiləri seçilir.

2012-ci ilin mayında Dünya Uyğur Qurultayının növbəti toplantısı keçirilir. Təşkilatın təmsilçiləri arasında bəzi dəyişikliklər olsa da, Rəbiə Qadir yenidən yekdilliklə bu qurumun sədri seçilir.

“Uyğur xalqının mənəvi anası və uyğur milli hərəkatının öncülü” ol
an Rəbiə Qadir belə bir möhtəşəm təşkilata rəhbərlik edir və qurumu Amerikadan yönətməklə bərabər uyğurların insan haqları uğrunda mübarizədən geri çəkilmir.

Rəbiə Qadir niyə məhz Amerikanı seçdi?

O, 2012-ci ildə verdiyi müsahibələrinin birində belə demişdi: “çinə qarşı apardığım mübarizə ilə maraqlanan, həbsxanadan çıxmağıma yardım edən və məni torpaqlarına qəbul edən tək ölkə ABŞ idi. Amerika Birləşmiş Ştatlarına getməyi mən seçmədim. Seçim şansım olsaydı, əsla öz ölkəmi-Doğu Türküstanı tərk etməzdim. Taleyimin millətimin taleyinə bağlı olduğuna inanıram. Tanrı tərəfindən bu görəv üçün seçildiyimə inanıram. Tanrı məni illərdi zülm görən uyğur xalqının səsi olmağım üçün, onların özgürlüyü üçün ABŞ-a gətirdi. Tanrı şahidimdir ki, hiss etdiyim və bundan sonrakı həyatımda məqsədim tək budur. Bu inancım sürgündəki uyğurları ABŞ kimi bir ölkədə bir araya gətirə bildiyimi görüncə daha da gücləndi”.

Göründüyü kimi, Rəbiə Qadir ABŞ-da yaşamağı şəxsi istəyi ilə seçmədi. Dünyada cərəyan edən hadisələr, mübarizə aparmaq üçün burada daha uyğun ortamın olması, çinə qarşı duruş gətirə biləcək tək gücün məhz bura olması Rəbiə Qadirin Amerikanı seçməsini şərtləndirdi. O, Amerika demokratik mühitinin ona verdiyi imkanlar sayəsində rəhbərlik etdiyi təşkilatı dünyada tanıda bildi. Onun fəaliyyəti nəticəsində Amerika Konqresi və hakimiyyət dairələri uyğur xalqının taleyi ilə maraqlanmağa başladı. Bəzən ABŞ ilə çin arasında baş verən diplomatik görüşmələrdə uyğur məsələsi müzakirə edilən mövzulardan biri oldu. İllik hesabatlarda çinin uyğur xalqına uyquladığı basqılara yer verildi.

Rəbiə Qadir ABŞ prezidenti Corc Buşla görüşür

rabie-bus.jpg

Uyğur xalqının mübarizə apardığı yüzillər ərzində ilk dəfə olaraq ABŞ ən yüksək səviyyədə onların sorunları ilə maraqlanmağa başlamışdı. Bu, əlbəttə ki, Rəbiə Qadirin diqqəti çəkən, gərgin çalışmaları sonucunda mümkün olmuşdu. 2008-ci ildə Rəbiə Qadir ABŞ-ın prezidenti tərəfindən “Ağ ev”ə dəvət olunur. Və o, burada prezident Corc Buşla görüşür. Sonralar bu görüş haqqında danışan uyğur lideri belə demişdi: “ABŞ-ın məni “Ağ Ev”ə çağırmasının, çin zülmü altındakı 20 milyon uyğurun yaşadığı basqı və zülmü tanıması anlamına gəldiyinə inanıram. ABŞ dəstəyi eyni zamanda uyğur mübarizəsinə səhnə və dinləyici meydana gətirən bir ortam yaratdı. övladlarım çin həbsxanalarında böyük əziyyətlər gördülər, hələ də görürlər. Bütün var-dövlətimi itirdim. Hətta nəvələrim belə mənim fəaliyyətimdən dolayı sıxıntı çəkir. Bütün çəkdiyim sıxıntılara, gördüyüm bəlalara baxmayaraq, yaşadıqlarımın Tanrının təqdiri olduğuna inanıram. çünki keçmişdə haqqı müdafiə edənlərin yaşadıqları imtahanları və çətinlikləri bilirəm”.

