XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

07 İyun 2015 - 22:02

Türkiyədə millətçilik qalib gəldi: islamçı-türkçü koalisiyanın bir addımlığında!

Türkiyədə böyük maraqla gözlənilən parlament seçkiləri başa çatdı. Seçkilərin nəticələri bir çoxları üçün sürpriz olsa da, əslində gözlənilməz də deyildi. Seçki öncəsi keçirilən bütün rəy sorğuları, aşağı-yuxarı, eyni nəticələri göstərirdi: AKP-nin səs itirəcəyi, MHP və HDP-nin isə səs artıracağı ehtimalı vardı…

Səsvermədən sonra açıqlanan nəticələr də proqnozlarla üst-üstə düşdü. Nəticələrə görə, AKP seçicilərin 41, CHP 25, MHP 16.5, HDP isə 12 faizinin səsini qazandı. Yəni ötən parlament seçkiləriylə müqayisədə, AKP nə az, nə çox – 10% səs itirdi, CHP, demək olar ki, yerində saydı. Bu dəfəki seçkinin əsas qalibləri isə MHP və HDP oldu. MHP 2011-ci ildəki parlament seçkilərində qazandığı 13 faizlik səs potensialının üzərinə daha 3-4 faiz də əlavə etdi. Kürd millətçilərinə yaxınlığı ilə seçilən HDP isə tarixində ilk dəfə seçki limitini aşaraq parlament partiyasına çevrildi.

Beləliklə, AKP 261, CHP 152, MHP 82, HDP isə 75 millət vəkili ilə Türkiyə Böyük Millət Məclisində təmsii olunacaq.

Geridə buraxdığımız seçkilərin bu nəticələrinə görə, Türkiyədə millətçilik ön plana çıxır. Olduqca həssas dövrə qədəm qoyan qardaş ölkədə həm kürd, həm türk millətçiliyinin artması “məmləkətin iki müxtəlif sosial bazasının yollarını ayrılmasına səbəb ola bilər” kimi qorxunc ehtimalı ağla gətirsə də, hər şey seçkini liderliklə başa vuran AKP-nin atacağı addımdan asılı olacaq. Təkbaşına hökumət qurmaq ehtimalı olmayan AKP ya MHP-ylə, ya da HDP-ylə koalisiyaya getmək məcburiyyətindədir. Deməli, daha az səs toplamalarına baxmayaraq, iki millətçi partiyadan biri hökumətin ortağı ola bilər. Bu mənada da Türkiyədə keçirilən 2015-ci il parlament seçkilərini millətçiliyin aktivinə yazmaq mümkündür.

Bəs, AKP hansı millətçi qanadla müttəfiqliyə üstünlük verə bilər: HDP-yə, yoxsa MHP-yə?

Bir çoxları bu dilemma qarşısında qalan AKP-nin HDP-yə yönələcəyi ehtimalından ehtiyatlansa da, rasional ağıl MHP-nin daha şanslı olduğunu deyir. Düzdür, MHP-yə müttəfiqlik AKP-nin indiyə qədər yürütdüyü bir sıra siyasətlərini təhlükə altına qoyur. Bunlardan biri də “kürd açılımı” adlandırılan siyasətdir. Həmin siyasət nəticəsində Türkiyə kürdləri bir sıra hüquqlar qazanıb, öz dillərində telekanallar, məktəblər açıb, toplu halda yaşadıqları bölgələrin bələdiyyələrinə seçilib, özünüidarəetmə fürsətinə yiyələniblər. Bütün bu islahatlar ona görə aparılıb ki, Türkiyəni gözləyən separatizm dalğası zəifləsin, aşırı millətçiliyin iki toplum arasında yaratdığı ziddiyyətlər ortadan qaldırılsın.

AKP-nin illər uzunu yürütdüyü açılımlar isə istənilən nəticəni vermədi. Əksinə, kürdlərin separatçı çıxışlarının tonu və sayı artdı. Məsələyə bu baxımdan yanaşanda, AKP üçün də əslində indi “kürd açılımı” siyasətindən tədricən uzaqlaşmaq lazımdı. Kim bilir, bəlkə də AKP-nin öz nüfuzlu fiiqurlarına 3-cü dəfə seçilmək yasağı gətirməsinin və dolayısıyla 2015 il seçkilərinə daha zəif komandayla getməsinin əsas səbəbi də bununla bağlı idi? Daha aydın desək, mümkündür ki, Türkiyənin 14 illik iqtidarı elə sandıqdan “koalisiya hakimiyyəti” çıxsın deyə, seçkilərə ehtiyat komandayla gedirdi. Zira Türk xalqının bəxş edəcəyi hansısa partiyayla ittifaqa getmək fürsəti AKP-yə hava-su kimi gərəkli idi və koalisiya hakimiyyətinin gətirəcəyi məsuliyyəti bölüşmək avantajı geriyə daha rahat addım atmaq imkanı yarada bilərdi. Yəni biri var, “indiyə qədər yürütdüyüm siyasət düzgün deyildi” deyib ondan imtina edəsən, dolayısıyla, böyük bir günah işlədiyini boynuna alasan və sonrakı seçkilərdə səs itirəsən, biri də var “koalisiya ortağımızın həssasiyyəti doğru addımdan bizi geri çəkilmək məcburiyyətində qoydu” bəhanəsiylə girdiyin qorxunc oyundan üzüsulu çəkiləsən. Təbii ki, ikinci variant daha rasionaldır və koalisiya hökuməti qurmaq AKP-yə bu fürsəti verir. Yəqin ki, AKP də bu fürsətdən yetərincə yararlanacaq.

