XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 07:53

Türkiyənin yeni hökumətinin taleyi Dəniz Baykalın əlində – CHP parçalana bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın CHP-nin sabiq lideri Dəniz Baykalla görüşməsi AKP-nin qurulacağı gözlənilən koalisiya hökumətinin mümkün tərkibindən xəbər verir. Bilindiyi kimi, təkbaşına hökumət yaratmaq imkanı olmayan AKP-nin parlamentə düşən digər 3 partiyanın ən azı biriylə ittifaqdan və ya onlardan dəstək alıb azlıq hökuməti qurmaqdan başqa çarəsi yoxdur. Həm ideoloji yaxınlıq, həm də Türkiyənin içində bulunduğu durum baxımdan koalisiya ortağının MHP olması ehtimalı daha güclüykən, ölkə prezidentinin CHP təmayüllü qüvvələrə yönəlməsi Ərdoğanın hakimiyyəti bölüşmək məsələsinə nə qədər həssas yanaşdığını göstərir. Nədən ki, Türkiyə prezidentinin Dəniz Baykalla görüşməsinin bir neçə mümkün səbəbi var.

Səbəblərdən biri AKP-CHP koalisiyası yaranacağı təqdirdə, qurulacaq yeni hökumətin öz ətrafında daha geniş çevrəni birləşdirməsi imkanı ilə bağlıdır. Təbii ki, geniş çevrəli iqtidar həm milli iradəni ifadə etmək, həm də iş adamlarına güvən vermək baxımından daha demokratik, daha faydalı hesab olunur. Bu arzu reallaşarsa, həm Türkiyə iqtisadiyyatı öz böyümə potensialını qoruya, həm də narazı qrupların etiraz səsləri zəifləyər. Faktiki olaraq, Türkyə siyasətinin sol qanadı hakimiyyət ortağı kimi yürüdülən siyasətin məsuliyyətini də bölüşər və ölkə taleyiylə bağlı məsələlər küçələrdə və parlament məclislərində yox, hökumət kabinetlərində müzakirə olunar. Beləcə, ölkənin idarə olunması da rahatlaşar, Türkiyənin siyasi həyatı hətta AKP-nin təkbaşına hakimiyyət qurduğu zamanlarla müqayisədə daha stabilləşər. Bu mənada Ərdoğanın MHP-CHP koalisiyasına üstünlük verməsi başadüşüləndir.

O, başqa məsələdir ki, CHP AKP-ylə uzlaşa biləcək ən son partiyadır. İstər iki partiya arasında siyasi və mədəni-sosial görüş fərqlilikləri, istərsə də CHP-nin qurulmasını arzuladığı alternativ koalisiyaya lokomotivlik etmək istəyi AKP-CHP uzlaşmasını çətinləşdirən başlıca amillərdəndir. Bunu CHP liderləri də gizlətmir, mətbuata açıqlamalarında açıq dilə gətirirlər. Necə ki, “AKP ilə koalisiya qurmaq şansımız yoxdur”-deyən Kamal Kılıçdaroğlu bunu aralarındakı fundamental məsələlərdə uyumsuzluqlarla əlaqələndirdi. Mətbuata açıqlamasında o, seçkinin nəticələrini dəyərləndirərək istər CHP, istər MHP, istərsə də HDP-ə səs verənlərin AKP-siz hakimiyyət görmək istədiyini ifadə etdi. Bununla da CHP-nin MHP və HDP ilə koalisiyaya daha meylli olduğunu ortaya qoydu.

Sözsüz ki, CHP-nin irəli sürdüyü koalisiya təklifi uzlaşmaq baxımından daha çox müşküllərlə doludur. Əvvəla, bu koalisiya alternativində yer alacaq bir-birinə zidd iki millətçi partiyanın mövcudluğu uzlaşmanın baş tutmasını çətinləşdirən əsas amillərdən sayıla bilər. Kürdlərin yaşadığı bölgələrin müstəqilliyini əsas hədəf olaraq əlində rəhbər tutan HDP ilə Türkiyənin torpaq bütünlüyünü bütün siyasi dəyərlərin üstündə görən MHP-nin ideoloji hədəflər baxımından bir-birinə zidd qütblərdə dayanması ehtimal edilən müttəfiqliyi mümkünsüz hala gətirir.