Onlarla uyğur təşkilatını birləşdirən lider

Rəbiə Qadirə qədər Doğu Türküstanın özgürlüyü və insan haqları uğrunda çalışan onlarla təşkilat var idi. Bu təşkilatlar ayrı-ayrılıqda mübarizə apardığı üçün ciddi sonuclar əldə edə bilmirdi. Rəbiə Qadir liderlik qabiliyyəti ilə bütün bu təşkilatları eyni məqsəd uğrunda birləşdirə bildi. Bu gün dünyada fəaliyyət göstərən uyğur təşkilatlarından bəzilərinə diqqət edək:

1. Doğu Türküstan Vəqfi (Eastern Turkistan Foundation)

2. Doğu Türküstan Kültür ve Dayanışma Dərnəyi Genəl Mərkəzi (Eastern Turkistan Culture and Solidarity Association)

3. Doğu Türküstan Kültür ve Dayanışma Dərnəyi Ankara Şöbəsi (Eastern Turkistan Culture and Solidarity Association – Ankara Section)

4. Avropa Doğu Türküstanlılar Birliyi (East Turkistan Union in Europe)

5. Doğu Türküstanlılar Birliyi (East Turkistan Union e.V)

6. Uyğur – Amerika Dərnəyi (Uyghur American Association (UAA)

7. Uyğur – Kanada Dərnəyi (Uyghur Canadian Association)

8. İsveç – Uyğur Komitəsi (Swedish Uygur Committé)

9. İsveçrə – Uyğur Maarif Birliyi (Uiguriska Utbildningsföreningen)

10. İngiltərə – Uyğur Dərnəyi (Uighur U.K. Association)

11. Hollandiya Doğu Türküstan Uyğur Dərnəyi (Eastern Turkistan Uyghur Association in Netherlands)

12. Norveç – Uyğur Komitəsi (Norway Uyghur Committee)

13. Avstraliya – Uyğur Dərnəyi (Australian Uyghur Association)

14. Yaponiya – Uyğur Dərnəyi (Japan Uyghur Association)

15. Fransa Uyğur Dərnəyi (France Uyghur Community)

16. Belçika – Uyğur Dərnəyi (Belguim Uyghur Association)

17. Qazaxstan – Uyğur Gənclər Birliyi (Uyghur Youth Union in Kazakhsatan)

18. Avropa – Asiya Vəqfi (Euro-Asia Foundation in Turkey) və sair. Bütün bunlar dünyada mövcud olan, uyğurların haqları uğrunda mübarizə aparan təşkilatların tam olmayan siyahısıdır. “Uyğurların mənəvi anası” Rəbiə Qadir isə bütün bu təşkilatları eyni məqsəd uğrunda birləşdirməyi bacaran tək liderdir.

Rəbiə Qadirin hədəfi

1. çin hökuməti Uyğur xalqının beynəlxalq hüquq normalarında müəyyən edilən insan haqlarını tanımalıdır.

2. çin dövləti anayasada dəyişiklilər etməli, uyğurların referendum və səsvermə yolu ilə öz talelərini müəyyən edə bilmək haqqını tanımalıdır.

3. çin dövləti Doğu Türküstanla bağlı rəsmi çıxışlarda dediyi “Sincan çinin ayrılmaz bir parçasıdır” –ifadəsini dəyişdirməlidir.

Müsahibələrinin birində bu tezisləri “yol xəritəsi”nin ilk şərtləri olaraq önə sürən Rəbiə Qadir, bu şərtlərin çin hökuməti ilə aparıla biləcək müzakirələrdə əsas və başlıca təklif olduğunu söyləmişdi. “Əks təqdirdə müzakirələrin anlamı olmaz və müzakirə ediləcək bir mövzu qalmaz”- demişdi.

