XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 13:00

ABŞ-ın xaricdəki 351 000 nəfərlik ordusu hansı ölkə və bazalarda yerləşir? – Araşdırma

Amerika soyuq müharibənin başa çatması və xüsusən də 2001-ci il 11 sentyabr hadisələrindən sonrakı dövrdə beynəlxalq səhnədə ağalıq edən dövlət rolunu oynamağa cəhd edir. Bu ölkə hazırda hərbi güc tətbiqi sayəsində bütün dünyada öz üstünlüyünü artırmağa çalışır. Deməli, 2011-ci ilin dekabrında Amerika ordusunun şəxsi heyətinin sayı 1 565 000 nəfər idi. Bunların 1 217 000 nəfəri Amerikanın özündə, qalan 351 000 nəfəri isə xaricdə yerləşir. Xaricdə dislokasiya olunan hərbçilərin 102 mini Əfqanıstanda, 15 mini Küveytdə xidmət edir. Amerika bölgədə elan edilmiş sülhü təmin etmək məqsədi ilə həmçinin əksəriyyəti Almaniya, İtaliya və Böyük Britaniyada xidmət keçən 80 min əsgər yerləşdirib. Daha 89 min Amerika əsgəri Asiyada – 35 min nəfər Yaponiyada, 37 min nəfər Güney Koreyada, 14 min nəfər açıq dənizdə dislokasiya olunub.

Fars körfəzndə Amerika qoşunlarının sayı, təxminən, 40 min nəfər təşkil edir: Qətərdə 7500, Bəhreyndə 5000, Birləşmiş Ərəb Əmirliklərində 3000-ə yaxın və bundan bir qədər də az Səudiyyə Ərəbistanı və Omandadır.

Amerikanın bu mühüm strateji bölgələrdəki varlığının məqsədi oralarda baş verən siyasi proseslərə müəyyən format verməkdir. Həmin istiqamət aşağıdakı üsullarla gerçəkləşir: müttəfiqlərə mümkün hücumlara qarşı çıxmaq, əsas bölgəsəl oyunçularda, xüsusən də öz müttəfiqlərində əminlik yaratmaq, həmçinin rəhbərliyin və bölgəsəl əməkdaşlığın gücləndirilməsi.

Soyuq müharibə bitəndən sonra Amerika prezidentlərinin başqa ölkələrin daxili işlərinə açıq şəkildə qarışmaq xarakteri daşıyan Yaxın Şərq siyasəti, əslində, heç bir dəyişikliyə məruz qalmayıb. Kiçik Coprc Buşun prezientliyi dönəmində terrorizmlə mübarizə adıyla 2001-ci ildə Əfqanıstana və 2003-cü ildə İraqa qarşı gerçəkləşdirilən Amerika təcavüzü ABŞ-ın Yaxın Şərqdəki hərbi strategiyasının zirvə nöqtəsi oldu.

Hazırda Birləşmiş Ştatların Qətər, Bəhreyn, Küveyt, BƏƏ, İraq, Səudiyyə Ərəbistanı, Oman, Türkiyə, Əfqanıstan və Pakistanda hava və dəniz hərbi bazaları var.

1. ABŞ-ın Bəhreyndəki 5-ci donanması

Fars körfəzindəki müharibənin başa çatması və Səddam Hüseyn rejiminin süqutundan sonra Bəhreyn ABŞ üçün strateji önəm qazandı. Bill Klintonun dövründə 1995-ci ildə qısa müddət ərzində Bəhreyn hərbi dəniz qüvvələrinin əsas körpüsü xeyli sayda Amerika mühəndisinin fəal iştirakı ilə əhəmiyyətli dərəcədə genişləndirildi. Nəticədə ABŞ-ın beşinci donanması Bəhreyn paytaxtının qərb hissəsində qərarlaşdı.

Beşinci donanmanın körpüsü Manamanın qərb hissəsindədir və orada, adətən, 2-dən 5-dək esmines və on hərbi kater dayanır. Bundan başqa, bir neçə sürətli gəmi və hərbi təyyarə də var. Esmineslər İranın “Jamaran” gəmisinin analoqu olsa da, raket və müdafiə-hücum sistemləri daha mükəmməldir. Gəmilər neytral sularda patrul xidmətindədir.

