XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 09:27

Müsavat niyə nokdauna düşdü?- Təhlil

Müsavat Partiyasına 22 il ardıcıl olaraq rəhbərlik etmiş İsa Qəmbərin başqanlıq postundan getməsindən sonra təşkilatın problemlərlə üzləşəcəyi öncədən proqnozlaşdırılırdı. Lakin Müsavat daxilində proseslərin hazırkı məcrada inkişafı, həqiqətən, gözlənilməz oldu.

22 ildən sonra başqanın əvəzlənməsi prosesinin asan olmayacağı və partiyadakı kövrək konsensusu darmadağın edəcəyi, şübhəsiz ki, İsa Qəmbər üçün də sirr deyildi və o, mümkün qədər prosesi uzatmağa çalışdı. Gözlənildiyi kimi, İsa Qəmbər geriyə addım atmadı və Nizamnamə dəyişikliyinə getmədi. Ola bilsin ki, reputasiya riskini daha böyük hesab edərək, bu qərarı verdi. Ancaq sonrakı proseslər göstərdi ki, İsa Qəmbər bu məsələdə sonadək demokratik davranış sərgiləyə bilmədi: özündən sonra məhz Arif Hacılının başqan postuna gətirilməsi üçün bütün mümkün olanı etdi və istəyinə nail oldu…

Amma indi 2014-cü il sentyabrın 27-nə – Müsavatın VIII qurultayı baş tutana qədər olan və eləcə də sonrakı dövrdə baş verən proseslərin təhlili göstərir ki, İsa Qəmbər siyasi karyerasının ikinci ən mühüm istefa qərarını verərəkən də perspektivi düzgün qiymətləndirə bilməyib.

Başqanın səhvi: getmək və Arif Hacılı timsalında qayıtmaq qərarı

VIII qurultayqabağı baş verənlər göstərdi ki, Müsavat elitasında İsa Qəmbəri kimin əvəzləyəcəyi məsələsində fərqli yanaşmalar var. Görünən bu idi ki, elitanın əhəmiyyətli hissəsi yalnız başqanın deyil, mövcud idarəçilik sisteminin tamamilə dəyişməsinin tərəfdarıdır. İsa Qəmbərin irəli verdiyi Arif Hacılının başqan seçilməsi perspektivi isə, faktiki olaraq, əvvəlki status-kvonun və sistemin ciddi şəkildə dəyişməyəcəyi mənasına gəlirdi. Müsavatdaxili prosesləri ciddi izləyənlər bunu gözəl bilirdilər və hamiya əyan idi ki, uzağı, simalar dəyişəcək, İsa Qəmbər yenə özünəməxsus şəkildə partiyanı yönətməkdə davam edəcək. Arif Hacılının isə yalnız formal olaraq statusu dəyişəcək. Arif Hacılının əsas rəqibi Qubad İbadoğluna partiya elitası tərəfindən verilən dəstək əslində elə bu yanaşmaya olan etiraz idi.

Qubad İbadoğlunu tanıyanlar yaxşı bilirdilər ki, onun başqan seçilməsi çox böyük dəyişikliklər vəd edirdi və İsa Qəmbər əvvəlki kimi partiya idarəçiliyinə, qərarların qəbuluna müdaxilə edə bilməyəcəkdi. Müsavat elitasının tanınmış simaları məhz bu perspektivi məqbul hesab etdikləri üçün Qubad İbadoğluna fəal dəstək verirdilər. Arif Hacılıya qarşı çıxışlar, əslində müsavatçılar üçün dəyişikliklər vəd etməyən taktika təklif edən İsa Qəmbərə yönəlmişdi. Sadəcə bu həqiqət dilə gətirilmirdi və açıq ifadə olunmurdu.