çinin təqibi davam edir

200 ildən artıqdır ki, çinin Doğu Türküstana yönəlik basqıları və təqibləri ara vermir. 1949-cu ildən sonra bu basqılar və təqiblər daha sistemli və amansız şəkil almaqdadır. Bu müddət ərzində uyğur türklərinin önə çıxan bütün insanları çin dövləti tərəfindən həbsə atıldı, fiziki cəhətdən məhv edildi, ya da sürgün həyatı yaşamağa məhkum oldu. Rəbiə Qadir uzun illərdi ki, təqibə məruz qalan həmin öncüllərdən biri və birincisidir. 2006-cı ildə maşında gedərkən, qarşı tərəfdən gələn maşın tərəfindən vurulur, “qəzaya uğrayır”. çin dövlətinin agentləri tərəfindən addımbaşı izlənilir. Evinin, getdiyi yerlərin, görüşlərinin şəkilləri müntəzəm olaraq gizlicə şəkilib lazım olan yerlərə ötürülür. Doğu Türküstanda yaşayan bütün qohumları təhdidlə üzləşir, daha gərgin həyat yaşamağa başlayır. “Nobel Sülh Mükafatı”nın verilməməsi üçün çin dövləti ən yüksək səviyyədə əlindən gələni edir. Xalq arasında hörmətdən salmaq üçün internet müstəvisində və xalq arasında sistemli təbliğat işi qurulur. Uyğur dilində yaxşı danışa bilən insanlar yetişdirilib uyğurların yaşadığı ərazilə
rə yerləşdirildi. Belə insanları əsasən uyğur təşkilatlarının içinə yerləşdirirdilər. Məqsəd uyğur birliyini aradan qaldırmaq, parçalanmalar yaratmaq idi.

rabie-4.jpg

Rəbiə Qadir və Türk-İslam dünyası

Türk dünyası və İslam ölkələri uyğur xalqının sorunlarına mətbuatında yer ayırsalar da, bu, sorunun çözülməsi yönündə gərəkən addım kimi qiymətləndirilə və yetərli davranış hesab oluna bilməz. Rəbiə Qadir canı canından, qanı qanından, soyu soyundan, dini dinindən olan hər kəsdən daha çox diqqət gözləyir və bu gözləmədə yetərincə haqlıdır. özəlliklə bu işdə türk xalqlarının daha fəal olmasını, əzilən uyğur xalqının yanında olmasını umur. Doğu Türküstanda on minlərlə müsəlman çinli var. Lakin onların torpaq və özgürlük dərdləri və soy ortaqlığı olmadığı üçün uyğurları anlamaları çox çətin və yardımda bulunmaları mümkünsüzdür. Uyğur xalqı haqlı olaraq türk dünyasını diqqətli olmağa, onların taleyinə biganə qalmamağa, assimilyasiya ilə üz-üzə olmalarına seyrçi qalmamağa çağırır. Rəbiə Qadir 2015-ci ilin yanvar ayında türk-islam dünyasının uyğur davasına münasibəti və özəlliklə Türkiyənin bu yöndə tutduğu mövqeyi ürək ağrısı ilə qınamışdı:

“Biz türkük, irqimiz, dilimiz, dinimiz birdir. Kültürümüz, özümüz, sözümüz birdir. Türkiyə bir milyona yaxın Suriyalı qaçqına qucaq açdı, İraqdan qaçanlara, Fələstinə, Liviyaya, Somaliyə başda maddi yardım olmaq üzərə çeşidli yardımlar etdi. Ancaq Taylandda saxlanan və çinə təhvil veriləcəyi halda edam təhlükəsi ilə üz-üzə qalacaq, aralarında uşaqların və qadınların da olduğu 290 nəfər Doğu Türküstanlı uyğur türkünə də sahib çıxmalıdır. Onlar da çin zülmündən, ölümdən qaçır, amma onlara sahib çıxmır. Türkiyə bu qədər Suriyalını müsəlman olduqları üçün qəbul edirsə, kimsənin yardım etmədiyi uyğurlar da həm müsəlman, həm də türkdür. Türkiyə onlara da əl uzatsın”.