Bəhreyn hökumətunin bu bazadan İrana qarşı istənilən tədbirin keçirilməsinə qadağa qoysa da, İran dəfələrlə bildirib ki, amerikalılar tərəfdən təcavüz başlanacağı halda 5-ci donanma İranın müxtəlif raketləri və hərbi hava qüvvələrinin hücumuna məruz qalası 37 hədəfdən biri olacaq.

2. Bəhramdakı baza

Amerikanın bu bazası Əfqanıstanın Pərvan vilayətnin qədim Bəhram şəhərinin yaxınlığında yerləşir. Onun aerodromunun enmə-uçuş zolağı o qədər böyükdür ki, hətta “Lockheed C-5” və AN-225 də daxil olmaqla istənilən hərbi təyyarə ora enə bilər. Hazırda bu bazada Onuncu dağ diviziyasının hissələri, dəniz piyadaları dəstəsi və ABŞ hərbi-hava qüvvələrinin 445-ci qrupu yerləşir.

Bəhram bazası İran sərhədinin cəmi 1220 km-liyindədir, lakin Amerika ordusunun ehtiyacları üçün daha tez-tez istifadə edilən 4 hərbi areodrom sərhədə daha yaxındır.

Bəhram bazasında Birləşmiş Ştatların və müttəfiqlərinin müəyyən sayda nəqliyyat təyyarələri və qırıcıları var. Baza amerikalılar üçün özəl strateji önəm daşıyır. Söz düşmüşkən, Əbdülmalik Riqinin (İranda fəaliyyət göstərən cinayətkar “Condalla”qruplaşmasının başçısı) ardıcılları məhz burada təlim keçir və silah əldə edirdilər.

3. Qətərdəki Əl-Ədid bazası

Qətər paytaxtı Dohanın qərbində yerləşmiş bu bazanın başqa adı Əbu Nahlə aerodromudur. Əl-Ədid, əslində, Fars körfəzindəki qərbyönlü qüvvələrin koalisiyasının bazasıdır. Qətər əmiri şeyx Hamad 1999-cu ildə ABŞ hökumətindən xahiş etdi ki, onun hökumətinin müdafiəsində durmaq üçün ölkəyə on min yaxşı təlim keçmiş əsgər göndərsin. Əslində, ABŞ və Qətər hərbi əməkdaşlığa hələ İraqa qarşı “Səhrada tufan” əməliyyatından sonra 1991-ci ildən başlayıb və hətta uyğun müqavilə də imzalayıb.

4. Omandakı Tumrit bazası

Omanı ABŞ-ın Fars körfəzi bölgəsində olmasının ən qatı tərəfdarı saymaq olar. İki ölkə arasında ilk hərbi saziş hələ 1980-ci ildə imzalanıb. Hazırda bu ərəb ölkəsinin ərazisində Amerika hava qüvvələrinin 26 min nəfərlik bölmələri dislokasiya olunub. Omanın eyniadlı şəhərindən bir qədər uzaqda yerləşən Tumrit bazası ABŞ tərəfindən icarəyə götürülüb.

Bazanın digər özəlliyi onun Amerika hərbçiləri üçün strateji əhəmiyyət daşıyan Ədən körfəzi və Hind okeanına yaxın olmasıdır. Bunun sayəsində Amerikanın Bəhreyndə yerləşmiş 5-ci donanması ilə müntəzəm rabitə qaydaya salınıb. Tumrit bazasındakı hərbi hissələr ABŞ-ın bölgədəki hərbi hissələrinə texniki dəstək verməlidir. Məsələn, bu baza qırıcıların yanacaqla təmin edilməsi, nəqliyyat xidmətinin təşkili və başqa mühüm bazalara avadanlığın çatdırılması üçün istifadə edilir. Baza amerikalılar üçün ümumən önəmli, külli miqdarda hərbi avadanlığın cəmləşdirildiyi strateji platsdarmdır. Onu amerikalıların bölgədəki digər bazalarının yanacaq və nəqliyyatla təminatında həlledici həlqə saymaq olar.