Hətta ola bilsin ki, 22 illik rəhbərlikdən aralanan başqanın yenə müsavatçıların seçiminə yön vermək istəyi, Arif Hacılının irəli verilməsi ilə demokratik görüntüylə yenidən hər şeyi əvvəlki kimi saxlamağa çalışmaq səyləri partiya elitasının əhəmiyyətli kəsimi tərəfindən onları aldadmaq cəhdi kimi qiymətləndirilmişdi. çünki getmək və Arif Hacılı timsalında qayıtmaq taktikasının tətbiqi başqa cür qiymətləndirilə bilməzdi.

Şübhəsiz ki, Müsavatda sonradan baş verən prosesləri ən müxtəlif maraqlar, şəxsi ambisiyalar və s. ilə izah etmək olar. Ancaq 1991-ci ildən bəri Azərbaycan müxalif düşərgəsinin ən sabit və nüfuzlu partiyasında hazırda müşahidə etdiklərimizin səbəbi daha fundamental xarakter daşıyır və əvvəl qeyd etdiyimiz səbəb həlledici əhəmiyyət daşıyır.

İsa Qəmbər yenə gizlənməyə üstünlük verdi

Müsavatın VIII qurultayından sonra partiyda çatların gözlənildiyindən də artıq dərinləşməsinin səbəbi də məhz gerçək dəyişikliklər arzusunun beşiyindəcə boğulması idi. Qubad İbadoğlunun başqan seçilməsi Müsavat üçün uğurlu variant ola bilərdimi? Bu suala cavab vermək çətindi. Ola bilsin ki, İ.Qəmbər gerçəkdən bu variantı düzgün hesab etməyib və müdaxiləsini zəruri sayıb. Amma bunun onun tərəfindən hansı formada edilməsi çox vacibdir. Onun əvvəldən öz seçimini açıqlamaq, qərarını elan etmək imkanı vardı. Belə olsaydı, keçmiş başqan daha səmimi görünərdi və ayrılma, qopma prosesləri də belə ağır formada təzahür etməzdi. Gedənlər könüllü gedər və repressiv tədbirlərə ehtiyac qalmazdı. Amma demokart görünmək istəyi ilə partiyaya nəzarəti əldən verməmək cəhdləri, bunları pərdələməyə çalışmaq ağır nəticələr doğurdu. İsa Qəmbər bir daha xarakterində kök atmış və artıq dəyişə bilməyəcəyi xüsusiyyəti – kritik anlarda önə çıxmaqdan çəkindiyini, açıq savaş gərəkən yerdə kompomissə üstünlük verdiyini nümayiş etdirdi. Qısaca desək, İsa Qəmbər yenə də gizlənməyə üstünlük verdi…

Müsavat elitasının əhəmiyyətli kəsimi 22 illik hakimiyyətdən sonra İsa Qəməbərin növbəti kaprizini götürə bilmədi və reaksiyalar adekvat oldu. 22 illik yol yoldaşlığı təcrübəsi şəxsən İsa Qəmbərə qarşı ittihamların səslənməsinə mane olur. Baxmayaraq ki, keçmiş başqan hazırkı başqan və komandasını açıq şəkildə dəstəkləyir, ancaq yenə də bütün irad və ittihamların Arif Hacılı timsalında ona da ünvanlanması nəzərdən qaçmır.

Bu gün Müsavat partiyasının nokdaun vəziyyətinə düşməsi, ittihamlar və qopmalar partiyada gerçək dəyişiklik gözləntilərinin və ümidlərinin boşa çıxması ilə bağlıdır. ümidlərin boşa çıxmasının, aldadılmanın yaratdığı travmanın təsirlərinin hamıdan radikal görünmək cəhdləri ilə müalicəsi və bunun ətrafında partiyanın səfərbər edilməsi çabaları da real nəticə vermir.

ümidlər boşa çıxanda insanlar, ümumiyyətlə, bağışlamırlar; bağışlasalar belə, bu, çox gec baş verir və həm də növbəti yanlışda faciəyə yol açacaq başlanğıc olur…

Zaur İbrahimli

Strateq.az