XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2015 - 10:40

Türk yüksəlişinə qarşı “Kürdüstan” xəyalı və sionizmin “Davamlılıq” strategiyası – Təhlil

ötən yazımızda Səudiyyə Ərəbistanı yetkililərinin İsrail diplomatıyla gizli görüşlərində “kürd kartı”nı birgə dəstəkləməyi təklif etdiyini və bunun Yaxın Şərq coğrafiyasında qüvvələr nisbətini dəyişəcəyini bildirmiş, fəqət problemin mahiyyəti üzərində durmamışdıq. Mahiyyətə varmadan isə coğrafiyamızda yaşananları və bu situasiyanın bizə necə təsir göstərəcəyini anlamaq mümkün deyil. Odur ki, indi oxuyacağınız bu məqalədə daha çox, “kürd problemi”nin mahiyyətinə nəzər salacaq və Səudiyyə Ərəbistanının niyə bu təkliflə İsrailin hüzuruna çıxdığını aydınlaşdırmağa çalışacağıq.

İstərsəniz, məsələnin seyrinə də elə öncə bu sualdan başlayaq – Səudiyyə Ərəbistanı İsrailin önünə niyə bu təkliflə çıxmışdı?

Suala sizi də yormadan qısaca cavab verək: rəsmi Riyadın bu hərəkəti İsrailin milli təhlükəsizlik reflekslərinə hesablanıb“mənə dəyməyən ilan yüz yaşasın” məntiqinə söykənir.

Səudiyyə Ərəbistanı gözəl anlayır ki, İsrail Yaxın Şərqin, nə vəchlə olur-olsun, qanla çalxalanmasını istəyir və bunun üçün əlindən gələni əsirgəmir və əsirgəməyəcək. Odur ki, özünü bu qanlı prosesdən uzaq tutmağa, daha doğrusu, əzilənin deyil, əzənin yanında dayanmağa çalışır. Nəzərə alsaq ki, İsrailin qana bələdiyi əzilən tərəf Səudiyyə Ərəbistanının din bir, qan bir qardaşlarıdır və bu ölkə özünü bütün müsəlman dünyasının mənəvi paytaxtı elan edib, rəsmi Riyadın problemdən bu şəkildə yayınmağa çalışması nə siyasi, nə insani əxlaqa sığır, nə də daşıdığı mənəvi missiya ilə üst-üstə düşür. Dünyada silaha ən çox kapital ayıran krallığın İsrail qarşısında bu qədər boynubükük olmasının bir səbəbi islam cildi altında orta əsrlərə xas dövlətçilik ənənəsiylə ölkəni idarə etməsi, dolayısıyla, legitimliyini xalqdan deyil, qlobal siyasi mərkəzlərdən almasıdırsa, digər səbəb isə yəhudi iradəsini “hər şeyə müqtədir” güc olaraq görməsindən irəli gəlir və bu da əslində islam ruhunun ziddinə gedərək hansısa bir siyasi güc mərkəzini allahlaşdırmaq deməkdir.

Rəsmi Riyadın üzdə lənətləyib, özdə allahlaşdırdığı İsrailin Yaxın Şərqdə uzun illərdən bəri həyata keçirdiyi “parçala, hökm sür” siyasətin səbəbinə gəlincə, bu, yalnız məlum coğrafiyaya hökm etmək istəyindən də doğmur, həm də İsrail tərəfindən mövcudluğunu qorumağın qarantı və özünə qarşı yönələ biləcək potensial təhdidi tamamilə ortadan qaldırmağın yeganə mümkün yolu kimi başa düşülür.

