XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 10:43

Türkiyə üzünü yenidən Qafqaz və Orta Asiyaya çevirə bilər- Təhlil

Son parlament seçkilərindən sonra Türkiyədə qurulması gözlənilən koalisiya hökumətinin möhtəməl subyektləri yavaş-yavaş müəyyənləşir. Səsvermə axşamı MHP lideri Dövlət Baxçalı parlamentdə ana müxalifət partiyası kimi təmsil olunacaqlarını söyləsə də, partiyadan artıq koalisiyaya gedə biləcəkləri ehtimalını qüvvətləndirən reaksiyalar gəlməyə başlayıb. MHP-dən Türkiyənin “Hürriyyət” qəzetinə sızdırılan məlumata görə, partiyanın koalisiya ortaqlığı üçün irəli sürəcəyi iki əsas şərt olacaq. Şərtlərdən biri “kürd açılımı” siyasətinin dayandırılması, digəri isə AKP-nin Türkiyədə prezidentlik rejimi qurmaq fikrindən vaz keçməsidir.

Partiya tərəfindən koalisiya ehtimalının səsləndirilməsi MHP-nin bu ittifaqa hazır olmasından xəbər verir.

Əslində, yeni ortaqlıq üçün irəli sürdüyü şərtlərin hər ikisi AKP baxımından qəbul edilməsi çətin prinsiplər də deyil. Strateq.az-dakı “Türkiyədə millətçilik qalib gəldi: islamçı-türkçü koalisiyanın bir addımlığında” sərlövhəli yazımızda da qeyd etdiyimiz kimi, onsuz da Türkiyənin 13 illik iqtidarının başlatdığı “kürd açılımı” siyasəti müsbət nəticə verməmiş və status-kvo ondan vaz keçilməsini şərtləndirirdi. Koalisiya ortağının bunu şərt kimi irəli sürməsi AKP-nin illərdən bəri davam etdirdiyi siyasətdən daha rahat vaz keçməsinə şərait yarada bilər.

Prezidentlik üsul-idarəsi strategiyasından imtina etmək də AKP üçün çətin olmayacaq addımlardandır. Son seçkilərin indiki nəticələrindən sonra AKP arzuladığı bu hədəfi onsuz da reallaşdıra bilməyəcək. Buna həm növbəti parlamentin tərkibinin, həm də Türkiyə xalqının ümumi rəyinin mane olacağı gözlənilir. Belə ki, Türkiyədə siyasi rejim dəyişikliyi aparmaq üçün ya yeni konstitusiya qəbul olunmalı, ya da mövcud anayasının bəzi maddələrinə əl gəzdirilməlidir. Hər iki halda bu məsuliyyətli qərarı xalq verməli, referendum keçirilməlidir. Türkiyənin indiki anayasasına görə isə, referendum 2 mərhələdə keçirilir. Birinci mərhələdə, ən azı, 187 millət vəkili təkliflə parlamentə müraciət etməli və təklif səsə qoyulduğu zaman, ən azı, 330 millət vəkili ona razılıq verməlidir. Yanlız bundan sonra təklif referendum kimi xalqın önünə çıxarıla bilər.

Qurulması ehtimal olunan AKP-MHP iqtidarının heç bir itki vermədən müsbət rəyini ala biləcəyi millət vəkilinin sayı isə cəmi 338 nəfərdir. Xüsusilə MHP sıralarından bir çox millət vəkilinin koalisiyanın iradəsinə qarşı çıxıb səsvermədə təklifin əleyhinə rəy bildirəcəkləri isə, təbii ki, Ərdoğan üçün də, Dövlət Baxçalı üçün də sirr deyil. Belə vəziyyətdə onların yüngülsaqqallıq edib təklifi səsverməyə çıxarmalarını gözləməyə dəyməz.

üstəlik, Türkiyə xalqı son seçkilərdə siyasilərə öz mesajını verib. Seçkinin nəticələri göstərir ki, AKP-nin ölkə əhalisi arasındakı nüfuzu 40% civarındadır. 40%-lik nüfuz parlamentdə AKP-yə üstünlük qazandırmaya kifayət etsə də, referendumda eyni qələbəni təmin etməyə yetməz. Prezidentlik üsul-idarəsinə qarşı olan MHP və CHP elektoratı da elə Ərdoğanın tərəfdarı qədərdir. Hətta onlardan daha artıqdır. Bunu seçkinin nəticələri də sübut edir. Nəticələrə görə, Türkiyə seçicilərinin 25%-i CHP-yə, 16.4%-i isə MHP-yə səs verib. Bu rəqəmlərin cəmi 41.6% edər ki, Ərdoğan tərəfdarlarından 1.4% daha çoxdur.