Digər tərəfdən, parlamentdə ən çox millət vəkilinə sahib AKP-nin CHP-dən əvvəl hökumət qurmaq arayışlarına girmək şansı var və bu səylər baş tutmadığı təqdirdə, yalnız prezident həmin görəvi Kılıcdaroğluna verə bilər. Davudoğluyla başlayan yeni hökumət arayışlarının nəticə vermə ehtimalı isə CHP ilə müqayisədə daha güclüdür. Ən azı, ona görə ki, CHP-dən fərqli olaraq AKP-yə sadəcə bir partiyanın və hətta onlardan qopara bildiyi bir neçə millət vəkilinin səsi kifayət edər. Zənnimizcə, Baykalla görüş də məhz bu kifayətedici ehtiyacdan irəli gəlir.

Zira Türkiyə hökumətini qurmaq üçün 276 səsə ehtiyac var. AKP-nin parlamentdəki millət vəkillərinin sayı isə 259 nəfərdir. Deməli, digər partiyalardan 17 nəfərin bu prosesə cəlb olunması AKP-nin heç bir partiya ilə sövdələşməyə getmədən problemi həll etmək imkanı verir. Zənnimizcə, Ərdoğanın Dəniz Baykalla görüşməsinin altında yatan hikmət məhz bu həqiqətdə axtarılmalıdır. Yəni “tutarsa qatıq, tutmazsa ayran” prinsipiylə hərəkət edən Ərdoğan, CHP-ylə sövdələşməsi baş tutmasa, Kılıcdaroğlunun partiyadakı əsas rəqibinin saqqızını oğurlamaq məqsədilə danışıqları onunla aparır. Məqsəd CHP-də ciddi söz sahibi olan Dəniz Baykalı öz yanına çəkmək, hökumət üçün gərəkli olan bir neçə səsi onun sayəsində CHP-dən qoparmaqdır. Sual oluna bilər: bu mümkündürmü?

Cavab: bəli, mümkündür. Məsələ burasındadır ki, nə qədər CHP liderinə sayqılı davransa da, Dəniz Baykalla Kılıcdaroğlu arasında ciddi ixtilaflar mövcuddur. özünün üzqızardıcı kasetlə şantaj olunaraq liderlikdən uzaqlaşdırıldığı partiyada taxta çıxarılan Kılıcdaroğlunun bu oyunda rol aldığı zaman-zaman gündəmə gətirilib və bir çox insan tərəfindən inandırıcı hesab olunub. Təsadüfi deyil ki, Dəniz Baykalın özü belə, bu ehtimalla bağlı ona yönlədirilən suala ikibaşlı cavablar verib.

Kılıcdaroğlunun siyasi xarakter baxımından tələblərə cavab verməməsi, hər zaman girdiyi polemikalarda gülünc duruma düşməsi onun CHP-dəki onsuz da zəif nüfuzuna daha çox kölgə salır, partiyadaşlarını yeni lider arayışına təşviq edir. Bir çoxları Atatürkün qurduğu partiyanın get-gedə zəifləməsinin səbəbini onun indiki liderinin bacarıqsızlığında görür və yenidən əvvəlki nüfuzu bərpa etmək naminə, Kılıçdaroğlundan yaxa qurtarmağa çalışır. Yeni lider axtarışında ən çox önə çıxa biləcək fiqurlardan biri də, şəxsi həyatına nə qədər ləkə vurulmuş olsa belə, yenə də Dəniz Baykaldır.

Qurulacaq yeni hökumətin parlamentdə səsə qoyulma zamanının CHP-nin qurultayı ilə eyni günə təsadüf etməsi AKP-nin və onunla müttəfiqliyə gedəcəyi düşünülən Dəniz Baykalın işini asanlaşdırır. Böyük ehtimalla, qurultayın nəticələrindən narazı qalacaq bir çox millət vəkili Kılıcdaroğlundan ayrılıb əməkdaşlıq edəcəyi yeni siyasi qurum axtaracaq. Yenidən Dəniz Baykalın rəhbərliyi altında iqtidar ortağı olmaq asilər üçün əsl Tanrı sürprizi ola bilər.

Ən əsası isə, mənasız bəhanələrlə AKP-nin ona verdiyi hakimiyyət ortağı olmaq təklifindən üz döndərən və bunun səbəbini prinsiplərdə uyğunsuzluq kimi göstərən Kılıçdaroğlunun alternativ variant olaraq MHP və HDP-yə yönəlməsi də çoxları üçün başadüşülməzdir. İndi nə qədər eyni cəbhədə olsalar da, CHP ilə MHP arasında tarixi bir düşmənlik mövcuddur. 1980-ci illərdə bu iki partiyanın elektoratı arasında qanlı münaqişələr yaşanmış, minlərlə insan ölmüş və o qədər də tərəfdaş həbslərə atılmışdır. Son 10 il ərzində bu soyuq münasibətlər düzəldilsə də, hər iki tərəfin yaddaşında ixtilaflarla dolu
qanlı xatirələr yaşayır və bu xatirələri diriltmək güclü media quruluşlarına sahib AKP yandaşları üçün çox da müşkül məsələ sayılmamalıdır.