Məsələ burasındadır ki, 1948-ci ildə zor və yüz cür hiylə ilə ələ keçirilmiş Fələstin torpaqlarında qurulan İsrail bölgə üçün tamamilə yad bir ünsür durumuna düşmüş, vahid islam orqanizminin rədd etdiyi virus kimi ətraf mühitlə vuruşmaq məcburiyyətində qalmışdır. Dəfələrlə çıxan ərəb-İsrail savaşlarında ABŞ-ın və digər Qərb himayədarlarının yardımıyla zəfərlər qazanıb ərazisini genişləndirsə də, o, coğrafiyanın əsl ünsürləri tərəfindən həzm olunmamış, dirəniş hərəkatlarıyla üzləşmişdir. Bu dirəniş hərəkatları rəsmi Təl-Əviv üzərində tam və qəti qələbəni təmin etməsə belə, hər halda yəhudi xalqına rahatlıq da verməmişdir. Yəhudi iradəsinin yeni bir dövlət yaratmaq üçün dünyanın müxtəlif yerlərindən gətirdiyi köçkünləri işğal olunan torpaqlarda yerləşdirmək bu şəraitdə heç də asan deyil. Köçkün yəhudilər öz yurd-yuvalarını ona görə atıb, yeni “vətən”lərinə təşrif buyurmurlar ki, burada atəş çəmbərinin içinə düşsünlər. İllər uzunu davam edən ərəb-yəhudi gərginliyi öz sakit yurdlarını yeni “vətən”ə dəyişənlərin bütün hüzurunu pozur və onların geri qayıtmalarına səbəb ola bilər. Beləcə, böyük əzab-əziyyətlə yaradılmış İsrail tamamilə boşalar, xəritədən silinər, “vəd olunmuş” ilahi əmanət əfsanəsi tarixə qovuşar. Deməli, İsrail baxımından “vəd olunmuş” torpaqlarda rahat yaşamağın bircə yolu var- müsəlman dünyasının başı daxili problemlərə qarışmalı, hər kəs İsrailin və yəhudi lobbisinin himayəsinə sığınmalıdır.

400

Təsadüfi deyil ki, sionizm bu arzusunu reallaşdırmaq üçün “Davamlılıq” adlı strategiya hazırlayıb yürütməyə çalışır. Uzun müddət bütün dünyadan gizli tutulan bu strategiyanın bəzi maddələri daha sonra elə yəhudilərin özləri tərəindən ictimailəşdirildi, etiraf olundu. Sözü gedən etiraflardan ən önəmlisi sabiq yəhudi diplomatlarından Oded Yinonun qələmə aldığı “1980-ci illərdə İsrail üçün Strategiya” yazısıdır. Maraqlıdır ki, 1982-ci ildə “Dünya Sionist Təşkilatı”nın İnformasiya dairəsinin rəsmi orqanı “Kivunim“də dərc olunan həmin yazıda İsrailin Yaxın Şərqlə bağlı planları etiraf olunur, bu gün məlum coğrafiyada yaşananlar, ən azı, 30 il əvvəl proqnozaşdırılırdı. Mövzumuzla əlaqəli olan “kürd məsələsi” də həmin etiraflar arasında idi.

Oded Yinonun fikrincə, İsrailin davamlılığını qorumaq üçün əhatəsində olduğu bütün ölkələr parçalanmalı, daxili münaqişələrə səhnə olmalıdır. Müəllifə görə, başda İraq və Suriya olmaqla, bütün ərəb ölkələri bu qanlı strategiyanın tələblərinə tam cavab verəcək durumda idilər və plan asanlıqla həyata keçirilə bilərdi. Nədən ki, Yaxın Şərq ölkələri əslində təbii təkamül nəticəsində dövlətləşməmiş, sərhədləri etnik xarakter nəzərə alınmadan xətkeşlə cızılmış siyasi-inzibati ərazilərdir və bu coğrafiyalardakı iqtidarlar xalq iradəsiylə formalaşmadığından ciddi ictimai dəstəyə də malik deyildilər. üstəlik, hakimiyyət gücündən yararlanma imkanları da düzgün bölüşdürülməmişdi. İraq əhalisinin 60%-nin şiələrdən ibarət olmasına baxmayaraq, ölkəni azlıqda qalan sünnülər idarə etdiyi kimi, Suriyada isə tam tərsinə, əhalinin əksəriyyəti sünnü olduğu halda, şiə iqtidarı hakimiyyət başında idi. Bu anormal durum İsrailin rəqiblərini sıradan çıxarılmasını asanlaşdırırdı.

Strateq həyata keçiriləcək bu tədbirlərin mümkün təsadüfi nəticələrindən yəhudi xalqını tam sığortalamağın da qayğısına qalır, bir növ, hansısa İsrail vətəndaşının hədəfdən yayınan mərmidən qorumağın yollarını da düşünmüşdür. Bunun üçünsə strategiyanın tətbiqinə İsraillə sərhədlərdən yox, seçilən hədəfin ən uzaq nöqtələrindən başlanmalıydı. Məhz bu uzaq çevrə anlayışından hərəkətlə Oded Yinon Suriyadan əvvəl, İraqın parçalanmasını və etnik münaqişələrə səhnə olmasını arzulayırdı. Bunun üçünsə iki effektli vasitə var idi. Vasitələrdən biri məzhəb müharibələri, digəri “kürd problemi” idi.