Onun itirdikləri və qazandıqları

Dünyanın super gücünə çevrilməyə iddialı olan çin kimi böyük bir dövlətin ən varlı 10 adamından biriydi. Günlərin bir günü inandı ki, Tanrı onu əsarətdə olan millətinin özgürlüyü uğrunda savaşmaq üçün yaradıb. Millətin haqları uğrunda savaşmaq onun ilahi missiyasıdır. İlahi missiyanın həyata keçirilməsi üçün var-dövləti ilə, canıyla və qanıyla savaşmağa başladı. Bu yolda bütün varidatını itirdi. İki oğlu həbsə atıldı və illərlə ağır şərtlər altında məhbəs həyatı yaşadı. Onu qorxutmaq, getdiyi haqq yoldan, qutsal davadan çəkindirmək üçün bütün qohumları incidildi, ona yaxın olan hər kəs təqib edildi. Ali məktəb bitirən övladlarına və yaxınlarına çin dövləti iş vermədi, onları acılar içində yaşatdı. İnsan haqları və millətin özgürlüyü uğrunda başladığı savaş yolunda çox ağır bədəllər ödədi. Ən əsası canından artıq sevdiyi Doğu Türküstandan çox uzaqlarda yaşamağa məhkum edildi. Lakin bu fədakarlığın qarşısında uğruna hər şeyini qurban verməyə hazır olduğu uyğur xalqı onu anası olaraq gördü. Onu “uyğur türklərinin mənəvi anası” olaraq qəbul etdilər. Beləcə yüzlərin və minlərin deyil, on milyonlarla insanın sevimli anası və əfsanəvi lideri oldu Rəbiə Qadir.

Zamanımızın canlı əfsanəsinə çevrilən Rəbiə Qadir millətin haqları uğrunda bu gün də zəruri mübarizədən və qutsal savaşdan geri qalmır, mənsub olduğu uyğur xalqının çağdaş tarixini qızıl hərflərlə yazır, bütöv bir millətə tarix qarşısında üzağlığı və başucalığı gətirməyə davam edir.

Qaynaqlar:

1.Turgun Almas, “Uygurlar” (İstanbul, 2010)

2.İsa Yusuf Alptekin, “Doğu Türkistan Davası” (İstanbul, 1992)

3. Mehmet Emin Buğra, “Doğu Türkistan Tarihi” (İstanbul, 1952)

4. Alexandra Cavelius, “Ejderha Savaşçısı Rabia Kadir” (İstanbul, 2009)

5. Ahmet Kemal İlkul, “çin-Türkistan Hatıraları” (İstanbul, 1999)

6. M. Niyazi Mahmutoğlu, “Doğu Türkistan Esaretteki ülke” (Eğitim Vakfı Yayınları, 1987)

7. Mehmet Saray, “Doğu Türkistan Türkleri Tarihi” (Başlangıçtan (İstanbul, 1997)

8. Alaeddin Yalçınkaya, “Sömürgecilik ve Panislamizm Işığında 1856’dan Günümüze Türkistan” (İstanbul, 1997)

9. Amine Tuna “DOĞU TüRKİSTAN’DA ASİMİLASYON VE AYRIMCILIK” (İnsani Yardım Vakfı, 2012)

10. Rəbiə Qadirin “youtube.com”a yerləşdirilmiş çıxışları

Saytlar:

uyghurcongress.org

haberler.com

biyografi.net

turkiyegazetesi.com.tr

turkistanbulteni.com

ahaber.com.tr

Namiq Hacıheydərli

Strateq.az