Kılıçdaroğlu tərəfindən dilə gətirilən alternativ koalisiya hökumətinin digər ayağı HDP-ylə CHP tərəfdarları arasında da ciddi ixtilaflar mövcuddur. Qurulduğu gündən bəri CHP-nin yürütdüyü siyasətdən əziyyət çəkdiyini düşünən kürd əhalisinin bütün problemlərin müəllifi kimi gördüyü partiyayla ittifaqa getməsi asanlıqla həzm ediləcək məsələ deyil. Eyni şəkildə CHP-çilər üçün də Atatürkə və onun bərqərar etdiyi Kamalizm prinsiplərinə sayqısız münasibətilə seçilən kürd separatçılarıyla birgə yola çıxmaq və bu yolçuluğu axıra qədər davam etdirmək şansları sıfıra yaxındır. Bütün bunlara rəğmən, CHP liderinin AKP-dənsə, HDP-yə üstünlük verməsi və özünün şübhəli etnik mənsubiyyəti partiyasında bir sıra dedi-qodulara, narazılıqlara səbəb ola bilər. Təsadüfi deyil ki, məhşur kürd siyasi xadimlərdən Kamal Burkay hələ neçə il əvvəl adaşının kürd olmasını dilə gətirmiş və bu mövzu uzun zaman Türkiyə gündəmini məşğul etmişdi. Hətta Kılıçdaroğlu belə bu suala cavab vermək məcburiyyətində qalmış və bildirmişdi: “Mənə kürd, ələvi, anası erməni də deyə bilərlər, fəqət oğru deyəmməzlər”.

Etnik kökəncə şübhəli məqamları özündə daşıyan CHP liderinin kiçik sosial problemləri AKP ilə müttəfiqlikdə fundamental uyuşmazlıq elan edərək Türkiyənin parçalanmasını dilə gətirməkdən çəkinməyən HDP-yə “yaşıl işıq” yandırmasının ideoloji təməllərində həm də millətçilik ideyası daşayan CHP-də ciddi fikir ayrılığı yaradacağı ortadadır. Görünür, CHP-nin bu zəif nöqtələrindən istifadə etməyə çalışan AKP yeni hökumət qurmaq üçün qarşılaşdığı çatışmazlıqları bu partiyadan qoparacağı qüvvələr hesabına doldurmaq istəyir.

Parçalanmış CHP-ylə ittifaqa getmək hakimiyyət bölgüsü məsələsində də AKP-nin işinə yarayır. Biri var, hansısa partiyayla ittifaqa gedib hökumət yetkilərini onunla bölüşəsən, biri də var, bir-iki nazirlik və ya TBMM-nin sədrliyini verərək bazarlıqda üstünlük əldə edəsən. AKP də, deyəsən, siyasi sövdələşmədə ən uyğun bazarlıq kimi ikinci ehtimala üstünlük vermək niyyətindədir. Bəs, bu sövdə baş tutacaqmı?

Sualın əsl cavabını Dəniz Baykaldan başqa, kimsə bilmir. Sabiq CHP liderinin indiyə qədər səsləndirdiyi fikirlər isə bu ehtimalın onun tərəfindən qəbuledilməz olmadığını göstərir. Məlum görüşdən sonra mətbuata açıqlama verən Dəniz Baykal Ərdoğanın hər cür koalisiyaya getməyə hazır olduğunu və bunun üçün hər hansı bir şərt irəli sürmədiyini bildirmişdi. Baykalın bu sözləri AKP lokomotivliyində qurulması gözlənilən yeni koalisiya hökumətinin öz ortağından prezidentlik üsul-idarəsi yaratmaq istəyində olmayacağını və buna görə də hökumət qurmaq naminə tələb olunan limitdə kiçik bir qüvvəylə kifayətlənəcəyini göstərir. Bunun üçün isə, təbii ki, Dəniz Baykalın CHP-dən qopara biləcəyi say kifayət edər.

Qısası, Türkiyədə növbəti hökumətin qurulması Dəniz Baykalın mövqeyindən asılıdır.

Heydər Oğuz

Strateq.az