Görünür, Səudiyyə Ərəbistanı da İsrailin gizlətməyə belə lüzum görmədiyi bu strategiyaya bələd olduğundan, haqqında danışdığımız toplantıda həmin təklifi gündəmə gətirmiş, bir növ, Yaxın Şərqi parçalama planında Təl-əvivi dəstəkləyəcəyi mesajını vermişdi. Amma bir şərtlə – İsrail məzhəb davalarından vaz keçməli, öz varolma arzularını, sadəcə, etnik zəmin üzərindən reallaşdırmalıydı. Başqa sözlə, məzhəb savaşları yerinə, etnik parçalanma taktikasını önə sürən Səudiyyə məntiqinə görə, planın baş tutması üçün İran bir siyasi varlıq kimi ortadan qaldırılmalı, ordakı mövcud siyasi rejim dəyişdirilməliydi.

Di gəl ki, yəhudi diplomatı Dor Gold bu fikri yetərsiz gördüyündən öz çıxışında Ərəbistanın İrandakı rejimi dəyişdirmək təklifinə qətiyyən toxunmamış, sadəcə, “kürd kartı”nın ortaya atılmasının mümkünlüyünə eyham vurmuşdur. Bəlkə də o səbəbdən ki, “kürd problemi” ilə Yaxın Şərqin yalnız 4 ölkəsini qarışdırmaq mümkündürsə, məzhəb savaşlarıyla bütün bölgəni, o cümlədən də Səudiyyə Ərəbistanını içindən çıxılmaz qarışıqlığa sürükləmək olar. Məsələyə bu aspektdən nəzər salanda, bu gün Yaxın Şərqdə həm məzhəb, həm də “kürd problemi”nin niyə paralel şəkildə aparıldığını anlaya bilərik.

Səudiyyə Ərəbistanının özünü təhlükələrdən sığortalamaq üçün etnik separatizmə meyllənməsi, hardasa, başadüşüləndir. Amma gəlin, görək, onun mesajını verdiyi “kürd problemi” necə, həqiqətən, varmı? Bu problemin altında yatan hikmət nədir, kimə və nəyə xidmət edir?

Yavaş-yavaş Yaxın Şərqin ikinci İsraili olmağa doğru sürüklənən “Kürdüstan” və onun söykəndiyi “kürd problemi” bir sıra çevrələr tərəfindən nə qədər inkar olunsa da, etiraf edək ki, mövcuddur. Xüsusilə Qüzey İraqda təməlləri atılan bu süni dövlət həm İranı, həm Türkiyəni, həm də Suriyanı təhdid edir. Baxmayaraq ki, onun yaşamaq imkanı və bir dövlət kimi fəaliyyət göstərmək ehtimalı sıfıra yaxındır. Zənnimizcə, “kürd dövləti” idealının baş tutmamasını şərtləndirən bir neçə səbəb var. Bu səbəbləri əsasən regional dövlətlərin maraqları və kürdlərin millətləşmə problemi adı altında iki hissəyə ayıra bilərik.

