XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 04:40

Ərdoğanla Putinin Bakı görüşü: Qarabağda nə dəyişir?

“Bakıda Ərdoğanla Putin arasında fikir mübadiləsi aparılacaq”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib. Onun sözlərinə görə, Ərdoğanla Putinin Bakı görüşündən ciddi qərar qəbul olunmasını gözləməyə ehtiyac yoxdur:

“Əlbəttə, Ərdoğanla Putin arasında fikir mübadiləsi aparılacaq. Bunların sırasında “Türk axını”, regiondakı vəziyyət, Türkiyədəki seçkilər ilə bağlı fikir mübadilələri olacaq. Amma ciddi qərarların qəbul olunması gözlənilmir. Bütün hallarda görüşlər və onların faydası ondan ibarətdir ki, liderlərin şifahi razılaşması gələcəkdə başqa məsələlərin həllinə rəvac verir. Ola bilər ki, hər iki lider geri dönəndə “Türk axını” ilə bağlı mövqelərdə hansısa korrektələr olsun. Lakin burada bir məsələ var. Türkiyədə parlament seçkiləri baş tutub. “Türk axını” ilə bağlı hansısa qərar qəbul olunsa belə, onun detallarını müzakirə etmək üçün yeni hökumətin qurulması gözləniləcək. Yeni hökumət bu qərarların hər birini yenidən nəzərdən keçirməlidir. Lakin bunun hansı hökumət olacağı hələ sual altındadır. “Türk axını” məsələsini yubadan amil də budur. Bundan sonra layihə ilə bağlı prinsipial qərarları yeni hakimiyyət verməlidir. Burada bir dilemma var. Yəqin ki, bununla bağlı da fikir mübadiləsi ediləcək. Putini bu məsələ daha çox narahat edir və ona görə də o, Ərdoğandan daha dəqiq cavab istəyəcək”.

İ.Vəlizadə Qarabağ konflikti ilə bağlı yeni formatın yaradıla biləcəyini deyib: “Qarabağla bağlı, çox güman ki, Bakıda müzakirələr olacaq. Burada Qarabağ problemi kontekstində yox, yəqin ki, regional təhlükəsizlik istiqamətində müzakirələr aparılacaq. Güman etmək olar ki, Azərbaycan və Türkiyə prezidentləri Rusiya rəhbərinə yeni mesaj verəcəklər. Lakin burada hansısa ciddi razılaşmadan söhbət gedə bilməz. Yenə də burada fikir mübadiləsi, tərəflərin mövqelərinin müəyyənləşdirilməsi və korrektə edilməsi məsələsindən söhbət gedə bilər. Bu baxımdan ola bilər ki, hansısa şifahi razılaşdırmalar olsun. Hətta istisna etmək olmaz ki, şifahi razılaşdırmalar yeni formatın yaradılmasına gətirib çıxaracaq. Bu, Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan formatında gündəmə çıxa bilər. Doğurdan da Rusiyanın Qarabağ problemində mövqeyi dəyişdirmək niyyəti varsa, yeni format reallaşa bilər. Hər halda Minsk Qrupunun formatı hələlik şərti olaraq fəaliyyət göstərir. Azərbaycan Minsk Qrupunun formatından razı deyil. Bununla bərabər, Rusiyanın Minsk Qrupunun digər üzvləri ilə də (ABŞ, Fransa və digərləri ilə – red.) problemləri yaşanıb. İstisna etmək olmaz ki, payız aylarında yeni formatın formalaşması ortaya çıxa bilər”.

Qeyd edək ki, iyunun 12-da Avropa Oyunlarının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Mətbuata görə, hər iki lider Bakı səfəri zamanı ikitərəfli görüşlər keçirəcək.