Digər tərəfdən, bu seçkilərdə AKP-yə ən böyük zərbəni də elə kürd separatçıları vurdu. Halbuki, ötən il prezident seçilən Rəcəb Tayib Ərdoğan Türkiyədə konstitusiya dəyişikliyi aparmaq istəyir və bu məsələdə kürdlərin indiyə qədər ondan əsirgəmədikləri səslərinə güvənirdi. Bir çox siyasinin qardaş ölkəni avtoritarlaşdıracağına inandığı bu arzu böyük ölçüdə indiki seçkilərin nəticələrindən asılı idi. Nədən ki, parlamentli respublikadan imtina edib prezidentlik sisteminə keçmək üçün konstitusiya dəyişilməli, bunun üçünsə ən azı 330 səsə ehtiyac vardı. Mövcud Konstitusiyanın tələblərini nəzərə alan Ərdoğan 2015 seçkilərini əslində prezidentlik sisteminə keçmək üçün veriləcək mandat olaraq görür və bunu açıq şəkildə dilə gətirirdi. Dolayısıyla, xalqdan 330 mandat gözləyirdi. Son seçkilərin nəticələrinə görə, 261 millət vəkili qazanan AKP-nin öz niyyətini reallaşdırmaq üçün daha 70 səsə ehtiyacı var. Bu hal, ilk baxışdan, türk millətinin sözü gedən arzuya “yox” deməsi kimi görsənsə də, məsələnin altında başqa bir mətləb də yatır. Həmin mətləb kürd separatçılarının mövqeyi ilə bağlıdır.

Bilindiyi kimi, bu zamanacan öz millət vəkillərini mojaritar qaydada seçdirmək yoluna üstünlük verən kürd separatçıları təsir altında saxladıqları bölgələrdə səslərin AKP-yə getməsinə münbit şərait yaradırdılar. Bu seçkilərdə isə tamamilə başqa mövqe sərgilənmişdi: PKK silahlılarının sığındığı Qəndil dağından bütün kürd öncüllərinə səslərin HDP-yə verilməsi təlimatı gəlmişdi. Əks təqdirdə, onlar qana bələnəcəkləriylə təhdid olunmuşdular. Seçkidən əvvəl Türkiyə mətbuatında belə əks olunan bu tələbdən sonra kürd seçiciləri AKP-dən uzaqlaşıb HDP-yə yönəldilər. Beləcə, Ərdoğan istədiyi nəticəni əldə edə bilmədi.

Kürd separatçılarının bu mövqeyi AKP-ni onlarla koalisiyaya hökuməti qurmaq məcburiyyətində buraxmağa və sövdələməyə getmək üçün əsas yaratmağa hesablanmışdı. HDP-nin 75 millət vəkiliylə TBMM-də təmsil olunacağını və konstitusiyanı dəyişmək istəyən AKP-nin isə daha 70 səsə ehtiyacı olduğunu nəzərə alsaq, kürd separatçılarının öz niyyətlərində uğur qazandıqlarını görə bilərik. Və gəlinən bu nöqtə onların sövdələşmə tələblərinin xeyli ağır olacağından xəbər verir.

Digər tərəfdən, Yaxın Şərqdə baş verən proseslər, xüsusilə Kürdüstan faktorunun ortaya çıxması AKP-ni daha ehtiyatlı addımlar atmağa məcbur edir. Əks təqdirdə, kürd separatizminin səsini qazanıb, Türkiyənin torpaq bütövlüyünü itirmək ehtimalı da var. Bu isə, öz növbəsində, AKP-nin qazandığı son seçki fürsətini əldən qaçırması deməkdir və həmin addımın sonucu böyük tür
k xalqının tapdağı altında əzilmək taleyiylə üzləşmək ola bilər. Təbii ki, AKP bu həyati yanlışa getməz…

Beləliklə, 2015-ci il parlament seçkilərindən sonra qurulacaq hökumət, böyük ehtimalla, AKP-nin təmsil etdiyi dindarlıqla MHP-nin təmsil etdiyi türk millətçiliyinin sintezindən ibarət olacaq.

Heydər Oğuz

Strateq.az