Eyni zamanda, Kobani hadisəsində ləng tərpənmək taktikası yürüdən, bununla da kürd separatizminin iradəsinin İŞİD tərəfindən yox edilməsinə bacardığı qədər şərait yaradan AKP-nin kürdlər tərəfindən müdafiə olunmasını da gözləməyə dəyməz.

Digər tərəfdən, parlamentə düşməyən partiyaları dəstəkləyən seçicilərin də parlamentarilikdən yana olduğunu nəzərə alsaq, referenduma gedilsə belə, AKP-nin öz istədiyinə çata bilməyəcəyini görərik.

Bu mənada, 2015-ci il parlament seçkiləri, doğrudan da, xalqın nəbz yoxlanışı idi. İnsafən, AKP də məsələni bu cür qəbul edir, seçkiqabağı təbliğatlarında bunu açıq şəkildə dilə gətirirdi. Təsadüfi deyildi ki, seçkidən öncə prezident Rəcəb Tayyib Ərdoğan 2015-ci il seçkilərinin referendumun barometri olacağını demiş və xalqdan, ən azı, 330 millət vəkili istəmişdi. Türkiyə xalqı isə onun bu istəyinə 258 millət vəkili hədiyyə edərək öz cavabını verdi. Bir növ, ona MHP ilə koalisiyaya getmək yolunu göstərdi. Xalqın nəbzini hər kəsdən yaxşı tutmağı bacaran Ərdoğan da, yəqin ki, mesajı anladı və millətçi prinsiplərə söykənən hökumətlə öz prezidentlik vəzifəsini davam etdirməyə çalışacaq.

Onu da qeyd edək ki, nə qədər islamçı kimi görünsə də, AKP elektoratının əksəriyyətində ciddi türkçülük məfkurəsi hakimdir. Eynilə, MHP elektoratı da türk millətçisi olduqları qədər də islamçıdır. Bu nəzəri yaxınlığın AKP-ylə MHP arasındakı inteqrasiya prosesini sürətləndirəcəyini gözləmək mümkündür.

Ehtimal edilən AKP-MHP koalisiyasının Türkiyəyə və onun əhatə olunduğu çevrə dövlətlərinə də ciddi təsirləri ola bilər. Milliyyətçi anlayışa sahib ortağıyla bərabər, AKP-nin böyük dövlət olma yolunda yönəldiyi Yaxın Şərqdən uzaqlaşıb yenidən Orta Asiya və Qafqaza açılacağını gözləməyə dəyər. Bu isə öz növbəsində bölgənin digər böyük iddiaçısı Rusiya ilə yeni münasibətlərin formalaşdırılmasını şərtləndirir. Böyük ehtimalla, rəsmi Ankara indiyə qədər ABŞ-ın kölgəsində hərəkət edərək, öz coğrafiyasında soyutduğu yerini isitməyə, Kremllə uzlaşma siyasəti yürütməyə çalışacaq. Orta Asiyadakı fəaliyyətinin Rusiyaya qarşı yönəlməyəcəyi güvəni yaradılmadan onun bu bölgələrdə rahat hərəkət etmək imkanları isə məhduddur. Görünür, bu zərurəti anlamağının nəticəsidir ki, son zamanlar Ankara Rusiyayla əlaqələrini gücləndirir, onun Avropaya açılan qapısı rolunu oynamağa səy göstərir.

MHP-nin qatqılarıyla daha da genişlənəcək bu əlaqələr nəticəsində iki ölkə arasında güvən ortamının yaranması türk respublikalarına rus basqısının azalmasına və demokratik islahatların aparılmasına səbəb ola bilər. Bütün hallarda qan çanağına çevrilən Yaxın Şərqdən Orta Asiyaya yönəlməsi həm Türkiyənin, həm də digər türk xalqlarının xeyrinə nəticələnərdi. Bu əlaqələrdən güclənərək çıxan rəsmi Ankara sonrakı dönəmlərdə Yaxın Şərq siyasətində də daha aktiv rol oynaya bilər.

Heydər Oğuz

Strateq.az