  1. Regional dövlətlərin maraqları

Yaradılması nəzərdə tutulan Kürd dövlətinin sosial bazasını təşkil edəcək ünsürlər əsasən Türkiyədə, İranda, İraqda və Suriyada məskunlaşıblar. Dəqiq sayları bilinməsə də, ehtimallara görə, Türkiyədə 20, İranda 8-9, İraqda da elə o qədər, Suriyada isə 2-3 milyon kürd yaşayır. Təbii ki, bu dövlətin qurulması sözü gedən 4 ölkənin dördünün də milli maraqlarına ziddir və onlar nəyin bahasına olursa olsun, bu prosesin qarşısını almağa çalışacaqlar. İraq və Suriyanın başı hələlik öz daxili problemlərinə qarışdığından və bundan istifadə edən kürdlər, xüsusilə, İraq kürdləri xəyali dövlətlərinin artıq təməllərini atıblar. Hələlik muxtariyyətlik formasında mövcudluğunu davam etdirən Şimali İraq Kürd hakimiyyəti bir müddətdən sonra müstəqilliyini də elan edə bilərBərzani son zamanlar bu istiqamətdə bəzi çıxışlarıyla gündəm yaratmağa çalışır. ABŞ-ın, bir sıra Avropa ölkələrinin, İsrailin və son hadisədən sonra anlaşıldığı kimi, Səudiyyə Ərəbistanının təşviq və yardımlarıyla yaxınlarda, yəqin, müstəqillik bəyannaməsi də elan olunacaq. Problemlər də məhz bu ehtimal reallaşacağı təqdirdə ortaya çıxa bilər. Nədən ki, bu 4 dövlətin razılığı alınmadan qurulacağı gözlənilən “Kürdüstan“ın iqtisadi cəhətdən yaşamaq şansı yoxdur. İqtisadi gücü yeraltı zənginliklərindən ibarət olan xəyali Kürdüstanın neftini dünya bazarına daşıyacaq güvənli marşruta ehtiyacı var. Onun marşrut alternativləri isə 3 xətt üzərindən keçə bilər – Ya Suriyanın quzeyindən keçərək Aralıq dənizinə, ya Türkiyə vasitəsilə yenə Aralıq dənizinə, ya da İraq və ya İran üzərindən Fars körfəzinə. Sözsüz ki, kürdlərin müstəqillik idealları bu dörd ölkənin dördünün də torpaq bütövlüyünü təhdid etdiyindən, bu addımın atılacağı təqdirdə, bütün qapılar Kürdüstanın üzünə bağlanar və iqtisadi embarqoyla üzləşən bu ölkə tamamilə çökər, içində olduğu vətəndaş müharibələrinin yeminə çevrilər.

Quzey İraq kürd hakimiyyəti öz neftini, hələ ki, Türkiyə vasitəsilə dünya bazarına çıxara bilir. Ankara buna ona görə razılıq verir ki, de-fakto mövcud olan bu siyasi-inzibati quruluş ondan asılı vəziyyətdə qalsın və cızığından çıxmasın. Müstəqillik bəyannaməsi isə Türkiyə baxımından cızıqdan çıxmaqdır və bunun bədəlini ağır şəkildə ona ödətdirməyə çalışa bilər.

üstəlik, məlum coğrafiyada kürd idarəçilərindən haqq-hesab soruşa biləcək qüvvələr də var. Məsələn, İraqda ən böyük silahlı qüvvələrdən sayılan və kürd neftində gözü olan İŞİD bu məsələdə Türkiyənin işinə yaraya bilər. Qısası, Türkiyə hətta öz ordusununun gücündən istifadə etmədən, sadəcə İraq daxilindəki müəyyən qüvvələrə hərbi dəstək verməklə bu məsələni çözə bilər.

Eyni sözləri İran üçün də demək olar. Hər halda İraqda silahlı qüvvələr baxımından bu gün ən təsirli güc İrandır. Ayətullah Sistaninin xeyir-duasıyla yaranan HəşdiŞəbi ordusuna ən ciddi dəstəyi də elə İran verir. Bu gün başı İŞİD-lə mübarizəyə qarışan Həşdi-Şəbinin Qüzey İraqda nailiyyətlər qazanması kürdlərin müstəqillik elanından sonra Türkiyənin də işinə yarayar. Bölgənin ən güclü iki ölkəsini narahat edən “Kürdüstan” faktoru onları eyni hədəf ətrafında birləşdirdiyindən yaranmış təbii müttəfiqlik bölgədəki bütün qüvvələri də ortaq təhdidə qarşı çevirər və Şimali İraqda ortaya çıxmış regional problem zamanında dəf olunar.

