XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 12:18

İcra başçısına korrupsiya ittihamı şok faktı ortaya çıxardı – İcra Hakimiyyətinin möhürü ilə sənəd saxtalaşdırılıb (Rəsmi açıqlama)

Akif-Selimov - SENED.jpg

Laçının icra başçısı Akif Səlimovun imzaladığı rəsmi sənədlə bağlı Strateq.az-a iddialı məlumat daxil olub.

Strateq.az xəbər verir ki, sənəddə işğal olunmuş rayonun kəndləri üzrə saxta əkin sahələri yazılmaqla, dövlətin ayırdığı subsidiyaların mənimsənilməsindən bəhs olunur:

“Sənəddən aydın görürsünüz ki, rayonun kəndləri üzrə 657 fiziki şəxsin adına taxıl və digər bitki əkini qeyd olunub. Bununla rayon üzrə, guya, 3090.91 hektar əkin əkilib. Bu saxta hektar sayəsində isə büdcədən nə az, nə çox – düz 123.636.40 manat pul mənimsənilib. Hələ buraya yanacaq və digər güzəştləri də əlavə etsək, o zaman icra başçısı Akif Səlimovun nələrə yol verdiyini təsəvvür etmək çətin deyil”.

Xatırladaq ki, subsidiyaların əsasən icra başçıları və onların yerli icra nümayəndələri tərəfindən mənimsənilməsi dəfələrlə rəsmi dairələr tərəfindən də dilə gətirilib. Hətta bu ilin yanvar ayında ölkə prezidenti İlham Əliyev bununla bağlı məmurlara sərt xəbərdarlıq etməklə yanaşı, kənd təsərrüfatı naziri Heydər Əsədova qəti tapşırıq da vermişdi.

Bu gün isə Strateq.az-a daxil olan və Laçının icra başçısının öz imzası ilə təsdiq etdiyi bildirilən sənəd sübut edir ki, bu sahədəki korrupsiyada icra başçılarının, həqiqətən, müstəsna rolları var. Yəni onlar yerlərdə bu sayaq sənədlər tərtib edərək, müvafiq qurumlara göndərməklə, subsidiyanın ayrılmasına və rahat mənimsənilməsinə nail olurlar…

Laçın rayon İcra Hakimiyyətindən isə Strateq.az-a bildirilib ki, rayon üzrə kənd təsərrüfatı istehsalçılarına verilmiş subsidiyalarla bağlı yazılanlar həqiqəti əks etdirmir, qərəzkar mövqedə olan şəxslərin əməyinin məhsuludur: “Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilərək müəyyən olunmuş cədvəldə yuxarı sol küncdə Rayon İcra Hakimiyyəti başçısının imzası və möhürü olduğu halda, saytda yerləşdirilmiş cədvəldə imza və möhür aşağıda əks etdirilmişdir. Hansı ki, həmin cədvəlin aşağı hissəsində rayon komissiyasının üzvlərinin imzası olmalıdır. Bu isə xüsusi texniki vasitələrlə hazırlandığından, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara ziddir və deməli, hansısa maraqlı şəxs tərəfindən qərəzli şəkildə təşkil edilmiş və həmin sənəd müəyyən üsullarla saxtalaşdırılmışdır”.

İcra Hakimiyyətindən o da bildirilib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılan subsidiyalar verilməzdən əvvəl rayon komissiyasının işçi qrupu tərəfindən yerdə yoxlanılaraq müvafiq aktlar tərtib edilir və bundan sonra faktiki əkin sahələrinə ayrılan vəsaitlər istehsalçıların plastik kartlarına yüklənilir:

“Bu vəsaitlər onların, yəni istehsalçıların özləri tərəfindən bankomatlar vasitəsilə alınır. Laçın rayonu üzrə bu sahədəki şəffaflıq barədə əlaqədar dövlət qurumlarında lazımi məlumatlar vardır”.

İcra Hakimiyyətindən sonda bəyan edilib ki, hazırda İcra başçısına qarşı bu saxtakarlıq əməli törədənlərin kimliyi ilə bağlı araşdırma aparılır və zərurət yaranacağı təqdirdə, mətbuata rəsmi açıqlama da veriləcək…

Strateq.az