5. Bəhreyndəki Şeyx-İsa bazası

Bu baza Bəhreynin güney hissəsində Səudiyyədən şərqə Fars körfəzinin sahilində qərarlaşıb. Orada Bəhreynin kral hava qüvvələrinin iki eskadron qırıcısı yerləşir. Hazırda Amerika HHQ-nin əsas özəyi Qətərdəki Əl-Ədid bazasında olan 379-cu aviasiya korpusunun bir hissəsi bu bazada yerləşib. Bazada C-17, R-3 tipli təyyarələr və F-16 qırıcıları var. Qeyd etmək lazımdır ki, 379-cu aviasiya korpusu Amerika HHQ-nin terrorçularla mübarizə üçün ən yeni raketlərlə təchiz edilmiş ən qabiliyyətli hissəsi sayılır
.

6. Küveytdəki Əli-əs-Salam aviasiya bazası

Bu baza İraq sərhədinin 37 km-liyində yerləşib. Buna görə də ölkənin Səddamın ordusundan azad edilməsi prosesində ABŞ hava və dəniz qüvvələrinin müəyyən hissəsi burada yerləşdi. İndiki anda Əli-əs-Salam bazasında Amerika HHQ-nin 386-cı korpusu qərar tutub.

7. Küveytdəki Əhməd-əl-Cabir aviasiya bazası

Bazanın enmə-uçuş zolaqlarının uzunluğu 3000 metrə çatır, buna görə də müxtəlif növ hərbi təyyarələri qəbul edə bilir. Amerika ordusunun hissələri Küveytdə həm də Dohanın özündə dislokasiya olunub. Həmçinin Amerikanın “Byueyrinq”, “Spirhed” və “Pətriot kimi düşərgələri haqda məlumatlar var.

8. Birləşmiş Ərəb Əmirliklərindəki Əz-Zəfər bazası

Bölgədəki ən böyük bazalardan biri sayılır. Əz-Zəfər bazasının çox böyük ərazisi və 4200 metr uzunluğunda iki əsas enmə-uçuş zolağı var. Oradakı avadanlıqların həcmi Qətərindəki Əl-Ədid bazasındakı ilə müqayisə oluna bilər.

***

Beynəlxalq məsələlər üzrə mütəxəssis, ABŞ Brandey universitetinin professoru Robert Art əmindir ki, NATO və Avropa Birliyi çərçivəsində Avropada təhlükəsizliyin saxlanması üzrə bölgəsəl əməkdaşlıq ən yüksək həddə çatıb, lakin təhlükələrə qarşı daha effektli şəkildə durmaq üçün Yaxın Şərqdə və Şərqi Asiyada mexanizmlər yaratmaq zəruridir. Son illərdə ərəb ölkələrinin böyük yardımı ilə Yaxın Şərq bölgəsində təhlükəsizliyin qorunması üzrə Amerika layihələri İranın qarşısının alınması üçün ümumi vəzifələrin müəyyənləşməsi və hansısa qüvvələr tarazlığını yaratmağa yönəlib. İslam respubliksının bütün bölgə üçün ciddi təhlükə yaratması yönündə arqumentlər gətirilir.

Digər tərəfdən, İsrailin simasında təhkükənin azalması və ərəb-İsrail ziddiyyətlərinin yumşaldılması üçün tədbirlər görülür. Bu şərait bölgə və dünya siyasətində biçimlənmiş vəziyyət nəzərə alınarsa, İranı müəyyən bir durumda qoyur. ABŞ-ın mövqeyi və ərəb ölkələrinin artan narahatlığı, nüvə sazişinin bağlanma ehtimalı qeydə alınmaqla qəti şəkildə bildirmək olar ki, təhlükəsizliklə bağlı vəzifələrin gerçəkləşməsi xatirinə bu ölkələrin ABŞ-la tərəfdaşlığı getdikcə daha sıx şəkil alacaq.

Abdullah İbadi

“FARS News Agency” (İran), 11.06.2015