Bu gün xəyali Kürdüstan dövlətinin iqtisadi qan damarı sayılacaq ən optimal yol Şimali İraq neftinin Suriya üzərindən Aralıq dənizinə daşınmasıdır. Di gəl ki, bu məsələdə də həllini gözləyən ciddi problemlər var. Bunlardan ən başlıcası neft kəmərinin keçəcəyi coğrafiyanın İŞİD-in əlində olması və bu durumun regional güclərin də işinə yaramasıdır. Təsadüfi deyil ki, bütün beynəlxalq basqılara rəğmən, Türkiyə öz sərhədlərini Kobaniyə yardıma gedən Quzey iraqlı peşmərgələrə könülsüz açmış və bu da PKK-nın Suriya uzantısı olan YPG-nin müqavimətini xeyli dərəcədə zəifl
ətmişdi. Türkiyə kimi, bölgənin digər gücləri də məhz bu səbəbdən Suriyalı kürdlərdənsə, İŞİD-i dəstəkləmək xəttini tuturlar. Hətta başı öz dərdinə qarışan Bəşər Əsədin belə zaman-zaman atdığı bəzi addımlar İŞİD-i dəstəkləyəcək mahiyyətdə olur. Bunu ABŞ-ın Suriyadakı səfirliyi də öz Twitter səhifəsində dəfələrlə bəyan etmişdir. Məsələn, səfirliyin 1 İyun 2015-ci il tarixli paylaşımında deyilir: “Gələn xəbərlər rejimin İŞİD-in Hələbə doğru irəliləməsini dəstəkləyən hava hücümları keçirdiyini, Suriya xalqına qarşı şiddət tərəfdarlarına yardım etdiyini göstərir”.

Təbii ki, Bəşər Əsədin bu mövqeyi düşməni düşmənə qırdırmaq siyasətinin bir nəticəsidir. Bununla belə, Suriya rejiminin daha çox İŞİD-ə dəstək verməsi həm də rəsmi Dəməşqin hansı tərəfi daha çox təhdid ünsürü hesab etməsindən xəbər verir.”Kürdüstan” təhdidi bölgənin ən aşırı iki ucunu bir araya gətirə bilirsə, deməli, regional güclərin onun qurulmasına səbrlə yanaşılmasını gözləməyə dəyməz.

üstəlik, millətləşmə prosesi keçirməyən kürdlərin əşirətlərə bölünməsi, ortaq milli çıxarlar deyil, iqtisadi mənfəətlər ətrafında bilrləşməsi Kürdüstan xəyalının reallaşmasının önünü kəsən başlıca amildir. Qüzey İraqa hakim olan Bərzani əşirətinin digər tayfa və qəbilələrlə yola getməməsi, hətta öz peşmərgələrini Kobaninin müdafiəsinə könülsüz göndərməsi bilinən həqiqətlərdəndir. Təsadüfi deyil ki, Kobanidən qaçıb Ərbilə sığınmaq istəyən kürdlərə belə, lazımi dəstək verməyən Bərazani kürdlərin bir araya gəlməsini Şimali İraq neftini onlarla bölüşmək istəmədiyinə görə arzulamır da. Təbii sərvətlərə təkbaşına sahib olmaq hissi kürd əşirətlər arasında onsuz da nazik tellərlə bağlanan əlaqələri daha da zəiflədir.

  1. Kürdlərin millətləşmə probleminin səbəbləri

Kürd əhalisinin hələ də millətləşmə prosesini keçirə bilməməsinin obyüktiv səbəbləri var. Bu səbəblərdən biri İslam dininin ehkamlarıyla bağlıdır. İslam dininin millət yerinə, ümmət amilini təbliğ etməsi islam dünyasında bir çox xalqlar kimi, kürdlərin də millətləşmə prosesinin qarşısını almşdır. Nəticədə müsəlman ümməti içərisində yalnız üç fərqli etnik kimlik ortaya çıxmış və özlərinə xas mədəniyyətlər yarada bilmişlər. Bunlardan biri ərəblər, digəri farslar, bir başqası isə türklərdir.

Quran“ın ərəb dilində gəlməsi, istər-istəməz, orta əsrlərin mədəniyyətdən bəlkə də ən uzaq etnosu olan ərəbləri coğrafiyanın ən üstün sivilizasiyanı yaratmış qüvvəsinə çevirdi. Farslar da islamdan əvvəl yüksək mədəniyyətlər yaratmış etnoslardan biri olduğundan bu avantajlarından yararlana bildilər. Xüsusilə 10-11-ci əsrlərdən etibarən islam coğrafiyasının hakiminə çevrilən türklər də öz siyasi avantajlarının hesabına ayaqda dayanmağı bacardılar. Digər xalqlar və etnik kimliklər, o cümlədən də kürdlər İslam mədəniyyətinin altında əriyib getdilər.

ümumiyyətlə, tarixə nəzər saldığımız zaman kürdlərlə bağlı çox az mədəni xatirələrin yaşadığını görə bilirik. Düzdür, tarixçilərin zorakı metodlarla onların adına bağladıqları dövlətlər olub. Fəqət bu dövlətlər kürd mədəniyyəti deyə bir şey yaratmayıblar. Daha çox coğrafiyanın 3 güclü etnosunun mədəniyyətini davam etdiriblər. Dolayısıyla rəhbərləri mənşəcə kürd olsa da, özləri əslində ya farsın, ya ərəbin, ya da türkün dövləti olub. Bunun nəticəsidir ki, tarixdə ilk və son dəfə Kürdüstan adı, sadəcə, səlcuqlular dövrünə aid mətnlərdə ortaya çıxır və o da hansısa bir millətin vətəni olaraq yox, coğrafi məkan kimi xatırlanır.

Bu durum vahid kürd dilinin formalaşmasının da qarşısını alıb. Hazırda dünyada yaşayan kürd əhalisinin əsasən üç ləhcədə danışdığı bildirilir – kirmanç, korani və zazaca. Bu ləhcələr arasında fərq o qədər böyükdür ki, fərqli ləhcələrdə danışan kürdlərin bir-birini başa düşmədikləri deyilir. Hətta zaza ləhcəsini kürd dilinə aid etməyən alimlər belə var.

Qərb imperialist güclərinin islam coğrafiyasını parçalamaq üçün əmələ gətirmək istədikləri ortaq kürd dili lüğətlərində belə, sözlərin bir çoxu ya türk, ya ərəb, ya da farsça kəlmələridir. Sank-Peterburq Elmlər Akademiyasının tərtib etdiyi Kürdcə-Rusca-Almanca lüğət bunun ən bariz nümunələrindəndir. Məlumata görə, 8528 sözdən ibarət olan bu lüğətdə 3000 kəlmə xalis türkcə, 2000-ə qədəri türkləşmiş, 1240 ədədi zind, 1030-u əski pəhləvicədir. Lüğətdə cəmi 300 sözün məhəlli kürd dilində olduğu qeyd olunur. Bu faktın özü kürdcəni dövlət dili səviyyəsinə çıxarmağın mümkün olmadığından xəbər verir.

üstəlik, ən ciddi problemlərdən biri kürd dili qrammatikasının mövcud olmamasıdır. Bu dilin qrammatik xüsusiyyətləri də eynilə lüğət tərkibi kimi, üç dilin qarışığından əmələ gəlib. Belə vəziyyətdə hətta kürd dövləti qurularsa belə, o dildə təhsil müəssisələrinin formalaşdırılması asan olmayacaq. Türkiyənin anası kürd olan sabiq prezidenti Turqut özal bu səbəbi göz önündə bulunduraraq kürdcə təhsilin kürdlərə zərər verəcəyinə inanır və bunu açıq şəkildə dilə gətirirdi. Xüsusilə indiki qloballaşma çağında bütün dillərin ingiliscəyə uduzduğunu, elmi ədəbiyyatların əsasən bu dildə yayıldığını nəzərə alsaq, kürd dövlətçilik nəzəriyyəçilərinin nə qədər ciddi müşkül qarşısında qaldıqları anlaşılır. Onlar öz ideallarını hətta uğurla başa çatdıracağı təqdirdə belə, effektli nəticə əldə edə bilməzlər.

O halda sual yaranır- Kürdüstan ideyası bu qədər xəyali olmasına baxmayaraq, niyə ortaya atılıb?

Cavab: “Kürdüstan” xəyalı kürd xalqının öz milli istəyindən irəli gəlməyib. Əksinə, təbii zənginliklərlə zəngin olan Yaxın Şərqi parçalamaq, onun üzərində hakimiyyət qurmaq üçün Qərb imperializmi tərəfindən yaradılıb. Xüsusilə Osmanlı dövlətinin çöküş illərində ondan geriyə qalan bölgələri paylaşmaq istəyən Qərb imperializmi əsasən Aralıq dənizinə nəzarət uğrunda yarışırdılar. Digər rəqiblərindən fərqli olaraq, Rusiyanın bu dənizə birbaşa çıxışı yox idi. Dünya ticarət yollarına açılmaq və beləcə dünya dövlətinə çevrilmək istəyən Rusiya Qara dənizdən keçərək İstanbul boğazı vasitəsilə Aralıq dənizinə çıxmağa çalışırdı. Onun bu arzusunun qarşısını isə Osmanlı imperiyası kəsirdi. 300 ildən artıq zaman zərfində müxtəlif aralıqlarla davam edən rus-türk savaşları heç bir nəticə verməyincə və 1851-ci ildə bağlanan Paris müqaviləsi ilə Osmanlının Avropa dövlət topluluğuna aid ölkə elan olunması və Avropanın zəmanəti altına girməsiylə Rusiya başqa çarələr düşünməyə başladı. çünki o, artıq anlamışdı ki, Aralıq dənizinə çıxmaq yalnız Osmanlını məğlub etməklə mümkün deyil. Bunun üçün həm də Avropayla dil tapmalıdır. Avropanın Fransa, İngiltərə, Prussiya kimi dövlətləri isə dünya dövləti olmağın açarını onunla bölüşmək istəmirlər və istəməyəcəklər də.

Rusiyanın başqa çarə axtarışları “kürd kart”ndan istifadə etmək zərurətini yaradırdı. İran, İraq ərazilərində qurulacaq bu yeni dövlət üzərində o, Fars körfəzinə çıxa və o dövrün ən zəngin ölkəsi Hindistana rəqiblərindən daha tez çatmaq imkanı əldə edə bilərdi. Beləcə, dövlət qurmaq üçün önəmli xüsusiyyətlərdən məhrum olan kürd amili ortaya çıxarıldı. Rusiyanın İran və Osmanlıdakı səfirləri kürd xalqlarının dillərini, xüsusiyyətlərini araşdırmağa başladılar. İlk kürdologiya çalışmaları da bu cür ortaya çıxdı.

Daha sonra Rusiyanın bu üstünlüyünün qarşısını almaq istəyən Qərb ölkələri də eyni siyasətdən istifadə edərək süni bir dövlət ideologiyası əmələ gətirdilər. Məqsəd həm Rusiyanın əlindən bu imkanı almaq, həm də Yaxın Şərqi parçalamaqdı. Bu gün eyni siyasət, nə yazıq ki, İsrailin əlində geopolitik “kart”a çevrilib.

Zaman-zaman bu kartdan İran da iki türk topluluğu – Türkiyəylə Cənubi Azərbaycanın arasındakı təbii sərhədlər arasında bufer zona yaratmaq üçün faydalanıb, Siriya da ölkədə yaşayan türkmənlərlə Türkiyə arasında kürd səddi qoyub. Yəni, “kürd kartı” bölgənin bütün millət və dövlətlərinə qarşı çevrilsə də, əsasən türklərin yüksəlişinin önünü kəsməyə xidmət edir. Bu siyasətdən ən çox əziyyət çəkənlərdən biri də Azərbaycan türkləridir. Təsadüfi deyil ki, bu gün İraqda və Suriyada həyatları təhlükə altında qalan türkmənlər türk xalqları arasında mənşə etibarilə bizə daha yaxındırlar.

Eyni zamanda, İranın əzəli Azərbaycan ərazisi olan Urmiyada kürdlərin getdikcə artdığı müşahidə olunur. Urmiya gölünün şüurlu şəkildə qurudulmasıyla əsasən əkinçiliklə məşğul olan Azərbaycan türklərinin mərkəzi İrana axışması nəyicəsində boşalan əyalətdə əsasən heyvandarlıqla məşğul olan kürdlər məskunlaşmağa başladı və həmin demoqrafiq dəyişiklik indi də davam edir. Prosesin önü alınmasa, bir müddətdən sonra Urmiyanın kürdləşdirilməsi qaçınılmaz olacaq.

Nəticə

Kürdüstan problemi xəyali bir nəzəriyyə olduğundan, zahirən hədəflədiyi missiyanı yerinə yetirəcək gücdə deyil. Batinən isə bu nəzəriyyə müsəlman millətləri, xüsusilə türk xalqlarının yüksəlişini dayandırmağa xidmət edir və onun işığında türklüyə qarşı vuruşan potensial əsgəri güc yetişdirilir. İŞİD, əl-Qaidə və sair qüvvələr kimi, “Kürdüstan əsgərləri” də öz missiyalarını tamamladıqdan sonra ya öz-özlərinə tarixdən silinəcək, ya da elə Qərbin özü tərəfindən yox ediləcəklər. O səbəbdən ki, belə bir dövlətin qurulması üçün nə tarixi zərurət, nə milli-mədəni əsas, nə də münbit şərait var…

Heydər Oğuz

Strateq.az